Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Hamıdan fərqləndiyi üçün...


Tural Şaxtaxtinski
Tural Şaxtaxtinski

-

Tural Şahtaxtinski

Mən homofob deyiləm

Bəzən oxucular və ya ətrafda olan dostlar sual verirlər ki, niyə başqa mövzularda yazmırsan? Elə həmişə Azərbaycandan, millətdən gileylənir, tənqid edirsən.

Azərbaycan elə bir ölkədir ki, burada heç nə yerində deyil. Sən nədən yazsan, kökü gəlib yaşadığın ölkənin problemlərinə çıxacaq.

Məlumdur ki, cəmiyyətə qarşı çıxsan, səni hər cür damğa gözləyir. Amma cəmiyyət özü hansı durumdadı, bunu o insanlara anlatmaq mümkün deyil.

İndi isə nəinki Azərbaycanda, elə bütün dünyada problemə çevrilmiş insan həyatından, - hamıdan fərqləndiyi üçün, bir qrup qaraguruhçu tərəfindən hədələndiyinə görə, həyatına qıyan geylərdən, lesbianlardan, cinsi oriyetasiyaları fərqli o günahsız bəndələrdən yazıram.

Amma bu problemin bizim cəmiyyətdə tamam başqa tərəfləri ortaya çıxır.

Bir qadın mənə danışır: “Yoldaşımdan ayrılandan sonra hamı məni fahişə adı ilə damğaladı. Özümə nifrət etdim, bilirəm, ölənə qədər məni daş-qalaq edəcəklər. Oğlumun isə gey olduğundan şübhələnirəm. O, hələ məktəblidir. Böyüyüb elə olsa, gərək onu özüm öldürəm. Mənə belə övlad lazım deyil”.

Bu sözləri oxuyub düşündüm ki, həyatı “fahişə” adıyla damğalanan qadın da belə deyirsə, demək məsələ çox qəlizdir. Axı, özü cəmiyyətdə qadın kimi hansı təzyiqlərə məruz qalıb, özünə daha yaxşı məlumdur.

Axı, özü cəmiyyətdə bir insan kimi məhv olub, aşağılanıb. Bəs, övladının insan kimi yaşamasına niyə mane olmaq istəyir?

Bəli, mən homofob deyiləm, istəmirəm, yaşadığım ölkə də daxil olmaqla dünyada yaradılışa qarşı bu qədər iyrəncliklər meydana çıxsın, gözümüzə girsin.

Çoxları düşünür ki, homoseksualların cəmiyyətə ziyanı var, onlar cəmiyyəti məhv edir. Mən burada düşündüklərimdən kənar heç nə yazmaq fikrində deyiləm. Onlar sadəcə insandır, yaşamaq haqları var və mənə heç bir ziyanları yoxdur.

Düzdür, mental dəyərlərin bu qədər müqəddəs sayıldığı bir ölkədə bunu insanlara anlatmaq çox çətindir. Bir dənə bəkarətə görə, qadınlarımızı öldürməyə hazır olan insanların ətrafındayıq.

İsa Şahmarlı intihar edəndə kütlənin reaksiyası məni qorxuya salmışdı. Homofobların gənc bir insanın özünü öldürməsinə sevinməsi dəhşət idi. Hələ də o insanların əlinə fürsət düşsə, homoseksulların öldürülməsininin tərafdarı olacaqlarını düşünüb dəhşətə gəlirəm.

Axı, insan həyatı bu qədər ucuz tutulmamalıdır.

Bu məsələdə daha çox mental dəyərlərə qarşı çıxmağımın əsaslı səbəbləri var. Milli mentalitet insanların azadlığını əlindən alır. Cəmiyyətdə azadlıq olmadısa, bir insan, hətta homoseksual da olsa, özünü homofob kimi qələmə verəcək.

Çünki məsələ tək homoseksualların öldürülməsi deyil. Onlar hər addımda təhqirlə üzləşirlər. Bəzən o təhər təhqir edirlər ki, onların insan olduqlarını belə, unudurlar. Onları intihar həddinə çatdırırlar. Mən bölgələrdə dəfələrlə şahidi olmuşam, öz valideyinləri belə, onların həyatını təhlükəyə atırlar.

Əgər bir cəmiyyətdə mənim yaşamağa haqqım varsa, mənimlə bərabər bütün insanların haqqı olmalıdır. Ona görə də bir gün övladım homoseksual olsa, mən onun yaşama hüququ uğrunda mübarizə aparacam. Bu, müasirlik deyil, yenilik deyil, fərqlilik də deyil, bu, sadəcə insan həyatına dəyər verməkdir.

Düşünürəm ki, hələ uzun illər hamımız bu problemin qarşısında aciz qalacağıq. Çünki “Mən homofob deyiləm” demək belə qəhramanlıq sayılır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG