Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

«İndi hər kəs gözünü Avropa Oyunlarının bitməsinə dikib...»


Natiq Cəfərli
Natiq Cəfərli

-

Qeyri-hökumət təşkilatlarının cinayət işində bir yenilik yoxdur

Nə QHT əməkdaşıdır, nə istintaqa ölkəni tərk edərkən məlumat verməsi barədə iltizama qol çəkib, nə də məhkəməyə şahid kimi çağrılıb, ancaq ölkədən çıxmasına qadağa var. Söhbət REAL-çı Natiq Cəfərlidən gedr.

O, 8 aydır ölkədən çıxa bilməməsinin səbəbini anlamır, hətta baş prokurora müraciət etsə də, ona yalnız şifahi şəkildə gözləməsini tapşırıblar:

“Ötən ilin payızında QHT işi ilə bağlı məni də çağırdılar, sorğu-sual etdilər, sonra Rəsul Cəfərovun işi ilə bağlı çağrıldım. O bizim REAL-da İdarə Heyətində təmsil olunur həm də. REAL-la da bağlı suallar da verdilər.

İki dəfə xaricə səfərə getmək istədim, oktyabrın axırında. Polşa prezidentinin dəvəti ilə bu ölkəyə gedirdim. Sərhəddə məni saxladılar, geri qayıtdım, maraqlandım, dedilər, “narahat olma, həll olunacaq”.

İkinci dəfə də Strasburqa gedəndə yenə də hava limanından geri qaytardılar ki, “hələ qadağa götürülməyib”. Bu zaman artıq rəsmi müraciət elədim, şifahi şəkildə dedilər ki, “bu məsələ həll olunacaq. Ancaq ay yarımdır bir xəbər yoxdur”.

Ancaq ölkədən kənara buraxılmayan təkcə Natiq Cəfərli deyil. “QHT işi” ilə əlaqədar bir neçə ictimai fəala, jurnalistə ölkəni tərk etmək qadağası qoyulub, bir çox QHT-nin hesabı dondurulub.

Ötən ilin yayından Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətləri ilə bağlı qaldırılan cinayət işi hazırda nə yerdədir? İstintaq gedirmi?

Baş Prokurorluq ictimaiyyətə yalnız onlara daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başladığını bildirib. Bəzi QHT rəhbərləri, ictimai fəallar həbs edilib.

“İstintaqda durğunluqdur”

Aynur İmranova
Aynur İmranova

Şahid kimi bir neçə istintaq işinə çağrılan və ölkədən çıxışına qadağa qoyulan Aynur İmranova deyir ki, artıq 15-20 gündən çoxdur daha onu istintaqa çağırmırlar. O hesab edir ki, proses Avropa Oyunlarına görə dayanıb, oyunlardan sonra yeni həbslər, yeni ittihamlar başlaya bilər.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da istintaqda “sükut yarandığını” güman edir. Deyir ki, aldıqları qrantı qeydiyyatdan keçirməyiblər, bank hesabları həbsdədir, istintaqa isə artıq cağırmırlar.

“Ancaq iş də bağlanmayıb, bütün maliyyə fəaliyyətimizi yoxladılar, bizdə hər şey qaydasında çıxdı, ancaq dekabrdan bəri nə bizi istintaqa çağırırlar, nə də işi bağlayırlar ki, bank hesabından həbs götürülsün”, - Mirvari Qəhrəmanlı deyir.

“Təmizlik kağızı vermirlər”

Təşkilatı vergi yoxlamasına məruz qalan QHT-lərdən birinin rəsmisi də deyir ki, yoxlama zamanı heç bir qanun pozuntusu aşkar edilməyib, bununla belə onlara “təmizlik kağızı” da vermirlər:

“Bilmirəm nə edək, hətta təşkilatı bağlamaq istəsək belə, edə bilmirik. Çünki hesabımızda donor pulu var, onu qaytarmalıyıq. Bunun hüquqi yolu nədir, heç onu da bilmirik. Neçə aydır ki, oturub gözləyirik, nə baş verəcək”, - deyə adının çəkilməsini istəməyən müsahibimiz əlavə edir.

“Emin nikbinliyi”

Emin Hüseynov
Emin Hüseynov

“QHT işində” bir neçə dəfə şahid kimi dindirilən Ələsgər Məmmədli nisbətən nikbindir, “hüquq əyilər, amma üzülməz” deyir.

Onu müsbət notlara yükləyən səbəb ictimai fəal, 10 ay İsveçrənin Bakıdakı səfriliyində gizlənməyə məcbur qalan Emin Hüseynovun ölkədən çıxarılmasına şərait yaradılmasıdır:

“Emini buraxdıqları üçün düşünürəm ki, proses səngiyəcək. Nazirlər Kabineti QHT-lərlə bağlı qaydaları müəyyənləşdirib, artıq pis-yaxşı qeyri-müəyyənlik aradan qalxıb. Kimsə tutuldu, həbs oldu, ümid edirəm, daha vəziyyət gərginləşməyəcək”.

O, vurğulayr ki, hazırda bir çox ekspert işsizdir, bəzi aktiv QHT-lər öz fəaliyyətlərini dayandırmaq məcburiyyətindədir: “Əslində QHT hökumətin işinə dəstəkdir. Hökumətin görə bilmədiyi, büdcədən pul ayıra bilmədiyi işləri QHT sektoru kənar vəsaitlərlə həyata keçirir. Buna görə də bir an öncə istər məhkəmə, istər mühakimə işlərinin yekunlaşması vacibdir ki, QHT sektoru nəfəsini dərsin və işləməyə başlasın”.

Ələsgər Məmmədli əlavə edir ki, Avropa Oyunları da Azərbaycanın üzünü Qərbdən çevirməyəcəyinə işarə edir, buna görə də “QHT-hakimiyyət arasındakı gərginliyin” aradan qalxacağına inanır.

Qərb Azərbaycandan həbs edilən ictimai fəalların, jurnalistlərin azadlığa buraxılmasını istəyir, gözlənən əfv isə hələ də baş vermir. İndi hər kəs gözünü Avropa Oyunlarının bitməsinə dikib: Çayın axını hansı səmtə yönələcək?..

XS
SM
MD
LG