Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

İlkin Rüstəmzadə yeni ittihamla üz-üzə olduğunu deyir


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

-

Hazırda həbsdə olan NİDA fəalı İlkin Rüstəmzadə ona qarşı yeni ittihamın irəli sürülə biləcəyini ehtimal edir. Söhbət hələ ötən ilin noyabrda açılmış cinayət işindən gedir. O zaman fəalın saxlandığı kamerada axtarış aparılmış və itilənmiş qaşıq tapılmışdı. Faktla bağlı Ədliyyə Nazirliyinin istintaq idarəsi tərəfindən cinayət işi açılmışdı. O vaxtdan bu işlə bağlı hər hansı istintaq aparılmasa da, bu günlərdə bu mövzu yenidən gündəmə gəlib.

İlkin Rüstəmzadə aprelin 24-də həmin cinayət işi ilə bağlı dindirilib. Fəal hesab edir ki, ona qarşı yeni ittihamlar irəli sürmək istəyirlər.

Bunu AzadlıqRadiosuna fəalın vəkili Fariz Namazlı deyib.

- Fariz bəy, İlkin Rüstəmzadənin yeni ittihamla bağlı ehtimalları nə dərəcədə gözləniləndir?

- İlkin o zaman, təxminən ötən il noyabr ayının əvvəllərində İnsan hüquqları üzrə Birgə Qrupa «Kürdəxanıdan sevgilərlə» adlı məktub yazmışdı. Həmin yazını yazandan sonra onun saxlandığı kamerada axtarış aparıldı. Oradan bir itilənmiş qaşıq tapıldı. Akt tərtib olundu və ekspertiza onun kəsici alət olduğunu təsdiqlədi. Konkret İlkin Rüstəmzadəyə qarşı yox, qanunla qadağan olan əşyanın tapılması faktına görə cinayət işi açıldı. Həmin yazıda təcridxana rəisinin və digər yüksəkrütbəli məmurların adı da hallandırılmışdı deyə, İlkin Rüstəmzadəyə o ərəfədə fiziki və mənəvi işgəncələr də verildi. Bir ay müddətinə telefonla danışıq və ailəsi ilə görüş hüququndan məhrum edildi. Daha sonra o, 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü və bu müddət ərzində hər hansı istintaq əməli aparılmadı. Son olaraq aprelin 24-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsindən müstəntiq gəlib və ondan şahid qismində ifadə alıb. İlkin özü ehtimal edir ki, bu məsələ ona qarşı çevriləcək. Düşünür ki, həmin yazısına görə onu cəzalandıracaqlar, bu yolla məsuliyyətə cəlb edəcəklər.

- Kamerasından tapılan əşya ilə bağlı özü nə deyir, ona aiddirmi?

- Əşya ilə bağlı istintaq sirri olduğundan bəzi açıqlamalar, onun cavablarını deyə bilmərəm. Amma ümumi olaraq onu qeyd edim ki, İlkin ittihamı qəbul etmir, qaşığın qadağan olunmuş əşya kimi qiymətləndirilməsini absurd hesab edir.

- Həmin əşya tapılan zaman kamerada İlkinlə yanaşı başqa məhbus da saxlanırdı?

- Səhv etmirəmsə, iki nəfər qalırdılar orada.

- Belə bir ittiham İlkin Rüstəmzadəyə qarşı yönələrsə, cəzası nə ola bilər?

- 6 aya qədər həbs cəzası ola bilər.

- Sonuncu dəfə İlkin Rüstəmzadə ilə nə vaxt görüşmüsünüz? Ümumi durumu necədir?

- Elə aprelin 24-də görüşmüşəm. Səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Onun da qeyd etdiyi qəzet problemidir ki, siyasi məhbuslara cəzaçəkmə müəssisəsində müxalif qəzetlər ya verilmir, ya da əsas siyasi mövzular, onların özləri ilə bağlı məlumatlar kəsilib götürülərək verilir.

«Azad Gənclik» Təşkilatının fəalı, həbsindən sonra həm də NİDA-ya üzv olan İlkin Rüstəmzadə 2013-cü ilin aprelində həbs olunub. Məhkəmə onu xuliqanlıq, silah və kütləvi iğtişaşda təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.

XS
SM
MD
LG