Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:42

Vahid Əhmədov: «Həbslər hələ davam edəcək»


Vahid Əhmədov
Vahid Əhmədov

-

«Verilən kreditlərin geri qaytarılmaması Azərbaycan üçün ən böyük bəladır. Hökumət bunun qarşısını almaq, ayrı-ayrı iş adamlarında qalan vəsaitlərin geri alınması üçün sərt tədbirlərə əl atmalıydı, atdı da».

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

O, bildirib ki, həbslər hələ davam edəcək: «Kredit borcları həddindən artıq çoxalmışdı. Banka borclar çoxdur, ona görə də belə proseslər gedir. Bu, gözlənilən idi. Çünki kredit borcları haradasa 1 milyardı ötmüşdü. Biz dəfələrlə Milli Məclisdə kredit faizlərinin yüksək olması, kreditlərin qaytarılmaması məsələlərinə toxunurduq. Qərar qəbul olunub müəyyən yoxlamalar keçirilir. Kim dövlətin qanun- qaydasını pozubsa, cəzasını çəkəcək. Burada qeyri-adi bir şey yoxdur. Mənə elə gəlir ki, hələ bir müddət bu həbslər davam edəcək, qanunları pozan xeyli iş adamları cəzalanacaq».

Kimlərin həbs olunacağı məsələsinə gəlincə, V.Əhmədov bildirib ki, bu barədə əvvəlcədən proqnoz vermək çətindir: «Dövlətin əmlakı mənimsənilibsə, hər kəs başa düşməlidir, qanun var və o, məsuliyyətə cəlb oluna bilər. Bu, vəzifə sahibidir, məmurdur, şirkət rəhbəridir, fərq eləmir. Qanun qarşısında hamı eynidir. Söhbət Azərbaycan qanunlarının pozulmasından gedir».

«AZƏRENERJİ» İLƏ BEYNƏLXALQ BANK ARASINDA 104 MİLYONLUQ KREDİT QALMAQALI

«Azadlıq» qəzeti yazır ki, iki il öncə Beynəlxalq Bankla «Azərenerji» arasında cəmi 104 milyon manatlıq iki iddia üzrə məhkəmə çəkişməsi başlayıb. Bu fakt «Anonimous» hakerlər qrupunun «Azərenerji»nin kompüterlərindən ələ keçirdiyi sənədlərdən məlum olub.

Qəzet xatırladır ki, iki qurum arasında məhkəmə çəkişməsi hələ də davam edir:

«Birinci iddia Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə qaldırılıb. Bu iddia üzrə cavabdeh tərəf «Sumqayıt REŞ» MMC və «Azərenerji» ASC-dir. İşə Sumqayıt İnzibati İqtisad Məhkəməsi baxıb.

Məhkəmə borcun «Azərenerji» ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb.

Yəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib. Amma aradan iki il keçdikdən sonra hələ də «Azərenerji» ASC-nin bu vəsaiti Beynəlxalq Banka qaytarıb-qaytarmadığı bəlli deyil. Adıçəkilən səhmdar cəmiyyətin həmin kredit borcunu geri ödəmədiyi məlum olarsa, bunun onsuz da karyera baxımından yaxşı günlərini yaşamayan Etibar Pirverdiyev üçün yeni başağrısına çevriləcəyi ehtimalı böyükdür».

KREDİT ÖDƏYƏN YOXDUR, ƏKSƏRİYYƏT GÖZLƏYİR…

«Bizim yol» qəzeti yazır ki, dollarla kredit götürənlərin əksəriyyəti Konstitusiya Məhkəməsinin qərarını gözləyir: «Ölkədə vaxtı keçmiş kreditlərlə bağlı problem kritik həddə çatıb. Mərkəzi Bankın ilin birinci rübünə olan məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 213 milyon manata yüksəlib və ya ümumi kredit portfelinin 5.9 faizini təşkil edir. Fevral ayındakı devalvasiyadan sonra daha kritik vəziyyətin yarandığının şahidi oluruq. İlin əvvəlində müştərilər tərəfindən banklara qaytarılmayan vəsaitlərin həcmi976.3 milyon manat idisə, mart ayında 1 milyard 213 milyon manata qədər yüksəlib. Manatın 33 faizlik devalvasiyasından sonra dollarla götürülən kreditlərin qaytarılmasında ciddi problemlər meydana çıxıb. Ekspertlərin fikrincə, ilin sonuna kimi problem daha da dərinləşə bilər».

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev «Bizim yol»a deyib ki, statistik məlumatlar vəziyyətin çox da kritik olmadığını göstərir:

Samir Əliyev
Samir Əliyev

«Ancaq reallıq başqadır. Geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur. Problemli kreditlərin payı təhlükəli həddi keçib».

S.Əliyev əlavə edir ki, mövcud böhranı heç də təkcə devalvasiya ilə əlaqələndirmək düzgün olmazdı: «Problem başlanğıcını kredit portfelini sürətlə artıran bankların risk menecmentini düzgün qurmamasından götürüb. Onların ən böyüyü Beynəlxalq Bankdır. Çünki Beynəlxalq Bank illərlə qüsurlu və riskli kredit siyasəti aparıb. Bu bankın kredit portfelinin şişməsi paralel olaraq problemli kreditləri şişirdib. Mərkəzi Bankın açıqlamalarının əksinə olaraq problemli kreditlərin istehlak yox, məhz biznes kreditlərinin hesabına artdığını həmişə vurğulamışıq. Günahkarın sadə vətəndaş yox, iri sahibkarlar olduğunu bildirmişik. Nəticə göz qabağındadır. Təbii ki, bu işdə son nöqtəni devalvasiya qoydu. Manatın dəyərini 35 faiz itirməsi dollar kreditlərinin ödəniş məbləğini birdən-birə 35 faiz artırdı. Təsadüfi deyil ki, təkcə fevral ayında dollar kreditləri üzrə problemli kreditlərin həcmi 55 faiz artdı. Banklar 5 milyard manatlıq valyuta kreditini restrukturizasiya etməli oldular. Onların müddəti uzadıldı, faiz dərəcələri bir neçə bənd aşağı salındı. Ancaq bu addım problemi həll edə bilmədi. Səbəb isə Konstitusiya Məhkəməsinin mayın 7-də nəzərdə tutulan iclası idi. Əhalinin Konstitusiya Məhkəməsinin onların xeyrinə qərar çıxaracağı kimi ümidləri gözləmə mövqeyinə keçirtdi və bu da ödəmənin davamiyyətinə ciddi təsir göstərdi. Hazırda əhali və sahibkarlar ödənişi dayandırıblar və qərarı gözləyirlər. Konstitusiya Məhkəməsinin qərarının gecikməsi ödənişlərdə problemlər yaradır».

ÖTƏN İL AZƏRBAYCANDA 30 UŞAQ XƏRÇƏNG XƏSTƏLİYİNƏ TUTULUB

2014-cü ildə qadınlar arasında süd vəzinin, uşaqlıq boynunun, yumurtalığın, mədənin, kişilər arasında isə traxeyanın, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı, onlara mənşə və quruluşca yaxın toxumaların, eləcə də sidik kisəsinin bədxassəli şişlərlə (xərçəng) xəstələnmə halları daha çox qeydə alınıb».

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sayt yazır ki, 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan xəstələrin sayı cəmi 9 min 543 nəfərdir: «Onlardan 4613 nəfəri kişi, 4930 nəfəri isə qadındır».

Statistik rəqəmlər göstərir ki, yaşı 4-ə qədər olan uşaqlarda da bu xəstəliyə rast gəlinib: «Həmin xəstələrin ümumi sayı 30 nəfərdir. Onların 20 nəfəri oğlan, 10-u isə qızlar. Xəstəlik daşıyıcılarından 75 və yuxarı yaşda olanlar cəmi 1040 nəfərdir ki, onlardan 538 kişi, 502 nəfəri isə qadındır».

Rəsmi məlumatda o da bildirilib ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 37 min 932 nəfərdir ki, onlardan da 14 min 446 nəfəri kişilər, 23 486 nəfəri isə qadınlardır.

«MÜHACİRƏT XATİRƏLƏRİN İŞGƏNCƏYƏ DÖNDÜYÜ YERDİR»

«Yeni Müsavat» Avropada mühacirətə getmiş azərbaycanlılarla bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə «Mühacirət xatirələrin işgəncəyə döndüyü yerdir» başlıqla yazıda 2004-cü ilə qədər Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin sürücüsü olmuş, hazırda İsveçdə yaşayan Sərdar Ağayevin mühacirət hekayəsindən söz açılır. Sərdar Ağayev deyir ki, onu mühacirətə 2003-cü il prezident seçkisindən sonra baş verənlər gətirib:

Sərdar Ağayev və ailəsi
Sərdar Ağayev və ailəsi

«Bura gəlmək əvvəldən planımdayox idi. 2003-cü il 15-16 oktyabr hadisələrindən sonra ciddi işgəncələrə məruz qaldım, səhhətimdə problemlər yarandı. «Banditizm»də baş verdi hər şey, işləmək qabiliyyətimi itirdim. Orda 9 gün qaldım, saxlandığım müddətdə Qırmızı Xaç təşkilatından bir nəfər görüşdü mənimlə. O dedi ki, çalışacağam ki, səni burdan çıxarım. 2 gün sonra yenə gəldi və qulağıma pıçıldadı ki, çıxacaqsan. O qədər döymüşdülər ki, gözümün biri tutulmuşdu, böyrəyim partlamış, qabırğam qırılmışdı, qulağımın biri zəif eşidirdi. Başıma güclü zərbələr vurmuşdular. Onlar üçün adi işgəncələrdən biri idi. Amma mən bu olanlardan sonra iş qabiliyyətimi itirmişdim. Gücüm çatmırdı. Azərbaycanda da evim yox idi. Bir balaca gecəqonduda yaşayırdım, dörd divardan ibarət. Onu satdım, dostlar yardım etdi, 4 min 500 dollar pul oldu əlimdə. İsveçə gəlmək istəyirdim. Berlinə çatdım, pulum bitdi. Moskvada bir dostum vardı, o, pul göndərdi. Səhəri gün o pulu götürüb qatara bilet alıb gəldik İsveçə.

-Gəldiniz... Ailə ilə birgə?

- Ailəmlə birgə gəldim. Özümdən çox ailəmi düşünürdüm. İşləmək qabiliyyətim yox idi.

-İsa bəyin reaksiyası necə oldu bu qərarınız qarşısında?

-Dedim ki, getmək istəyirəm, səhhətim imkan vermir. Çox müsbət qarşıladı ki, sən kifayət qədər dözmüsən. Çıxış yolu budursa, sən get.

«MƏHƏK DAŞI»

«Azərbaycan» qəzeti Milli Məclisin deputatı İmamverdi İsmayılovun «Məhək daşı» adlı yazısını dərc edib.

Deputatməqaləsində I Avropa Oyunlarından yazıb: «2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarı tarixi bir qərar idi.

Bu möcüzəni Azərbaycanın inkişafı sayəsində gerçəkliyə çevirmək mümkün oldu.

Bu, həm də Azərbaycanın sosial-iqtisadi inkişafına söykənən qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdi. Bunu Azərbaycan Prezidenti də öz çıxışında xüsusi vurğuladı və xalqımız üçün həm böyük şərəf, həm də məsuliyyət kimi qiymətləndirdi.

«Vaxtımız məhdud idi», - dedi Prezident. – «Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır».

Müəllif yazır ki, Azərbaycanın qısa müddət ərzində - cəmi iki il yarıma bu qədər işin öhdəsindən gələ bilməsi bir Azərbaycan möcüzəsidir: «Bu möcüzəni Prezident İlham Əliyev yaratdı, Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva yaratdı... Qoşa qanad kimi - bir-birinə dəstək olub Vətən naminə, Müstəqillik və Azadlıq, Bolluq və Bərəkət naminə qurub-yaratdılar bu Möcüzələri...

Və Azərbaycan Prezidentinin qədim «Atəşgah» məbədində yandırdığı o MƏŞƏL

Azərbaycanın demokratik inkişafının, ardıcıl tərəqqisinin MƏHƏK DAŞI oldu...».

XS
SM
MD
LG