Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:29

Xədicə İsmayıl: "Azad sözü boğmaq mümkün olmayacaq"


Xədicə İsmayıl
Xədicə İsmayıl

- Həbsdə olan jurnalist Xədicə İsmayılova son günlərin hadisələri haqda öz fikirləriniı redaksiyamıza çatdırıb, onun şifahi dedikllərini birləşdirib yazı halında təqdim edirik.

AzadlıqRadiosu barədə xəbərləri həbsxanada həyəcanla izləyirəm. Ümid edirəm, həmkarlarım ruhdan düşməyib, möhkəmdirlər.

AzadlıqRadiosu soyuq müharibə dövründə üzləşdiyi rəftarla üzləşir. Təəccüblü deyil. Bu gün Azərbaycan rəhbərliyi modernizmin, azad sözün, demokratiyanın əleyhinə seçim edir. Bu, təkcə bizim üçün yox, həm də rejim nümayəndələrinin özü üçün yanlış seçimdir. Təqribən ay yarım bundan əvvəl, Rusiya kanalına müsahibə verərkən İlham Əliyev fəxrlə Azərbaycanın Rusiya iqtisadiyyatına yatırım qoyduğunu – VTB bankının qiymətli kağızlarını aldığını deyirdi. Əslində bu yatırım Əliyev ailəsinin həmin bankın səhmdarı olması ilə də əlaqədar idi. VTB bankın səhmlərinin ATA Holdinq və Panama şirkəti vasitəsilə Əliyevlərə məxsus olduğunu xarici mətbuat da yazıb, biz də yazmışıq.

Bu günlərdə senzuradan yayınan bir xəbər TV-də səsləndi: Neft Fondu VTB bankın qiymətli kağızlarına yatırdığı sərmayədən 400 milyon dollar əvəzinə 50 milyon dollardan bir qədər artıq gəlir götürəcək. Yəni itki 350 milyon dollardır (fins.az-ın xəbəri idi). Deməli, Rusiya iqtisadiyyatı çökür, ardınca ona bel bağlayanları da çökdürür. Təəssüf ki, Rusiya bataqlığında batan həm də bizim pullarımızdır. Neft Fondunun Əliyevlərin Rusiyapərəst kaprizlərinə xərclədiyi pullar əslində gələcək nəslin idi.

AzadlıqRadiosu bu həqiqətləri söylədiyi üçün susdurulmağa çalışıldı. Amma susmayacaq. Müasir dünyada susdurmaq asan deyil. Bu gün hər kəs AzadlıqRadiosu, hər kəs doğru söz carçısı ola bilər. Bu imkandan yararlanmaq vaxtıdır!

Mənə atılan daşlardan ev tikməyin tərəfdarı olmuşam hər zaman. Bu gün hər kəsin məsuliyyətini dərk etməsi üçün gözəl imkandır.

Radionu hər hansı maliyyə və ya vergi cinayətində günahlandırmaq absurddur. Bu nağıllara heç kim inanmır. Şahvələd Çobanoğluna da heç bir ləkə yapışdırmaq mümkün olmayacaq.

Azərbaycanın ən vicdanlı insanlarından birinə qara yaxmağa çalışırlar. Rejim get-gedə absurdun dibinə yuvarlanır, amma ən əsası, Şahvələd bəy, İntiqam bəy kimi insanları məhz müxalif olduqlarına, vicdan nümunəsi göstərildiklərinə görə həbs etdiyini etiraf etməyə qorxur.

Azadlıq radiosundakı həmkarlarıma

Mənim əzizlərim, möhkəm olun! Heyf ki, yanınızda deyiləm, çətinliklərə sinə gərməkdə yardımçı ola bilmirəm. Əminəm ki, bu sınaq iradəmizi daha da möhkəmləndirir.

AzadlıqRadosunun azad sözü çatdıran, fərqli düşüncəyə yer verən, doğru xəbər yayan hər bir kəsin, qurumun bu rejim tərəfindən basqıya qalması normaldır. Təbiidir.

Biz, hər bir durumda insanlara Azərbaycan insanına və bəşəriyyətə xidmətimizi davam etdirməliyik. Bütün mümkün vasitələrlə! Sizi çox sevirəm. Sizinlə bir komandada olmaq şərəfdir.

Azad söz və fərqli düşüncəni boğmaq mümkün olmayacaq!

Xədicə.

Kürdəxanı. 31.12.2014

XS
SM
MD
LG