Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

Elman Türkoğlu Xədicə İsmayılı məhkəməyə verib


Elman Türkoğlu
Elman Türkoğlu

-

«Baş bayraqdar» ləqəbli Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılovaya qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldırıb. O, məhkəmədən jurnalistin Cinayət Məcəlləsinin böhtan maddəsi ilə ittiham olunmasını xahiş edib. İlk proses oktyabrın 3-nə təyin olunub.

Bu barədə AzadlıqRadiosuna Elman Türkoğlu məlumat verib.

İlk olaraq məlumat mediada hüquq-mühafizə orqanlarının adından yayılıb.

Elman Türkoğlunun dediyinə görə, Xədicə İsmayıl «facebook»da yaydığı bir sənədlə onun şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb:

«Həmin sənəddə tək mən yox, bütün ailə üzvlərim təhqir olunub. Guya mən MTN-lə gizli əməkdaşlığa cəlb olunmuşam, homoseksual adlandırılıram. Mən bu sənədi yayandan sonra Xədicədən onu silməyini istədim. O da bildirdi ki, get ver məhkəməyə».

Elman Türkoğlu deyir ki, həmin sənəd 2014-cü ilin fevralında yayılıb. Aprel ayında o, MTN-ə və Ağır Cinayətlərə Dair işlər üzrə məhkəməyə müraciət edib. Bildirir ki, təxminən 10 gün öncə Binəqədi rayon Məhkəməsinə müraciət edib. Ondan niyə ilk öncə MTN-ə müraciət etdiyini və aradan bu qədər vaxt keçdikdən sonra məhkəmə şikayət verdiyini soruşuruq. Bildirir ki, aprel ayından MTN-də onu müraciəti araşdırılırmış:

«Araşdırmalardan sonra həmin sənədlərdəki möhürlərin saxta olduğu aşkarlandı. Bundan sonra mən məhkəməyə müraciəti qərara aldım».

Xədicə İsmayıl öz «facebook» hesabında ona keçmiş MTN əməkdaşı olduğu bildirilən bir nəfərin yolladığı sənədi paylaşıb. Həmin sənəddə MTN əməkdaşlarının siyasi partiyalardakı «əlaltıları» və onların fəaliyyətindən bəhs olunur. Həmin sənədi yaydıqdan sonra Xədicə İsmayıl Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilmiş və sənədi ona kimin göndərdiyi barədə sorğulanmışdı. Lakin sənədi göndərən şəxs özü, öz razılığı ilə kimliyini açıqladıqdan sonra bu söhbət səngimişdi. Amma burada diqqət yetiriləsi bir məqam var. Xədicə İsmayıl yaymış olduğu sənəddə adları gizlətmişdi.

Elman Türkoğludan həmin sənəddə onun adının olmadığını və nədən məhkəməyə müraciət etdiyini soruşuruq:

- Xədicə həmin sənədi 3 il öncə - 2011-ci ildə də yaymışdı. İkinci dəfə yaydığı sənəddə mənim adım qaralanıb. Amma mən birinci dəfə yayanda onu bağışladım. İkinci dəfə eyni səhvi edəndə ona məndən üzür istəməsini bildirdim. O da üzr istəmədi deyə, verdim məhkəməyə.

Xədicə İsmayıl
Xədicə İsmayıl

- Elman müəllim, siz bildirirsiniz ki, onu ikinci dəfə eyni sənədi yaymasına görə məhkəməyə verirsiniz. Axı, həmin sənəddə sizin adınız yoxdur.

- Bəli, mənim adım qaralanıb. Amma orada bəzi məlumatlar var ki, ordan bilinir ki, söhbət məndən gedir.

«ELƏ BİLİRLƏR QORXUB GƏLMƏYƏCƏYƏM»

Xədicə İsmayıl AzadlıqRadiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb. Məhkəməyə müraciətə gəlincə, Xədicə İsmayıl iddiaçının adının bu kontekstdə hallanmasının onun nəyinə lazım olduğunu anlamadığını deyir:

«MTN-nin adamları pusması və əməkdaşlığa cəlb etməsi barədə mənə göndərilən və sənəd kimi təqdim olunan əslində bir fayl olub. Mən həmin məlumatı yaymadan öncə adları və şəxsin kimliyini müəyyənləşdirə biləcək digər informasiyalar pozmuşam. Bilmirəm adının bu kontekstdə hallanması iddiaçının nəyinə lazımdır? Hər halda heç kimi bunu öz xoşuna etməz. Bu işdə qarşı tərəf MTN olacaq».

Xədicə İsmayıl əlavə edir ki, «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etməyib. Prokurorluq bu faylı dövlət sirri təşkil edən sənəd hesab edib, cinayət işi açmışdı:

«Mən bunun sənəd olduğunu belə iddia etməmişəm. Prokurorluq təsdiqlədi ki, bu sənəddir. Hökumət həbs, yaxud ölkədən çıxışıma qadağa qoymaq üçün bəhanə axtarır. Elə bilirlər qorxub gəlməyəcəyəm. Yanılırlar. İşlərimi bitirib, geri qayıdacağam».

Xədicə İsmayıl bildirir ki, bu gün (sentyabrın 30-da) onun qeydiyyatda olduğu ünvana özünü Azər Rzayev kimi təqdim edən bir nəfər gəlib. Qardaşına bildirib ki, hakimin köməkçisidir və Xədicə İsmayıldan şikayət edilib məhkəməyə. Məhkəməyə çağırışla bağlı məktubu Xədicənin ailə üzvlərinə verməkdən imtina edib, ancaq əlaqə telefonunu qoyub:

«Mən onunla əlaqə saxladım. Telefonda mənə Elman Həsənov adlı bir nəfərin xüsusi ittiham qaydasında məndən şikayət etdiyini bildirildi».

Sonda Xədicə İsmayıl bir daha sözügedən məhkəmə işində iddiaçı tərəfin adını çəkib, onun şəxsi həyatının müzakirəyə çıxarılmasının əleyhinə olunduğunu vurğulayıb. Əlavə edib ki, bu məlumatın ilk olaraq mediaya hüquq-mühafizə orqanlarının adından çıxarılmasını qətiyyətlə pisləyir.

İş Binəqədi rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyevin icraatına verilib.

XS
SM
MD
LG