Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:39

Elman Rüstəmov:"İpoteka faizi azalır, məbləği 2 dəfə artır"


İlin sonuna kimi dövlət büdcəsindən ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə 200 mln. manat yönəldiləcək

“İpoteka kreditləşməsinin şərtlərinin sadələşdirilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı vəMaliyyə Nazirliyi daha da koordinasiyalı iş görür”. Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə deyib.

"Ölkə başçısı Nazirlər Kabinetinin son iclasında bununla bağlı bir daha öz tapşırıqlarını verdi. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə danışıqları yekunlaşdırıb. Deyə bilərəm ki, Maliyyə Nazirliyi ilə bizim aramızda bir konsensus var", - deyə E. Rüstəmov bildirib.

Baş bankir qeyd edib ki, yekun qərar qəbul olunmadığına görə, o, yalnız gözlənilən yeniliklərin başlıca istiqamətlərini açıqlaya bilər. Onun sözlərinə görə, ilin sonuna kimi dövlət büdcəsindən ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə 200 mln. manat yönəldiləcək. Vəsait Mərkəzi Bankın krediti hesabına ayrılacaq, lakin Maliyyə Nazirliyi əməliyyata dövlət zəmanəti verəcək.

“Bu vəsaitin müəyyən bir hissəsi sosial ipotekaya, müəyyən hissəsi isə kommersiya ipotekasının maliyyələşdirilməsinə yönəldiləcək”, - deyə AMB rəhbəri bildirib.

E. Rüstəmov bildirib ki, yeniliklərdən biri də həm sosial, həm də kommersiya ipotekası üzrə faiz dərəcələrinin aşağı salınmasından ibarətdir. “Bundan başqa, əhali daha çox ipoteka kreditlərinin maksimal məbləğinin azlığından şikayət edirdi. Bu səbəbdən vətəndaşlar daha çox təkrar mənzil bazarına üz tutmalı olurdu. Bunu nəzərə alaraq, həm sosial, həm də kommersiya ipoteka üzrə maksimal məbləğləri 2 dəfə artırmağı nəzərdə tuturuq”, - deyə o qeyd edib.

Mərkəzi Bank rəhbərinin sözlərinə görə, gələn il ipoteka kreditlərinin maliyyələşdirilməsinə “daha əhəmiyyətli vəsait yönəldilə bilər və bununla bağlı da maliyyə naziri Samir Şərifovla danışıqlar olub”.

E. Rüstəmov qeyd edib ki, ipoteka kreditləşməsi ölkənin tikinti sektorunun inkişafına güclü təkan verə bilər ki, bu da ümumilikdə iqtisadi inkişafa müsbət təsir edəcək. “Bununla yanaşı, məsələnin sosial tərəfi də var ki, əhalinin mənzil təminatı problemi öz həllini tapacaq”, - deyə o bildirib.

XS
SM
MD
LG