Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:53

İlk rəsmi sovet milyonçusunun oğlu: «Atamdan qalan ən böyük miras...»


SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyev
SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyev

-

Gözlə

No media source currently available

0:00 0:04:28 0:00
Direct-ə keçid

SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyevin ölümü onun adını bir daha media gündəminə gətirib. Onun oğlu Qalib Əliyev AzadlıqRadiosuna müsahibəsində vaxtilə məşhur olan atasının son günlərindən də söz açıb.

- Atanız ən çox milyonçu, bir də bəstəçi kimi yadda. Siz necə xatırlayırsınız onu?

- Mənim atamın nə milyonçu, nə biznesmen, nə də siyasətçi kimi təqdim olunmasını istərdim. Onun Azərbaycanda dini tolerantlığın təməlini qoyan biri kimi tanıdılması lazımdır. Hamı sual verirdi ki, Cənnət milyonları nə etdi? Atam bezikmişdi bu suallardan. Cənnət Əliyev 1990-cı illərdə bir çox qəlibləri, mental görüşləri sındırdı. Bu, çox ciddi məsələdir. O, xristianlığı qəbul etdi, krişnaizmə kömək göstərdi, sonra yenidən islama qayıtdı.

- Atanızla münasibətləriniz hansı səviyyədə idi?

- O mənim üçün həm ata, həm dost idi. O, qeyri-adi adam idi. Axıradək bir yerdə olmuşuq. Elə qucağımda da keçindi. Onun ölümü mənim üçün böyük itkidir. Tamam başqa bir dünyanın adamı idi. Komplekslərsiz bir insan olub.

- Son dövrlər nə ilə məşğul olurdu?

- İctimaiyyətə görünmürdü. Evdə oturub ibadətlə məşğul idi. Sırf dua, ibadətlə keçinirdi. Bir də hərdən özü üçün xırda-para musiqi yazırdı. Gitara çalırdı. Onun sərhəd hərəkatındakı rolu, digər xidmətləri danılsa da, atam heç kimdən inciməyib. O deyirdi ki, onlarda heç bir günah yoxdur. Bildirirdi ki, bu cür insanlar onun enerjisini qəbul edə bilmirlər. Elə buna görə də onun xidmətlərini danıb, yaxın buraxmayıblar.

- Cənnət Əliyev bir az da qapalı adam təəssüratı bağışlayırdı. Özünə qarşı təzyiqlərdən eyham vursa da, tam açıqlama vermək istəmirdi...

- Bu mövzuda danışmaq artıqdır.

- Uşaqlığınızda imkanlı ailədə böyüsəniz də, sonra tam tərs duruma düşmüsünüz... Uyğunlaşma necə keçirdi?

- Cənnətin yanında olanda, insanda, istər-istəməz, uyğunlaşma prosesi güclü gedir. O, insanda immunitet yaradırdı, axı maddi heç nəyə bağlı deyildi. Atam tək mənə – yeganə övladına bağlı idi. Bu da normal insani hisslərdir. O bu dünyada bir pomidorla da keçinərdi. Məmnun olurdu bu halına. Artıq şey lazım deyildi ona. Onun üçün fərqi yox idi ki, zövqlü yemək yedi, ya sadə.

- Atanız 1990-cı illərin ortalarından Azərbaycanı tərk edib, Rusiyaya qayıtmışdı. Həmin vaxt onun milyonları da yox idi. Nə iş görürdü Rusiyada?

- Atam birdəfəlik getməmişdi. Tez-tez gəlib-gedirdi. Son bir-iki ili Bakıda yaşayırdı. O, Rusiyada xalq təbabəti ilə məşğul idi. Xəstələri cürbəcür otlarla sağaldırdı.

- Bəs, öz xəstəliyi nə idi, ölümünə nə səbəb oldu?

- Yüksək təzyiqdən öldü. Bu xəstəlik yavaş-yavaş yaranmışdı onda. Yüksək təzyiq ağ ciyərinin damarlarını partlatdı. Ölümünə səbəb də bu oldu.

- Cənnət Əliyevin tez-tez dinini dəyişməsi birmənalı qarşılanmırdı. Qohum-tanışın münasibəti necə idi buna?

- Azərbaycan dövləti hər zaman fəxrlə tolerant olduğunu deyir. Heç bir dinin nümayəndəsi o birisini incitmir. Bu mövzuda Cənnətin böyük rolu olmuşdu. Mən fəxr edirəm ki, onun oğluyam. O, şərəfli bir ömür sürdü. O öz həyatında bir neçə insanın yaşam duyğularını və adrenalinini yaşadı. Atamdan qalan ən böyük miras – özünüdərkdir. Bu, məndən ötrü milyonlara dəyər.

XS
SM
MD
LG