Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:48

Günel Mövlud. Göysatan olmaq istəməyənlər...


Günel Mövlud
Günel Mövlud

-

Gürcüstan azərbaycanlıları heç vaxt ciddi tənqidlə rastlaşmadıqlarından, şoka düşdülər. Qəzəbləndilər, çox pis əsəbiləşdilər. Onlar deyirlər ki, öz paxırımızı açmayın...

Günel Mövlud

GÜRCÜSTAN GƏNCLİYİ

Göysatan olmaq istəməyənlər...

“Göysatanlar”... Qonşu Gürcüstanda gürcülərin də, burda yaşayan digər millətlərin də çox vaxt etnik azərbaycanlılara yanaşması belə olur.

Gəlin, o dəqiqə millətçilikdə, şovinizmdə, üstdən aşağı yanaşmada günahlandırmayaq kimlərisə. Əvvəlcə özümüzə, 300 minlik əhalisini təşkil elədiyimiz bir ölkədə nə ilə məşğul olduğumuza baxaq.

Tbilisi Konservatoriyasının rektoru Reso Kiknadze cəmi iki azərbaycanlı tələbələrinin olduğunu deyir. Gürcüstandakı xarici QHT-lərin keçirdikləri tədbirlərdə azərbaycanlıları bir qayda olaraq, görmək mümkün deyil. Təhsil, iş, sənət sərgilərində yoxuq. Ədəbiyyat, sənət, teatr, kino “tusovka”larına girən, yerli mətbuat, televiziya üçün maraqlı olan qələm adamı, aktyor, rəssamımız yoxdur. Gürcüstan televiziyalarında, mətbuatında müsahibə verən, təkliflərlə çıxış edən siyasətçimiz yoxdu.

Siyasətdə yox, sənətdə yox, ədəbiyyatda yox, təhsildə yox, bəs yaxşı, harda varıq? Bazarda, restoranda, alverdə. Və bundan sonra hələ bir göysatan kimi tanınmağımıza inciyirik.

Deyə bilərsiniz ki, çətindi. Sıxışdırma var, münasibət pisdi. Oynaya bilməyən deyər yerim dardı. Normaldı. Amma 12-13 yaşlı qızı ərə verməyə də gürcü məcbur edir bizimkiləri? Qızı altıncı sinifdən çıxarıb evdə oturmağa da gürcü vadar edir? Yeniyetmə oğlanları məktəb əvəzinə ya məscidə, ya da meyvə satmağa göndərməyə də gürcü məcbur edir? Arvadını 40 yaşa qədər evdən bayıra, adam arasına buraxmayıb, cavanlığı solandan sonra bazara göy satmağa göndərməyə də gürcü vadar edir?

Bizimkilər nə vaxt oğluna-qızına təhsil verdi, cavanlarımız vətəndaşı olduqları ölkənin dilini mükəmməl öyrəndi, teatra-kinoya getdi, qaynayıb-qarışmağa, mədəni həyata girməyə cəhd elədi, sonra da işsiz qaldılar, təcrid olundular?

Tanış bir azərbaycanlı qız var. Gürcü dilini mükəmməl öyrənib. Yaxşı təhsil alıb. Davranışı, mədəniyyəti, dünyagörüşü yerindədir. Bu günlərdə eşitdim ki, ona gürcü televiziyalarının birindən aparıcılıq təklifi gəlib. Bir azərbaycanlı tərcüməçi oğlan var. Gürcü şairləri, yazıçıları hər yeni jurnal çıxanda çalışırlar ona iş tapşırsınlar, o da qonorar ala bilsin. Yəni aşkar millətçilik, dəhşətli ayrı-seçkilik yoxdu. Uzaqbaşı, gürcü qəlbində düşünə bilər ki, hə bunlar bir köynək uzaqdı, yaddı. Amma onun qəlbindən bizə nə? Bizə münasibət vacibdir ki, o da pis deyil.

İndi, tarixdə bəlkə ilk dəfə Gürcüstanın etnik azərbaycanlı gəncliyi ayağa qalxıb. Kitab oxuyurlar, yazı oxuyurlar, ədəbiyyata, fikrə meyl edirlər. Sayt açıblar, yazı yazırlar, öz problemlərindən yazır, müzakirə edirlər. Bəlkə də ilk dəfədir ki, qızlı-oğlanlı qruplar yaranıb, tədbir keçirir, veriliş çəkir, ünsiyyət qururlar. Aralarında gürcü dilini mükəmməl biləni, tərcümələr edəni, aktrisası, jurnalisti var. Bu gənclər özlərini bu ölkənin bir küncünə qısılmış fağır millət kimi yox, ancaq statistika aparılanda və seçkilərdə kütləvi səslər lazım olanda yada düşən toplum kimi yox, yaşadıqları ölkənin əsl vətəndaşları kimi aparırlar.

Normal halda Gürcüstanda yaşayan Azərbaycan icması onlara dəstək verməli idi. Biznez, ticarət adamları başqa şeyə kömək edə bilməsələr də, müəyyən maddi xərcləri öz üzərlərinə götürə bilərdilər. Azərbaycanlı restoran, kafe sahibləri onlara toplaşmaq üçün şərait yarada bilərdilər. Bir sözlə, göysatan kimi tanınmamağımız üçün nəsə eləməyə çalışan gənclik dəstək görməli idi. Nə bilim, biz ciddi xalqların belə etdiyini eşitmiş, oxumuşuq. Düşünürəm ki, xalq, toplum, cəmiyyət, icma, adı hər nədirsə, mədəniyyətə, inkişafa dəstək verər. Təbii ki, əgər ciddidirsə...

Amma hələ ki, gördüyümüz nədir? Bu gənclər bir-iki yazı yazmamış ordan-burdan danlaqlar, bəzən də təhqirlər eşitməyə başladılar. Başlarını aşağı salıb, göyərtisini becərib, mal-qarasını saxlayan, oğul evləndirib, qız köçürən Gürcüstan azərbaycanlıları heç vaxt ciddi tənqidlə rastlaşmadıqlarından, şoka düşdülər. Qəzəbləndilər, çox pis əsəbiləşdilər. Onlar deyirlər ki, öz paxırımızı açmayın, qoyun, biz körpə qızlarımızı ərə verək, oğlanlarımızı Rusiyaya alverə göndərək, özümüz də rahat göyümüzü sataq. Daha bunları niyə yazırsınız? Bizi niyə başqa millətlərin yanında biabır edirsiniz? Bu adamlar düşünürlər ki, 13 yaşlı qızı ərə vermək rüsvayçılıq, vəhşilik deyil, amma bunu yazıb, başqalarına bildirmək biabırçılıqdır.

Heç vaxt yazı oxumayan, tənqidlə rastlaşmayan bu adamlar indi öz aralarından çıxmış beş-altı gəncə düşmən kəsiliblər. Birinin üstünə “vorzakon” göndərir, birinə hədə məktubu yazır, birinin valideynlərinin üstünə gedirlər. Təsəvvür edin ki, illər uzunu səni bir ölkədə göysatan kimi tanıyırlar, sonra qəfildən səni həmin ölkədə inkişaf etmiş toplum kimi tanıtmağa çalışan gənclər çıxır, sənsə əlindən gələni edirsən ki, o gəncləri susdurasan.

Bunun günahı kimdədir? Buna da gürcülər mane olur? Gürcü deyir ki, sən öz millətindən olan oxumuş, inkişaf etməyə çalışan gənclərə dəstək vermə?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG