Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:34

«Azərbaycan Avropayla oyun oynayır»


Giorgi Gogia
Giorgi Gogia

-

«Human Rights Watch» beynəlxalq hüquq-müdafiə təşkilatı qurumun Cənubi Qafqaz üzrə təmsilçisi Giorgi Gogia-nın məqaləsini dərc edib. Müəllif martın sonunda Bakıya səfərindən, daha doğrusu aeroportdan geri qaytarılmasından yazır. O, hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəməsində iştirak etməyə gəlmişdi, ancaq ölkəyə girməsinə imkan verilmədi.

«İllər boyu Azərbaycanda insan haqlarının durumu problemli olub, ancaq 18 ay əvvəl müstəqil səslərə və hökumət tənqidçilərinə hücumlar dramatik şəkildə artıb. Təkcə 2014-cü ildə saxta ittihamlarla azı 35 insan haqları müdafiəçisi, fəal, jurnalist və bloqqer ya həbs, ya da məhkum edilib».

Giorgi Gogia Bakının böyük tədbirlərə ev sahibliyi etməklə beynəlxalq imicini cilalamasına diqqət çəkir. İyunda ilk Avropa Oyunları keçiriləcək.

«Rəsul, İntiqam, Leyla, Xədicə, Emin və digərləri hökumətin imic məşğələsini «korlayanlar» sayılırdı və onları susdurmağı lazım bildilər. Bu dəfə Bakı Avropa Oyunları qabağı imicinin ləkələnməsi riskinə getmədi. Ancaq bu miqyasda təzyiqi dünyadan gizli saxlamaq da mümkün deyil», - müəllif yazır.

«Avropa Birliyi insan haqları məsələsini Azərbaycanla münasibətinin özəyinə çevirməyə çalışır… Ancaq Bakı aydın şəkildə bildirir ki, insan haqları hərtərəfli islahatlarla əlaqələndirilirsə, o, AB-nin təklif etdiyi güzəştlər, azad ticarət, viza liberallaşdırılmasında da maraqlı deyil».

«Ancaq indi Azərbaycanın beynəlxalq tərəfdaşları oyunu həmişəkindən daha artıq gücləndirməlidir. Avropa liderləri Bakı Oyunlarının açılış mərasimində iştirakları üçün şərt qoymalıdırlar – qanunsuz həbs olunmuş insan haqları müdafiəçiləri, jurnalistlər dərhal azadlığa buraxılsın. Avropa Azərbaycandakı təzyiqlərdə hakimiyyətlə əlbir olmamalıdır», - müəllif məqaləsini bu təkliflə bitirir.

UCADAN PİSLƏMİRLƏR

Böyük Britaniyanın «The Guardian» qəzeti Azərbaycanla bağlı iki məqalə dərc edib. «Azərbaycan iki hüquq müdafiəçisini həbsə atır» başlıqlı məqalədə ictimai fəal Rəsul Cəfərov və hüquqşünas İntiqam Əliyevə çıxarılan məhkəmə hökmlərindən bəhs olunur. Bu işlərin prezident İlham Əliyevin hakimiyyəti dövründə vətəndaş cəmiyyətinə təzyiqlərin bir hissəsi olduğu vurğulanır.

Bakıda etiraz aksiyası - 2013
Bakıda etiraz aksiyası - 2013

«2003-cü ildə İlham Əliyev atasını prezident vəzifəsində əvəzləyəndən Azərbaycanda insan haqlarının durumu yaxşı olmayıb. Ancaq Azərbaycan Rusiya və İranla sərhəddə Qərbin potensial müttəfiqi olaraq qalıb. Təbii qazla zəngin ölkə Rusiya enerjisinə də alternativdir və bu səbəbdən Birləşmiş Ştatlar və Avropa liderləri insan haqları pozuntularını elə də ucadan pisləməyiblər».

Məqalədə özəlliklə ötən il repressiyanın gücləndiyi vurğulanır.

«The Guardian»da yer alan digər məqalədə Böyük Britaniyanın Avropa Oyunlarında iştirakından bəhs olunur. Belə ki, Britaniya Olimpiya Assosiasiyası oyunlara 153 idmançıdan ibarət komanda göndərir, «BT Sport» isə tədbiri işıqlandıracağını bəyan edib.

İNSAN HAQLARI NƏZƏRƏ ALINACAQMI?

Qəzet bu xəbərlərlə eyni vaxtda Azərbaycanda azad söz və insan haqlarına rejim tərəfindən təzyiqlərin artmasına diqqət çəkir, bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatlarının çağırışlarını, bəyanatlarını yada salır.

«Oyunlar qızğın müzakirə şəraitində keçəcək – Beynəlxalq Olimpiya Komitəsi (BOK) və FIFA kimi qlobal idman qurumları ev sahibini seçərkən həmin ölkədə əsas insan haqları pozuntularını nəzərə alıb-almamağı müzakirə edəcək. BOK bu yaxınlarda ev sahibi şəhərlərlə müqavilələrə yeni, qeyri-diskriminasiya bəndi salıb».

«The Guardian» daha sonra yazır:

«Avropa Oyunlarının gələcəyi müəyyən deyil, üzgüçülük və atletlər çempionatlarını bu tədbirə calamağa meylli görünmürlər. Bakıda üzgüçülük üzrə gənclər yarışacaq, yüngül atletika yarışlarına isə üçüncü dərəcəli atletlər gələcək. Ancaq 10 idman növü üçün bu Oyunlar Rio-de-Janeyroda 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarına təsnifat sayılır. Digər tərəfdən, Avropa Olimpiya Komitələri 2019-cu ildə Avropa Oyunlarını bir daha keçirməkdə maraqlı olduğunu bildirir».

Hakimiyyət təmsilçiləri ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, vətəndaşlarının hüquq və azadlıqlarının tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG