Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

«Pərvizin ən böyük arzusu qızının əlindən tutub məktəbə aparmaq idi...»


İlahə Həşimli
İlahə Həşimli

-

Sentyabrın 17-də jurnalist Pərviz Həşimlinin həbsindən bir il ötür. O, qaçaqmalçılıq və qanunsuz odlu silah əldə edib saxlamaqda ittiham olunur.

Özü və vəkilləri jurnalistin siyasi motivlərlə şərlənərək həbs edildiyini deyirlər.

Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimlinin AzadlıqRadiosuna müsahibəsini təqdim edirik:

- Ötən bir ildə olub-keçənlərə yenidən nəzər yetirmək imkanınız oldu. Hansı nəticəyə gəldiniz?

- Hesab edirəm ki, Pərviz düz yoldadır və buna görə də həbs olunub. Pərvizin həbsi peşə fəaliyyəti ilə bağlıdır. Onun heç bir günahı yoxdur. Təkcə nigarançılığımız onun yanımızda olmamasındandır.

- Ailə vəziyyətiniz necədir, həyatınız necə keçir?

- Son bir ildə çox ağır vəziyyətlərdə yaşadıq. Çox korluqlar gördük. Heç kimə arzulamıram bu həyatı. Ailə başçısının həbsdə olması, ailənin başsız qalması çox dəhşətlidir. Qızımız Zeynəbi bu il birinci sinfə qoyduq. Heç bir uşağa arzulamazdım ki, Zeynəb kimi məktəbə getsin. Hər kəs atası ilə gəlmişdi. Onun da gözü atasını axtarırdı. Gözləri doluxsundu ki, atası onun yanında yoxdur. Hər gün dualar edir ki, atası azadlığa çıxsın. Pərvizin də ən böyük arzusu qızının əlindən tutub birinci sinfə aparmaq idi. Ancaq nə etmək olar, qismət deyilmiş.

- Pərvizlə görüşə bilirsiniz?

- Görüşümüz ancaq şüşə arxasından olur. Bizə açıq görüş vermirlər. Bütün siyasi məhbuslar ailə üzvləri ilə açıq görüşə bilir, nədənsə bizə hələ bircə dəfə də bu cür görüş verilməyib. Bununla bağlı Ombudsmandan tutmuş lazımi qurumlara müraciət etmişik. Müraciətlərimiz cavabsız qalıb. Şüşə arxasında telefon vasitəsilə danışırıq. İstər-istəməz danışıqlarımıza məhdudiyyətlər qoyuruq.

- Mətbuat vasitəsilə Pərvizə hər hansı mesajınız varmı?

- Pərvizə deyirəm ki, bu bir ildə necə səbirli, dözümlü olubsa, elə də davam etsin. Bizdən nigaran qalmasın.

- Ötən bir ildə Pərvizin həbsini unutduracaq hər hansı hadisə baş veribmi?

- Pərvizin həbsini heç bir şey unutdura bilməz. O, hər zaman bizim beynimizdə, ürəyimizdədir.

- Pərvizin həbsinə reaksiyaları yetərli sayırsınızmı?

- Yetərlidir. Reaksiyalar olmasa idi, bəlkə də onu təcridxanada öldürmüşdülər. Düzdür, işgəncələrə məruz qalıb. Reaksiyalar olmasa idi, daha dəhşətli olardı.

XS
SM
MD
LG