Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:16

Azərbaycana ayaq açan saxta dərmanlar


Oqtay Şirəliyev
Oqtay Şirəliyev

-

«İnsanları aldatmaq olmaz. Azərbaycana keyfiyyətsiz dərmanların necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməli, belə halların qarşısı alınmalıdır. Apteklərdə əhaliyə keyfiyyətsiz dərmanlar satılmamalıdır».

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev nazirlikdə keçirdiyi iclasda deyib. O,bundan sonra dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndiriləcəyini qeyd edib:

«Bəzi insanlar xarici ölkələrə gedərkən özlərinə və ya yaxınlarına lazım olan dərman preparatlarını oradan alıb gətirirlər. Ona görə yox ki, həmin ölkələrdə dərmanlar daha ucuzdur. Çünki insanlar Avropa ölkələrindən aldıqları dərmanların təsirinin Azərbaycanda satılanlardan daha effektli olduğuna və onların keyfiyyətinə inanırlar. Bu sahədə işimizi daha da möhkəmləndirməliyik ki, belə hallarla qarşılaşmayaq».

NAZİR: «AZƏRBAYCANDA ƏN KEYFİYYƏTLİ DƏRMANLAR SATILMALIDIR»

Oqtay Şirəliyev bildirir ki, problemlərin aradan qaldırılması üçün laborator işlərin aparılması üçün böyük vəsait lazımdır:

«Azərbaycanda da, Avropa ölkələrində olduğu kimi, ən keyfiyyətli dərmanlar satılmalıdır. Gətirilən bütün dərman preparatlarının laborator tədqiqatı yüksək səviyyədə həyata keçirilməlidir. Ekspertiza Mərkəzində dərmanların kimyəvi tərkibi yoxlanılır. Ancaq onların bioekvivalent gücünü, təsirini öyrənmək çox mürəkkəb məsələdir. Həmin tədqiqatın aparılması üçün böyük vəsait lazımdır, ancaq bu məsələnin də həlli yolunu tapacağıq. İkinci istiqamət isə dərmanlan keyfiyyətinə yerlərdə nəzarətin gücləndirilməsidir. Keyfiyyətsiz dərmanların ölkəmizə necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməlidir».

Nazir dərman preparatlarının qiymətinə nəzarət sahəsində problemlərin qısa müddətdə həll ediləcəyini vurğulayıb.

Eyyub Hüseynov
Eyyub Hüseynov

«BİZİM APTEKLƏRDƏKİ NÖVBƏ DÜNYANIN HEÇ YERİNDƏ YOXDUR»

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirir ki, saxta dərman problemi bütün dünyada olsa da, bu, Azərbaycanda daha çox hiss olunur:

«Saxta dərman bütün dünyada dövr edir. Prezidentin dərman qiymətlərinin sabitləşdirilməsi üçün verdiyi göstərişdən sonra bildirmişdik ki, burada təhlükəli məqamlar da ola bilər. Bunlardan biri də ucuz, saxta dərmanları bazara çıxarmaqla qiymətləri aşağı salmaq ehtimalıdır. Keyfiyyətsiz dərmanlar əsasən Hindistandan və Çindən gətirilir. Hindistanda dərman istehsalına böyük liberallıq var. Dərmanın tərkibinə müəyyən molekulların qarışdırılmamasına qadağa yoxdur. Məsələn, bir dərmanın tərkibində tutaq 10 komponent var. Həmin komponentlərdən biri ən bahalısı olur. Ucuz olması üçün sifariş verəndə ya həmin bahalı, vacib komponent çıxarırlar, ya da yarıdan çoxunu azaldırlar. Belə olanda da effekt olmadığına görə xəstə keçir başqa dərmanlara. Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər apteklərdə növbə olmur. Xəstə müalicədə effekt görmür, məcbur olur davam etməyə».

Foto illüstrasiya
Foto illüstrasiya

«HƏKİMLƏR APTEKLƏRLƏ ƏLBİRDİR»

Eyyub Hüseynov deyir ki, dərmanların baha olmasında həkimlərlə apteklər arasında baş tutan sövdələşmə də böyük rol oynayır:

«Həkimlər apteklərlə sıx əlaqədə işləyirlər. Bunu da ifşa etmək çox çətindir. Azərbaycanda həkimləri nəzarətə almaq uğrunda dərman satıcıları arasında böyük mübarizə gedir – kim həkim kollektivini ələ alacaq. Həkimlərə pul verib stimullaşdırırlar, o da xəstəni həmin aptekə yönləndirir. Bunların əlaqəsini kəsmək çox çətindir. Belə olanda da dərman qiymətlərinin üstünə həkimə verilən pul gəlir. Bahalığın bir səbəbi də budur. Dərman yeganə maldır ki, istehlakçı öz xoşu ilə gedib almır. Xəstə də məcburdur ki, həkim yazdığı dərmanı alsın. Həkim resepti yazanda deyir ki, get filan aptekə, orada dərmanlar keyfiyyətlidir. Həmin aptekdən almayanda, həkim deyir ki, mən dediyim yerdən almadığına görə müalicənin effekti olmayıb. Buna görə xəstə məcbur qalıb həmin aptekdən alır».

Bu ayın əvvəlində prezident İlham Əliyev Nazirlər Kabinetindəki çıxışında ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını bildirib. O, əziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar vermişdi.

XS
SM
MD
LG