Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:38

Dollarla olan kreditlərin taleyi necə olacaq?


Vüqar Bayramov
Vüqar Bayramov

-

Dollarla kredit götürənlərə kompensasiyanın və ya güzəştlərin tətbiq edilməsinə ehtiyac var.

Bu haqda iqtisadçı Vüqar Bayramov öz facebook səhifəsində yazır:

«Əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə tətbiq olunarsa, həmin pulu ödəyən vətəndaşın aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə aylıq ödənişlərdə çətinlik yaradacaq».

Vüqar Bayramov Mərkəzi Banka təklif edir ki, dünya praktikasında belə hallarda tətbiq edilən 3 yoldan birini seçsin:

FƏRQ KOMPENSASİYA OLUNSUN

«Daha yaxşı olar ki, məzənnələr arasındakı fərq Mərkəzi Bank tərəfindən kompensasiya edilsin. Nəzərə alsaq ki, Mərkəzi Bankın həmin fərqi kompensasiya etməsi üçün kifayət qədər rezervləri var. Bu zaman nə kredit götürən əlavə vəsait ödəyəcək, nə də bank ziyana düşəcək. Bununla da, devalvasiyadan əvvəl kredit götürənlər əvvəlki məzənnə ilə ödənişlərini davam etdirəcəklər...

ORTA MƏZƏNNƏ MÜƏYYƏN EDİLSİN

Mərkəzi Bank kompensasiya ödənişi həyata keçirməsə, o zaman, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müştəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər. Məsələn, müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və indi bu məzənnə 1.05-dək yüksəlibsə, o zaman bundan sonra ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürülə bilər. Bu zaman aylıq 500 dollar ödəniş etməli olan şəxs 525 manat deyil, 460 manat ödəyəcək. Bu isə o deməkdir ki, müştəri əvvəlkinə nisbətən hər 500 dollarda 135 manat deyil, 70 manat əlavə ödəmə həyata keçirəcək. Bu həm, müştərinin yeni məzənnənin təsirindən müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin azalmasının qarşısının alınmasına imkan verəcək.

KREDİT FAİZLƏRİ AŞAĞI SALINSIN

Bundan başqa, Mərkəz Bank dollarla kredit götürən vətəndaşlar üçün güzəştlər tətbiq edə bilər. Yəni, Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərə bilər. Bu zaman dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq olar».

Vüqar Bayramov deyir ki, həm vətəndaşların sosial təminatı baxımından, həm də problemli kreditlərin həcminin artmasının qarşısı alınması baxımından Mərkəzi Bankın prosesə müdaxilə etməsi və qeyd edilən təkliflərdən, ən azı, birini qəbul etməsinə ehtiyac var.

XS
SM
MD
LG