Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:28

The Guardian: "ABŞ-ın hədələri siyasi məhbuslara fayda vermir"


Arxiv foto
Arxiv foto

-

"Azərbaycanın prokurorluq əməkdaşları ötən ilin sonunda AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirib ofisi möhürlədilər, avadanlığı müsadirə etdilər. Hökumətin bir çox tənqidçiləri üçün bu, ilboyu fəallara və müxalifət siyasətçilərinə basqının kulminasiya nöqtəsi idi". Bunu "The Guardian" qəzetində Britaniya vətəndaşı, əslən azərbaycanlı Murad Həsənli yazır. Murad Həsənli ötən il Londonun Vestminster rayonunun Çörçill qəsəbə bələdiyyəsinə Leyboristlər Partiyasından üzv seçilib. The Guardian onun 2013-cü il prezident seçkisində Milli Şuranın namizədi Cəmil Həsənlinin siyasi müşaviri olduğunu da qeyd edir.

.ARXA PLAN

"Beynəlxalq hüquq müdafiə təşkilatları 2014-cü ildə durumun pisləşməsi barədə daha çox bilgi yaydılar. Ancaq Qərbdən Azərbaycana rəsmi tənqid gəlmirdi, medianın da marağı aşağı idi. Amma AzadlıqRadiosuna reyddən sonra bu yanaşma dəyişdi. ABŞ-ın aparıcı nəşrlərində İlham Əliyev hökumətini tənqid edən məqalələr yer almağa başladı. Dövlət Departamentinin keçmiş rəsmiləri də daxil olmaqla bəziləri Əliyevi şəxsən sərt tənqid etməyə başladı," müəllif yazır.

"Ancaq tənqidin böyük hissəsi geo-siyasət çərçivəsinə salınır – Qərb QHT-lərinə və media qurumlarına basqı Bakının Ukrayna hadisələrindən sonra Rusiyaya yan alması kimi pislənilir. Siyasi məhbus məsələsi isə Azərbaycanın Qərblə münasibətlərindəki böhran fonunda arxa planı keçir".

BALANSIN FAYDASI

"Lakin reallıq əlbəttə ki, daha mürəkkəbdir. BP-nin başçılıq etdiyi konsorsium Azərbaycandan nefti və qazı Avropa bazarlarına daşıyır. Yüzlərlə Qərb şirkəti, əsasən də Britaniyadan olanlar, Bakıda biznes qurub. Şəhər bu ilin ortasında birinci Avropa Olimpiya Oyunlarına, gələn il isə Formula Bir yarışlarına ev sahibliyi edəcək".

Murad Həsənli
Murad Həsənli

Murad Həsənli Azərbaycanın son 20 ildə qərbyönümlü siyasət yeritdiyini, Cənubi Qafqazda ABŞ və Avropanın enerji və daha geniş strateji maraqlarını önə çəkdiyini vurğulayır. Ancaq eyni zamanda Rusiya ilə münasibətlər də balanslaşdırılıb.

Ancaq hökumətdə çoxları bütün bunların real strateji fayda gətirmədiyini vurğulayır. Özəlliklə də ölkənin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan rəhbərliyi Vaşinqton və Brüsseldən gözlədiyi dəstəyi heç vaxt almayıb.

GÜRCÜSTAN vs. UKRAYNA

Müəllifin fikrincə, son bir ildə Ukraynada baş verənlər də ABŞ-ın Kiyevə göstərdiyi aydın dəstəyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində əsirgədiyini üzə çıxardı.

"Amerikanın vədləri də, hədələri də post-Ukrayna reallığında getdikcə daha boş səslənir və Azərbaycan istəblişmentində Moskvanın çəkisi güclənir. Bakıda çoxları 2008-ci il müharibəsindən sonra Gürcüstanın və indiki Ukraynanın durumuna diqqət çəkirlər. Getdikcə Rusiya daha çox regiondakı münaqişələrin yeganə tərəfi kimi görünür".

"Bakı hələ də beynəlxalq iqtisadi tərəfdaşlıqlara sadiq qalır və son basqıları Azərbaycanın ənənəvi xarici siyasətində dəyişiklik saymaq səhv olardı".

ƏKS-TƏSİR

Real problem ondadır ki, post-Sovet siyasətinin mərkəzi dəyişir və bu da parçalanma yaradır. Qərb hökumətlərinin təsiri azalır və Qərbdən maliyyələşən QHT və medianın yerli mövcudluğuna təhlükə yaranır.

Müəllifin yazdığına görə, Azərbaycanda bütün bunların kommersiya razılaşmalarına təsiri olmayacaq və bu, insan haqları ilə məşğul olmaq üçün ciddi yer açır.

"Belə bir mühitdə rəsmilərə qarşı sanksiyalara çağırmaq, pisləmələr, Azərbaycan rəhbərliyinə qarşı şəxsi hücumların əks təsiri ola bilər. Bunun əvəzində Qərb dövlətləri Bakı ilə daha açıq və konstruktiv danışıqlara getməlidir. Bu prosesdə ən zəif, sağlamlığı təhlükədə olan məhbusların buraxılması önə çəkilməlidir," Murad Həsənli yazır.

"ÇIXIŞ STRATEGİYASI"

Xədicə İsmayılova
Xədicə İsmayılova

Müəllif jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, İntiqam Əliyev və Anar Məmmədlini ən çox riskdə olan məhbuslar sayır, onlara qarşı ittihamların ləğvini, fövqəladə prezident əfvini mümkün adlandırır.

"Qərbin Azərbaycanda əsas siyasəti əzələ nümayişi deyil, bütün məhbusların buraxılmasından ibarət olmalıdır. Aydındır ki, Bakıdakı rəsmilər diktə və ultimatumlara boyun əyməyəcək. Ancaq dost və tərəfdaşdan açıq məsləhət çox gərəkən "çıxış strategiyası" rolunu oynaya bilər".

"Britaniyanın Azərbaycanla güclü münasibəti və ölkədəki pozitiv imici belə yanaşmanı həyata keçirmək üçün özəlliklə yaxşı mövqedə olması anlamına gəlir," Murad Həsənli məqaləsini belə tamamlayır.

XS
SM
MD
LG