Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:22

Səfikürdlülərin su istəyi…


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Nə əkin əkə, nə də məhsul götürə bilirik… Susuzluq bizi ruzisiz qoydu bu yay… Qazdığımız quyulardan da duzlu su çıxır. İçə bilmirik. Kənddə hansı qapını döysəniz, böyrəkləri, ciyərləri sıradan çıxıb».

Goranboyun Səfikürd kəndinin sakinləri bu sözləri AzadlıqRadiosunun «Qaynar xətt»inə söyləyib. Onlar, azı, 4 aydır bu kənddə suyun qəhətə çıxdığını söyləyirlər. Təqribən 70 ailənin yaşadığı kənd susuzluqdan çatlayır. Kənd sakini Bəylər Həsənli 60 sotluq həyətyanı sahəsində əkdiyi meyvə ağaclarının qurumasına, 2 hektarlıq pay torpağında əkdiyi məhsulun zay olmasına heyfsilənir:

«ZAY OLMUŞ MƏHSULA GÖRƏ KOMPENSASİYANI KİMDƏN İSTƏYİM?»

«Mənim əziyyətimə, o meyvələr yetişincə çəkdiyim borca-xərcə heyf… Hamısı zay oldu getdi. Bunun məsuliyyəti kimin üzərinə düşür, cavabdehlik kimdədir, kompensasiyanı kimdən tələb etməliyəm, bilmirəm. Bircə onu bilirəm ki, ailəmi ruzisiz qoydular. Subartezian quyusunu bütün yayı düzəltmədilər. Sanki qəsdən düzəltmədilər. Kəndlinin axırıncı ruzisi də əldən çıxsın deyə, düzəltmədilər…».

Kənddəki subartezian quyusu 4 aydır xarab olub. Sakinlərin rayon rəhbərliyində döymədikləri qapı qalmayıb. Əncam çəkən olmayıb. Nəticə də budur ki, 70 ailə əkdiyi məhsuldan, qış azuqəsindən məhrum qalıb.

Kənd sakini Abuzər Sayadov:

«Bu il məhsul götürə bilmədim, suvarma suyu yoxdur, axı. Su qıtlığından həyətyanı sahələrimizdəki ağaclar da quruyub. Çəkilən xərc, zəhmət – hamısı hədər getdi. Kəndli gözünü ağaca dikir, o da bar verməkdənsə qupquru quruyur. Malımız – heyvanımız susuzluqdan məhv olur. Mala-heyvana xəstəlik düşür».

«HƏR AİLƏDƏ BİR BÖYRƏK XƏSTƏSİ VAR»

Kəndlilər toplaşıb yerli icra hakimiyyətinə üz tutublar. Ancaq subartezian qurğusunun təmiri hələ də başlanmayıb:

«Pul umur, verməyəndə də deyirlər ki, bizlik deyil. Kənddə elə ailələr var ki, çıxış yolunu həyətlərində su quyusu qazmaqda görüb. Amma bu quyular da əl vermir. Əvvəla suyun tərkibindəki duz normadan qat-qat çoxdur. Adamlar məcbur qalıb bu suda xörək bişirir. Bu səbəbdəndir ki, kənddə hər evdə azı bir böyrək xəstəsi var. Üstəlik, bu quyuların da hər ay xərci var. Gərək pul verib təmizlətdirəsən».

Goranboy icra hakimiyyətindən bildirdilər ki, ikinci ildir rayonda havalar quraq keçir. Bu, yeraltı suların azalmasına səbəb olur. Subartezian quyularının fəaliyyətinin dayanmasına gəlincə, bu işə Subartezian Quyularının İstismarı İdarəsi cavabdehdir. Xarab olubsa, onlar düzəltməlidirlər. Həmin idarədən bildirdilər ki, yay fəslində suyun azalması ilə əlaqədar subartezian quyuları fasiləsiz işləyir. Ona görə də tez-tez aqreqat hissələri sıradan çıxır. Aqreqatlar xarici ölkələrdən sifarişlə gətirildiyi üçün bəzən təmir işləri gec başa gəlir. İdarədən tezliklə quyunun təmir olunub yenə kəndlilərin istifadəsinə veriləcəyini vəd ediblər.

QUYU TƏMİR OLUNUB

«Kəndlilərdən təmirə görə niyə pul istənilsin ki? Dövlətin balansında olan quyudur, dövlət hesabına da təmir edilir», - bunu da idarədən kəndlilərin onlardan təmirə görə pul istənilməsinə aydınlıq gətirilərkən bildirilib.

Avqustun 9-da Səfikürd sakini Əmralı Hüseynov «Qaynar xətt»ə təkrar zəng vuraraq subartezian quyusunun təmir olunduğunu və kəndlilərin istifadəsinə verildiyini bildirib.

XS
SM
MD
LG