Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

İlham Əliyev: «Haradadır o qeyri-hökumət təşkilatları? Niyə bəyanat yaymırlar?»


İlham Əliyev - 19 mart 2015
İlham Əliyev - 19 mart 2015

-

«Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər artır, təzyiq mexanizmləri işə salınır».

Bunu martın 19-da Novruz şənliyi münasibətilə ictimaiyyət qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar:

«Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt dayanmayıb. Sadəcə olaraq, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər forma alır. Biz bunu üç il bundan əvvəl – 2012-ci ildə «Eurovision» müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük».

«MƏQSƏD ÖLKƏMİZİ AZAD OLMAYAN ÖLKƏ KİMİ TƏQDİM ETMƏKDİR»

Ölkə başçısı qeyd edib ki, bu, koordinasiya olunmuş şəkildə təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır:

«Bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanır».

İlham Əliyevin dediyinə görə, çoxsaylı tədbirlər, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır:

«Ancaq buna baxmayaraq, biz görürük ki, dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan ediblər. Bir daha demək istəyirəm ki, bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin».

«HARDADIR O TƏŞKİLATLAR Kİ....»

Dövlət başçısı Azərbaycanda bütün azadlıqların təmin edildiyini də bildirib:

«Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilib. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilib. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar? Nə üçün qətnamələr qəbul edilmir? Bax, bu suallara cavab almaq çox çətindir».

«AVROPA OYUNLARI SADƏCƏ BƏHANƏDİR»

Prezident qeyd edib ki, Azərbaycana təzyiq etmək istəyənlər üçün Avropa Oyunları sadəcə bəhanədir.

«Sanki bəzi xarici qüvvələr var ki, bunu bizə çox görürlər. Baxmayaraq ki, biz öz üzərimizə böyük məsuliyyət götürmüşük. Yəni, bu Oyunları iki il yarım ərzində hazırlamaq çox çətin məsələdir. Bu Oyunlar Olimpiya Oyunlarının səviyyəsində keçiriləcək. Olimpiya Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma, ən aşağı büdcə ilə bunu edirik. Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdu. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır «Transparency International»? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar? Bu, ritorik suallardır. Ancaq biz bu sualları verməliyik və veririk. Çünki biz ədalətin tərəfdarıyıq. Hər yerdə ədalət olmalıdır - cəmiyyətdə, ailədə, beynəlxalq münasibətlərdə» - İlham Əliyev bildirib.

XS
SM
MD
LG