Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:58

Şahvələd Çobanoğlu: «Həbs mənim üçün də realdır»


Jurnalist Şahvələd Çobanoğlu aksiyada iştirak edərkən (2006)
Jurnalist Şahvələd Çobanoğlu aksiyada iştirak edərkən (2006)

.

“Bu, mənim fərqli düşüncəmə, azadlıq istəyimə qarşı təzyiqdir” - Jurnalist Şahvələd Çobanoğlu vergi orqanları tərəfindən 7 illik fəaliyyətinin yoxlanması ilə bağlı prokurorluğun qərarını belə dəyərləndirir. Jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsinə fevralın 24-də çağırılıb. Ona vergi fəaliyyətinin yoxlanması ilə bağlı məhkəmə qərarı təqdim olunub. AzadlıqRadiosuna müsahibəsində Şahvələd Çobanoğlu həbsinə hazırlığın getdiyini də istisna etməyib.

- Şahvələd bəy, son 7 ildə hansı fəaliyyətlə məşğul olmusuz?

- Əsas fəaliyyətim AzadlıqRadiosu ilə sahibkarlıq müqaviləsi əsasında olub. Mən “Fərqli düşüncə” jurnalının təsisçisi olmuşam. 2010-cu ilin əvvəlindən əsasən həftədə bir dəfə, müəyyən dövrlərdə isə ayda 2 dəfə16 səhifəlik, AzadlıqRadiosunun reklam xarakterli materiallarını çap etmişəm. Bundan başqa müxtəlif təşkilatlarda təlimlər aparmaq, ekspert xidmətləri göstərmək kimi də fəaliyyətlərim olub. Hər zaman da sadələşdirilmiş vergi ödəyicisi kimi vergini ödəmişəm.

- Yəni bu günədək vergi ilə bağlı probleminiz olmayıb?

- Bu 7 ildə və ondan əvvəl də vergi ilə bağlı problemim olmayıb. Mənə vergidən zəng edib həmişə soruşublar ki, “qardaş, növbəti ayda təxmini nə qədər ödəyəcəksiz, proqnoz tuturuq”. Görünür, onlar da rəqəmlərdən görüblər ki, mən yaxşı vergi ödəyicisiyəm və heç vaxt problemim olmayıb. Daxilən də heç vaxt vergidən qaçmaq niyyətim olmayıb. 4 % vergini ödəmək mənim üçün çətin də olmayıb.

- Sizcə sizə qarşı vergi yoxlamasını nəyə görə vergi orqanı yox, prokurorluq aparır?

- Bu məsələni prokurorluq məhkəmə qarşısında qaldırıb. Məhkəmə də mənim iştirakım olmadan qərar çıxarıb. Elə burdan da qərəz görünür, bunun arxasında siyasi niyyət var. Yoxlamanın da obyektiv olacağına inamım yoxdur.

Bilirsiz ki, AzadlıqRadiosunun fəaliyyəti ilə bağlı yoxlamalar gedir, eyni zamanda o tərkibdə Xədicə İsmayıla qarşı absurd ittihamlar irəli sürülür. Mümkündür ki, bu işin çərçivəsində mənə qarşı da eyni qərəzi irəli sürəcəklər.

Eşidənlərin hamısı təəccüblənir ki, 7 illik fəaliyyətlə bağlı necə yoxlama aparıla bilər. "Vergilər" haqqında qanuna görə 3 illik vergi yoxlana bilər və yalnız bu müddətə görə məsuliyyət daşımaq olar. Amma görürsüz ki, 7 illik vergi yoxlaması tətbiq olunur. Mən nə qədər böyük dövriyyə sahibi ola bilərəm, nə qədər ciddi vergidən yayına, bütün normaları aşa bilərəm ki, mənə qarşı 7 illik vergi yoxlaması tətbiq olunur?

- Sizcə, nəyə hesablanmış bir addımdır bu?

- Heç nə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, bu, təzyiqdir. Jurnalist fəaliyyətimə, ictimai baxışlarıma, fərqli düşüncəmə, mənim azadlıq istəyimə qarşı təzyiqdir. Nəylə nəticələnəcəyini indidən proqnoz verə bilmərəm. Açığı, çalışıram heç bu barədə düşünməyim.

Müxtəlif fəallara qarşı son vaxtlar vergi ittihamları irəli sürülüb və onlar həbs olunublar. Bu mənim üçüm də realdır. Məsələ onda deyil, məsələ ondadır ki, bu qərəzi və siyasi sifarişi davam etdirirlər. Sonuc etibarilə bu, ölkədə söz azadlığının boğulmasıdır.

- Sizcə, həbs dalğasının hələ davamı var?

- Ölkədə elə bir şey baş vermir ki, deyəsən “həbs dalğası dayanıb”. Həbs dalğası davam edir, istər jurnalistlər, istər ictimai fəallar olsun, həbslər davam edir.

- Bu gün bu cür həbslərlə bağlı istər yerli, istərsə də beynəlxalq təpkiləri yetərli sayırsızmi?

- Məndən tez-tez soruşurlar ki, “təpkilərə görə sizlə xarici səfirliklərdən, dövlətlərdən, QHT-lərdən maraqlanan olub?” Mən bildirirəm ki, heç maraqlanan da olmayıb, baxmayaraq ki, bizi onların adamı sayırlar. Və mən bundan heç narahat da deyiləm. Mən onlara görə mübarizə aparmıram, hədəfim onlar deyil.

Onlar bizlə maraqlandı-maraqlanmadı, onlar Azərbaycan hakimiyyəti ilə işlədilər-işləmədilər, təzyiq göstərdilər, etiraz etdilər-etmədilər və yaxud da ki, neftə görə bütün dəyərləri qurban verdilər ya vermədilər, – bundan asılı olmayaraq mən öz mübarizəmi və istəyimi davam etdirmək fikrindəyəm. Çünki mən bu yola hələ Azərbaycanın müstəqilliyi qurulduğu illərdən, Azərbaycanın bayrağı ilk göründüyü günlərdən qoşulmuşam və hesab edirəm ki, sonrakı fəaliyyətim də Azərbaycan müstəqilliyinin, Azərbaycan insanının haqqını qorumaqla bağlı olub.

Həqiqətsiz bunlar mümkün deyil, həqiqət olmayan ölkədə heç nəyi saxlamaq mümkün deyil, nəinki dəyərləri, dövlətçiliyi. Necə ki, heç manatı saxlamaq mümkün olmadı.

Bizim mübarizə xarici dəstəyə bağlı deyil. Bunlar şəxsən məni narahat etmir. Təbii ki, beynəlxalq normalar, öhdəliklər var, onlar müdafiə olunmalıdır. Ancaq bizim mübarizə üçün bunlar hökmən deyil, biz ona əsaslanıb mübarizə aparmamışıq.

- Bu mübarizənin sabahını necə görürsüz?

- Biz azadlıqlarımızı əldə etməliyik. Bunun əksi mümkün deyil. Tarixi inkişafın qarşısını almaq mümkün deyil. Azərbaycan xalqı nə qədər əngəllər olsa da, öz tarixinə, gələcəyinə sahib çıxacaq. Bütün müxalifət və jurnalistlər sıradan çıxarılsa belə.

Görürsüz də, inkişaf nağılları necə asanlıqla sona çatır. Manat dəyərdən düşməyəcək deyə nə qədər iddialar irəli sürüldü, amma tarixi an gəldi və hər şey dəyişdi. Dəyişiklik olacaq və bizim ölkədən yalan yox olub gedəcək. Mən inanıram ki, demokratik bir ölkə qurulacaq. Bunun bu gün və ya sabah olacağını demək mümkün deyil, daha çox adam bunu istəməli, çaba göstərməlidir ki, tezliklə də olsun. İstək hazırda var, amma çabalar əngəlləri aşacaq qədər deyil. Onun da olacağına inanıram.

- Sizə qarşı aparılan vergi yoxlamaları ilə bağlı hansı addımlarınız olacaq?

- Vəkillərlə məsləhətləşirəm, güman ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcəm və hüquqi müstəvidə bütün addımları atacam. Amma eyni zamanda elə bir xüsusi narahatçılığım da yoxdur. Nəyin necə olacağını hesablamıram. Bircə onu bilirəm ki, başqalarının haqlarının müdafiəsinə həmişə qalxmışam, öz haqlarımı da axıra kimi müdafiə edəcəm.

XS
SM
MD
LG