Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:53

Yanan evin sakinləri: «Burda çadır da qursalar, razıyıq, təki başqasını narahat etməyək»


Yanğın binanı bu hala saldı
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

-

İCRA HAKİMİYYƏTİ İLƏ SAKİNLƏRİN SÖZÜ ÜST-ÜSTƏ DÜŞMÜR

Xətai rayonu, Zığ şosesi, 16. Aprelin 10-da güclü alov qapqara qaralan bina və qanıqara insanlar. Bir də havada yanıq qoxusu. İnsanlar vurnuxurlar. Ara-sıra, zəif də olsa, tüstülənən balkonlar, alovdan əyilmiş dəmir konstruksiyaların yerə düşmək təhlükəsi, iliyə işləyən soyuq hamını tələsdirir. Yanğından salamat qalan əşyalarını – yorğan –döşəyi, pal-paltarı sellofan torbalara doldurub daşıyırlar.

- Harada qalacaqsınız?

- Bilmirik, vallah. Qohum evində yəqin.

- Bəs icra hakimiyyəti sizə yer ayırmayıb?

- Heç gəlib maraqlanan var ki? Hamı qohum-əqrəba evinə səpələnib.

- Bəs Xətai rayon İcra Hakimiyyətindən mətbuata deyiblər ki, dövlət hesabına evlər tutulacaq sizə?

- Hanı bəs o evlər? Niyə aparmırlar bizi? Boş söhbətdir. Bəxtiyar, uşaqları apar dayıngilə qoy, qayıt.

Bir əliylə maşının baqajına pal-paltar dolduran cavan oğlan belə deyir.

Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev ANS-ə deyib: «Evlərinə ziyan dəyən sakinlərin yerləşdirilməsi dövlət tərəfindən həyata keçiriləcək». Məlumata həm də vəd olunur ki, araşdırmalardan sonra sakinlərə dəymiş ziyan müəyyən edilərək kompensasiya ödəniləcək.

«Bundan əlavə, sakinlər İcra Hakimiyyətinin hesabına kirayə evlərə yerləşdiriləcək. Onların evləri təmir olunanadək kirayə haqqı dövlət tərəfindən ödəniləcək», - Rafiq Quliyev bildirib.

Yanğından salamat qalan əşyalarını – yorğan –döşəyi, pal-paltarı sellofan torbalara doldurub daşıyırlar.
Yanğından salamat qalan əşyalarını – yorğan –döşəyi, pal-paltarı sellofan torbalara doldurub daşıyırlar.

Ancaq söhbət etdiyimiz sakinlər onlara kirayə evlərin təklif edilmədiyini, məmnuniyyətlə belə imkanı qəbul edəcəklərini deyirlər. «Burda çadır da qursalar, razıyıq, təki başqasını narahat etməyək» - deyir Nadir dayı.

«GƏLİNİ KİMİN EVİNƏ GƏTİRƏCƏM?»

Aprelin 11-də Əli kişinin evində xonçaları götürüb, vağzalı sədaları altında qız evinə gedəcəkdilər. Bu gün qız, bir həftə sonra oğlan evində toydur. Həyat yoldaşı bir neçə gündür toy evini fərqləndirmək üçün giriş qapısına qırmızı lent bağlayıb həyəcanla gözləyirdi. Amma aprelin 10-da bircə dəqiqənin içində binanı bürüyən yanğın toy evindəki sevinci çaşqınlığa çevirdi, evdəki avadanlıqla yanaşı, qırmızı lentlər də yanıb kül oldu. İndi Əli kişinin yaşadığı binanı polis və Fövqəladə Hallar Nazirliyi qırmızı lentlə çevrəyə alıb ki, yanğından əriyən dəmir konstruksiyalar sakinlərin başına düşməsin. Əli kişi əli qoynunda qalıb, bilmir hansı qohumun evindən toya getsin, bu bir yana, bir həftə sonra gəlini hansı evə gətirsin?..

Bu vaxt qonşuları ona yanaşır:

- Əli kişi, gedək icra hakimiyyətinə. Belə olmaz, su yox, tualet yox, hamam yox. Deyirlər, yeməyi də restoranda yeyin. Mənim evim dağılıb, hansı pula restoranda yemək yeyim? Gedək bir danışaq bu məsələni. Yığışırıq, gəlirsən?

- Bəs yanan evlərin təmiri haqda nə deyiblər sizə?

- Gəlib siyahıya aldılar. İnanmıram mən onlara. Dünən deyirdilər ki, ikicə mənzil yanıb. 60 mənzil yanıb kül olub. Ona görə təmir edəcəklərinə də inamım yoxdur.

Yanğın binanı bu hala saldı (2-ci hissə)
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00


«BİZİ ƏMİN ETDİLƏR Kİ, YANAN MATERİAL DEYİL»

Yanğının səbəbini soruşuruq. Sakinlər yanğının necə başladığını, yəni kimin günahı ucbatından baş verdiyini görmədiklərini deyirlər. Bir onu bilirlər ki, həyətdə nəsə yanıb, külək də onu çox qısa zamanda, az qala, saniyələr içində binaya yayıb. Deyirlər ki, binanın fasadına vurulan üzlüyün materialı yanğına davamlı olmayıb, buna görə də, alov sürətlə yayılıb, yoxsa ziyan-zərər bu qədər olmazdı.

- Bununla dördüncü, ya beşinci evdir Bakıda yanır. Biz vaxtında etirazımızı etmişik. Kimə lazımdır bu üzlük? Eşidən kimdir? Balkonun üstündən pəncərə qoyublar, məni qəfəsə salıblar.

- Biz burda işləyənlərə dəfələrlə demişik ki, a bala, bunu vurmayın. Bizi əmin ediblər ki, yanan material deyil, qorxmayın. Biz kimik?

- Elə rəsmi qurumlar bu oyunu açdı başımıza. Dördüncü binadır bəlkə də yanır. Kimsə satıb pul qazanacaq, ara yerdə bizim evimiz yandı. Bir gəlib deyən yoxdur ki, harada qalacaqsınız?

Yanğın binanı bu hala saldı (3-cü hissə)
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

«BU ƏLLƏRLƏ KİMİN QAPISINI DÖYÜM?»

Əlləri kömür kimi qaralmış Zülfiyyə İsmayılova söhbətə qarışır:

- Mən bu əllərlə, bu vəziyyətdə kimin evinə yığışacağam? Gəlmişdim uşağa bir-iki paltar aparım. Hamısı his içindədir. Bu evdən iki çılpaq uşaq götürüb çıxmışam. Səhərəcən qızdırma içində yanıblar. Özgə qapısında qalmışam. Hər şey yandı külə döndü. Evim viran qaldı. Bir adam bizimlə maraqlanmır. Altı nəfərik, özüm, yoldaşım, oğlum, gəlin, iki nəvəm. Gedim kimin qapısını döyüm?

İkiotaqlı mənzili az əvvəl gəlin evi kimi bəzənibmiş. Yeni mebel, çil-çıraq, televizor, kondisioner yanğından sonra ələ gələsi deyil. Divarlar qapqara, uçulub-tökülüb, plastik pəncərələr əriyib, şüşələr çiliklənib yerə tökülüb. Yerdə balaca kukla gözə dəyir, o da tanınmaz hala düşüb...

«Bununla dördüncü, ya beşinci evdir Bakıda yanır. Biz vaxtında etirazımızı etmişik. Kimə lazımdır bu üzlük?».
«Bununla dördüncü, ya beşinci evdir Bakıda yanır. Biz vaxtında etirazımızı etmişik. Kimə lazımdır bu üzlük?».

RƏSMİLƏR NƏ DEYİR

Yanğın olan gecə mənzillərdən oğurluq baş verdiyini də deyirlər. Blokda zinət əşyalarının qırmızı qutuları gözə dəyir...

Biz hadisə yerində olduğumuz müddətdə polisi və FHN əməkdaşlarını gördük. Danışmağa meylli deyillər.

İcra hakimiyyətinin əməkdaşlarını kimdən soruşduq, dedilər ki, səhər o başdan burda olublar, yanan evləri siyahıya alıblar və təmir edəcəklərini söyləyiblər.

Zülfiyyə İsmayılova qonşularına deyir ki, icra hakimiyyətinin rəsmisi təmirə çöldən başlayacaqlarını bildirib. O, «razı olmayaq. Prezidentə görə çölünü düzəldəcəklər, içi qalacaq» deyir. İş ondadır ki, yanan bina bir ucu aeroport yoluna bağlanan Nobel prospektinin kənarında yerləşir. Xarici səfərlərə gedib-gələndə prezident arada bu alternativ yoldan istifadə edir.

Xətai rayon İcra Hakimiyyətinə zəng vururuq. Növbətçi Ramiz İbrahimov deyir ki, iş günü olmadığı üçün heç kim yoxdur. O, «zərərçəkənlərin siyahısı hazırlanır. Bundan sonra təmirlə bağlı qərar veriləcək» söyləyir. İbrahimov yanğının səbəbləri, eləcə də binaya çəkilən üzlüyün keyfiyyətiylə bağlı araşdırma aparıldığını, FHN-in aktından sonra hər şeyin aydın olacağını bildirir.

Yanmış binanın divarları, insanların ovqatı kimi hava da üzü qaralmağa doğru gedir. Zığ şosesindəki 16 saylı binanın sakinlərini bu anda ancaq bir sual düşündürür: - «Harada gecələməli?».

XS
SM
MD
LG