Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:34

Vəkil: «Leyla Yunus 15 kilo arıqlayıb»


Leyla Yunus (2013)
Leyla Yunus (2013)

-
«Hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus görmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzədir»

Vəkili Elçin Qəmbərov belə deyir. O, müdafiə etdiyi şəxslə aprelin 1-i görüşüb. AzadlıqRadiosuna müsahibəsində vəkil Leyla Yunusun həkim müayinəsindən keçdiyini də deyib:

- Dünən görüş vaxtı bildirdi ki, sol gözündə (hər iki gözü bir neçə il öncə əməliyyat olunub – E.Q.) görmə qabiliyyəti pisləşib, qara ləkələr əmələ gəlib. Ədliyyə Nazirliyinin göndərdiyi oftalmoloq dünən səhər onu müayinə edib. Bildirib ki, bu cür xəstəliklər adətən ya ağır yataq xəstələrində, ya da həbs, düşərgə həyatı yaşayanlarda əmələ gəlir. Yəni bu, orqanizmin tamamilə zəifləməsi ilə əlaqədardır. Deyim ki, Leyla xanımın orqanizmi demək olar sıradan çıxıb. Bir şeyi nəzərə alın ki, hazırda onun çəkisi 46 kilodır, həbsdən əvvəl isə 61 idi. Müəyyən dərmanlar yazılıb, ancaq onlar da yetərli deyil. Həkim dedi ki, gözün sağalması üçün ümumi orqanizmin yaxşılaşması lazımdır. Bu da həbs şəraitində qeyri mümkündür.

- Həkim müalicə yazdı, yoxsa əməliyyata ehtiyac olduğunu dedi?

- Müalicə yazdı. Əməliyyatlıq bir şey yoxdur, çünki artıq əməliyyat olunub. Bunun tam müalicəsi də yoxdur. Gözün xəstəliyi o dərəcədə gözlə bağlı deyil ki, nəinki ümumi orqanizmlə. Yəni gözlərindəki problem orqanizmin ümumi sağlamlıq durumu ilə bağlıdır.

- Ötən ay alman həkim Kristian Vitt də Leyla Yunusu müayinə etmiş və qaraciyərində parçalanma prosesinin getdiyini demişdi. Bununla bağlı vəziyyət nə yerdədir?

- Elə həmin problemdir ki, özünü gözdə də göstərir. Həkim Vitt ötən ay müayinə edərkən dedi ki, «Leyla xanım, sən bütün xəstəlikləri qoy qırağa, yalnız hepatit C-nin üstünə düşmək lazımdır». Hepatit C-nin də inkişafı elə gedir ki, çox pis fəsadlar baş verir. Hər halda hazırda qanda parçalanma gedir. Bunun həyat üçün nə dərəcədə təhlükəli olduğunu bilmək üçün həkim olmağa ehtiyac yoxdur.

- Amma rəsmilər bütün bu diaqnozları inkar edirlər.

Bəli, rəsmilər inkar edirlər, rəsmilər deyirlər ki, həyatı üçün təhlükəsi olan xəstəliyi yoxdur. Biz də hər halda özümüzdən danışmırıq, istinad etdiyimiz mənbə həkimlərdir. Hər halda həkimlərin sözü daha önəmlidir, nəinki rəsmilərin...

- Bəli, rəsmilər inkar edirlər, rəsmilər deyirlər ki, həyatı üçün təhlükəsi olan xəstəliyi yoxdur. Biz də hər halda özümüzdən danışmırıq, istinad etdiyimiz mənbə həkimlərdir. Hər halda həkimlərin sözü daha önəmlidir, nəinki rəsmilərin.

- Belə olan halda hansı hüquqi addımları atmaq istəyirsiz. Əlinizdə özünüzün xahişi ilə müayinə edən həkimlərin rəyi varmı?

- Əfsuslar olsun ki, biz Almaniyadan gələn həkimin rəsmi rəyini ala bilmirik. Buna görə də əlimizdə tutarlı arqument yoxdur ki, onunla da hərəkət edək. Bu, ancaq şifahi məlumatdır. Sorğu göndərməyimizə, müraciətlərimizə baxmayaraq həkim bizə rəsmi, yazılı rəy vermir.

- Niyə vermir, səbəb nə ola bilər ki?

- Səbəb bizə də aydın deyil. Bu günədək nə qədər çalışmışıq, başqa vasitələrə də əl atmışıq, xaricdən başqa müraciətlər də olub, amma biz həkimdən rəsmi kağız ala bilmirik.

- Başqa bir həkim gətizdirmək mümkün deyilmi?

- Başqa həkim də gətirtmək olar, amma bunun da öz çətinlikləri var. Belə olan halda başqa həkimin gətirilməsi də problemə çevrilə bilər. ​

- Hər halda cəhd edirsizmi buna?

- Xahiş etmişik ki, xaricdən bir oftalmoloq gəlsin. Nəticəsini gözləyirik.

- Leyla xanımın başqa bir narahatlığı da varmı?

Leyla Yunus
Leyla Yunus

- Bugünkü gündə saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Bir narazılığımız var, o da onu uzun müddət həbsdə saxlamaq niyyəti ilə bağlıdır. İstintaq getmir, işin məhkəməyə göndərilməsi yaxın gələcəkdə görünmür. Biz əminik ki, işin istintaqı bu ilin axırınadək uzadılacaq, ilin axırı ya da gələn ilin əvvəlində məhkəmə prosesi başlayacaq.

- Hazırda işə baxılması nə yerdədir?

- Leyla xanımın özü ilə bağlı hazırda heç bir istintaq işi aparılmır. Başqa istintaq hərəkətlərinin gedib-getmədiyini deyə bilmərəm, çünki bu barədə bizə hər hansı məlumat verilmir.

- Leyla xanımın özündən sonrakı həbdslərə, vətəndaş cəmiyyəti ilə bağlı baş verənlərə münasibəti necədir, bu barədə sizə nəsə deyibmi?

- Birmənalı olaraq vətəndaş cəmiyyətinin, institutların Azərbaycanda bağlanması ona çox mənfi təsir göstərib. Düşünür ki, bugünkü gündə heç kəs qalmayıb ki, siyasi məhbusların siyahısını hazırlayıb xaricə təqdim etsin. İnsan haqları ilə bağlı fəaliyyət göstərən insanlar həbsdədirlər. İkinci də o fikirdədir ki, həbslərlə cəmiyyətdə xof yaradırlar. Çox böyük narazılığı xarici dəstəklə bağlıdır. Xüsusi olaraq narazılığı Fransa, Almaniya və ABŞ hökumətindəndir. Beynəlxalq təşkilatlara minnətdardır ki, onlar insan haqları ilə bağlı böyük işlər görürlər.

- Yəni Leyla Yunus ictimai fəalların, o cümlədən özünün həbsinə reaksiyanı adını çəkdiyiniz ölkələrin rəhbərlərindən gözləyir?

- Bəli, çünki beynəlxalq təşkilatlar öz- özlüyündə bir amorf qurumdur. Onların Azərbaycan hökumətinə təsir mexanizmi yoxdur. Bu gün Almaniya, Fransa, ABŞ kimi ölkələrin isə müəyyən təsir imkanları var.

- İmkanlar deyəndə konkret nəyi nəzərdə tutursuz?

- Minimum güc sərf etməklə sanksiyalar tətbiq edə bilərlər. Söhbət siyasi, iqtisadi sanksiyalardan gedir. Heç olmasa adi bir münasibət, reaksiya belə yoxdur.

Leyla Yunusun səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi nin rəis müavini İftixar Qurbanov da AzadlıqRadiosuna açıqlama verib. Bildirib ki, həkim onun gözündə hər hansı patologiya aşkar etməyib. İftixar Qurbanov Leyla Yunusun qaraciyərində parçalanmanın olması ilə bağlı deyilənləri də əsassız sayır:

«Müraciət etmişdi ki, gözündə zəif tor əmələ gəlib. Göz həkimi müayinə edib, patologiya aşkar etməyib. Səhhəti stabil kafidir. Həkim nəzarətindədir. Bizim həkimlərlə bərabər Avropadan ekspertlər də nəzarətdə saxlayırlar, gəlib bir neçə dəfə baxıblar və onların da qiymətləndirməsi vəziyyətinin stabil olduğunu göstərir. Təzyiqi ilə bağlı dərmanlar verilir ona. Bəzən dərmanların düzgün qəbuluna riayət etmir. Qaraciyərində heç bir parçalanma aşkar olunmayıb. Bunu ekspertlər də təsdiq edirlər».

Leyla Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Həyat yoldaşı Arif Yunus 2014-cü il avqustun 5-də dövlətə xəyanət ittihamı ilə həbs olunub.

Amnesty International onları “vicdan məhbusları” kimi tanıyıb.

XS
SM
MD
LG