Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

Sanksiyalardan sonra İrandan Azərbaycan vasitəsilə Rusiyaya yükdaşımalar artıb


Astara gömrüyü
Astara gömrüyü

-

İran İslam Respublikasının Nazirlər Kabineti 5 il əvvəl noyabrın 11-də Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Beş ilə yaxındır ki, Azərbaycan Respublikasının vətəndaşları İrana vizasız gedirlər. Ondan əvvəl sərhədyanı rayonlarda gediş-gəliş sadələşdirilmiş qaydada tənzimlənirdi. İrana getmək üçün hər bir azərbaycanlı vizaya görə təxminən 70 manat xərcləməli olurdu. İndi bu xərcə ehtiyac qalmayıb. Sərhəd-keçid məntəqələrində xarici pasportu göstərib qeydiyyata düşmək kifayətdir ki, qonşu ölkəyə getmək hüquq əldə edəsən. Hər bir Azərbaycan vətəndaşının İranda 1 ay qalmaq icazəsi var.

Əslində vizasız müddətdə sərhədyanı ərazilərdə elə bir dəyişiklik baş verməyib. Astara keçid məntəqəsinin önündə adətən bayram günləri ərəfəsində qələbəlik olur. Nəzarətçinin dediyinə görə, adi günlərdə İrana getmək istəyənlərin sayı 200-250 nəfərə düşür. İrana müalicəyə gedənlər də var, bazarlığa çıxanlar da. Alverçilər də az deyil. Burda öyrəndik ki, İran gömrüyü qadağan etdiyi malların sayını da azaldıb. Sakinlər deyirdilər ki, ən çox maneəyə Azərbaycan gömrüyündə rast gəlinir. Azərbaycan tərəfi ildə bir dəfə vətəndaşa İrana 3-4 kiloqram yük aparmağa icazə verir. İrana daşınan yük əsasən Çinin ucuz sənaye mallarından ibarət olur. Hər yükə görə 30-35 manat pul ödənilir.

«MEYVƏ, TƏRƏVƏZ BİZDƏ DAHA BAHADIR»

Vətəndaşlar İranda ərzaq malların ucuzluğundan danışırlar:

- «Meyvə, tərəvəz bizdə daha bahadır. Bizim əhali də kasıb olduğu üçün İrana üz tutur».

- «Ucuzluqdur gedirik ora, bir şey alaq, ev üçün. Budur da bizim işimiz».

- «İrana gedən vətəndaşlar ya müalicəyə gedirlər, ya da ticarətə».

Astara gömrüyü
Astara gömrüyü

Piyada keçid məntəqəsinin önündə İran vətəndaşlarına rast gəlmədik. Yerli sakinlərin demələrinə görə, iranlılar Azərbaycana adətən Novruz bayramı günlərində gəlirlər. İran vətəndaşları Azərbaycana gəlmək üçün viza almalı olurlar. Vizanı almaq isə, demələrinə görə, həm çətin, həm də bahadır. Azərbaycanda xidmətlər də bahadır. Bu baxımdan İran vətəndaşları digər qonşu ölkələrə getməyə üstünlük verirlər.

İRANDAN RUSİYAYA KƏND TƏSƏRRÜFATI MALLARININ DAŞINMASI ARTIB...

Astara gömrüyünün nəqliyyat yolunda isə müxtəlif ölkələrin yük maşınlarına rast gəldik. Rusiya, İran, Türkiyə, Gürcüstan və Azərbaycanın yük maşınları burda növbəyə durublar. Sürücülərlə söhbətlərdən məlum oldu ki, yüklər daha çox Rusiyaya gedir. Daşınan yüklər əsasən kənd təsərrüfatı məhsullarıdır.

«İRAN ÖZÜNÜ SEVDİRMƏK ÜÇÜN BELƏ EDİR»

Şair İlham İlhaminin fikrincə, İranın birtərəfli qaydada vizanı ləğv etməsi Azərbaycana heç nə verməyib:

Vaqif Əhmədoğlu
Vaqif Əhmədoğlu

«Guya İranın bizə ürəyi yandı, bizim vətəndaşlara, belə deyil. İran bizimkiləri dəvət etməklə, gediş-gəlişi sadələşdirməklə özünü düşünüb. Bizimkilərdən nə qədər xəstəxanalara gedən var. Azərbaycanda həkimlər üzərində nəzarət olsa, öz işlərinə məsuliyyətlə yanaşarlar. İran özünü sevdirmək üçün belə edir».

Mədəniyyət işçisi Vaqif Əhmədoğlu da hesab edir ki, viza rejimin birtərəfli qaydada ləğvi İrana daha çox xeyr verib. Onun dediyinə görə, İrana ildə bir milyona yaxın Azərbaycan vətəndaşı gedir və onların hər birisi orda pul xərcləyir:

«Təbii ki, dövlətlər arasında münasibətlər yaxşı olmalıdır, xüsusən bu bölgədə, cənub bölgəsində. Biz İranla həmsərhədik. İranın birtərəfli qaydada vizanı ləğv etməsi daha çox onlara xeyir verir. Çünki onlar bu tərəfə keçsələr, müəyyən məbləğ ödəməli olurlar. İranın büdcəsinə pul gedir. Sərbəst qaydada İrana keçirik, bu çox yaxşıdır. Həkimə gedirlər, müəyyən yerlərə gedirlər. Hər halda Azərbaycan hakimiyyəti bir az da bunu təkmilləşdirməlidir. İran vizanı necə ləğv edibsə, Azərbaycan da ləğv etməlidir. Bu gün viza rejimində İran dövləti daha çox qazanır. Çünki Azərbaycandan İrana daha çox adam gedir».

Aqil Yaqub
Aqil Yaqub

«SOYDAŞLARIMIZIN, QOHUMLARIMIZIN YANINA GETMƏK ASANLAŞIB»

Şair Aqil Yaqub isə deyir ki, bunun hər iki ölkədə olan azərbaycanlıların daha da yaxınlaşmasına da müsbət təsiri olub .

«Soydaşlarımızın, qohumlarımızın yanına getmək asanlaşıb. Bu çox gözəl bir işdir. O mənada ki, ayrılıqlar aradan götürülüb. İndi görüş asanlaşıb. Bir tərəfdən də bizdə hələ müəyyən problemlər var. Bir qisim insanlarımız məişət çətinliklərindən, xəstəliklərdən İrana getməli olurlar. Ona görə ki, orda tibbi müalicə müəyyən qədər səmərəlidir. Bizə nisbətən ucuzdur».

XS
SM
MD
LG