Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

Baxılmalı 10 italyan komediyası


"İtalyansayağı boşanma" filmindən kadr
"İtalyansayağı boşanma" filmindən kadr

-

Ən yaxşı italyan komediyalarının bir fərqli cəhəti var.

Onlar heç də yalnız qapaz, təpik, mədəni desək, qarındakı qazı buraxma və s. kimi ucuz priyomlarla tamaşaçını güldürməyə hesablanmayıb.

Bu filmlər cəmiyyətdəki ciddi problemlərdən danışır, amma güldürə-güldürə.

Beləliklə 10-luğumuz

10. "Diştəmizləyən Conni", Roberto Benigni

Kasıb-kusubun həyatının onlar üçün bir qara qəpiklik dəyəri yoxdur. Dərdi gündəlik çörək pulu qazanmaq olan insanların başını kəsərlər, uf da deməzlər. Kimdir onlar? Ağalar - mafiozlar, pulunu balta kəsməyənlər.

Özü kimi mafiozlar Diştəmizləyən ləqəbli Connini axtarırlar ki, haqq-hesab çürütsünlər. O, evinin zirzəmisində gizlənir. Bu vaxt təsadüfən arvadı bir avtobus sürücüsünə rast gəlir. Elə bil bir almadı yarı bölünüb, ərinin tam oxşarıdır. Plan budur ki, onu tovlayıb Conninin əvəzinə "əjdahanın ağzına" atsınlar...

9. "Sinyor Robinzon", Sergio Corbucci

Bu filmin gözəlliyi ondadır ki, anlayana da maraqlıdır, anlamayana da. Kimi bu filmi təsadüfən kimsəsiz adaya düşən ağ adamın "din-din dərdi" kimi başa düşür. Kimi də elm və texnikanın təbiətdən, gerçəklikdən qopardığı insanların faciəsi kimi. Aktuallığı isə İnternet, Facebook əsrində daha da artır bu filmin.

Biznesmen Robi radiodan, televizordan ayırla bilmir, futbol, seriallar, maqazin xəbərləri... Bütün bunlara o qədər aludədir ki, gəminin necə batdığını da hiss etmir. Kimsəsiz adada isə nə məlum olsa yaxşıdır: bu "sivil insan" o qədər köməksiz və acizdir ki, yeməyi də özünə zorla tapır. Hətta "barbar" adlandırdığı aborigenlər də onun yanında ən savadlı adamlardır...

8. "Ötüşmə" (ing. "The Easy Life", rus. "Обгон"), Dino Risi

Karyera, qaçaqov, iş, oxumaq, özünü inkişaf etdirmək, başqalarını ötmək... Özü də dayanmadan. Həyatın sənin yanından necə ötüb keçdiyini də hiss etmirsən. İstirahət sənin üçün vaxt itkisidir, macəra boş və mənasız iş.

Bu filmin hüquqşünaslıq oxuyan tələbə qəhrəmanı da belələrindəndir. Qəfildən onun həyatına tanmadığı bir "həyasız" adam soxulur. Onu mənzilindən çıxarır, maşınına otuzdurur və onların birlikdə macərası başlayır.

Bu "həyasız" adam yol yoldaşının tam əksidir. Plansız yaşayan, hər dəqəqəsinin ləzzətini çıxaran, qadınları sevən... Tələbənin gözündə isə o... oğraşın biridi. Filmin sonunda kimin düzgün yaşadığı məlum olacaq...

7. "Çörək və şokolad", Franco Brusati

Təsəvvür edin: hansısa "korennoy" bakılı "çuşka" kəndçiləri sevmir. Həmin köklü-köməcli bakılını isə Moskvanın bəzi "korennoy" sakinləri "qara" sayır...

Gəlmələr və yerlilər problemi. Yeni şəraitə uyğunlaşmaq istəyən qara fəhlələr. Bu film italyan miqrantların İsveçrə sərgüzəştləri haqdadır. Toyuq hinində yaşayan, səkiyə "pipi" edən, qadınsız qalan kişilər barədə. Necə eləsinlər ki, həm daimi iş tapsınlar, həm də sarışın yerlilər onlara yuxarıdan aşağı baxmasınlar. Bir yol saçını, bağını sarı boyamaq, italyan olduğunu bilindirməməkdir. Bəs İtaliya ilə İsveçrə futbol milliləri qarşılaşsa, nə edəcəksən, emosiyalarını necə cilovlayacaqsan?..

6. "Böyük quşlar, balaca quşlar", P.P.Pasolini

Qarğa əti yemisiniz? Bu filmin qəhrəmanları yeyir, özü də razı qalırlar.

Siyasi komediyanın ən gözəl nümunələrindəndir bu film. Pasolini təkcə dini, dindarları, sağları, faşistləri filmlərində yıxıb-sürüyən birisi deyildi. Kommunist idi, amma kommunistlər arasında da ala qarğaydı. .

Bu filmdə o, İtaliyada ənənəvi olaraq güclü olan solçuların ideologiyasına tənqidi yanaşır: Bəsdi insanları gerçəklikdən qopmuş ideyalarla yemlədiniz. Pul hərisliyi? Bəyəm bu təkcə varlılara aiddir? Filmin cındırından cin hürkən ata-bala qəhrəmanları başqasından ev kirəsini istəyəndə ən qəddar məxluqlara dönürlər, zəngin mühəndis onlardan borcunu istəyəndə isə köməksiz varlıq roluna girirlər. Sən belələrinə fahişəlik problemi ilə mübarizə haqda moizə oxuyacaqsan. Amma cibində qara qəpiyi olmayan kasıb da küçədə fahişə görəndə ona tamah salacaq.

Bəs qarğa kimin obrazıdır? Baxan bilər.

5. "Bokkaçço-70"

Bu komediya 4 bitkin filmdən ibarətdir. Hər birini İtaliya kinosunun bir nəhəngi çəkib: Mario Monicelli, Federico Fellini, Luchino Visconti və Vittorio De Sica.

Bu filmləri bir mövzu birləşdirir: müasir dövrdə qadınla kişi arasında münasibətlər.

Fahişələrlə vaxt keçirən milyonerin paxırı açılır, mətbuat yazır, qaynatası, arvadı bundan xəbər tutur. Nəticəsi nə olacaq. Fiasko? Ailə dağılacaq? Yox. Günün sonunda ər-arvad yenə də birlikdə yatağa girəcək. Qadını nə yola gətirir? İnanmazsınız. Ərinin ən bahalı fahişəyə verdiyi məbləğdə pulu ona verməyə razı olması... Amma zadəgan ailəsinin bu "əxlaqı" hamıdan gizli qalır. Mətbuata başqa şey çıxır: Qadın böyük humanizm göstərərək səhvini etiraf etmiş ərini bağışlayıb.

Qalan filmlər də bunun kimi gülməli-ağlamalı...

4. "Madonna küçəsində hadisə" (ing. "Big Deal on Madonna Street", rus. "Злоумышленники неизвестны"), Mario Monicelli

Yoxsulların bir günə varlanmaq ehtirası. Bir dəstə lümpen proletar bir araya gəlib lombarddakı seyfi yarmaq planı qurur. Problem ondadır ki, onların heç biri "peşəkar" oğru deyil. Əvvəlcə lombardın qonşuluğundakı boş mənzilə girib divarı sökmək lazımdır. Zahirən asan görünən bu planın icrası zamanı dostları hər addımda gülünc vəziyyətə düşmək bəxtsizliyi gözləyir. Ən axırda isə divar uçurulanda məlum olur ki...

3. "İnadkarın ram edilməsi", Franco Castellano və Giuseppe Moccia

Baş rollarda Adriano Celentano və Ornella Muti-nin çəkildiyi bu film yalqız, kobud və acıdil bir fermer haqdadır. Hər halda ilk baxışda belə təsir bağışlayır.

Fırtınalı bir gecədə onun qapısını gözəl bir şəhərli qız döyür. Məlum olur ki, onun maşını sevgilisi ilə görüşə getdiyi yerdə sınıb və gecələməyə yeri yoxdur. Ərköyün şəhərli qız qadın gözəlliyinə biganə görünən bu kobud kəndçidə nə görürsə, qərara gəlir ki, onu ram etsin.

2. "Amarkord", Federico Fellini

Filmin aydın süjeti yoxdur, daha çox epizodlar koleydoskopudur. Bəzən komik, bəzən kədərli, bəzən “ədəbsiz”…

Bu bir uşaqlıq xatirəsidir. Filmdə həmin uşağın adı Tittadır.Hadisələr 30-cu illərdə - faşist İtaliyasında baş verir. Film həm də avtobioqrafik sayılır. Burda müəllimləri dolayan uşaqlar da var, Tittanın ağaca çıxıb “qadın istəyirəm” qışqıran ruhi xəstə əmisi də, ümummilli öndər Mussolinin şərəfinə parad da…

1. "İtalyansayağı boşanma" Pietro Germi

Bu filmə baxmayan çətin tapılar. Bir-birini sevməyən ər-arvad 12 ildir bir yerdə yaşamağa məhkumdur. Axı 1970-ci illərə qədər İtaliyada boşanmaq QADAĞAN İDİ. Sevgi yoxdu, fərq eləməz, ayrı yaşayırıq, dəxli yoxdu, uşağımız olmur, noolsun. Olmaz, vəssalam: nikah müqəddəsdir.

Yalnız bir halda boşanmaq mümkündür. Arvadını yataqda başqa kişiylə tutarsansa... Və məşuqəsi ilə qovuşmaq istəyən kişi gecə-gündüz plan qurmağa başlayır. Arvadına kimi calasın...

(sıralama şərti də qəbul edilə bilər)

Hazırladı Rövşən Qəmbərov

XS
SM
MD
LG