Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:10

Elgizin analoqu olmayan millətçiliyi


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə

-

Bir-birimizin ətini yeyirik, bir-birimizə badalaq gəlirik, işdən qovulmaq, həbs olunmaq qorxusuyla çox şeyi uduruq... Nəticədə oluruq tolerant...

Rüfət Əhmədzadə

ELGİZİN MİLLƏTÇİLİYİ JACK LONDONUN GÖZÜYLƏ

Televizora baxan deyiləm. Artıq illərdir ki, mavi ekran deyilən nəsnənin qatı düşməniyəm.

Vaxtaşırı hansısa təsadüf nəticəsində göz və qulaq şahidi oluram, ondan da əsəblərim korlanır.

Bu yaxınlarda işimizdə mətbəxə çay süzməyə keçərkən, ANS-in efirində səslənən bu sözlər beynimə işlədi: “Biz dünyanın ən humanist xalqıyıq”.

Bu sözləri aparıcı Elgiz deyirdi və bununla, bir qızın öz doğma bacısını öldürməsi hadisəsinə giriş alırdı... Bizdə belə şey ola bilməz. Olsa da, çox pisindən olar.

Həqiqətən də, baş verən dəhşətli haldır. Və Elgizə də haqq qazandırıram. Adam nə qədər milləti, xalqı öz “süzgəcin”dən keçirib, papuasları, astekləri, yaponları, ingilisləri, afrikalıları yoxlayıb və axırda qərara gəlib ki, dünya xalqları içində ən humanist xalq azərbaycanlılardır.

Məsələ heç Elgizdə də deyil. Efirdən tez-tez belə şeyləri eşidirik. “Dünyanın ən sürətlə inkişaf edən ölkəsi”, “dünyanın ən qonaqpərvər xalqı”, “ən tolerant cəmiyyət”... Bir-birimizin ətini yeyirik, bir-birimizə badalaq gəlirik, işdən qovulmaq, həbs olunmaq qorxusuyla çox şeyi uduruq... Nəticədə oluruq tolerant.

Elgiz "Adam içində"
Elgiz "Adam içində"

Hərdən görürsən ki, yekəağız bir müğənni efirə çıxıb, milli-mənəvi dəyərlərdən danışır. Bu mənzərə o qədər dəhşətli olur ki, səmimi millətçilər də utanır. Amma bunun adı millətçilik deyil. Başqa “–çılıq” və “-çilik”lərdəndir.

Bu yaxınlarda Jack Londonun “Güclülərin qüvvəti” adlı hekayəsini oxudum. “Uzunsaqqal” ləqəbli qoca bir kişi nəvələrinə öz doğma qəbiləsinin tarixindən danışır. Balıqyeyənlər (balıqçılar) qəbiləsi “Dəniz vadisi”ndə yaşayır və daim “Böyük vadi”dəki Ətyeyənlər (ovçular) qəbiləsinin hücumlarına məruz qalırdı.

Balıqçıların vəziyyəti ağır idi. Çox olsalar da, güclərini anlamırdılar. Ailələr ayrı-ayrı ağacların başında yaşayırdı. Hər kəs özünə görə idi. Kimsə güclü idi, zəifin arvadını oğurlayıb öz ağacına dartırdı. O zəif isə başqa bir zəifin arvadını oğurlamaqla özünə təsəlli verirdi.

Beləcə, kim kimi necə xamladısa, elə də zövqlə yaşayırdı. Bir gün ovçular balıqçıların kəndinə hücum etdi, onların kişilərini bir-bir qırdı, qadınlarını əsir apardı. Ondan sonra balıqçılar anladı ki, 60 nəfərin 10 nəfərə qarşı gələ bilməməyinin tək səbəbi birliyin olmamasıdır.

Balıqçılar qəbilə şurası yaratdı, mühafizə dəstələri və növbətçilər təyin olundu. Amma yenə də, arvad oğurlamaq adəti səngimədi. Qəbiləni düşməndən qoruyan mühafizəçilərin gözü arxada qalmışdı. Tezliklə, arvad oğurlamaq da qadağan olundu. Hətta özünü güclü sayanları da yığışıb öldürürdülər, çünki başqalarından güclü olmaq qadağan idi.

Şuranın rəhbər seçdiyi adam isə işləri yaxşılaşdırmaq əvəzinə öz mövqeyini möhkəmlətdi, öləndən sonra da oğlu onun yerini tutdu. Yeni hökmdar qəbilədən özünə yaxın adamlara güvənib xalqı əzməyə başladı. “Vilka-lojka” dəstəsi deyilən bir şey.

Bir tənbəl və başıxarab adam özünü kahin elan etdi, daxmasında tanrını saxladığını və o tanrının adından hökmdara itaətin vacib olduğunu bildirdi. Hökmdar bu kahini himayəsinə aldı.

Xalqın vəkilləri də hökmdarın vəkili oldular. Tezliklə, torpaq tutub tarla salan birisi bütün taxıl biznesini nəzarətə aldı, bir başqası balıq tutmağı inhisara götürdü, digəri “odlu su” (araq) biznesi ilə, digəri isə keçi saxlamaqla oliqarx oldu. Onlar hökmdara vergi verir, hökmdarın dəstələri isə bu oliqarxları qoruyurdu. Xalq qazandığını bunlara verir, əvəzində “dilənçi payı” alırdı.

Bir gün avara bir Böcək də peyda oldu. Ləqəbinə sadiq qalaraq, vızıldayaraq xalqın könlünü xoş nəğmələrlə oxşadı. “Ətyeyənlər əclafdır”, “Ar olsun düşmənlərə”, “Xalqı geriyə aparmaq istəyənləri dinləməyin”, “İslahatçılar inkişaf istəmir” və s.

Əlbəttə ki, xalqı nəzarətdə saxlamaq üçün düşmənlər də lazım idi, ancaq dostlar yox. Tez-tez müharibələr etmək, “daxili düşmənləri” cəzalandırıb el içində biabır etmək... Amma bütün bunların da bir həddi var.

Bir gün ətyeyənlər hücum elədi. Gücdən düşən, dilənçilər, xəstələr və əlillərin qəbiləsi darmadağın oldu. Hamını qırdılar – iki nəfərdən başqa. Axsaq olan Uzunsaqqal qaçıb canını qurtardı, Böcək isə keçdi Ətyeyənlər qəbiləsinin tərəfinə. Və oldu Ətyeyən qəbiləsinin “xalq artisti”.

Böcəklərə etibar yoxdur. Ümumiyyətlə, düşmən axtarmaq təhlükəli şeydir... Öz qəbiləsini həddən artıq sevmək də.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG