Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:53

İlham Əliyev müxalifətə «vurulan peyvənd»dən, İŞİD-dən danışıb


İlham Əliyev Rossiya 24 tv kanalına müsahibə verib
İlham Əliyev Rossiya 24 tv kanalına müsahibə verib

-

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin «Rossiya-24» informasiya telekanalına müsahibə verib. AzərTAc-ın yayımladığı müsahibədən bəzi hissələri təqdim edirik:

Prezident İ. Əliyev deyib ki, Azərbaycanla Rusiya daim siyasi dialoq aparır. Prezident Rusiyanın da, Azərbaycanın da Şimal-Cənub nəqliyyat dəhlizinin daha fəal işləməyə başlamasında maraqlı olduqlarını vurğulayıb:

«Biz öz tərəfimizdən zəruri infrastruktur yaradırıq. Bu, həm dəniz limanları, həm dəmir yolu, həm də avtomobil yollarının yenidən qurulmasıdır. Rusiya tərəfi də eyni səyləri göstərir. Əlbəttə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarında satılması sahəsində yaxşı əməkdaşlıq potensialı var. Biz ixrac potensialını artırırıq. Prinsipcə, bu, bizim hökumətin strateji xətti olub. Lakin Rusiya bazarında indiki vəziyyəti və mallarımıza olan tələbatı nəzərə alaraq, biz məhz Rusiya istehlakçısının ehtiyacı olan çeşidi məqsədyönlü şəkildə artırmağa başladıq».

«RUS DİLİNƏ ƏVVƏLKİ HÖRMƏT QALIR»

Prezident rus dilinin Azərbaycanda yeri barədə suala cavabında deyib ki, Azərbaycanda rus icması Cənubi Qafqazda ən böyük icmadır. Onun üzvlərinin sayı 120 min nəfərdən çoxdur. Azərbaycanı beynəlxalq məkanda layiqincə təmsil edən bu insanlar həm müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir, həm də ölkəmizin inkişafına böyük töhfə verirlər. Onlar dövlətimizin layiqli vətəndaşları, Azərbaycanın vətənpərvərləri, eyni zamanda, öz dilinə, mədəniyyətinə, ənənələrinə bağlı olan insanlardır.

«Azərbaycanda rus dilinə əvvəllər olduğu kimi hörmətlə yanaşılır. Bizdə tədris rus dilində olan 300-dən çox məktəb var. Bütün dövlət ali məktəblərində rus dilində təhsil almaq üçün bölmələr var. Moskva Dövlət Universitetinin filialı, Slavyan Universiteti yaradılıb. Hesab edirəm ki, bu müsbət təcrübə dili hücum hədəfi seçən ölkələr üçün faydalı ola bilər».

- Tolerant, beynəlmiləl şəhər olaraq qalmağı Bakıya tarixin özü diktə edir. Bakı Sovet İttifaqının ən beynəlmiləl şəhəri idi. Deyə bilərsinizmi, bəs indi, müasir dünyada, məsələn, Avropanın aparıcı siyasətçilərinin multikulturalizmin iflasa uğradığını etiraf etdiyi bir vaxtda bu cür şəhər və bu cür ölkə kimi qalmaq çətindirmi? Siz daxildən və ya xaricdən təzyiqlər hiss edirsinizmi?

«PEYVƏNDİN TƏSİRİ İTMƏYİB»

- Yox, hiss etmirəm. Daxildən təzyiq yoxdur. Çünki cəmiyyət dövlətin bu məsələyə yanaşmasını tam bölüşür. Burada heç bir fikir ayrılığı yoxdur. Prinsipcə dövlət siyasəti cəmiyyətdə bu əhval-ruhiyyəni dəstəklədiyi kimi, ictimai rəy də dövlətin həmin siyasəti yeritməsinə kömək edir. Biz cəmiyyətin belə vəziyyətinin üstünlüklərini görürük. Çünki həmişə belə olmayıb. Axı, müstəqilliyin ilk illərində, Xalq Cəbhəsi hakimiyyətdə olanda vəziyyət tamamilə başqa idi. O vaxt dözümsüzlük, əslində, dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, qeyri-yerli əhalinin sıxışdırılması cəhdləri – bütün bunlar gözümüzün qarşısında olub. Həmin illər ölkəmiz, xalqımız üçün milli rüsvayçılıq illəri idi. Azərbaycan xalqı müdriklik göstərdi və bu hakimiyyətə cəmi bir ildən bir qədər çox dözdü, sonra bu hakimiyyət tarixin xarabalığına atıldı.

- Bu peyvənd hələ də təsir edirmi?

- Bəli. Çünki cəmiyyət bu yanaşmaları rədd etdi. Milli siyasət sahəsində çox böyük səhvlərə, bəlkə də cinayətlərə yol verilib, eləcə də bütün digər sahələrdə. Odur ki, cəmiyyət bu yad təsirdən tez bir vaxtda təmizləndi, öz köklərinə qayıtdı. Bu gün bu, cəmiyyətimizin inkişafının normal vəziyyətidir. Odur ki, daxildə bu siyasətin təftiş olunmasına heç bir zəmin yoxdur.

O ki, qaldı sərhədlərimizin hüdudlarından kənarda baş verənlərə, şübhəsiz, bu, narahatlıq doğurur. Çünki biz adada yaşamırıq, regionda gedən proseslər istər-istəməz müəyyən təsir göstərir. Burada da yenə cəmiyyətin yüksək şüuru, habelə səmərəli dövlət siyasəti və belə münasibətin üstünlüklərinin əyani şəkildə nümayişi, zənnimcə, əsas hərəkətverici qüvvədir.

- Gəlin, Azərbaycanın iqtisadiyyatından danışaq. Çünki hər hansı ölkənin cəmiyyətinin vəziyyətinə dünya iqtisadiyyatı da nəzərəçarpan təsir göstərir. Bu il Azərbaycanda ümumi daxili məhsul üçfaizlik artım göstərir. Bu, yetərincə sabit artımdır və bu gün çox cəhətdən nümunə olan, hökumətin, dövlətin seçdiyi iqtisadi siyasətin səmərəliliyini sübut edən göstəricidir. Siz gələn il üçün hansı proqnozlar verirsiniz və Sizin fikrinizcə, yaxın gələcəkdə iqtisadiyyatın inkişafını nə müəyyən edəcək?

- Qeyd etdiyiniz kimi, bu il bizdə üçfaizlik artım gözlənilir. Lakin biz ümumi daxili məhsulu hesablayarkən, əsasən qeyri-neft sektoruna diqqət yetiririk və orada vəziyyət daha yaxşıdır. Biz bu il orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni, yarıdan az təşkil edir. Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə, iqtisadiyyat sabit inkişaf edəcək.

- Bəs büdcədə hansı qiymət nəzərdə tutulub?

- Büdcədə 90 dollar nəzərdə tutulub. Ötən il 100 olub.

- Bu nikbin rəqəmdir.

- Bəli. Amma biz 90 dollar nəzərdə tutanda və büdcəni qəbul edəndə qiymət 90 dollar olub. Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik.

- Siz iqtisadiyyatın şaxələndirilməsi siyasətini davam etdirmək niyyətindəsiniz? Elədirsə, idealda ümumi daxili məhsulun strukturunda neft, xammal gəlirlərinə neçə faiz ayrılmalıdır?

- Əlbəttə, biz çalışacağıq ki, idealda neft gəlirləri bizim ümumi daxili məhsulun təqribən üçdəbirini təşkil etsin. Artıq onda şaxələndirmə siyasətimizin baş tutduğunu hesab edə bilərik. Biz buna doğru gedirik. Çünki biz bu proqramları başlayanda, neft amili, ümumiyyətlə, az qala 80 faiz idi, indi isə 45 faizdir. Yəni, meyil azalmaya doğru gedir. Nəzərə almaq lazımdır ki, biz yaxın illərdə qaz hasilatının və satışının xeyli artacağını gözləyirik. Odur ki, ümumi daxili məhsulda neftin payı artacaq.

İlham Əliyev neftin barelinin 60 dollar olacağı halda Azərbaycan iqtisadiyyatının sabit inkişafının nə dərəcədə real olması, sosial dövlət haqqında sualları da cavablandırıb. Prezident ölkədə sosial məsələlərin son illərdə çox müvəffəqiyyətlə həll olunduğunu deyib:

«İŞSİZLİK 5 FAİZDİR»

– Son 10 ildə 500-dən çox tibb müəssisəsi, 3 mindən çox məktəb binası inşa olunub. Bütün regionlarda su təchizatına dair infrastruktur layihələri həyata keçirilir. Yəni, sosial infrastruktura sərmayə yatırmaq bizim prioritetimizdir. Onlar ixtisar edilməyəcək. Lakin, eyni zamanda, bu sahə iqtisadi sahədən ayrılıqda inkişaf edə bilməz. Axı, biz son 10 ildə məhz iqtisadiyyatı inkişaf etdirmək hesabına yoxsulluğu 49 faizdən 5 faizə endirə bilmişik. Bunu əsas etibarilə yeni iş yerlərinin və iş üçün əlverişli şəraitin yaradılması hesabına etmişik. Azərbaycanda işsizlik sosial təzahür kimi, praktiki olaraq, aradan qaldırılıb.

- Azərbaycanda işsizlik neçə faizdir?

- Beş faiz. Təbii ki, bütün bunlar dövlətin iqtisadi siyasətinin, habelə biznes üçün yaxşı şəraitin yaradılmasının nəticəsində olub. Çünki iş yerləri neft sahəsində yaradılmayıb. Neft sahəsində iş yerləri belə tez yaradılmır. Bu yerlər istehsal və xidmət sahələrində, regionlarda yaradılıb. İqtisadi artım olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir. Burada əsas məsələ o qədər də prioritet olmayan sahələrlə cəmiyyətin sosial vəziyyətinə təsir göstərməyən sahələr arasında xərclərin azaldılmasının məhz düzgün balansının tapılmasıdır.

- İqtisadiyyatda hər hansı böhran halları yarandıqda, bir qayda olaraq, qarşıya belə bir dilemma çıxır: pulları inkişaf üçün xərcləməli, yoxsa, qənaət etməli, yığmalı, sabitləşdirmə fondları yaratmalı? Siz hansı yolu seçmisiniz?

28 MİLYARD DOLLARLIQ İNVESTİSİYA

- Biz hər iki yolu seçmişik. Fəal islahat illəri ərzində bizim valyuta xərclərimiz də, investisiyalarımız da ilbəil artıb. Keçən il Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub. Əhalisinin sayı 10 milyona yaxın olan ölkə üçün bu, az məbləğ deyil, onun 70 faizi daxili investisiyalardır. Əlbəttə, daxili investisiyaların strukturunda hələlik infrastruktur xarakterli dövlət sərmayələri üstünlük təşkil edir. Buna görə biz çalışmışıq ki, valyuta ehtiyatlarımız ilbəil artsın. Bu ehtiyatlar ilbəil artır. Eyni zamanda, biz şaxələndirilmiş iqtisadiyyat yaradılması üçün nə qədər lazımdırsa, o qədər xərcləyirik. Regionlarda normal həyat şəraiti olmadan isə bunu etmək mümkün deyil.

Müstəqilliyin ilk illərində Azərbaycan vətəndaşlarının xeyli hissəsi qazanc dalınca başqa ölkələrə, o cümlədən Rusiyaya gedirdi. İndi bu proses praktiki olaraq dayanıb və ya yavaşıyıb. Lakin başqa proses başlanıb – regionlardan Bakıya gəlirlər. Buna görə bizim əsas vəzifəmiz regional inkişaf ilə bağlı məsələlərin həlli idi ki, yerlərdə yaxşı xəstəxanalar, yaxşı məktəblər, su, elektrik, qaz təchizatı və iş üçün şərait olsun. Buna görə iqtisadiyyatın şaxələndirilməsi təkcə struktur baxımından deyil, həm də coğrafiya baxımından vacibdir. Zənnimcə, biz son illərdə ölkəmizin məhz bu baxımdan davamlı inkişafını təmin edə bilmişik.

Prezident Əliyev daha sonra Rusiyaya investisiyalar, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar barədə sualları cavablandırıb.

Müxbir prezidentdən «İraq-Şam İslam Dövləti» (İŞİD) adlandırılan silahlı qruplaşma barədə də soruşub:

– Bu radikal islamçı qruplaşma get-gedə yeni əraziləri zəbt edir və qonşularına hədə-qorxu gəlir. Deməliyik ki, bu hadisələr Azərbaycandan o qədər də uzaqda baş vermir. Bu təcavüzkar və yetərincə qətiyyətli fenomen barədə Siz nə fikirləşirsiniz?

İŞİD NECƏ YARANDI?

- Əvvələn, vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma strukturun necə əmələ gəlməsini, haradan meydana çıxmasını dəqiq başa düşmək lazımdır. Axı, o, başqa planetdən uçub gəlməyib. Bütün bunlar ən azı son 10 ildə məhz Yaxın Şərqdə baş verən hadisələrin nəticəsidir. Bu, Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir. Bu, bir daha sübut edir ki, radikal, fanatik qrupların dəstəklənməsi məsələlərində çox ehtiyatlı və uzaqgörən olmaq lazımdır. Terrorçuları yaxşılara və pislərə bölmək olmaz. Yəni, sənin düşməninə qarşı mübarizə aparan terrorçu yaxşı, sənin özünə qarşı mübarizə aparan isə pis terrorçudur. Mənim fikrimcə, öz həllini tapmalı olan başlıca məsələ budur. Bu məsələ dünyanın aparıcı ölkələri tərəfindən həll edilməyincə, radikalizmə və terrorizmə qarşı mübarizədə ümumi anlaşma olmayınca belə vəziyyətlər daim yaranacaq.

Əlbəttə, deməzdim ki, bu, bizim üçün böyük təhlükədir. Amma təbii ki, biz bu mövzunu izləməliyik. Bu, siz dediyiniz kimi, bizim sərhədlərdən elə də uzaq deyil. Azərbaycanın daxildə radikalizm mənbələri yoxdur. Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir. Eyni zamanda, Azərbaycan dünyəvi cəmiyyəti olan dünyəvi ölkədir, təhsilin yüksək səviyyədə olduğu müasir dövlətdir. Təhsil radikalizmə qarşı başlıca qarantdır. Yüz faiz savadlılıq olan ölkədə, savadlı cəmiyyətin daxilində potensial təhlükə ola bilməz. Lakin kənardan baxanda, əlbəttə, biz regionun bir hissəsiyik, buna görə də Yaxın Şərqdə, sərhədlərimizin ətrafında baş verən proseslər, təbii ki, bizi narahat edir. Ona görə ki, bu, cəmiyyətdə ictimai şüura mənfi təsir göstərə bilər və fiziki təhlükə ola bilər. Lakin bizim sərhədlərimiz etibarlı qorunur.

XS
SM
MD
LG