Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:32

Neft ölkələri üçün «dollar tələsi»


Arxiv foto
Arxiv foto

-
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış ziyalı Eldəniz Quliyev barəsində oktyabrın 30-da məhkəmə hökmü çıxarılıb. Məhkəmə Eldəniz Quliyevin 480 saat ictimai işlərə cəlb olunmaqla, min manat cərimə edilməsi haqda qərar verib.

Eldəniz Quliyev “Azadlıq” qəzetinə müsahibəsində deyib ki, bu, məndən daha çox Milli Şuraya xəbərdarlıqdır.

"Biz bu tip addımlara öyrənmişik. Ədalətli yol tutduğunu anlayan insan daxilində bir harmoniya hiss edir. O zaman bu cür xəbərdarlıqlara, təzyiqlərə baxmayaraq insan əmin olur ki, düz yoldadır və daxili rahatdır. Hakimiyyətin bu cür addımları heç bir nəticə verə bilməz. Əksinə, bunlar əks-effekt verir. Biz bir daha əmin oluruq ki, haqq, ədalət yolundayıq. Bu, xəbərdarlıqdan daha çox xof yaratmaq cəhdidir. Demək istəyirlər, biz hətta lazım olsa, ziyalını da susdura bilərik. Bunlar anlamırlar ki, artıq hər şey məlumdur. Milli Şura Azərbaycanda yeganə siyasi qurumdur ki, orada təmsil olunanlar durumu aydın insanlardır. Onları heç cür xofla qorxutmaq olmaz. Dəmiri nə qədər çox döyürsənsə, bir o qədər də bərkiyir. Milli Şura silsilə mitinqlər barədə qərar qəbul edib."

«DOING BUSINESS 2015» HESABATINA ƏSASƏN, AZƏRBAYCAN 32 PİLLƏ İRƏLİLƏYİB

“Azərbaycan” qəzeti yazır ki, "Doing Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İmişlidə keçirdiyi "Açıq qapı günü" - vətəndaş forumunda məlumat verilib.

Həmin hesabatda Azərbaycan son bir ildə işgüzarlığa şərait yaratmaqda ən çox iş görən on ölkə sırasına salınıb. Nəticədə bu ilki siyahıda Azərbaycan 80-ci yeri qazanıb. Hesabat isə 189 ölkəni əhatə edir.

NEFT ÖLKƏLƏRİ ÜÇÜN “DOLLAR TƏLƏSİ”

ABŞ-ın Federal Ehtiyat Sistemi dolların çapının dayandırılması ilə bağlı qərar qəbul edib. Bundan sonra uçot dərəcələrinin artırılması gözlənilir. Belə ki, böhrandan çıxmaq üçün Mərkəzi Bank uçot dərəcələrini sıfır faizə endirmişdi.

Ümumiyyətlə, ekspertlər düşünürlər ki, dolların çapının dayandırılması bu valyutanın daha da bahalaşmasına, avro, qızıl və neftin isə ucuzlaşmasına təsir göstərəcək. Neft ölkəsi olan Azərbaycana təsirlərə gəlincə, burada iki amil diqqəti çəkir. Bir tərəfdən neftin ucuzlaşması nəticəsində gəlirlərin azalması, digər tərəfdən manatın dollara nisbətən məzənnəsinin sabit saxlanılması nəticəsində yaranan təzyiqlər. Yəni Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün dollar xərcləməli olacaq. Əgər ABŞ valyutasının möhkəmlənməsi uzun çəkərsə, dövlət rezervlərinin bir hissəsini itirə bilərik.

Lakin baş bankir Elman Rüstəmov narahatlığa əsas görmür. Onun «Trend»ə açıqlamasına görə, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi tendensiyası Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə törətmir:

«Azərbaycan iqtisadiyyatı xarici amillərə qarşı olduqca davamlıdır. Hazırda neftin qiymətinin azalması tendensiyası davam edir. Buna baxmayaraq, bu amil ölkə iqtisadiyyatına minimum təsir göstərə bilər, buna səbəb isə 2014-cü ildə neftin orta hesabla qiymətinin 103-104 dollar təşkil etməsidir. Ölkədə makroiqtisadi sabitlik, ÜDM-in 74 faizi həcmində strateji valyuta ehtiyatları və dövlət borcunun minimum səviyyəsi belə şəraitdə manevr etməyə imkan verir».

ÖTƏN BEŞ İLDƏ 6 KONDOMİNİUM YARADILIB

“Эхо” qəzeti yazır ki, Azərbaycanda altıncı kondominium qeydiyyata alınıb. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, hazırda daha bir neçə mülkiyyətçiləin birgə idarəetmə cəmiyyətinin yaradılması gözlənir. Mülkiyyət sahiblərinin birləşməsi Mənzil Məcəlləsininin tələblərin uyğun aparılır.

“Hazırda Azərbaycanda 1 milyona yaxın mənzil və təxminən 15 min bina var. Kondominiumlarının yaradılması vacibdir. Təəssüf ki, onların sayı cəmi 6-dır ki, bu da dənizdə damla deməkdir,” bunu echo.az-a “İqtisadi təşəbbüslərə yardım” İctimai Birliyinin eksperti Samir Əliyev deyib.

RESPUBLİKAÇI ALTERNATİV PARTİYASI QURULUR

2008-ci ildə yaradılmış REAL Hərəkatı partiyaya çevrilmək istiqamətində iş aparır. Respublikaçı Alternativ Partiyasının nizamnamə layihəsinə görə, təşkilat üçpilləli struktura malik olacaq: ölkədə mövcud olan majoritar seçki dairələri üzrə formalaşdırılan dairə təşkilatları (ilkin təşkilatlar); el məclisləri (regional təşkilatlar); qurultay, partiya Məclisi, Nəzarət Təftiş Komissiyası, İdarə Heyəti və sədr (mərkəzi təşkilatlar).

Oktyabrın 30-da REAL-ın icra katibi Natiq Cəfərli “Media forum” saytına deyib ki, “artıq bir neçə dairə üzrə - Bakıda, Sumqayıtda, Gəncədə, Şəkidə və bir neçə başqa regionda təşkilatlanma prosesi başlayıb. Gələn ilin əvvəlindən bu proses daha intensiv olacaq. Ölkənin bütün bölgələrini, bütün rayonlarını və dairələrini əhatə edə bilməsək də (ola bilər, buna imkanımız, vaxtımız çatmasın), bütün bölgələrdə təmsilçiliyimiz olacaq”.

XS
SM
MD
LG