Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:47

Hindistanda valideynlər şagirdlərə şparqalkanı belə çatdırdı


Valideynlər məktəb binasına dırmaşırlar
Valideynlər məktəb binasına dırmaşırlar

-

Məktəb imtahanlarında köçürmə Hindistanda köhnə problemdir.

«Washington Post» yazır ki, amma ölkənin şərqində yerləşən Bihar ştatında imtahan zamanı baş verənlər hər kəsi heyrətə salıb. 10-cu sinif şagirdlərinin yaxınları, valideynləri 4-mərtəbəli məktəb binasına dırmaşıb pəncərələrdən uşaqlara konspekt ötürüblər.

Martın 19-da şagirdlərin yaxınları eyvanı və ya xüsusi tutacağı olmayan məktəb divarına «hörümçək adam» sayağı dırmaşıblar. Polisin isə baş verənləri kənardan izləməkdən başqa yolu qalmayıb.

İmtahan nəzarətçilərinin şparqalkadan köçürən şagirdləri cəzalandırması da işə yaramayıb. Şagirdlərin bəziləri gizlincə konspektdən köçürə biliblər.

Məktəblərdə imtahan zamanı köçürmələr Hindistanda geniş yayılıb. Ancaq valideynlərin öz həyatlarını riskə ataraq məktəb divarına dırmaşması bir çox hindistanlını şoka salıb.

İMTAHANDA KÖÇÜRMƏNİ QANUN QADAĞAN EDİR

Biharda imtahanda köçürmə qanunla qadağandır. Bu ittihamla ötən ay bir neçə 12-ci sinif şagirdi və onların valideynləri həbs olunub.

Hindistanda 10-12-ci siniflərdə imtahandan keçə bilməyən xeyli şagird məktəbdən çıxarılıb.

Təhsil mütəxəssisləri deyirlər ki, müəllimlərin işə çıxmaması, məktəb infrastrukturunun çatışmazlığı kimi köçürmə də Hindistan təhsil sisteminin ağrılı yerlərindən biridir.

Pratham Təhsil Fondunun bu yaxınlarda açıqladığı hesabata görə, 5-ci sinif şagirdlərinin yalnız 48 faizi 2-ci sinfin dərs kitablarını oxuya bilir.

«SİZ DEYİN, HÖKUMƏT NƏ ETSİN?»

Bihar ştatının təhsil naziri P.K.Sahi martın 19-da jurnalistlərə deyib ki, bir çox yerlərdə, xüsusilə kəndlərdə imtahanda köçürmə ilə bağlı şikayətlər var:

«Bu, hökumətinmi məsuliyyətidir? İctimai dəstək olmadan mümkündürmü ki, hökumət bu problemin öhdəsindən gəlsin? Valideynlər və qohumlar əməkdaşlığa hazır deyillərsə, onda siz deyin, hökumət konspektdən istifadəni dayandırmaq üçün nə etsin?».

Köçürdüyünə görə, 500 tələbə imtahan otağından çıxarılıb, -yerli media yazıb.

XS
SM
MD
LG