Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:07

Şahvələd Çobanoğlu: «Rəsul Cəfərov yeyintiyə yol verən olsaydı...»


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

«Ortada bir cinayət var, o da Rəsul Cəfərova qarşı olan cinayətdir».

Bunu hüquq müdafiəçisi Rəsul Cəfərovun martın 5-də keçirilən məhkəmə prosesində şahid kimi dindirilən jurnalist Şahvələd Çobanoğlu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən prosesdə şahidlər dindirilib.

«BURA MİTİNQDƏKİ TRİBUNA DEYİL»

Şahid ifadəsi verərkən Şahvələd Çobanoğlu bildirib ki, məhkəmə işi ədalətli araşdırmaq istəyirsə, onun ifadəsinə xüsusi əhəmiyyət verməlidir:

«Mən Rəsul Cəfərova çox yaxın adamam, aramızda qarşılıqlı inam var. İfadələrimdən, sənədlərdən də görürsünüz ki, bizim bir layihə çərçivəsində kiçik bir əməkdaşlığımız olub. Tədbirlərin birində moderator olmuşam. Mədaxil qəbzindən də görünür ki, buna görə mənə 100 AZN verilib. Rəsul Cəfərov yeyintiyə, maxinasiyaya yol verən olsaydı, onda mənim kimi yaxınına 100 AZN əvəzinə 1000 AZN yazardı».

Şahvələd Çobanoğlunun bu cür çıxışı hakim və dövlət ittihamçısının etirazına səbəb olub. Hakim onu mahiyyəti üzrə danışmağa çağırıb. Dövlət ittihamçısı isə «bura mitinqdəki tribuna deyil» deyib.

Şahvələd Çobanoğlu onu da deyib ki, şahid ifadələri Rəsul Cəfərova qarşı ittihamın qanunsuz olduğunu bir daha göstərir.

ƏLAVƏ ŞAHİD İSTƏYİ

Daha sonra şahid kimi Həmid Xəlilov dindirilib. O, Rəsul Cəfərovun rəhbərlik etdiyi layihə ilə əməkdaşlıq edən ümumi tanışları Ülvi Həsənlinin əvəzinə mədaxil qəbzinə imza atdığını bildirib:

«Mən Rəsulu şəxsən tanımıram. Layihədə Ülvi Həsənli çalışıb, sadəcə, gördüyü işin müqabilində pulu alması üçün vergiödəyicisi olmaq lazım idi. Ülvi özü vergiödəyicisi olmadığına görə məndən xahiş etdi ki, sənədləşmə mənim adıma aparılsın».

Həmid Xəlilov imza atdığı mədaxil qəbzindəki məbləğin vergisini ödədiyini bildirib.

Ülvi Həsənli də ifadəsində eyni faktı təsdiqləyib.

Elçin Sadiqov
Elçin Sadiqov

Prosesdə şahid kimi bloqqer Əli Novruzov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mühasibi Tatyana Kryuçkina və vəkil Elçin Sadıqov da dindirilib. Əli NovruzovTatyana Kryuçkina Rəsul Cəfərovla layihə çərçivəsində əməkdaşlıq etdiklərini və gördükləri işin müqabilində qonorar aldıqlarını bildiriblər. O da qeyd olunub ki, ödəmələri təsdiqləyən sənədlər də var və heç bir problemin olmadığı həmin sənədlərdən də görünür.

Elçin Sadiqov isə bildirib ki, özünün təsis etdiyi və sədri olduğu Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətində sonradan razılaşma əsasında idarə heyətinin sədri Rəsul Cəfərov olub. Bu barədə xəbərdarlıq Ədliyyə Nazirliyinə də göndərilib. Rəsul Cəfərov sədr olduğu dönəmdə təşkilat iki qrant layihəsi həyata keçirib. Elçin Sadiqov bu müddət ərzində təşkilatın vergiləri ödəməsi ilə bağlı sənədləri də məhkəməyə təqdim edib.

Daha sonra prosesdə vəkil Əlibaba Rzayev əlavə şahidlərin çağırılması ilə bağlı vəsatət qaldırıb. Hakim bu vəsatəti siyahıda olan şahidlər dindirilib bitənədək təxirə salıb.

Proses martın 12-də davam edəcək.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG