Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

«Total» neft şirkətinin prezidenti təyyarə qəzasında həlak olub


Total dünyada beşinci böyük neft və qaz şirkəti, Rusiyada öndə gedən xarici investordur
Total dünyada beşinci böyük neft və qaz şirkəti, Rusiyada öndə gedən xarici investordur

-

Fransanın neft nəhəngi Total şirkətinin prezidentinin təyyarəsi Moskva aeroportunda qəzaya uğrayıb, prezident həlak olub. Təyyarə oktyabrın 20-də Vnukovo aeroportundan qalxarkən qartəmizləyən maşınla toqquşub.

Şirkət oktyabrın 21-də veb-saytında yerləşdirdiyi məlumatda bildirir ki, şirkətin başçısı Christophe de Margerie-nin şəxsi təyyarəsində həlak olduğunu “dərin təəssüf və kədərlə təsdiqləyir”.

Aeroport rəsmiləri Rusiyanın Tass agentliyinə bildirib ki, hadisə gecəyarısı baş verib. Təyyarədəki 3 ekipaj üzvü də həlak olub. Ölənlər Fransa vətəndaşlarıdır. Fransaya uçmalı olan biznes təyyarəsi qatı dumanda havaya qalxarkən qartəmizləyənlə toqquşub.

Rusiya Təhqiqat Komitəsinin sözçüsü Vladimir Markin İnterfax-a müsahibəsində qartəmizləyən maşının operatorunun “alkoqolun təsiri altında” olduğunu bildirib.

Bu ilin əvvəlində Margerie Avropanın Ukrayna böhranına baxmayaraq Rusiya ilə enerji münasibətlərini saxlamalı olduğunu deyib.

63 yaşlı De Margerie 2007-ci ildən Total-ın prezidenti idi. Total dünyada beşinci böyük neft və qaz şirkəti, Rusiyada öndə gedən xarici investordur.

De Margerie-nin adı oktyabrın 21-də Moskva yaxınlığında, Qorkidə xarici sərmayələrə dair Rusiya hökumətinin iclasına qatılanların siyahısında idi.

XS
SM
MD
LG