Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:19

Freedom House: «Azərbaycanda internet «qismən azad»dır» [İnfoqrafika]


Arxiv foto.
Arxiv foto.

-

Dördüncü ildir ki, dünyada internet azadlığı pisləşməkdədir. Ən kəskin eniş isə Rusiya, Ukrayna və Türkiyədə qeydə alınıb. Bunu Birləşmiş Ştatlarda mənzillənən Freedom House təşkilatı deyir.

ƏN AZAD – 0 BAL

Freedom House dekabrın 4-də «İnternetdə azadlıq 2014» hesabatını yayıb. Qurum bildirir ki, İran, Suriya və Çin dünyada İnternet azadlığını ən çox boğan ölkələrdir.

Hesabat 2013-cü ilin mayından 2014-cü ilin mayınadək olan dövrü əhatələyir. Sənəddə dünyanın 65 ölkəsində internet və rəqəmsal media azadlığı dəyərləndirilir. 65 ölkədən 36-da ötən ilin mayından bəri mənfi tendensiyalar üzrə çıxıb.

Ən azad ölkələr 0, ən qeyri-azadlar isə 100 bal alıb.

Ballara əsasən hesabatda ölkələr azad (0-30 bal), qismən azad (31-60) və qeyri-azad (61-100) qruplara bölüb.

AZƏRBAYCAN 55 BAL ALIB

Azərbaycanın qonşularından Gürcüstan 26, Ermənistan isə 28 balla azad ölkələr siyahısındadır.

Ukrayna (33), Qırğızıstan (34), Azərbaycan (55), Rusiya (60), Qazaxıstan (60) «qismən azad» ölkələr sırasındadır.

Hesabatda deyilir ki, son 5 ildə Rusiyanın reytinqi 11 bal azalıb. Vladimir Putin 2012-ci ildə prezidentliyə qayıdandan sonra hakimiyyət onlayn, tənqidi və müxalifət mediasını sıxışdırıb.

Ukraynanın səviyyəsi 5 bal düşüb. Səbəb Avromaydan etirazları vaxtı sosial media və onlayn jurnalistikaya qarşı zorakılığın baş verməsidir.

İran (89), Özbəkistan (79), Pakistan (69), və Belarus (62) İnternetin azad olmadığı ölkələrdir.

Birləşmiş Ştatlar İnternet azadlığına görə 6-cı yeri tutur, ancaq ötən ildən reytinqi iki bal azalıb.

DEFAMASİYA CƏZASI İNTERNETDƏ

Xədicə İsmayıl
Xədicə İsmayıl

Hesabatda Azərbaycanda defamasiyaya görə cəzanı İnternetə də aid etməsi qeyd olunur. Bu ölkədə hökumət tənqidçilərinin susdurulduğu bildirilir. Freedom House AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın adını çəkir, onun şantaja, qarayaxma kampaniyasına məruz qalmasını vurğulayır.

Azərbaycan ötən il də internet azadlığına görə qismən azad ölkə sayılmışdı. Ancaq hakimiyyət təmsilçiləri ölkədə internet azadlığının qorunduğunu dəfələrlə vurğulayıblar.

Prezident İlham Əliyev çıxışlarında Azərbaycanda internet azadlığına heç bir məhdudiyyətin olmadığını deyib:

«GETSİNLƏR TÖVSİYƏLƏRİNİ...»

«Heç də hər bir ölkədə belə deyil. Elə ölkələr var ki, orada internet azad deyil, məhdudiyyətlər qoyulur. Bu məhdudiyyətlər, əlbəttə ki, həm bizə bəllidir, həm də bu məsələ ilə bağlı olan, fəaliyyət göstərən beynəlxalq təşkilatlar da bunu bilir. Ancaq nədənsə bəzi hallarda bu, diqqətdən kənarda qalır. Azərbaycanda isə azad internet fəaliyyət göstərir. Bu bir də onu göstərir ki, biz mətbuat azadlığına çox böyük diqqət veririk və mətbuat azadlığı Azərbaycanda tam şəkildə tətbiq olunur. O beynəlxalq təşkilatlar ki bu sahədə Azərbaycanda problem görmək istəyir, getsinlər öz tövsiyələrini internetin azad olmadığı ölkələrə versinlər. Yaxud da öz ölkələrində azad mətbuatın necə sıxışdırılmasından - bu yaxınlarda biz bunun əlamətlərini görmüşük – danışsınlar».

Freedom House və digər beynəlxalq hüquq-müdafiə təşkilatlarını hakimiyyət ikili standartlarda, Azərbaycanla bağlı məsələlərdə qərəzli mövqe tutmaqda ittiham edir.

XS
SM
MD
LG