Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:28

E. Rüstəmov: «Manatın arxasında Azərbaycan dövlətinin gücü, qüdrəti dayanır»


Elman Rüstəmov
Elman Rüstəmov

-
Tam bir həftə bundan öncə - fevralın 16-da Mərkəzi Bank manatın ucuzlaşmasına start verdi. Manat hardasa 0,05 faiz uculaşdı. Fərq cuzi idi. Əvvəllər 1 dollar 0,7844 AZN idisə, Mərkəzi Bankın qərarından sonra hardasa 0,7866 AZN civarında oldu. Bu xəbərdən sonra dollar almaq üçün əhali banklara, valyuta dəyişmə məntəqələrinə axışdı. Bir müddətdən sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-də çıxış etdi və bildirdi ki, manat kəskin ucuzlaşmayacaq. Ucuzlaşma ilin sonuna kimi yavaş-yavaş olacaq. Elman Rüstəmovun bu çıxışından cəmi bir neçə gün sonra fevralın 21-də Mərkəzi Bankın qərarı ilə manat hardasa 34 faiz ucuzlaşdı. 1 dollar 0,78 AZN-dən 1,05 AZN-ə çatdı.

«BU QƏRAR MƏNTİQƏ SIĞMIR»

Millət vəkili Vahid Əhmədovun fikrincə, Mərkəzi Bankın belə bir qərarının ağla batan bir açıqlaması yoxdur:

«Mərkəzin Bankın sədri Azərbaycanın rəsmi televiziya kanalına çıxış edir və deyir ki, manat kəskin dəyərdən düşməyəcək. Bir neçə gün sonra manat azı 30 faiz ucuzlaşırsa, bu heç bir məntiqə sığmır».

Dünyada dolların qiyməti digər valyutalara nisbətdə bahalanır. Məsələn, ötən ilin əvvəli ilə müqayisədə rus rublu hardasa 60 faiz uculaşıb, türk lirəsi təxminən 35 faiz. Ucuzlaşma əksər MDB ölkələrində də müşahidə olunur. Amma bir fərq var. Ucuzlaşma yavaş-yavaş, bazar qiymətlərinə uyğun olub. Azərbaycanda isə manat uzun müddət sabit saxlayıb, sonra birdən-birə ucuzlaşdı. Bu zaman sual yaranır. Bundan sonra nə olacaq? Manat ucuzlaşmaqda davam edəcək, ya elə 1,05 məzənnəsində qalacaq? Vahid Əhmədov düşünür ki, 1 dollar 0.90 AZN civarında ola bilər:

Arxiv fotosu
Arxiv fotosu

«Manatın devalvasiyası, yəni təzə məzənnə siyasəti lazım idi. Çünki MDB məkanında yalnız Azərbaycanda manat sabit qalmışdı. Bütün MDB və digər ölkələrdə yerli valyuta dollara nistətdə ucuzlaşmışdı. Azərbaycan ildə 1,5-2 milyard manat xərcləyirdi ki, manat dəyərdən düşməsin. Hətta son iki ayda – yanvar və fevralda 2 milyard manat xərclədi. Mərkəzi Bankın valyuta ehtiyatı 15 milyarddan, düşdü 12 milyarda. Yəni, manatın dəyərdən düşməsi nəinki gözlənilən, hətta zəruri idi. Amma biz manatın ucuzlaşmasının belə yox, ilin sonuna kimi yavaş-yavaş buraxılmasını istəyirdik. Mərkəzi Bankın birdən-birə 33 faizlik ucuzlaşma barədə qərarını heç cür başa düşə bilmirəm ki, niyə belə bir qərar verildi. Düşünürəm ki, geriyə də addım ola bilər. Manat yenidən möhkəmlənə bilər».

MƏQSƏD AZALAN NEFT XƏRCLƏRİDİR?

ABŞ North Dakota dövlət unversitetində maliyyə üzrə assistent professoru Fariz Hüseynli​ başqa cür düşünür. O, öz facebook hesabında yazıb ki, 1 dollar 1,05 AZN ola bilər. Çünki dünya bazarında neftin qiyməti ucuzlaşır. Hazırda 1 barrel neft 60 dollar civarındadır. 2015-ci ilin dövlət büdcəsində neftin bir barreli 90 dollardan hesablanıb:

Əhalinin böyük hissəsinin alıcılıq qabiliyyəti manata bağlı idi, indi onu 30 faizə yaxın itirdi

«Bu devalvasiyanın əsas motivi Putinin məntiqinə (ya da ona başa salınan izaha) daha uyğundur. İndi neftdən qazandığımız 100 dolları 78 manata yox, 105 manata çevirmək olacaq, bu da büdcəyə kömək edəcək. Əhalinin böyük hissəsinin alıcılıq qabiliyyəti manata bağlı idi, indi onu 30 faizə yaxın itirdi. İqtisadi böhranlarda həmişə ziyan orta və aşağı təbəqəyə dəyir, bizdə də fərqli olmayacaq, düzdü, hökümət bu ziyanı azalda bilər, amma bizdə hökümətin əhali ilə əlaqəsi «kölgə etmə başqa ihsan istəməz» rolundadır. Hökümət öz yaratdığı əyri iqtisadi sistemin neftdən nə qədər asılı olduğu görünür. Hökümətin dərs alacağına inanmıram, onsuz da bu hökümətdən heç vaxt ümidli olmamışam. Amma bu cür iqtisadi böhranlar həm əhalidə etimadı azaldır və hökümətin iqtisadi siyasətinə reaksiya yaradır».

«ELMAN RÜSTƏMOV NƏ DƏYƏCƏK Kİ?»

Manat ucuzlaşacaq, sabit qalacaq, ya yenidən dəyərini bərpa edəcək? Bunu zaman göstərəcək. Vahid Əhmədov deyir ki, indi əsas iki problemin həlli üzərində çalışmaq lazımdır:

Fakt, olan oldu! Bundan da sadə insanlar zərər çəkdi və çəkəcəklər. Qiymət artımı baş alıb gedəcək. İndi əsas məsələ oturub bu problemin daha da böyüməsinin qarşısını necə ala bilmək haqda düşünməkdir

«Əsas problem süni qiymət artımı məsələsidir. Gərək İqtisadi İnkişaf Nazirliyi bu məsələdə diqqətli olsun və süni qiymət artımının qarşısını alsın. İkinci məsələ kreditlər və əmanətlərdir. İnsanlar banklara manatla əmanətlərini yerləşdiriblər. İndi onların taleyi necə olacaq. Mərkəzi Bankın sədrini parlamentə dəvət etmək fikrimiz var. Amma o gəlib, nə deyəcək? Fakt, olan oldu! Bundan da sadə insanlar zərər çəkdi və çəkəcəklər. Qiymət artımı baş alıb gedəcək. İndi əsas məsələ oturub bu problemin daha da böyüməsinin qarşısını necə ala bilmək haqda düşünməkdir».

ELMAN RÜSTƏMOVUN 6 GÜN ƏVVƏLKİ ÇIXIŞI...

Sonda Elman Rüstəmovun manatın ucuzlaşması ilə bağlı Mərkəzi Bankın qərarından cəmi 4 gün əvvəl AzTV-yə müsahibəsindən bir hissəsinə nəzər salaq:

«Mən bunu, özəlliklə, demək istəyirəm ki, bir çox ölkələr çox kəskin devalvasiya etdilər. Azərbaycan bu haqda heç düşünmür də. Bunun üçün heç bir əsas yoxdur. Belə bir qərar əmənətləri manatla olanlara, sahibkarların maraqlarına tam ziddir. Ona görə də biz manatı kəskin ucuzlaşması haqda heç düşünmürük də. Manat möhkəm valyutadır, onun kəskin devalvasiyası gözlənilimir. Onun arxasında Azərbaycan dövlətinin gücü, qüvvəti dayanır».

Bəs, görəsən, 4 gündə nə dəyişdi ki, Mərkəzi Bank sədri birdən-birə belə qərar qəbul etdi?​

XS
SM
MD
LG