Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:13

Manatın ucuzlaşması turizmi də vurdu


Arxiv fotosu
Arxiv fotosu

-

Gözlə

No media source currently available

0:00 0:02:39 0:00
Direct-ə keçid

Manat ucuzlaşandan bir gün əvvələ, fevralın 21-dək turizm şirkətləri yay istirahətləri ilə bağlı 30-50 faiz endirimlər haqqında geninə-boluna xəbərlər yayırdılar.

Turizm şirkətlərinin birindən yay istirahəti haqqında SMS alandan sonra Bakı sakini Turan Məmmədli də həvəslənmişdi. 1000 manata 3 nəfərlik ailəsi ilə birlikdə ya Antalyada, ya da Bodrumda dincəlməyi planlaşdırırdı. Ancaq fevralın 21-dən sonra onun xəyalları, necə deyərlər, suya düşüb:

«Fevralın 23-də qiymətlərin qüvvədə qalıb-qalmaması ilə maraqlandım. Endirim təklif edən şirkət dedi ki, endirim bir yana, qiymətlər ikiqat bahalaşıb. Həmin qiymətə çətin bu yay dincəlmək haqqında fikirləşim. Həm də təyyarə biletləri də xeyli bahalaşıb».

30% ARTIM

Manat ucuzlaşandan sonra turizm firmaları çətin vəziyyətə düşüb. AZAL aviaşirkəti biletlərini bahalaşdırıb. Məsələn, Bakı-İstanbul-Bakı reyslerinə biletin qiyməti əvvəllər 260 manat idi. İndi qiymət 342 manat olub. Ən çox bahalaşan reyslərdən biri Bakı-Frankfurt-Bakı reysidir. Əvvəl bilet təxminən 700 manat idisə, indi 850 manatdır.

Xaricə səfər zamanı aviabiletlər və otellərə ödəniş avro və dollarladır. Böyük turizm şirkətləri bildirir ki, erkən rezervasiya ilə bağlı ödənişin bir hissəsini etmiş müştərilər qalan hissəni yeni məzənnə ilə etməli olacaqlar. Çünki manatın məzənnəsinin aşağı enməsi səyahətlərin və təyyarə biletlərinin qiymətini təxminən 30% artırıb.

KURS NƏ QƏDƏR QALXIBSA...

«Greenvich Travel Plaza» şirkətinin nümayəndəsi Leyla Mehdiyeva deyir ki, manatın ucuzlaşması turizm qiymətlərinə əhəmiyyətli dərəcədə təsir edəcək.

«Visittour» şirkətinin direktoru Svetlana Hüseynova səyahətə gedənlərin azalacağından narahatdır:

«Avstriyadan, ya da Praqadan qiymətləri bizə avro ilə göndərirlər. Biz də kursa görə avronu manata çeviririk. Təbii ki, qiymətlər qalxacaq. Kurs nə qədər qalxıbsa, qiymətlər də o miqdarda qalxacaq. Mən belə düşünürəm ki, qiymət qalxandan sonra səyahətə gedənlərin sayı azalacaq».

«Vector Travel»in turizm meneceri Nərmin Məmmədzadə də qayğılı-qayğılı söyləyir ki, manatın ucuzlaşması turizmin işinə mənfi təsir göstərəcək.

1100 MANATLIQ BİR PAKET 1500 MANATA

«Euroturizm» şirkətinin nümayəndəsi Vəli İsmayıllının dediyinə görə, manatın məzənnəsi biletlərə təsir göstərdiyindən tur paketlərin qiymətləri qalxacaq:

«Manatın ucuzlaşması biletlərə çox güclü təsir göstərir. 1100 manatlıq bir paket 1500 manata qədər qalxacaq».

«ETS Travel» şirkətinin təmsilçisi Fərid Əliyev də müştəri itirəcəklərindən narahatdır:

«Bu vəziyyət turist axınına ən azı 20 faiz təsir edəcək. Böyük ehtimalla 30-40 faizə təsir göstərəcək. Artıq keçən il səyahətə getmiş adamlar bu il gedib-getməmək haqında düşünəcəklər».

Bir çox turizm şirkəti isə müştərilərə xidmət göstərməyi dayandırıb.

Yaxın günlər üçün təklif olunan daxili turizm qiymətləri isə dəyişməyəcək.

«Improtex Travel» şirkətinin meneceri Aysel Nuriyeva bildirir ki, martın əvvəlinə qədər daxili turlar üçün müəyyənləşdirilmiş qiymətlər olduğu kimi qalacaq.

«Rexos» qrupunun otellər üzrə satış meneceri İlkin Rüstəmovun dediyinə görə, manatın ucuzlaşması daxili qiymətlərə təsir etməyib.

Xaricə səfərlərlə bağlı populyar marşrutlar üzrə turların qiymətində artıq 30-40 faiz bahalaşma baş verib. Bunu isə bu günlərdə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov söyləyib.

XS
SM
MD
LG