Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:25

Atası dollarla kredit götürmüş yazar: «Prezident internetə girmirmi?»


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

-

«Bu manatın insafı, vəfası, etibarı yoxdur. Necə ki, Nizami Gəncəvi, Məhəmməd Əmin Rəsulzadə bu xalqın dərdinə hayan olmuşdu, onların adına kəsilən pullar da yanırdı dərdimizə. Onlar gedəndən sonra günümüz qaraldı».

22 yaşlı yazar Orxan Bahadırsoyun prezident İlham Əliyevə müraciətində səslənir bu fikirlər.

Fevralın 27-də ünvanlamışdı bu müraciəti. O yazırdı:

«Atamın banklarda kreditləri var. Hamısını da dollarla veriblər. Dünən mənə dedi ki, hesablamışam, dörd min manat artıq pul verməliyəm. Bu pul sizə kiçik görünəcək, möhtərəm prezident! Axı siz bu boyda dünya ölkələrinin Bakı Avropa Olimpiya Oyunlarında bütün xərclərini öz öhdənizə götürmüş səxavətli, qonaqpərvər adamsız. Deyəcəksiniz «dörd min manat nədir ki?». Amma bu yaxınlarda bir övladını evləndirəcək, bir övladı ali məktəbə, bir övladı hərbi xidmətə hazırlaşan, sonuncu övladı da orta məktəbdə oxuyan bir ata üçün bu çox böyük puldur. O indiyə qədər sizin bir qəpiyinizi də yeməyib! Dövlətdən heç vaxt pul almayıb o».

Bu məktubdan sonra Orxanın həyatında nə dəyişdi, prezident o məktubu oxudumu? Orxan Bahadırsoy AzadlıqRadiosuna müsahibəsində bu suallara cavab verib.

- Orxan, sizi prezidentə məktub yazmağa nə vadar etdi?

- Buna məni vadar edən şəxsi səbəblərim deyildi. Elə düşünüldü ki, mən özümün və atamın kredit borclarına görə, səhhətimə görə prezidentdən kömək istəyirəm. Əsla! Mən ölkəmizin və xalqımızın ümumi vəziyyətini bir yazıçı dili ilə ölkə başçısına çatdırmaq istədim. Düzdür, burda şəxsi problemlərin də rolu oldu. Bunları məktubda qeyd etmişəm. Amma bunlar, sadəcə, bir nümunə idi. Əslində bizdən milyonlarca var... Bu məktubu yazanda dolların bahalaşması, qiymət artımı, xüsusi ilə insanların dollarla götürdükləri kreditlər günün ən aktual mövzusu idi. Təbii ki, bu problem hələ də öz həllini tapmayıb. Olduğu kimi qalır.

- Sizcə, məktub ünvanına çatdımı? Prezident onu oxudumu?

- Mənə elə gəlir ki, prezident ona media vasitəsilə ünvanlanmış bütün məktubları oxuyur. Şəxsən göndərilmiş məktubların prezidentə çatmamaq ehtimalı çox yüksəkdir. Amma media bir başqadır. Bu gün internet dövrüdür. Prezident internetə girmirmi? Mən öz adımı gündə bir dəfə «Google»da axtarıram ki, görüm harada haqqımda nə yazılıb. Bu boyda ölkə başçısı özü ilə maraqlanmırmı? Haqqında çıxan xəbərləri, ona ünvanlanmış müraciətləri oxumurmu? Bu, bir az absurd görünür.

- Prezident ona ünvanlanan məktubu oxuyursa, ölçü də götürürmü, sizcə? Nəsə dəyişdimi bu müraciətdən sonra? Məsələn, atanızın vəziyyətində?

-Heç nə dəyişmədi. Ola bilər, bəzilərinin düşündüyü kimi, prezident həmin müraciəti heç oxumayıb. Amma mən düşünürəm ki, oxuyub. Sadəcə, öz siyasətini mənim atamın kredit borclarına qurban verəsi deyil ki. Banka dollarla borcu olanlar hələ də dərd içindədir. Bəzi mağazalarda bahalaşma da davam edir.

- Bu məktubunuzla bağlı AzadlıqRadiosunun saytına müxtəlif şərhlər gəldi. Sizi qınayan da oldu, dəstək duran da. Məsələn, «Azad» ləqəbli biri yazır: «Orxan, prezidentin əvəzinə mən cavab verərəm. Birincisi, valideynləriniz 4 uşağı saxlaya bilməyəcəkdisə, niyə dünyaya gətirib? İkincisi, banklardan pul götürüb faiz verirsinizsə, deməli, artıq pulunuz var. Üçüncüsü, su çiçəyinə dərman lazım deyil. Dördüncüsü, kənddə ancaq tənbəllər acından ölür, tənbəl adam isə bizə lazım deyil...».

- O adama elə ordaca mənim oxucularım cavab vermişdilər. Mən, ümumiyyətlə, paylaşımların bir qismini izləyirdim. Müxtəlif fikirlər görürdüm. Bu adama gəldikdə, o, əziyyət çəkməyib. Görünür, rahatlıq içində böyüyüb. Bu ölkədə bir gənc özünə maddi imkanlar əldə edənə qədər qocalar. Onun sözündən belə çıxır ki, bu ölkədə heç kəs evlənməsin, ya da qocalanda evlənsin. Bir də, bu insan hansı cəsarətlə deyir ki, niyə atam-anam çox uşaq dünyaya gətirib? Bizim cəmiyyətdə insanların bir-birinə qadağalar, məhdudiyyətlər qoyması məni həmişə narahat edib. Heç kim öz həyatını istədiyi kimi, qüsursuz idarə edə bilmir. Necə olur ki, öz həyatını doğru-düzgün idarə edə bilməyən biri başqasına qadağalar qoyur, göstərişlər verir? Bu sirri anlaya bilməmişəm hələ.

- Orxan, sizdən öncə gənc yazar Elçin Aslangil də prezidentə yazmışdı. O, krediti ödəyə bilmədiyinə görə bankı, uşağına pampers, şokolad ala bilmədiyinə görə övladını, yaxşı pul qazana bilmədiyinə görə evdə xanımını, ata-anasını aldatdığını yazmışdı. Sizin müraciət də deyəsən, bunun təsiri altında yazılıb...

- Mən bu məktubu yazandan sonra onu oxudum. AzadlıqRadiosunda öz məktubumun altında Elçin Aslangilin məktubunu gördüm və oxudum. Bir növ oxşar taleyi paylaşdığımızı düşündüm. Bir də, bu ölkənin yazıçı dərdi aldı məni caynağına. Varlısı göyə ucalan, kasıbı vaxtsız qocalan bir məmləkətin məsum və çarəsiz uşaqlarıyıq biz. Nə uşaqlığımız uşaqlıq olub, nə də gəncliyimiz bir gənclikdir. Təsəvvür edin ki, XXI əsrdə demokratik və azad bir respublikanın vətəndaşı olasan və mühacirət etməyi düşünəsən. Bir xalq üçün bu nə boyda faciədir! Gələcəyin uşaqları orta məktəbin ədəbiyyat dərsliyində «XXI əsr mühacirət ədəbiyyatı» deyə bir bölmə görsələr, təəccüblənməsinlər. Bu gün Azərbaycanda qələm sahiblərinin yaşadığı acınacaqlı durum insanı o həddə çatdırır. Amma baxırsan ki, burda ata bilmədiklərin var. Anan, atan, bacın, qardaşın, sevgilin, dostun və s. Necə atıb gedəsən?! İnsan lap çıxılmaz vəziyyətdə qalır. Elçinin məktubunu oxuyanda bunları təkrar-təkrar düşündüm.​

- Sizi dinləyən biri sual edə bilər: yəni durum bu qədər çıxılmazdır? Nədir sizi yoran? Bu qədərmi ümidsizdir Azərbaycanın gənc yazarı?

- Əlbəttə... 12-13 yaşımda aktyor olacağıma qərar vermişdim. Amma ailəm buna qarşı idi. Dəqiq fənləri yaxşı bildiyimə görə müəllimlərim də neft sahəsində təhsil almağımı məsləhət görürdülər. Həm atamın, həm də müəllimlərimin təkidi ilə Neft Akademiyasına daxil oldum. Amma səhnə eşqi məndən əl çəkmirdi. Onsuz da hələ orta məktəbdən günüm dram dərnəklərində, teatrlarda keçirdi. Gördüm səhnə sevgisi mənə güc gəlir Neft Akademiyasından imtina etdim. Ailəmdən ayrılıb yalnız yaşadım və İncəsənət Universitetinə hazırlaşdım. Həmin il qabiliyyət imtahanında komissiyaya rüşvət vermədiyim üçün məni ödənişli təhsilə yazdılar. Nənəm mənə kömək etdi. Onun sayəsində birinci kursda 2000 AZN təhsil haqqını ödədim və oxumağa başladım. Amma İncəsənət Universitetində qarşılaşdığım vəziyyət mənim bütün xəyallarımı alt-üst elədi. Burda heç bir biliyi, bacarığı, sənət eşqi olmayan uşaqlar sırf pullarının və vəzifəli «day-day»larının hesabına ödənişsiz təhsil almaqla yanaşı, hələ təqaüd də alırdılar. Bu ədalətsizliklə barışa bilmirdim. Ona görə də təhsil haqqını ödəyə bilmədiyimi deyib bu Universitetdən də imtina etdim. Sonra Rusiyaya getdim. Ora da məni darıxdırdı. Ümid qaldı Türkiyəyə. Ankarada və İstanbulda bir müddət işlədim. Sonra da yaşadıqlarımdan dolayı ağır sinir xəstəliyi keçirib ölkəyə qayıtmağa məcbur oldum. İndi də ali təhsilim yoxdur deyə, heç bir yerə işə düzələ bilmirəm.

- İndi haradasınız?

- İndi Bakıdayam. Ailəmin yanında. Evə qapanmışam. Heç teatra da getmirəm son zamanlar. Küsdürdülər məni, nəinki sənətdən, lap yaşamdan da. Yazılarım qalaq-qalaq yığılıb qalıb, nəşr etdirməyə pul yoxdur. Təsəvvür edin - mindən çox şeir, 10 dram əsəri, iki roman hazır şəkildə çap olunmağı gözləyir. Amma pul yoxdur. İlk kitabımı - «Fahişə mələklər» romanını bir oxucum çap etdirib. İkinci kitabım «Günahdır səni sevmək» romanını isə bankdan kreditə götürdüyüm pulla çap etdirdim. Hələ də ödəyib bitirməmişəm... Dram əsərlərim var. Millət vəkillərinin, nazir qohumlarının əlindən teatrda da bizə yer yoxdur. Hüseyn Ərəblinski haqqında tarixi dram əsərim var. Teatr Xadimləri İttifaqına təqdim edəndə dedilər ki, Elçin Əfəndiyevin Ərəblinski haqqında yazdığı pyesi tamaşaya hazırlayırlar. O qala-qala mənim əsərimi kim qoyar? Halbuki mən o tamaşanı izlədim və o əsərdə Azərbaycan teatr tarixi tamamilə təhrif olunmuşdu. Dərd bir deyil, iki deyil.

- Bəlkə hələ qələminiz yetərincə püxtələşməyib, hələ auditoriyanızı tapa bilməmisiniz deyə, kitablarınız gəlir gətirmir, əsərləriniz səhnəyə qoyulmur?

- Mənim ilk kitabım qısa müddətdə satıldı. Özümdə qalan sonuncunu da imzalayıb dəyərli bir insana bağışladım. İndi o kitabdan məndə də yoxdur. İkinci kitab da çıxanda səs-küy yaratdı. Onun da aylıq gəlirini bəzən az, bəzən çox alıram. Mənə elə gəlir ki, cəmi iki kitabı çıxan 22 yaşlı yazıçı üçün bu, pis nəticə deyil... Hara gedirsən pul tələb olunur. Universiteti pul, teatrı pul, televiziyası pul. Belə olan şəraitdə istedaddan danışmaq mümkün deyil. Azacıq pulum olsaydı, indi bütün ölkə məni tanıyardı. Hər gün efirdə olardım. Metrolarda kitablarımın afişaları, lüks məkanlarda oxucularımla görüş, mətbuat konferansları və s. Həm də mən əsərimi təqdim edəndə «zəif əsərdir» deməyiblər, «Teatrda Elçinin Ərəblinski haqqında pyesi tamaşaya qoyulur. Elçin qala-qala sənin əsərini qoymazlar» deyiblər. Mənim bəxtim heç nədə gətirməsə də, bir şeydə gətirib. Məni sevməyən adam da yazımı oxuyub. Bəlkə də çox zəif, hətta yararsız yazmışam. Amma mövzusuna görə oxuyublar. Çünki mən şablon mövzulardan yazmamışam. İndi də mənə çox mesajlar gəlir ki, «kitablarınızı necə əldə edə bilərik?». Üzüm qızara-qızara «cəmi bir kitabım var satışda» deyirəm. Həm də mənim istədiyim çoxlu pul və şöhrət deyil ki. Bu onsuz da zaman-zaman özü gələcək. Mən, sadəcə, ədalətli şəraitdə normal təhsil almaq, doğru-düzgün, mənə uyğun bir işdə çalışmaq istəyirəm. Bu qədər sadə. Bu çoxmu böyük arzudur? Nobel istəmirəm ki!?

-Tutalım prezident sizi çağırdı yanına və necə yardım edə biləcəyini soruşdu. Nə cavab verərdiniz? Nə istərdiniz? Üç arzunuzu deyin.

- İncəsənət Universitetində rüşvət istəməyən bir komissiya qarşısında imtahan vermək istərdim. Heç bir tapşırıqla yox, sadəcə öz bacarığımla o imtahandan keçib təhsil almaq istərdim. Əminəm ki, ədalətli komissiya olsa, mən ödənişli təhsilə yazılmaram. Biliyimə və bacarığıma uyğun normal gəlirli bir iş istərdim. Üçüncüsü də, bütün mənim kimi nakam insanları ədalətli şəkildə arzusuna qovuşdurmasını istərdim.

XS
SM
MD
LG