Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Thomas de Waal: «Soçi kabusu Bakını izləyir»


-

«Prezident İlham Əliyev ilk Avropa Oyunları sayəsində bütün dünyanın onun ölkəsinə diqqət kəsiləcəyini və heyran olacağını düşünürdüsə, qanı qaralacaq» - Karneqi Fondunun əməkdaşı Thomas Waal «The Moscow Times» qəzetində belə yazır.

«İdman tədbirinin özü, təmtəraqlı açılış mərasimini Avropa mediası yüngül işıqlandırdı. Daha çox ölkədəki insan haqları pozuntularına işıq saldılar», yazan müəllif Rusiya prezidentinin tədbirə qatılmasını da qeyd edir. «O, prezident Əliyevin özünü necə hiss etdiyini bilirdi. Ötən il Soçi Qış Olimpiadasına da çox adam gəlmədi və Putin özünü təhqir olunmuş hiss etdi. Avropa Birliyindən də elə bir yüksəkçinli siyasətçi Avropa oyunlarına gəlmədi».

«Beləliklə, oyunlara reaksiya Əliyevin belə bir hissini gücləndirəcək – Qərb dövlətləri ona elə də hörmət etmirlər. İndi sual odur ki, Azərbaycanla Qərbin ziddiyyəti daha da güclənəcəkmi? Bu parçalanma Əliyev 2013-cü ildə üçüncü müddətə seçiləndən aşkara çıxıb».

Müəllif yazır ki, Azərbaycan indi keçmiş sovet ərazisində ən antiamerikan dövlət adı uğrunda Rusiya ilə yarışır. ABŞ Dövlət katibi John Kerry-yə şəxsi hücumlar, ABŞ təşkilatlarının dövlət çevrilişi cəhdində ittiham olunduğu qeyd edilir. Thomas de Waal yazır ki, oyunlardan sonra da bu tendensiyanın dəyişəcəyi gözlənmir. Qərb dövlətlərinin tənqidi bəyanatları azalmayacaq. Dağlıq Qarabağ ətrafında gərginliyin artacağı qorxusu var. 3 tanınmış qərbyönlü ictimai xadim casusluq ittihamıyla yayın sonu, yaxud payızın əvvəlində məhkəməyə çıxarılacaq. Və nəhayət, noyabrda parlament seçkiləri keçiriləcək.

«Putin və Lukashenko-nun Bakıya səfər etməsinə baxmayaraq, Azərbaycanın tamamilə Rusiya düşərgəsinə keçəcəyi də real görünmür. Ən real model üstünlüklərini saxlayan tərəfdaş kimi Rusiyadan təcrid siyasətini qorumaqdır. Ancaq görünür, Azərbaycan Avropa Oyunlarının ironik nəticəsi kimi daha az Avropa və qərbpərəst olacaq».

Lady Gaga
Lady Gaga

LADY GAGA AZƏRBAYCANDA İNSAN HAQLARINI POZANLARI TƏMİZƏ ÇIXARDI

«Global Post» «Hüquqlar uğrunda idman» kampaniyasının koordinatoru Rebecca Vincent-in məqaləsini dərc edib.

«Lady Gaga-nın ilk Avropa Oyunlarının açılış mərasimində çıxışı dərhal beynəlxalq insan haqları ictimaiyyətinin qınağına tuş gəldi – belə də olmalıydı. Onun çıxışı avtoritar İlham Əliyev rejiminə və onun Azərbaycan vətəndaşlarına qarşı qəddar təzyiqlərinə dəstək kimi qəbul olundu. Bu tanınmış müğənninin seçimi qəribə təsir bağışladı, çünki o, Azərbaycanda hücuma məruz qalan hüquqları daim müdafiə edib», - yazan müəllif U2-nun Monrealda konsertdə Azərbaycandakı siyasi məhbusları yada saldığını xatırladır və qeyd edir ki, «insan haqları kampaniyaçıları Gaga-nın Bakıdakı çıxışını azərbaycanlı fəallara xəyanət saydı».

«Hüquqlar uğrunda idman» kampaniyası Lady Gaga-nı çağırır ki, Azərbaycanda insan haqlarına təzyiqləri pisləsin, həbsdəki jurnalistlərin, insan haqları müdafiəçilərinin azadlığa buraxılmasına çağırsın. Kampaniya həmçinin müğənnini Bakıda aldığı 2 milyon dollarlıq qonorarı siyasi məhbus ailələrinə verməyə səsləyir. «Bilərəkdən ya bilməyərəkdən, Gaga Azərbaycanın pisləşən imicini təmizə çıxarmağı hədəfləyən təbliğat maşınının bir hissəsinə çevrilib. O, həqiqətən də müdafiə etdiyi hüquqları, – və əlbəttə ki, öz nüfuzunu– vecinə alırsa, bu səhvi düzəltməli və göstərməlidir ki, onun insan haqlarına dair susqunluğunu satın almaq olmaz».

«Hüquqlar uğrunda idman» 8 Avropa ölkəsində vətəndaş azadlıqları və insan haqları QHT-lərinin koalisiyasıdır.

XS
SM
MD
LG