Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

Hakimiyyətin siyasətində yüksələn islam xətti


Prezident İlham Əliyev və ailə üzvləri Məkkə ziyarətində, 7 aprel 2015
Prezident İlham Əliyev və ailə üzvləri Məkkə ziyarətində, 7 aprel 2015

.


Son bir həftədə Azərbaycan hökumətindən “islamafobiya” sözü işlədilən azı iki mesaj gəldi. Aprelin 17-də “Azərbaycan” qəzeti ABŞ liderləri Barack ObamaJohn Kerry-ni “ermənipərəst” və “islamafob” adlandırdı.

Aprelin 20-də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə müsahibəsində yenidən mövzuya qayıtdı və dedi ki, Azərbaycan beynəlxalq islamafob qüvvələrlə üz-üzə gəlir:

“Anti-Azərbaycan kampaniyasının arxasında duran birinci səbəb beynəlxalq islamafob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi öz sıralarında görmək istəməməsidir”.

Müşahidəçilər hesab edirlər ki, hakim elitanın leksikonunda islami kəsimə yönəlik mesajlar artır və bu da təsadüfi deyil.

Azər Raşidoğlu
Azər Raşidoğlu

Siyasi şərhçi Azər Rəşidoğlu bildirir ki, hakimiyyət onu “anti-islamçı” adlandıranlara sübut etmək istəyir ki, əslində müsəlmanlara qarşı deyil:

“Azərbaycan hakimiyyətinin çəkindiyi yeganə zümrə dindar kəsimdir. Odur ki, narahatdır, bu kəsimin rəğbətini qazanmaq istəyir. Bu gün həbsxanalarda saysız-hesabsız islamçı var və bir qədər siyasətə yönəlmiş islamçı insanlar, günahsız yerə yatan dindarlar var. Sonuncu həbs - Hacı Elşən Mustafaoğlunun («Yeni Şərq» Elmi Araşdırmalar Mərkəzinin direktoru – red.) həbsi də qeyd olunmalıdır. Baxmayaraq ki, bu həbs mətbuatın diqqətindən yayındı”.

Hacı İlqar İbrahimoğlu
Hacı İlqar İbrahimoğlu

Vicdan Azadlığının Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu bildirir ki, dini mesajlar artıbsa, buna müsbət hal kimi baxmaq lazımdır. Çünki illər keçdikcə ateizmdən uzaqlaşan Azərbaycan toplumunda gerçək müsəlmanların sayı artır və müraciətlərin artması da bununla bağlıdır. Bununla yanaşı, Hacı İlqar İbrahimoğlu deyir ki, dindarlarnarahatdırlar:

“Təəssüf ki, son bir neçə ayda dini camiənin iki dəyərli ilahiyyatçısı– Elşən MustafaoğluCeyhun Cəfərov (teoloq və tərcüməçi-red.) həbsə atılıblar. Onlar hər ikisi radikallığa qarşı çıxan, mötədil insanlardır. Dini cameədə narahatlıq meydana çıxıb ki, bu adamlar niyə həbs olunub.

Ümumilikdə isə Azərbaycanın ictimai mühitində islami kimlik mövzusunun artmasını mən yüksək qiymətləndirirəm, təki bu, səmimi və gerçək olsun”.

Azərbaycan hökuməti isə ölkədə dini azadlıqların qorunduğunu deyir. Prezident İlham Əliyev aprelin 16-da Bakıda «İslam maarifçiliyi və müasir dövr» mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib ki, tarixən müxtəlif dinlərin dinc və azad şəklidə yaşayıb formalaşdığı Azərbaycanda bu gün sistemli və harmonik din siyasəti həyata keçirilir.

Erkin Qədirli
Erkin Qədirli

Müxalif ReAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli deyir ki, ölkədə dünyəvi müxalifət əzilir, siyasi səhnə qapadılıb, jurnalistlər, hüquq müdafiəçiləri, müxalifət qondarma ittihamlarla həbs olunur, biznes tamamilə əzilib, azad sahibkarlıq yoxdur, akademik çevrə tam ölmüş vəziyyətdədir, bu ortamda yeganə hərəkətlilik dindar kəsimdədir:

“Dini kəsimin istər ideoloji, istər təşkilati, istər maddi imkanları var, biznes çevrələri, xaricdən dəstəkləri, üstəlik bir neçə əsrlik hekayələri... Bu, təbii ki, artıq gözə çarpır. Prinsipcə bu, problem olmayacaqdı, əgər hökumət özü bütün dünyəvi fikir sahələrini qapatmış olmasaydı. Görünür, hökumət özü də məcbur qalıb ki, artıq dini mesajlara keçsin. Hökumətin nəzarətində olan deputatlar televiziyada danışanda heç “Konstitusiya” sözünü dilə gətirmirlər, əvəzində “Quran”a, hədislərə, yoxlanılması mümkün olmayan hədislərə istinad edirlər. Təkrar edirəm, əgər başqa sahələr qapadılmasaydı, ölkədə canlı siyasi mühit olsaydı onda heç bir problem görməzdim. Başqa dünyəvi sahələr qapadıldığı üçün burada təhlükə görürəm - xüsusilə də bölgədə gedən prosesləri nəzərə alanda”.

Erkin Qədirli bildirir ki, problem islamda deyil, islamın yerinə başqa dinlər də ola bilərdi, problem dünyəvilik üçündür- dünyavi mövzular gündəmdən çıxarılır.

XS
SM
MD
LG