Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:54

«Azərbaycan»: Dəbi varlılar yaradır, acısını isə...


Toy mərasimi
Toy mərasimi

-
AŞPA PREZİDENTİ BAKIDA VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ NƏ VƏD VERiB?

“Azadlıq” qəzeti yazır ki, Bakıda rəsmi səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur-lə sentyabrın 22-də vətəndaş cəmiyyəti fəallarının görüşündə ona görüşdə iştirak etməyən bir neçə nəfərin adından müraciət təqdim olunub. Müraciətdə Azərbaycanda insan hüquqlarının pozulması ilə əlaqədar AŞ PA-ya təxirəsalınmaz addımlar atmaq çağırışı öz əksini tapıb.

​““Hazırda belə sual yaranır: Strasburq əsas hüquqları və Azərbaycan xalqını avtoritar hökumətdən qorumağa qadirdimi?”, - deyə müraciətdə qeyd olunub. Müraciət müəllifləri xanım Broşuru ölkədə vətəndaş cəmiyyəti ilə “konstruktiv dialoqun mövcudluğu” haqda Azərbaycan rəhbərliyinin fikirlərinə inanmamağa və “dəyirmi masa”larda iştirak etməməyə çağırıb. “Əgər ”dəyirmi masa" bir çox jurnalist, blogger, fəal və hüquq müdafiəçisinin “evinə çevrilən” Kürdəxanı təcridxanasında təşkil olunmasa, belə dəvətləri qəbul etməməyə çağırırıq", - deyə xanım Broşura müraciət olunub.

TİBBİ SIĞORTA ÜÇ MƏNBƏDƏN MALİYYƏLƏŞƏCƏK

“Bizim Yol” 1999-cu ildə qəbul olunmuş "Tibbi sığorta haqqında" qanun barədə yazır. İqtisadçı-ekspert Azər Mehtiyev deyir ki, bu ilin əvvəlindən hökumətin tibbi sığorta istiqamətdə ciddi işlər gördüyü izlənilir. Bu istiqamətdə müəyyən işçi qrupları və komissiyalar yaradıb. Azər Mehtiyevin sözlərinə görə, təbii tibbi sığorta islahatları olduqca mürəkkəbdir. Ona görə də bu zaman hökumət hər hansı bir sosial narazılığın yaranmasını istəmir. Bu cür narazılıqların qarşısının alınmasını istəyir: "Ən vacib məsələlərdən biri də tibbi sığorta prosesinin həmrəylik xarakterinin təmin edilməsi üçün yalnız hökumət hesabına deyil, prosesdə şirkətlərin də iştirakının təmin edilməsidir. İndi onların hansı formada iştirakı müzakirə edilir. Bilirik ki, hal-hazırda onsuz da şirkətlərin sosial öhdəlikləri kifayət qədər yüksəkdir. Çünki onlar Sosial Müdafiə Fonduna 22 faiz həcmində vəsait ödəyirlər. Hansı ki, şirkətlər buna narazılıq edir. Belə bir şəraitdə yenidən bir sosial sığorta vəsaitinin onlar tərəfindən ödənməsi narazılıq yarada bilər. Bu baxımdan, hökumət ilkin dövrdə şirkətlər və işçilər tərəfindən ödənən vəsaitlərin həcminin azaldılması, yəni şirkətlərin 2-4 faiz, işçilərin isə 1-2 faiz həcmində ödəməsinə başlamaqla bu prosesi tətbiq etmək istəyir. Deyəsən bu dəfə hökumət bu istiqamətdə daha ciddi addımlar atmaq niyyətindədir".

Toy mərasimi
Toy mərasimi

DƏBİ VARLILAR YARADIR, AĞRI-ACISINI İSƏ İMKANSIZLAR ÇƏKİR

“Azərbaycan” qəzeti baş redaktoru Bəxtiyar Sadıqovun yazısını dərc edib. Müəllif ölkədə toy və yas məclislərində yol verilən israfçılıqdan yazır:

“Elçilik və nişanlama zamanı əldə olunan şifahi razılıq kəbinlə rəsmiləşdirilir. (Bəzən tərəflər dini kəbin də kəsdirirlər). Kəbin kəsilməsi müəyyən vaxt və mərasim qaydaları tələb edən prosesdir. "Asan xidmət"in bu sahəyə də nüfuz etməsi məsələni xeyli asanlaşdırmışdır. Amma son dövrdə toylara "əlavə yük" formasında kəbinkəsmə mərasimi qatanlar da var. Bunlardan birincisi şadlıq saraylarıdır. İşbazlar bu ritualdan da pul çıxarmağın yolunu tapıblar. Toy başlanmazdan öncə kəbinkəsdi mərasimi keçirilir, beləliklə, tıxacda yubananları gözləyərək səbri daralan qonaqları "əlavə mərasim" sınağına da çəkirlər. Həmin mərasimin keçirilməsində məqsəd salonun bəzədilməsi, atəşfəşanlıq, "şampan" şərabı qədəhlərindən "zirvə" düzədilməsi yolu ilə toy sahibindən əlavə pul çıxarılmasıdır! Valideynlər bunu başa düşsələr də, dəbin küyünə gedən cavanların (bəy və gəlinin) istəkləri qarşısında duruş gətirə bilmir, onların "arzularını" gerçəkləşdirmək üçün borca düşməyi özlərinə "şərəf" sayırlar!

EKSPERT: “AZƏRBAYCAN YAXIN 20 İLDƏ DƏ MÖVQEYİNİ QORUYA BİLƏCƏK”

“Azərbaycan enerji ölkəsi olaraq yaxın 20 ildə də bu sahədə mövqeyini qoruya biləcək. 2017-ci ildən sonra neft hasilatında azalma gözlənsə də, “Şahdəniz” layihəsinin 2-ci fazasının istifadəyə verilməsi mavi qaz hasilatını və ixracını artıracaq, bu isə təbii resursların satışından gəliri balanslaşdıracaq”. İqtisadçı alim Vüqar Bayramov Londonda nəşr edilən “BP Qlobal” jurnalına müsahibəsində belə deyib.

İqtisadçı-alim, Vuqar Bayramov
İqtisadçı-alim, Vuqar Bayramov

“Media forum” saytının məlumatına görə, alim 2013-cü ildə Azərbaycanda 43.5 milyon ton neft, 29.5 milyard kubmetr mavi qaz hasil edildiyini vurğulayıb: “Sahdəniz”in 2-ci fazası istifadəyə verildikdən sonra qaz hasilatının illik 40 milyard kubmetrədək yüksəlməsi gözlənir. 2022-ci ildən isə ölkə “Abşeron” yatağından mavi qaz hasil etməyi planlaşdırır. Bu isə artıq yaxın illərdə Azərbaycanda mavi qaz mərhələsinin formalaşacağından xəbər verir. 1994-cü ildə 30 il üçün bağlanan neft müqaviləsinin bitmə müddətinin uzadılması da olduqca vacibdir. Bununla Azərbaycan hələ uzun müddət neftdən daxil olmaları qoruyub saxlaya bilər”.

ÖLKƏDƏN QAÇMANIN ARXASINDAKI BÖYÜK SİRR

“Yeni Müsavat”ın yazdığına görə, Azərbaycandan Avropaya yeni miqrant axını başlayıb. Bu barədə redaksiyamıza diplomatik mənbələrdən məlumat daxil olub. Həmin məlumata görə, bu axının miqyası 2003-2005-ci illərlə müqayisə oluna bilər. Mənbə iddia edir ki, mühacir statusu almaq istəyənlərin əksəriyyəti QHT sektorunda çalışanlar, müxalifət partiyalarının fəalları, onların ailə üzvləri və bəzi jurnalistlərdir.

“Xüsusilə Azərbaycanda QHT sektorunda həbslərdən sonra mühacir statusu üçün müraciət edənlərin sayı kəskin artıb. Onlar əsasən Gürcüstan və Türkiyədən keçməklə Avropaya-İsveç və İsveçrəyə daha çox üstünlük təşkil edir-gəlirlər. Bir çox tanınmış və ölkə həyatındakı ictimai proseslərdə fəal iştirak edən QHT rəhbərləri çoxdandır ki, Azərbaycandan sözün birbaşa mənasında qaçıblar. Onlar ən müxtəlif ölkələrdə gizləniblər və Azərbaycanla yalnız xüsusi hallarda və ən yaxınları vasitəsilə əlaqə saxlayırlar. Bir sıra QHT təmsilçiləri isə o dərəcədə konspirativ davranırlar ki, onların hətta ailə üzvləri də harada olduqlarını bilmirlər”.

XS
SM
MD
LG