Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:28

Əliyevə dəyən 60 zərbə...


İlham Əliyev olimpiya məşəli ilə
İlham Əliyev olimpiya məşəli ilə

-

Azərbaycan hökuməti neftin qiymətinin ucuzlaşdığı, manatın dəyərdən düşdüyü ərəfədə Avropa Oyunlarına ev sahibliyi etdiyinə görə tənqid olunanda hökumət üzvləri deyir:

"Bu, Azərbaycanı dünyaya tanıtmaq, pozitiv imic yaratmaq üçün lazım idi".

Doğrudan da 2012-ci il “Eurovision” mahni yarışması zamanı olduğu kimi Avropa Oyunlarına görə dünya mətbuatı Azərbaycana obrazlı desək, zərrəbinlə baxmağa başladı.

Ötən ilin noyabrından bəri təkcə dörd nüfuzlu Qərb qəzetində Avropa Oyunları kontekstində Azərbaycanı tənqid edən azı 60 məqalə dərc olunub:

“Guardian” 34,

“Independent” 5,

“Washington Post” 8,

“New York Times” Oyunları önə çəkərək azı 13 tənqidi məqalə yazıb.

Böyük Britaniyanın ictimai media qurumu, dünyanın jurnalistika standartı sayılan BBC Ümumdünya Xidməti Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı 4 tənqidi yazı dərc edib.

Emin Hüseynov CNN-in efirində
Emin Hüseynov CNN-in efirində

CNN televiziyası hüquq müdafiəçisi Emin Hüseynova 10 dəqiqə ölkədə insan haqlarının vəziyyətini şərh etdirib.

Dünya şöhrətli rokçu Bono səhnədə Azərbaycan siyasi məhbuslarına azadlıq tələb edib,“eybəcər diktator” sözü işlədib.

Başqa sözlə, sərhədləri daxilində tənqidi medianı susduran hökumət Avropa Oyunları keçirməklə özünü dünyanın danışmağa söz axtaran jurnalistlərinin yadına salıb.

Tənqidlər əsasən insan haqlarının vəziyyəti ilə bağlı olsa da, müxbirlər Avropa Oyunlarını da iynələyiblər.

Azərbaycan hökuməti üzvlərinin bu təndiqlərə cavabı şablonlaşıb: Ölkəmizin uğurlarını gözü götürməyən qara qüvvələr bizi tənqid edirlər.

Bəs 70 il SSRİ-nin tərkibində qalmış gənc Azərbaycan Respublikası özünü dünyaya necə tanıtsın?

Hollandiya hörmətlidir, yoxsa Azərbaycan?!

Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, hüququn aliliyini təmin edərək:

“Gərək dünyada hörmət qazanmaq üçün vətəndaşlarının hüququnu qoruyasan, adambaşına düşən milli gəliri artırasan.

Azərbaycan dünyaya tanınmaq üçün bu boyda əziyyət çəkməkdənsə, bu gün Yunanıstanın 1,6 milyard avroluq borcunu bağlasaydı yaxşı PR olardı, indi bütün dünya mətbuatı bundan yazırdı...

Hollandiya Avropa Oyunları keçirmədi nə oldu? Azərbaycana olan hörmət hara, Hollandiyaya olan hörmət hara?! Aydın məsələdir ki, Avropa Oyunlarını keçirmək büdcə vəsaitinin mənimsənilməsi üçün lazım idi”.

“Yunanıstanın 1,6 milyardlıq borcunu bağlayardıq”

Natiq Cəfərli
Natiq Cəfərli

Müxalif ReAL hərəkatının icra katibi Natiq Cəfərli özünün Facebook statusunda yazır:

“Azərbaycan dünyaya tanınmaq üçün bu boyda əziyyət çəkməkdənsə, bu gün Yunanıstanın 1,6 milyard avroluq borcunu bağlasaydı yaxşı PR olardı, indi bütün dünya mətbuatı bundan yazırdı...”

Sovet ənənəsinin davamı

Hollandiyada təhsil alan siyasi şərhçi Rəşad Şirin bu haqda deyir:

“Məncə, postsovet dövlətləri formanı daha üstün tuturlar. Bu da ənənə ilə bağlıdr.

Sovet mədəniyyətində forma hər zaman daha üstün idi, nəinki məzmun. Bazar iqtisadiyyatında isə məzmun ortaya çıxmağa başlayır.

İnsanlara, dünyaya keyfiyyət lazımdır, kəmiyyət yox. Keyfiyyət isə istehsalla baş verir. Bugünkü dünyanın istehsal anlayışı da dəyişir. Xidmət, bilik və s. istehsalı iqtisadiyyatın əsas meyarına çevrilir”.

Müstəqil ekspertlərin qiymətləndirməsinə görə, Azərbaycan Avropa Oyunlarına dörd milyard manata yaxın xərc çəkib.

Niderland 2-ci Avropa Oyunları üçün tələb olunan 65 milyon dolları ödəyə bilməyəcəyi üçün ev sahibi olmağa razılaşmayıb.

XS
SM
MD
LG