Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:25

Cahangir Hacıyev-in istefasının pərdə arxasını iqtisadçılar izah edirlər


Cahangir Hacıyev
Cahangir Hacıyev

Beynəlxalq Bankın İdarə heyətinin 14 illik rəhbəri vəzifəsindən getdi. Martın 18-də açıqlanan rəsmi məlumatda sədr Cahangir Hacıyevin səhhəti ilə bağlı tutduğu vəzifədən istefa verdiyi bildirilir.

Bəs, istefanın pərdə arxasında duran əsl həqiqət nədir? Doğrudanmı, Cahangir Hacıyevin səhhəti ölkənin ən böyük bankını idarə etməyə imkan vermir, yoxsa, “sağlıq durumu” açıqlanılması istənilməyən səbəblərə örtükdür?

Bank məsələləri üzrə ekspert Samir Əliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, istefaya səhhətin səbəb olduğu açıqlandığından Cahangir Hacıyevin Mərkəzi Bankın rəhbərliyinə gətiriləcəyi versiyası inandırıcı görünmür: “Əgər o, Mərkəzi Bankın sədri olacaqdırsa, istefaya ehtiyac yox idi” deyən ekspert səbəbləri bankın fəaliyyətində axtarmağı məsləhət görür.

Samir Əliyev
Samir Əliyev

“Beynəlxalq Bank normativləri pozurdu”

Samir Əliyevin sözlərinə görə, Beynəlxalq Bankın maliyyə durumu ürəkaçan deyil:

“Bankın bazarda kredit qoyuluşunda, aktivlərin həcmində payı yüksəkdir. Vətəndaşlar bu bankdan krediti çox çətinliklə ala bilsələr də, iri müəssisələr, xüsusilə dövlət qurumları heç bir əngəl olmadan iri həcmli kreditlər götürürdülər. Ancaq bu kreditlərin geri qaytarılmasında ciddi problemlər var. Beynəlxalq təşkilatlar bununla bağlı narahatçılıqlarını gizlətmirdilər.

Məsələn, Fitch reytinq agentliyi mart ayında Beynəlxalq Bankla bağlı yaydığı açıqlamasınıda bildirmişdi ki, devalvasiya qurumun kapitalına böyük zərbə vurur. Beynəlxalq Bankın qısa açıq valyuta mövqeyi 2014-cü ilin sonuna 1.4 milyard dollar olub. Yəni bankın öhdəliyi aktivlərini 1.4 milyard dollar üstələyib. Bu isə bankın kapitalının 1,3 mislinə bərabər olub. Məlumat üçün bildirim ki, Mərkəzi Bankın açıq valyuta mövqeyinə tətbiq etdiyi limit 10% olub və fevraldan etibarən ilin sonuna qədər müvəqqəti dondurulub. Limitə əməl etsəydi, Beynəlxalq Bankın valyuta mövqeyi həmin dövrə təxminən 100 milyon dollardan bir qədər çox olmalı idi”.

Ekspert deyir ki, Beynəlxalq Bank “həddindən artıq təhlükəli riskə gedərək” valyuta mövqeyini pozub:

“Maraqlıdır ki, bank yanvar-fevral aylarında valyuta mövqeyini bağlamağa müvəffəq olub. Bu dövrdə kredit portfelinin 17%-ni manatdan dollara keçirərək portfelini yüksək dollarlaşma səviyyəsinə qaldırıb. Devalvasiyadan sonra valyuta kreditlərinin payı 65%-ə yüksəlib. Açığı, qısa müddətdə valyuta mövqeyini bağlamaq çox çətindir. Xüsusən də qısa müddətdə portfeldə manatın payını dolların xeyrinə azaltmaq mümkünsüz görünür. Burda xeyli müəmmalar yaranır”.

Ümumi bank sektoruna ölümcül zərbə

Samir Əliyev vurğulayır ki, Beynəlxalq Bank dövlətin müəssisəsidir, Maliyyə Nazirliyi səhm paketinə nəzarət edir: “Bazar payı da kifayət qədər yüksəkdir: 36%.

Ölkədə 45 bankın arasında xüsusi çəkisi var: depozit bazarının 1/4-nə sahibdir, kredit qoyuluşunun təxminən 1/3-i Beynəlxalq Bankın payına düşür. Bu çox böyük göstəricidir. Bu bankda istənilən ciddi problem ümumi bank sektoruna öldürücü zərbədir. Buna görə də beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Valyuta Fondu dəfələrlə Azərbaycan hökuməti qarşısında məsələ qaldırıb ki, bu bank özəlləşdirilməlidir, çünki bank sektorunda rəqabət mühitini pozur və digər bankların inkişafına maneə yaradır. Uzun müddətdir ki, bu istiqamətdə danışıqlar gedir, ancaq hələ ki, bir nəticə əldə edilməyib”.

“Devalvasiya banka ciddi zərər vurdu”

Rəsmi rəqəmləri təhlil edən Samir Əliyev deyir ki, manatın devalvasiyasından ən çox zərər çəkən bank Beynəlxalq Bank olub:

“Mərkəzi Bankın normativləri var və mütəmadi bankların bu normativlərə uyğunluğu yoxlanır. Beynəlxalq Bankda bununla bağlı ciddi problemlər var idi. Fitch agentliyi də bunu qabardır ki, əgər kapital yetərliyi səviyyəsi 12%-sirsə, Beynəlxalq Bankda bu, 12%dən aşağı düşüb. Mərkəzi Bank quruma vaxt vermişdi ki, bu normativi yerinə yetirsin.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Manatın devalvasiyasından sonra isə digər banklardakı kimi Beynəlxalq Bankda dakapitalın əriməsi müşahidə edildi”.

Müsahibimiz Cahangir Hacıyevin istefasını siyasi qərar kimi izah edir, onun fikrincə, bankın fəaliyyətindəki mövcud maliyyə problemləri hökumətə rəhbərliyi dəyişməkdən başqa çıxış yolu tanımayıb.

“Cahangir Hacıyevin istefası bazarda riskləri artıracaq”

İqtisadçı alim Qubad İbadoğlu isə hesab edir ki, "1 milyona qədər müştəri ilə işləyən Beynəlxalq Bankın İdarə Heyəti sədrinin istefası bu bazarda riskləri” bir az da artıracaq: “Bundan daha çox itirən bankın səhmlərinin 49,8%-nə malik olan özəl səhmdarlar ola bilər”, deyə Qubad İbadoğlu bildirib.

İqtisadçı facebook hesabında yazır ki, Beynəlxalq Bankın rəhbərinin hazırkı “həssas dövrdə qəfil istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması” ilə əlaqədar ola bilər.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Hacıyev istənilən anda istefaya göndərilə bilərdi

Maliyyəçi Əkrəm Həsənov isə hesab edir ki, rəhbər dəyişikliyindən Beynəlxalq Bank əmanətçiləri narahat olmaya bilər:

“Təbii, istənilən bank sistemi və istənilən bank piramidadır. Əvvəl-axır bu piramida dağılır. Beynəlxalq Bank isə bizim milli bank piramidasının ən güclü bəndidir. Bəli, devalvasiya, Mərkəzi Bankın son qərarları, onun rəhbərliyinin susması və s. piramidamızı xeyli zəiflədib, risklər və təhlükələr artıb. Bununla belə, Beynəlxalq Bankın əmanətçilərinin riski daha azdır”.

Əkrəm Həsənov hesab edir ki, idarəetmə səviyyəsi, peşəkarlıq, qanunçuluq, şəffaflıq, saflıq və düzgünlük baxımından Beynəlxalq Bank ölkənin “ən zəif banklarından” biridir: “Beynəlxalq Bankın bu problemlərinin hər biri Cahangir Hacıyevin istənilən anda istefaya göndərilməsi üçün əsas idi”.

Maliyyəçi ekspert istefanın indi, manatın devalvasiyasının yaratdığı yeni iqtisadi mühitdə baş verməsinin səbəblərini araşdırır:

“Fevral devalvasiyasında möhtəkirlərin (spekulyantların) da rolu böyük idi və bunu açıq-aşkar hamı deyirdi. Kim idi bu möhtəkirlər? Onların adını deyən olmadı. Kim ola bilərdi? Təbii, sərəncamında ciddi maliyyə imkanları olan şəxslər, o cümlədən banklar. Buna görə də ola bilər ki, Cahangir Hacıyevin istefası məhz Beynəlxalq Bankın möhtəkirlik fəaliyyəti ilə bağlıdır. Bank həmişə pul qazanmaq istəyir, o cümlədən valyuta alverindən”.

Əkrəm Həsənovun fikrincə, bank sektorunun yuxarı eşelonunda kadr dəyişikliyi davam edəcək:

“Cahangir Hacıyevin istefasını bank sisteminin təmizlənməsi prosesinin startı kimi qəbul etməyi, optimist olmağı və proseslərin ardını gözləməyi tövsiyə edirəm”.​

XS
SM
MD
LG