Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:24

Heydər Əliyevin portretləri yığışdırılır?


Bakıda Heydər Əliyevin portreti, 2013
Bakıda Heydər Əliyevin portreti, 2013

-

Bakıda mərhum prezident Heydər Əliyevin portretləri, deyəsən, yığışdırılmağa başlayıb. Artıq Qaraşəhərdə, Nobel prospektinin kənarında «ümummilli lider»in uzun illərdir asılmış portreti dirək qarışıq götürülüb. Eləcə də Nizami rayonunda, metronun Qara Qarayev stansiyası yaxınlığındakı portret də gözə dəymir. Səbəb? Bu bir təsadüfdür, yoxsa Avropa Oyunları ərəfəsində portretlərin sayı azaldılır?

«O CÜR GÖSTƏRİŞ VERİBLƏR...»

Xətai rayon İcra Hakimiyyətində adını söyləməyən xanım AzadlıqRadiosuna çox qısa cavab verir: «O cür göstəriş veriblər, biz də yerinə yetirmişik».

Nizami rayon İcra Hakimiyyətindən Cavid Qafarov deyir ki, portreti metronun «Qara Qarayev» stansiyası yaxınlığında onlar yerləşdirməyiblər, buna görə də onun niyə götürülməsi haqda sualı da cavablandıra bilməyəcək. O bizi təsərrüfat idarəsinə yönləndirir. Gün ərzində dəfələrlə zəng etsək də, idarədə dəstəyi qaldıran olmur.

Xəzər rayon İcra Hakimiyyətindənsə bildirirlər ki, portretlər günün, küləyin, yağışın altında qaldığından rəngi solur, ona görə də vaxtaşırı onları dəyişməli olurlar. «Yeniləmək məqsədilə götürülüb. Yerinə yenisi qoyulacaq, başqa məqsəd yoxdur» deyə söyləyirlər.

Səbail rayon İcra Hakimiyyətində sektor müdiri İsrafil Kərimov Heydər Əliyevin Bakının mərkəzindəki bannerlərinin yerində olduğunu, birinin də tərpədilmədiyini deyir. «Bu bannerlərin dəqiq sayı var. Bu günlərdə təftiş olunub, mən də orda iştirak etmişəm. Elə şey yoxdur. Səbail böyük rayondur. Dəqiq ünvan desəniz, araşdırardıq».

Nəsimi rayon İcra Hakimiyyətindən də eyniməzmunlu cavab verilir.

Bununla belə, icra hakimiyyətləri dəqiq cavab üçün Bakı şəhər İcra Hakimiyyəti ilə danışmağı məsləhət görürlər. Paytaxtın icra hakimiyyətinin mətbuat xidməti isə dəstəyi qaldırmır.

«GÖRÜNÜR, AVROPA OYUNLARI ƏRƏFƏSİNDƏ TƏNQİDLƏRİ NƏZƏRƏ ALIBLAR»

«Qərb mətbuatı dəfələrlə Azərbaycanı Heydər Əliyevin çoxsaylı heykəllərinin, portretlərinin olmasına görə tənqid edib. Görünür, Avropa Oyunları ərəfəsində bu tənqidləri nəzərə alıblar. Və bu mənzərəni hamı müşahidə etməkdədir». Köşə yazarı Şahvələd Çobanoğlu belə deyir.

Onun qənaətincə, hakimiyyət özü də başa düşür ki, bu qədər heykəl və portretin olması bütpərəstlikdir, şəxsiyyətə pərəstişdir. «Bir Avropa ölkəsində belə şey ola bilməz» söyləyən köşə yazarı portretlərin yığışdırılmasının müvəqqəti olacağını düşünür:

«Necə ki Avropa Oyunları görüntüdür, bu da görüntüdür. Ölkədə ab-havanın Avropasayağı olduğunu göstərmək istəyirlər. Mahiyyətcə, ölkədəki siyasət dəyişməyib. Bu gün (aprelin 9-da) prokuror hüquq müdafiəçisi Rəsul Cəfərova 9 il həbs cəzası istəyib. Ölkədə hüquq müdafiəçiləri bu şəkildə təqib olunursa, o şəkillərin yığışdırılması formal bir şeydir, müvəqqətidir və görüntüdən başqa bir şey deyil».

Heydər Əliyev Azərbaycana sovet dönəmindən, 1969-cu ildən 1982-ci ilədək rəhbərlik edib. Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ildə o yenidən hakimiyyətə qayıdaraq 2003-cü ilə kimi prezident olub, ölümündən sonra oğlu İlham Əliyev hakimiyyət başına keçib.

Ata Əliyevin hakimiyyətə gəldiyi gün – 15 iyun Qurtuluş Günü kimi qeyd olunur. «Ümummilli lider», «xilaskar» kimi təqdim edilən mərhum prezidentin adına ölkənin bütün şəhər və rayonlarında parklar, muzey mərkəzləri, heykəlləri var. Heydər Əliyevin məzarının ziyarəti Bakıya rəsmi səfərlər zamanı diplomatik protokollara salınır. Bundan başqa, həbsdən çıxan siyasi fəalların onun heykəli qarşısında baş əyməsi onların azad edilməsi şərtləri arasında Heydər Əliyevə ehtiram göstərməyin də olduğu haqda şübhələr doğurub.

Yerli və beynəlxalq tənqidçilər baş verənləri «şəxsiyyətə pərəstiş» kimi dəyərləndirilər.

XS
SM
MD
LG