Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Boz kostyumlu, gülərüz polislər... Bakıda


Azərbaycan polisi
Azərbaycan polisi

-

İlk Avropa Oyunları ilə bağlı Bakıda xeyli yenilik var. Bunları daha çox şəhərin mərkəzi hissələrində görmək olur. Ancaq yeni tikilən idman obyektləri ilə bağlı şəhərdən kənarda da gözəgörünən yeniliklər peyda olub.

Boz kostyumlu, gülərüz polislər... Bakıda
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00
Direct-ə keçid

Məsələn, Bakı Olimpiya Stadionun yerləşdiyi metronun «Koroğlu» stansiyasının ətrafında əvvəlki görünüşdən əsər-əlamət yoxdur. Yaşıllıqlar salınıb, yollar yenilənib. Aeroportdan metroya qədər yolların kənarı daha müasir görkəmdə hasarlanıb, çoxlu ağaclar əkilib.

Zibil qablarının sayı artıb, telefonlar üçün enerji qurğusu peyda olub

Avropa Oyunları ilə bağlı Bakıdakı dəyişikliklərdən biri əvvəllər olmayan yerlərə zibil qablarının qoyulmasıdır. Şəhər sakinləri həmişə zibil qablarının az olmasından gileylənirdi. İndi təkcə mərkəzi küçələrdə deyil, mərkəzdən bir az kənarda da yolboyu yeni zibil qabları qoyulub. Sakinlər də əvvəlki kimi zibilləri ətrafa atmır, bu qablara qoyur.

Enerji yığan aparat.
Enerji yığan aparat.

Milli Parkın «Sahil» metrostansiyası yaxınlığında isə telefon, fotoaparat və başqa texniki cihazlar üçün enerji yığan aparat quraşdırılıb. Üstünə də «Bakı- 2015», «1-ci Avropa Oyunları» yazılıb. Qurğu günəş enerjisi ilə qidalanır, pulsuzdur. Ancaq işləyən xətlərdən üçü artıq sıradan çıxarılıb. Bundan daha çox gənclər faydalanır. Tələbə Arif Məhərrəmli deyir ki, telefonuna enerji yığmaq üçün tez-tez bu qurğudan istifadə edir:

«Çox yaxşıdır, telefonun enerjisi qurtaranda gəlib taxıram. Sağ olsunlar. Nəhayət, bizi də düşünüblər».

MİLLİ CEYRAN, KONDİSİONERLİ METRO

Milli Parkda Avropa Oyunlarının rəmzi sayılan iri nar büstü də var. Adamlar bunun Avropa Oyunları ilə bağlı xatirə şəkli çəkdirmək baxımından yaxşı düşünüldüyünü deyir.

Narın heykəlciyi dəcəl uşağı xatırladır.
Narın heykəlciyi dəcəl uşağı xatırladır.

Avropa Oyunlarının maskotları olan narın və ceyranın isə heykəlcikləri qoyulub. Ceyran al-əlvan paltar «geyinib». Boynunda boyunbağısı, ayağında bəzəkli çarıqları var. Narın heykəlciyi isə dəcəl uşağı xatırladır. Bəlkə də buna görə daha çox uşaqlar onun əlindən tutub şəkil çəkdirir.

Avropa Oyunları ərəfəsində xəttə ikimərtəbəli Bakı-Sumqayıt qatarı da buraxılır. Dəmiryol İdarəsindən verilən məlumata görə, qatar Avropa Oyunlarından sonra da işləyəcək.

Bakı metrosunda isə şəhər sakinlərinin illərlə gözlədiyi kondisionerli qatarlar da Avropa Oyunları ərəfəsində gəlib çıxıb.

Müasir görünüşlü, kondisionerli, əlilləri də unutmayan avtobuslar da oyunlar ərəfəsində Bakıya gətirilib. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Avropa Oyunlarından sonra avtobuslar əsasən şəhərin mərkəzində işləyəcək.

Yaxalarına vurulan polis yazısını görməsən, onların polis olduğunu düşünməzsən.
Yaxalarına vurulan polis yazısını görməsən, onların polis olduğunu düşünməzsən.

ARIQ, NƏZAKƏTLİ POLİSLƏR

Bu günlər şəhərin mərkəzi küçələrində dəstə-dəstə boz kostyum, ağ köynək geymiş, tünd qırmızı qalstuk taxmış qadınları və kişiləri görmək olur. Yaxalarına vurulan polis yazısını görməsən, onların polis olduğunu düşünməzsən. Adını açıqlamaya həmin polislərdən biri söyləyir ki, bu geyim Avropa Oyunlarına görədir. Bakı sakini Gülarə Əliyeva zarafatla deyir ki, «yəqin gələn turistlərə bizdəki polislərin belə arıq, nəzakətli olduğunu görsətmək istəyirlər».

Bakı bulvarı da daxil olmaqla şəhərin mərkəzi hissələrinə WI-FI quraşdırılıb. Yeni açılmış Ağ Şəhər bulvarında isə yaşıl ot örtüyü daha çoxdur.

YAŞILLIQ ÇOXALIB, TEATRLAR DA HƏR GÜN OLACAQ

Ağ Şəhər bulvarında dincələn Firdovsi Məmmədov deyir ki, nəzarətçilər bu yaşıllıqda oturmağa-uzanmağa da imkan versəydi, lap yaxşı olardı.

Ağ Şəhər bulvarı
Ağ Şəhər bulvarı

Bulvarın iki hissəsində isə pulsuz idman qurğuları açılıb.

«Bu qurğular da Avropa Oyunlarına görə açılıb. Ümid edək ki, sonra yığışdırmayacaqlar». Bunu hər gün bura idmanla məşğul olmağa gələn Kamal söyləyir. Ərazidəki mühafizəçi isə deyir ki, qurğular oyunlardan sonra da qalacaq.

Nail BabayevTərlan Kərimli üçün ən böyük dəyişiklik isə əcnəbilərlə ünsiyyətidir:

«Xarici vətəndaşları tez-tez görürəm. Deyirlər, necə gözəl şəhəriniz var».

«Turistlər gəlir, qonaqlar çoxalır, bundan yaxşı nə ola bilər ki?».

Avropa Oyunları müddətində Bakı Musiqi Akademiyasının binası üzərində quraşdırılan xüsusi avadanlıqlar vasitəsilə klassik və milli musiqi səsləndiriləcək. Bu dövrdə Bakıdakı bütün teatrlarda bazar ertəsindən başqa hər gün tamaşa göstəriləcək. Əcnəbilər də başa düşsün deyə, tamaşalar rus və ingilis dillərində sinxron tərcümə ilə nümayiş olunacaq.

FİKİRLƏRİNİZ FORUMDA YAZA BİLƏRSİZ

Fotoqalereya
XS
SM
MD
LG