Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:33

Naxçıvanda yeni qadağa: mətbuata problemlərdən danışmaq olmaz?


Qadir Quliyev, Sirab kənd sakini
Qadir Quliyev, Sirab kənd sakini

-

Naxçıvanda üzləşdikləri problemlərlə bağlı mətbuata şikayət edən sakinlərə təzyiqlər olunduğu bildirilir. Bu haqda AzadlıqRadiosuna həmin aqibətlə üzləşən sakinlərin özləri məlumat verib. Onların bildirdiyinə görə, belə hallarda ya hüquq-mühafizə orqanlarına çağırılır, yaxud da yüksək vəzifəli şəxslərin təzyiqlərinə məruz qalırlar.

Babək rayon Sirab kənd sakini Qadir Quliyev deyir ki, bir müddət öncə, Naxçıvan Ali Məclisinin sədr müavini Mirhəşim Seyidovun qohumlarının özbaşınalığından mətbuata şikayət edib. Bundan sonra da təzyiqə məruz qalıb.

Yada salaq ki, şəxsi təsərrüfatı ilə məşğul olan Qadir Quliyev əkin-biçin işlərində rastlaşdığı əngəllərlə bağlı bu ilin əvvəlindən mütəmadi olaraq AzadlıqRadiosuna da məlumatlar verib. O bildirir ki, buna görə bir neçə dəfə hüquq-mühafizə orqanlarına çağırılıb.

Həmin orqanların təzyiqlərinə davam gətirdiyini deyən Qadir Quliyev qeyd edir ki, indi də başqa üsulla təzyiq və hədələrə məruz qalır:

“MƏNİ ÖVLADILARIMLA HƏDƏLƏDİ”

“Mirhəşim Seyidovun kürəkəni Abdulla Abbasov mənim həmkəndlimdir. 80 hektar sahəsi var. Yerlərimiz yanaşıdır.

Sataşmaq üçün onun çobanı heyvanlarını mənim əkin sahələrimdə otarır. Soruşuram deyir ki, Abdulla mənə belə tapşırıb. Bununla bağlı çobanla mübahisə etdim. Bir gün sonra Abdulla mənim qarşımı kəsib dedi ki, sən niyə mənim çobanıma söz demisən.

Bildirdi ki, qayınatasının adını mətbuatda hallandırdığıma görə, başına oyun açacağam. Məni övladlarımla hədələdi. Dedi ki, bir də mətbuata danışsan, sənə pis olacaq”.

Qadir Quliyev deyir ki, onun kimi şikayətçiləri susdurmaqda məmurların məqsədi var:

“İSTƏYİRLƏR Kİ, MƏNİ DƏ SUSDURUB, TORPAQLARI ƏLİMDƏN ALSINLAR”

“Bizim əsas şikayətimiz odur ki, əkinlərimizə su vermirlər, texnika ilə təmin etmirlər. Bu yolla istəyirlər ki, hər şeydən bezib torpaqlarımızı ataq, özləri götürüb əksin. Onsuzda kəndin yarıdan çoxu bezib, atıb torpaqlarını. Özləri 100 hektarlarla əkirlər, bizim 1-2 hektara icazə vermirlər. Mən də qohumlarımın sahələri ilə birlikdə 10 hektar yer əkmişəm. Mətbuatın vasitəsi ilə təzyiq edib birtəhər suyu, texnikanı ala bilirəm. İndi istəyirlər ki, məni də susdurub, torpaqları əlimdən alsınlar”.

Sirab kənd sakini Abdulla Abbasov isə həmkəndlisi Qadir Quliyevin onunla bağlı səsləndirdiyi ittihamları cəfəngiyat adlandırır:

“DEDİKLƏRİ HAMISI YALANDIR”

“Biz kimik ki, adam öldürək? Onun yerini heç kim otarmır. Dedikləri hamısı yalandır. Mən ona deməmişəm ki, mətbuata danışma. Bu onun öz işdir. Mən heç kimə arxalanmıram. Allah ulu öndərə rəhmət eləsin, onun layiqli davamçısının ömrünü uzun etsin”.

Şikayətlərə aydınlıq gətirmək məqsədi ilə Babək Rayon Polis İdarəsi ilə də əlaqə saxladıq. Oradan da mətbuata şikayət edənlərin hüquq-mühafizə orqanlarına çağırılmaları ilə bağlı deyilənləri təkzib etdilər.

XS
SM
MD
LG