Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

Günel Mövlud. Neft və milyonlar ölkəsinin Qavroşları


Günel Mövlud
Günel Mövlud

-

Evə lap az qalmışdı ki, qaranlığın ortasından bir yeniyetmə oğlan peyda oldu. Qorxdum. İndi bıçaq çıxaracağını, pul tələb edəcəyini düşündüm...

Günel Mövlud

NEFT VƏ MİLYONLAR ÖLKƏSİNİN QAVROŞLARI…

2003-cü il idi. Bahalı supermarketlərdən birində işləyirdim.

Bizə qara-qırmızı uniformalar geyindirib, 12 saat ayaq üstündə, varlı müştərilərin xidmətində saxlayırdılar.

Mən şərab bölməsində işləyirdim. Bəzən naşı müştərilər gəlib, qiymətinə baxmadan araq, çaxır götürür, kassadan keçəndə 30, 50, 100, 300 manat qiymət eşidəndə şoka düşür, bərk pərt olurdular.

Bir dəfə bir ata-oğul gəldi. Paltarlarından, danışıqlarından kasıb adam olduqları hiss edilirdi. Uşağın yeddi-səkkiz yaşı olardı. Əlindəki sellofan torbadan peçenye çıxarıb, yeyirdi.

Atası yuxarı rəflərdən bir araq götürmək istədi. Arağın qiyməti təxminən 40-50 manat olardı. Bildim ki, qiymətinə baxmayıb. Tez xəbərdar elədim ki, kassada pərt olmasın. Sonra aşağı rəflərdən ucuz bir araq məsləhət gördüm. Kişi həmin arağı götürdü. Oğlan ürəklənib, əlindəki torbanı mənə uzatdı ve peçenye təklif elədi. Bizə belə şeylər qadağan olunduğundan, götürmədim. O isə, bəlkə də, təkəbbür göstərdiyimi düşündü. Aradan 12 il keçib. Mən o uşağı unuda bilmirəm...

Həyatımın ən vacib anlarında həmişə yadıma düşür həmin uşaq. Kitabım çıxanda, ailə quranda, oğlum doğulanda, bəzən yazı yazdığım yerdə düşür yadıma. İllərdi o günah hissi mənə əzab verir.

2008-ci il idi. Gənclik üçün çıxan qəzetlərdən birində işləyirdim. Bir axşam işdən çıxanda iş yoldaşlarımdan bir kişi xeylağı mənə zəng elədi. Metronun Elmlər Akademiyası stansiyasına gələcəyini, bərk sərxoş olduğunu dedi və onu metroda qarşılayıb, redaksiyaya aparmağımı istədi.

Victor Hugo-nun "Səfillər" romanının faciəvi qəhrəmanı - Qavroş
Victor Hugo-nun "Səfillər" romanının faciəvi qəhrəmanı - Qavroş

Getdim. Iş yoldaşım doğrudan da bərk sərxoş idi. Stansiyada onun qolundan yapışıb eskalatora dartmaq yarım saatımı aldı. Eskalatorda min hoqqadan çıxdı. Gah özünü aşağı buraxmaq istədi, gah başqalarına söz atdı, gah qışqırdı. Mən həm onu sakitləşdirməyə çalışır, həm də bərk utanırdım. Eskalatordan düşüb, çıxışa addımladıq. Hər addımda bir hoqqa çıxarırdı. Qəfildən qarşımızda 12-13 yaşlı, kasıb geyimli, saf üzlü bir oğlan uşağı peyda oldu. O qarşımızı kəsib, acıqla kişi dostuma dedi:

- Utanmırsan? O boyda boy-buxun yiyəsisən, gücün yanıdakı qıza çatır?! Görmürsən, utanır sənə görə? Adam kişi olar!

Mən iş yoldaşıma baxdım. Hündür, gərdənli adam idi. Onun üzünə dirənən oğlan uşağı isə ancaq onun bir ayağı boyda olardı. Buna baxmayaraq, o balaca oğlan düz onun qarşısında dayanıb, hesab soruşurdu. Mən gözümü bu uşaqdan çəkə bilmirdim. O hər şey edə bilərdi. Iş yoldaşım onu vurmağa çalışsa, təhqir eləsə, bu uşaq cibindən bıçaq çıxarardı. Bəlkə bıçağı yoxdu? Olmasa da, bu boyda adamın onu döyə biləcəyini vecinə də almırdı.

Amma iş yoldaşım nə acıqlandı, nə də uşağı vurmağa cəhd elədi. Bərk utandı. Ondan üzr istəyəndə, uşaq yekə kişilər kimi dedi:

- Sən mənə heç nə eləməmisən. Üzr istəyə bilirsənsə, qızdan üzr istə.

Ona dedim ki, narahat olmasın. Sonra iş yoldaşımı redaksiyaya apardım. O oğlan hərdən yadımıza düşürdü. Balaca boyunu, özündən iki dəfə böyük kişinin üstünə bozarmağını yadımıza salıb, gülümsəyirdik.

2012-ci il idi. Gecə əyləncələri olan yerlərdən - barlar, PUB-lar, gecə klubları – silsilə reportajlar hazırlayırdım. Belə yerlərdə adətən qadın tək olursa, tez ya gec kiminsə yaxınlaşıb içki, rəqs, tanışlıq təklif etməsi qaçılmazdır.

Mənsə yazı hazırlamaq istəyirdim və kiminsə mane olmasını istəmirdim. Buna görə hər dəfə bir və ya iki kişi dostumdan xahiş edirdim ki, mənimlə gəlsinlər. Axırıncı reportaj idi. Sonuncu klubdan çıxdıq. Yanımda oğlan dostlarımdan biri vardı. Klub da mərkəzdə idi, kirayə yaşadığım mənzil də. Buna görə də, gecə saat 3-4 olmasına baxmayaraq, dostumla sağollaşdım və evə tək getdim. Barların, gecə klublarının siqaret tüstüsü üstümə hopmuşdu. Yolla təkbaşına addımlayırdım. Evə az qalmışdı.

Küçədə söyüşən, dalaşan fahişələrin, küçə uşaqlarının səsindən qulaq batırdı. Hər addımda kimsə yaxınlaşıb söz atır, nəsə deyirdi. Evə lap az qalmışdı ki, qaranlığın ortasından bir yeniyetmə oğlan peyda oldu. Qorxdum. İndi bıçaq çıxaracağını, pul tələb edəcəyini düşündüm, başqa min fikir gəldi ağlıma. O isə mehriban səslə dedi:

- Bacı, istəyirsən ötürüm səni. Gecdi, min cür adam var küçədə…

Çox pis təsirləndim. Gecənin 4-ü, üstündən siqaret qoxusu gələn, hardan gəlib, hara getdiyi bəlli olmayan bir qıza “bacı” deyəcək qədər saf idi bu oğlan. Özü gecənin bu vaxtı neynirdi küçədə, niyə tək idi, oğru idimi, cibgir idimi, qatil idimi? Geyimindən, sifətindəki çapıqlardan hiss olunurdu ki, küçə elə onun həyatıdır, həyat tərzidir. Amma tanımadığı bir qızı bu küçədən qorumaq istəyirdi. Deməli, küçələr hələ onu tam pozmamışdı.

Həyatımın müxtəlif vaxtlarında, müxtəlif vəziyyətlərdə rast gəldiyim bu kasıb, səfil uşaqlar neft və milyonlar ölkəsinin Qavroşları idi…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG