Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:32

Mənzil satarkən kim qazanacaq, kim nə itirəcək?


Sovet zamanı tikilmiş binalar
Sovet zamanı tikilmiş binalar

-

Bu günlərdə Vergilər Nazirliyi daşınmaz əmlaka görə vergi tutulması qaydalarını açıqlayıb. Qaydaya əsasən mənzil və evlərin satışı zamanı əldə olunan gəlirdən fiziki şəxslərə aid olunan gəlir vergisi tutulacaq. Yəni, əgər əmlakın satışından 30 min manata kimi gəlir əldə olunarsa, 14 faiz vergi ödənilməlidir. 30 min manatdan yuxarı gəlir üçünsə 25 faiz vergi nəzərdə tutulur.

Məsələn, 100 min manata aldığın evi 140 min manata satırsansa, ortada 40 min qazanc yaranır. Bu mənfəətin 30 min manatına görə 14 faiz, yəni 4 min 200, 10 min manatına görə isə 25 faiz, yəni 2 min 500 manat ödəmək lazım gələcək. Qısası, əmlak satışından əldə olunan 40 min manat gəlirə görə 6 min 700 vergi verilməlidir.

ƏGƏR MƏNZİL 3 İLDƏN TEZ SATILARSA...

Ancaq, daimi qeydiyyatında olduğu mənzillərin sahibləri bu qaydalardan narahat olmaya bilər. Tətbiq olunan qaydalara görə, əgər şəxs satacağı mənzildə ən az 3 il yaşadığını sübut edən sənədlər təqdim edərsə, ondan heç bir vergi tutulmayacaq. Yəni, aldığı mənzili 3 ildən tez satanlardan vergi tutulacaq. Yeni qayda gəlir məqsədi ilə mənzil alıb, bir müddət sonra onu baha qiymətə satan tacirlərə daha çox mənfi təsir edəcək. Digər tərəfdən isə, şəxsin əmlakında bir neçə mənzil varsa, onların yalnız birinə güzəşt nəzərdə tutulur. Birdən artıq mənzili olanlar bütün hallarda 2-ci, 3-cü... 5-ci... 10-cu və s. mənzilləri satarkən vergi ödəməlidir.

“BU QANUN ƏVVƏLLƏRDƏ OLUB, LAKİN....”

Bu yaxınlarda vergilər naziri Fazil Məmmədov bildirib ki, daşınmaz əmlakın alqı-satqısından gəlir tutulması əvvəllər də qanunvericilikdə olub:

Fazil Məmmədov
Fazil Məmmədov

“Sadəcə bunun uçotu aparılmırdı. Bu gün isə bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirildiyi üçün və həmin notarial münasibətlər prezidentin sərəncamına əsasən Vergilər Nazirliyinə təqdim olunur. Artıq Vergilər Nazirliyində məlumat bazası var. "

Mağaza və digər kommersiya obyektlərinin satışında isə vergi dərəcələri daha yüksək olacaq. Yəni mağazanı satan şəxs iki formada vergi ödəyəcək. Satışdan əldə olunan gəlirin həm 18 faizlik əlavə dəyər, həm də 20 faiz qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən vergi.

Məsələn, vaxtilə 50 min manata alınmış mağaza 150 minə satılarsa 100 minlik gəlirə görə 38 min manat vergi ödənəcək. 18 min ƏDV, 20 min isə qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan vergiyə görə.

“SİVİL YAŞAMAQ İSTƏYİRİKSƏ...”

Əmlak Bazarı İştirakçıları Birliyinin rəhbəri Nüsrət İbrahimov bildirir ki, tətbiq olunan qayda əmlak bazarında bir müddət qeyri-müəyyənlik yaratsa da, sonradan vəziyyət normalllaşacaq:

Arxiv foto
Arxiv foto

“Bu qaydanın heç bir ziyanı yoxdur. Biz bir tərəfdən həm qaydaların icrasını istəyirik, bir tərəfdən də istəmirik. Normal sivil yaşamaq istəyiriksə, buna riayət etməliyik. Sadəcə, bir müddət gözləmək lazımdır ki, əhali buna alışsın. Bu qayda bütün sivil ölkələrdə tətbiq olunur. Bu qayda sadə vətənlaşlara elə də təsir göstərməyəcək. Ev alqı-satqısı ilə məşğul olan ticarətçilər isə vergiyə cəlb olunacaq. Sərf edən işləyəcək, etməyən yox”.

VERGİDƏN YAYINMAQ MÜMKÜN OLACAQMI?

Vergidən yayınmaq üçün mənzili alan və satan əmlakı dəyərindən xeyli aşağı sənədləşdirib, öz aralarında da ödəməni edə bilərlər. Bu cür halların qarşısı necə alınacaq?

Nüsrət İbrahimov bildirir ki, bu cür hallar dərhal qeydiyyata götürülür:

“Əgər, notariusda sənədləşmə aparılarkən əmlakın dəyəri reallığı əkls etdirmirsə, həm notarius, həm də Vergilər Nazirliyi buna şübhə ilə yanaşır və nəzarətə götürür. Yeni qaydadda digər bir məsələ də var ki, mənzili alandan sonra təmir işləri aparılırsa, həmin xərc satılarkən nəzərə alınır və ondan vergi tutulmur. Buna görə də hər kəs çalışacaq tikinti materialı alanda, usta işlədəndə bunu sənədləşdirsin ki, gələcəkdə evi satanda yüksək vergidən yayına bilsin”.

Nüsrət İbrahimov yeni qaydanın tətbiqndən narahat olmağa lüzum görmür. O bildirir ki, bir müddət sonra hər şey qaydasına düşüb, tənzimlənəcək.

XS
SM
MD
LG