Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

Tofiq Yaqublunun Nərgizi


Nərgiz Yaqublu
Nərgiz Yaqublu

-

Müsavat Partiyasının həbsdəki başqan müavini Tofiq Yaqublunun qızı, «Yeni Müsavat» qəzetinin keçmiş əməkdaşı Nərgiz Yaqublu aprelin 23-də vəfat edib.

«DÜZƏLMƏDİ, QARACİYƏR FƏALİYYƏT GÖSTƏRMİRDİ»

O, hepatit xəstəliyindən əziyyət çəkirdi. Son günlər o, yaşadığı Rusiyanın Tomsk şəhərində xəstəxanada müalicə alırdı. Bir neçə gün öncə komaya düşən 26 yaşlı Nərgiz Yaqublu həm də ana olmağa hazırlaşırdı. Hamiləliyin 8-ci ayında idi. Mərhumun bacısı Nigar Yaqublu bir neçə gün öncə AzadlıqRadiosuna demişdi ki, Nərgizin qanında laxtalanma gec getdiyi üçün həkimlər əməliyyat edə, körpəni götürə bilmirlər: «Əməliyyat zamanı onu itirə bilərik. Ona görə də risk etmirlər».

Qohumu Nailə Yaqublunun dedikləri: «Düzəlmədi. Özündə deyildi neçə gündü. Qaraciyər fəaliyyət göstərmirdi. Nigara heç nə demirdilər ki, üzülməsin...».

XƏBƏR ATADAN SAXLANDI

Nərgiz Yaqublunun anası yanında olub. Ancaq qızının vəziyyətinin ağırlaşması haqda xəbər həbsxanadakı atadan gizli saxlanılıb. Nigar Yaqublu bizimlə söhbətdə atasına görə bu xəbərin mediaya çıxmasını istəmədiklərini söyləmişdi.

Tofiq Yaqublu qızının ölüm xəbərini televiziyadan eşidib. Bunu onun vəkili Nemət Kərimli deyib AzadlıqRadiosuna:

«Tofiq bəyin özü ilə hələlik danışa bilməmişəm. İçəridədir. Xəbəri var olanlardan. Biz deyənə kimi artıq xəbəri televiziyadan eşitmişdi, səhv etmirəmsə ANS-dən... Necə olacaq? Nə danışsın. Nə desin?..».

Penitensiar Xidmət Tofiq Yaqublunun qızının dəfn və yas mərasimində iştirak etmək üçün 7 günlük azadlığa buraxılmasına icazə verib.

KÖRPƏ SAĞ QALDI

Nərgiz Yaqublunun həyatını xilas etmək mümkün olmasa da, körpəsi sağ qalıb.

Mərhumun qohumu Nailə Yaqublu deyir:

«Tələf olmadı. Uşaq sağdır. Ancaq...». Sözün davam gətirmədən hıçqırır.

Mərhumun cənazəsi aprelin 24-də Moskva-Bakı reysi ilə Bakıya gətiriləcək.

Nərgiz Yaqublunun üzv olduğu Müsavat Partiyası avqustun 24-nə Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı tədbiri təxirə salıb.

HƏBSLƏR, QƏZALAR VƏ ÖLÜM...

Son 3 ildə Yaqubluların qapısını qəzalar, həbs xəbərləri döyüb.

TofiqYaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını 13 saylı cəzaçəkmə müəssisəsində çəkir.

Ona baş çəkməyə gedən xanımı Maya Yaqublusa ötən ilin yanvarında avtomobil qəzasına düşmüşdü. Boyun fəqərəsində sınıq-çıxıqlar olduğundan əməliyyat edilmişdi. Maya Yaqublu uzun müddət müalicə almalı olmuşdu.

Tofiq Yaqublunun qızı Nigar Yaqublu 2012-ci ilin avqustunda avtomobil qəzası törətməkdə təqsirli bilinmiş, 2 il 6 ay azadlıqdan məhrum edilmişdi. O zaman hüquqşünaslar bildirmişdilər ki, bu qəzaya görə Nigar Yaqubluya verilən cəza çox ağırdır, o, müxalifətçi övladı olduğuna görə cəzalandırılır.

«BU ÖLÜMÜM GÜNAHKARI HAKİMİYYƏT DEYİL, ANCAQ…»

Nərgiz Yaqublunun ölümü ilə bağlı «facebook» sosial şəbəkəsində xeyli şərh var.

Həbib Müntəzir yazır: «Atasını tutdunuz, bacısını tutdunuz, anası məhkəmədən qayıdarkən qəzaya düşdü, digər qızı da indi vəfat etdi. Zülm başqa necə olur? Allah rəhmət etsin».

İqtisadçı Rövşən Ağayev: «Hansısa sözün, təsəllinin Yaqublu ailəsini ovunduracağına inanmıram. Çox ağır yükdür... Bu vaxtsız ölümün səbəbi hakimiyyət deyil. Amma haqsız yerə həbsdə yatan Tofiq bəyi övladının son günlərində onun yanında olmağa imkan verməməyin günahı bu hakimiyyətin üzərindədir. Nə qədər aciz bir topluma çevrilməyimizi bu gün daha artıq hiss etdim...».

Politoloq Ərəstun Oruclu: «Tofiq Yaqublu neyləmişdi ki, övladının ölüm xəbərini həbsxanada alaydı? Bunu adama heç düşmən də rəva görməzdi...».

XS
SM
MD
LG