Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:28

"Sovetski"də qulağı səsdə olanlar var


-

“Deyirlər ya Nərimanovda, ya da Gənclikdə ailəvi yataqxana olmuş doqquzmərtəbədə ev verəcəklər.

Qonşu gedib baxıb, deyir içində mətbəx mebeli, kombisi var”

Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid

“Guya evinin ərazisi kiçik olanlar bu ayın axırı köçməliydilər, ancaq hələ köçən yoxdur. Hamımız köçməliyik. Bu vəziyyətdə kim yaşayar? Toz-torpaqdır. Suyu da kəsdilər”...

Keçmiş Sovetski küçəsində dağıntılar içində yaşayanlar hələ də köçürülmürlər deyə narahatdırlar. Tamilla Əliyeva deyir ki, uçqunları adlayıb paltar sərməkdən, su daşımaqdan yorulub:

“Nəinki pulun məbləğini, heç kvadrat metri dəqiq demirlər bizə. Mən getmək istəyirəm, çünki evim zirzəmi tiplidir, bezmişəm. Rütubətlidir, yaşamaq olmur. Verdikləri pula da nə düşər onu alarıq, onsuz da iki nəfərik”.

“Demirlər ki, axırınız nə olacaq...”

Bu günlərdə xəbər yayılıb ki, evinin ərazisi 25 kvadratmetrdən az olanlara kompensasiya kimi pul yox, ev veriləcək. Evə gedib baxanlar da olub. Zümrüd Salahova 15 kvadratmetrlik evdə həyat yoldaşı, 3 övladı ilə birlikdə yaşayır. Bu xəbər onu da ümidləndirib:

“Deyirlər ki, ya "Nərimanov"da, ya da "Gənclik"də ailəvi yataqxana olmuş doqquzmərtəbədə ev verəcəklər. Hələ çağırmayıblar, çağıranda gedib baxaram. Neyləyək, küçədə qalmayacağıq ki. Qonşu gedib baxıb, deyir içində mətbəx mebeli, kombisi var. Yataqxana binası olsa da, təmir edilib. İki böyük otaq versələr, gedərəm”.

Evi 22 kvadratmetr olan Çingiz Əliyevsə deyir ki, “evi görməsəm, içinə girib yaşamasam, belə nağıllara inanmaram”:

“22 kvadrat evim var. Necə gəlib yazıblarsa, o çıxıb gedəndirlər. İndi heç kim gəlmir. Ancaq danışırlar. Elə də qalıb. Biri gəlib soruşmur ki, “neyləyirsiz, nə fikirləşirsiz?” Bir demirlər ki, sizin axırınız nə olacaq”...

Hərənin bir xatirəsi...

Ərazinin böyük bir hissəsi bəzi yerlərdə dəmirlə, bəzi yerlərdə daşla hasarlanıb.

Hər tərəfdə ucsuz-bucaqsız zibilliklər uzanır. Bir yerdə isə zibillərdən əməlli-başlı dağ yaranıb. Bir neçə yeniyetmə dağıntıların içində nərd oynayır. Böyüklər isə evlərinin kandarında oturub dərdləşir.

Elə ərazisi 25 kvadratmetrdən böyük olan evlərin sahiblərinin də gözləri yoldadır. Gülnarə Əhmədova burda yaşayanların evlərindən çıxmaq istəmədiklərini, istəyənlərin də məcburiyyətdən getməyə hazırlaşdıqlarını deyir:

“Bizim evin şəraiti pis deyil. Ancaq biz nə vaxt köçəcəyik, heç nə demirlər. Hələ ki, ancaq ölçüsünü gəlib götürüblər. Ancaq adamın ürəyi ağrıyır. Nə qədər də olmasa, bura gəlin gəlmişik, uşaq böyütmüşük. Bu məhəllələrdə elə ənənəvi hisslər yaşanıb ki, onu itirmək çətindir”.

Evinin ərazisi 37 kvadratmetr olan Nüsrət Yusifov da ona ev verilməsini istəyir. Çünki hesablayıb, ona verilən 1500 manatla şəhərdə ev alacağını təsəvvür eləyə bilmir:

Hara gedirəm? Qoca vaxtımda aparıb atacaq məni dünyanın axırına. Öz evimdə olmaq, öz evimdə ölmək istəyirəm.

“Ona görə mən də deyirəm ki, ev versinlər. Axı verəcəyi pula şəhərdə ev ala bilməyəcəyəm. Qalacağam küçələrdə. Ondansa oturmuşam evimdə, çıxmıram”.

“Evimdə ölmək istəyirəm”

Yaşının neçə olduğunu xatırlamayan ağbirçək Güllü nənə isə hökumətdən nə ev istəyir, nə də pul:

“Hara gedirəm? Qoca vaxtımda aparıb atacaq məni dünyanın axırına. Öz evimdə olmaq, öz evimdə ölmək istəyirəm”.

Yasamal rayon İcra Hakimiyyətindən bildirdilər ki, evinin ərazisi 25 kvadratmetrdən artıq olan, hələ də ərazidə yaşayanların nə vaxt köçürüləcəyi haqqında məlumat yoxdur. Evinin sahəsi 25 kvadratmetrdən az olanlara isə pul yox, ev veriləcək. Onlara da evin nə vaxt veriləcəyi bilinmir.

Dağıntılar içində isə həyat davam edir. Böyüklər gündəlik qayğılarla çarpışır, uşaqlar futbol oynayır, gənclərsə başını dağıntılar içində nərd oynamaqla qatır...

XS
SM
MD
LG