Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:20

Ruslan Nəsirli: «Məni siyasi fəaliyyətimə görə imtahana buraxmırlar»


Ruslan Nəsirli
Ruslan Nəsirli

-

PROREKTOR: «BİZDƏ YÜZLƏRLƏ BELƏ TƏLƏBƏ VAR»

«Mən siyasi fəal olduğuma görə təhsil aldığım Texniki Universitetdə ayrıseçkiliklə üzləşir, imtahanlara buraxılmıram».

Adıçəkilən universitetin III kurs tələbəsi və AXCP-nin universitet özəyinin sədr əvəzi Ruslan Nəsirli AzadlıqRadiosuna belə deyib.

«DEKANIN OTAĞINDAN ÇIXAN KİMİ POLİS BÖLMƏSİNƏ APARILDIM»

Onun sözlərinə görə, Milli Şuranın 5 aprel mitinqinin təşkilatçılığında fəal olub.

«Görünür, universitet rəhbərliyi bundan xəbər tutub. Aprelin 7-də bizim fakültənin dekanı Həsən Qurbanov məni yanına çağırtdırdı. O, adətən hər mitinqdən sonra mənimlə profilaktiki söhbət aparırdı, məni yolumdan çəkindirməyə çalışırdı. Amma bu dəfə məndən qaiblərimin sayını soruşdu. Bir yerdə saydıq və məlum oldu ki, qaiblərin sayı mən dediyimdən də azdır. Məndə 39 qaib vardı».

Ruslan Nəsirli deyir ki, dekanın otağından çıxan kimi Yasamal rayon Polis İdarəsinin əməliyyatçıları onu 29 saylı bölməyə aparıblar: «Guya mən «Ağ çiçəyim» şadlıq sarayının qabağında ünvansız söyüş söymüşəm. Polisin intizam dəvətinə əhəmiyyət verməmişəm. Ona görə də, Yasamal rayon Məhkəməsi haqqımda20 sutkalıq qondarma həbs qərarı çıxardı».

«QOŞULMUSAN ƏLİ KƏRİMLİYƏ, SƏNİN UCBATINDAN BİZƏ SÖZ GƏLİR»

Tələbə deyir ki, həbs müddəti bitən kimi təhsil aldığı universitetə gedib:

«Mən həbsdə olduğum müddətdə qaiblərim artmışdı. Məhkəmə qərarı ilə bərabər Texniki Universitetin rəhbəri Havar Məmmədova müraciət etdim. O da məni tədris üzrə prorektor Xalıq Yahudovun yanına göndərdi. Qohumumla prorektorun yanına getdik. O, prorektora dedi ki, tələbənin əlində arayış var, üzrlü səbəbdən dərsləri buraxıb, icazə verin imtahanlarda iştirak etsin. Xalıq müəllim mənə açıq şəkildə bildirdi: «Ruslan Nəsirlinin siyasi fəaliyyətinə görə daim bizə söz gəlir. Ona görə də bu tələbəyə köməklik göstərməyəcəyəm». Yenidən rektorun yanına qayıtdıq. O da bizi dinlədi və sonda eyni cavabı verdi. Havar müəllim dedi ki, «qoşulmusan Əli Kərimliyə, sənin ucbatından bizə də təzyiqlər var». Buna görə də mənə kömək göstərə bilməyəcəyini söylədi.

«TƏLƏBƏYƏ TORBA TİKMƏK ÜÇÜN...»

«Bizdə Boloniya sistemini düzgün tətbiq etmirlər. Həmin sistemə görə, tələbənin yalnız məşğələlərdə iştirakı vacibdir, mühazirələrdən azaddır. Ona görə də, mühazirə dərslərinin qaibləri sayılmamalıdır. Ancaq, belə deyək də, tələbəni «torbaya salmaq» üçün mühazirələrdə buraxılan dərsləri də sayırlar». Bunu da Ruslan Nəsirli deyir.

«PLANLARIM POZULUR»

Ruslan Nəsirlinin sözlərinə görə, qaiblərinin üzrlü sayılmamasına görə 6 fəndən kəsir borcu yaranır. O, bu fənlərdən növbəti ildə yalnız ikisini verə biləcəyini deyir: «Mən gələn il dördüncü kursda oxuyacağam. O deməkdir ki, yerdə qalan imtahanlar əsgərlikdən sonra verilməlidir. Çünki universiteti bitirən kimi hərbi xidmətə yollanmalıyam. Yalnız bir il altı aydan sonra qayıdıb bu kəsirlərimi ödəyə biləcəyəm. Bununla da bəzi planlarım pozulacaq. Mən artıq Macarıstanda təhsil almaq üçün sənədləri göndərmişdim. O deməkdir arada iki ilə yaxın vaxt itirəcəyəm. Məni təəssüfləndirən həm bu, həm də ayrıseçkiliyin olmasıdır».

PROREKTOR: «HƏR KƏS ƏQİDƏSİNDƏ AZADDIR»

ATU-nun prorektoru Xalıq Yahudov Ruslan Nəsirlinin dediklərini təkzib etdi: «Siyasi fəaliyyətin bura dəxili yoxdur. Bizdə yüzlərlə belə tələbə var. Gəlin baxın, dördüncü kursu bitirən 180 tələbəni qaibə görə imtahana buraxmırıq. Onu özündən deyir ki, guya cəbhəçi olmasına görə incidirik və ya bizə təzyiq göstərirlər. Bizə bu haqda heç kim heç nə deməyib, deməyəcək də. Kim bizə nə deyə bilər ki? Hər kəs əqidəsində-filanda azaddır».

Prorektor Ruslan Nəsirlinin də imtahana sadəcə qaibləri çox olduğu üçün buraxılmayacağını dedi: «O mənim də yanımda olub, yaxın qohumu ilə gəlib. Biz də izah etdik ki, Nazirlər Kabinetinin 348 saylı qərarıyla tələbənin qaibləri hansısa fəndən 25 faizdən çoxdursa, o, həmin fəndən imtahana buraxılmayacaq. Üzrlü-üzrsüz dəxili yoxdur, qaiblər limiti aşırsa, həmin tələbə imtahana buraxılmayacaq. Amma bu onun universitetdən qovulması demək deyil».

XS
SM
MD
LG