Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:03

Seymur Baycan ədliyyə nazirinə açıq məktub yazdı


Seymur Baycan
Seymur Baycan

-

Bildiyiniz kimi Braziliyada böyük həbsxanalarda maraqlı və faydalı bir proqram həyata keçirilməkdədi. Həbsxanada bir əsər oxuyub, əsər haqqında esse yazan məhbusun cəza müddəti dörd gün azaldılır...

Seymur Baycan

Ədliyyə naziri Fikrət Məmmədov cənablarına açıq məktub

Cənab nazir, sizi mədəni, savadlı, təkliflərə və yeniliklərə açıq bir insan kimi tanımağım məndə bu açıq məktubu yazmaq həvəsi yaratdı.

Dəyərli vaxtınızı almamaq üçün icazənizlə birbaşa məktubun yazılma səbəbini açıqlamaq istərdim. Bildiyiniz kimi Braziliyada böyük həbsxanalarda maraqlı və faydalı bir proqram həyata keçirilməkdədi.

Həbsxanada bir əsər oxuyub, əsər haqqında esse yazan məhbusun cəza müddəti dörd gün azaldılır. Əgər məhbus heç olmasa ayda bir kitab oxuyub, oxuduğu kitab haqqında esse yazsa, bu o deməkdir ki, bir ildə onun cəza müddəti qırx səkkiz gün azalır. Həbsxana kitabxanalarında ədəbiyyata, elmə, fəlsəfəyə və tarixə aid kitablar var. Kitab seçimində məhbus sərbəstdir.

Cənab nazir, bu proqramın bizim ölkəmizdə də tətbiq edilməsi dövlətimizə, vətənimizə və xalqımıza xeyli fayda verə bilər. İnsanlar şəraitdən istifadə edib savadlanar. Sirr deyil ki, istər həbsxana olsun, istərsə də azad həyat, adamlar bekarçılıqdan böyük əziyyət çəkirlər.

Bekarçılıq hər bir yerdə, hər bir şəraitdə insanları cürbəcür pis əməllər törətməyə vadar edir. Bekarçılıq və boşluq insanların ən böyük bəlalarından biridir.

Bunu mübaliğəsiz və şişirtməsiz tam qətiyyətlə demək olar. Müşahidələr və baş verən bir çox hadisələrin məzmunu göstərir ki, insanlar bir çox hallarda bekarçılıqdan və boşluqdan mənfi əməllərə meyl edirlər və nəticədə cinayət törədirlər.

Bu proqramın ölkəmizdə həyata keçirilməsi insanları ən böyük bəlalardan biri olan bekarçılıqdan xilas edə bilər. Üstəlik insanın günahını anlamadan, günahını başa düşmədən cəzalandırılması onu bir şəxs kimi cəmiyyət üçün daha da yararsız hala salır. İnsanın islah edilməsi daha da çətinləşir.

Ədəbiyyat isə insanın öz günahını anlamasında, öz keçmişinə, daxili dünyasına səyahət etməsində , varlığının, hərəkətlərinin özü tərəfindən təftiş olunmasında etibarlı, səhih, düzgün mənəvi xəritə rolunu oynamaq, bu funksiyanı yerinə yetirmək gücündədi.

Çünki ədəbiyyat insan hisslərini daha da itiləyir, insanı həssaslaşdırır, həyatı və həyatda baş verən hadisələri anlamaqda əlavə bir pəncərə açır.

Ədəbiyyatın işi adamlara şamdanları hədiyyə etməkdir. Bu şamdanları hədiyyə alan adamın Jan Valjan, yoxsa Jan –Cinayətkar olacağı isə ədəbiyyatın günahı deyil, insanın özünün fərdi problemidir.

Məsələn, konkret misallar gətirsək, Tolstoyun “Dirilmə”, Dostoyevskinin “Ölü evdən qeydlər”, Çexovun “6 nömrəli palata” əsərləri və bu kimi insanda mərhəmət, vicdan oyadan digər əsərlər məhbus və həbsxana işçiləri arasında bir mənəvi əlaqə yaradar, onlara bir-birlərinin daxili dünyalarını anlamaqda kömək edər.

Düzdü, bir çox insanlar bu proqramın ölkəmizdə də tətbiq oluması fikrini avantüra kimi qəbul edə bilərlər. Lakin bütün mövcud şərtlərə baxmayaraq bu proqramın ölkəmizdə həyata keçirilməsi heç də mümkünsüz deyil.

Bütün hallarda bu proqramın həyata keçirilməsindən həm ölkə, həm də xalq adına böyük faydalar əldə edə bilərik. Qapalı yerdə yaşayan adamlar hər bir xəbəri böyük maraqla qarşılayırlar. Hər bir xəbər qapalı yerdə yaşayan adamlar üçün geniş müzakirə mövzusuna çevrilir. Adamlar heç olmasa əsərlərin və əsərlərin müəlliflərinin adını eşidərlər, əsərlərin məzmunu ilə tanış olarlar. Əlbəttə proqramdan yararlanan adamlar da tapılacaq.

Bu da indiki vəziyyətdə heç də az iş deyil. Ən əsası isə proqramı səmimi və düzgün bir formada həyata keçirmək istəyinin olmasıdır. Məsələnin inzibati və hüquqi tərəflərini bir kənara qoymaq məcburiyyətindəyəm.

Etiraf edim ki, bu kimi məsələlərdə xeyli məlumatsızam. Digər başqa işlərdə yazarlar, filoloqlar, naşirlər sözügedən proqramın həyata keçirilməsində sizə hər cür köməkliyi göstərməyə hazırdılar.

Onu da bilirəm ki, hər bir təşəbbüsü şübhə altına almağı özlərinin peşəsinə, hər bir faydalı işə mane olmağı özlərinin həyat kredosuna çevirmiş tənbəl və cığal adamlar bu proqramın ölkəmizdə həyata keçirilməsinin mümkünsüz olduğunu sübut etməyə çalışacaqlar. Yəqin ki, onlar cinayət törətmiş savadlı insanları misal gətirərək təşəbbüsü gözdən salmağa cəhdlər edəcəklər. Bu sizi və bizləri, ümumiyyətlə elmə, savada dəyər verən adamları ruhdan salmamalıdır. Tarixdə baş verən hadisələr bu cığallara və tənbəllərə qarşı ən gözəl arqumentdir.

Tarix göstərir ki, yalnız tərəqqiyə, bəşəriyyətin rifahına, insaniyyətə, məhəbbətə xidmət edən ağıl və intellekt qiymətlidi. Tarix hətta öz intellekti ilə məhəbbətə, rifaha, tərəqqiyə xidmət edən insanların məişət pozğunluqlarının üstündən sükutla keçir, onların məişət pozğunluqlarını bir çox hallarda yaradıcı şəxsin qəribəlikləri, nadincliyi, dəliliyi kimi qələmə verir. Bu tarix tərəfindən çox böyük bir lütfdür.

Bu faktın özü ağıl və intellektin, savadın yalnız insanlara, tərəqqiyə xidmət etdikdə dəyər qazandığını açıq şəkildə bizə göstərir. Russo övladlarını uşaq evinə vermişdi. Lakin Russonun sayəsində minlərlə, on minlərlə, yüz minlərlə, milyonlarla uşaq sığınacaq tapdı. Nə etməli, bu mənada həyat çox amansızdır. Bir çox hallarda ümumi rifah fərdi qurbanlar tələb edir.

Təəssüf ki, bunsuz olmur. Öz intellektini insana, bəşəriyyətin tərəqqisinə, rifahına qarşı istifadə edənlər isə tarixin səhifələrində qara ləkə kimi qalıblar. Hitler də öz savadını insana qarşı çevirmişdi və tarixdə qara ləkə kimi qaldı. Hitler hakimiyyəti zamanı kitabları yandırılan, peyğəmbərcəsinə söylənilmiş “o yerdə ki, kitabları yandırırlar, orda gec-tez insanları da yandıracaqlar” sözlərinin müəllifi olan Henrix Heyne isə tarixdə öz möhtəşəm, hörmət doğuran yerini saxlamaqdadı.

Çünki Conatan Sviftin təbirincə desək, pozulmuş şüur yırtıcı heyvan kütlüyündən daha pisdir. Bu artıq şüur deyil , bizim təbii nöqsanlarımızın inkişafına kömək edən xüsusi bir qüvvədir. Bu mənada savadlı cinayətkarların əməlləri tərəqqipərvər insanları heç vaxt və heç bir şəraitdə ruhdan salmamalı, savada, elmə qarşı şübhələr oyatmamalıdır. Tarix gec-tez hər şeyi öz yerinə qoyur, biz insanlar isə fərd olaraq hər birimiz öz xoş əməllərimizlə bu yerbəyerdə tarixə köməklik etməliyik.

Vaxtınızı aldığım üçün dönə-dönə sizdən üzr istəyirəm. Haqqınızda eşitdiyim xoş sözlər ümid verir ki, sözügedən faydalı proqramın ölkəmizdə də həyata keçirilməsinə təşəbbüs göstərəcəksiniz. Sizə işlərinizdə uğurlar arzulayıram.

(Yazı müəllifin şəxsi fikirlərini əks etdirir)

XS
SM
MD
LG