Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:18

Zəncirlənmiş ədalət


Nəriman Mahmud
Nəriman Mahmud

- ZƏNCİRLƏNMİŞ ƏDALƏT

(bədii-publisistik-sənədli roman)

Nəriman Mahmud (Mahmudov Nəriman Məhəmməd oğlu). Zəncirlənmiş ədalət (bədii-publisistik-sənədli roman). - Bakı, 2013. - 232 s.

“Zəncirlənmiş ədalət” kitabında bayrağımızı və şəhidlərimizi dəfələrlə təhqir etdiyi üçün erməni hərbçisi Qurgen Marqaryanı cəzalandıran Azərbaycan zabiti Ramil Səfərovun yaşamış olduğu Qarabağ müharibəsinin acıları, uşaq yaşlarında keçirdiyi sarsıntılar, Cəbrayılın işğalı zamanı ermənilərin törətdiyi vəşhiliklər, doğmalarının görünməmiş vəhşiliklə qətlə yetirilməsi əksini tapmışdır. Kitabda Cəbrayılın özünümüdafiə qüvvələrinin, milli ordumuzun rayondakı bölmələrinin döyüş yolu da təsvir edilmişdir.

Əsərdə həmçinin dünyanın supergüclərinin işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı ermənipərəst mövqeləri, ədalətsiz məhkəmə qərarı ilə ömürlük həbsə məhkum olunan R.Səfərovun 9 illik həbsxana həyatından sonra vətənimizə gətirilərək, əfv edilməsinə kəskin reaksiya göstərmələri, xalqları “ağlar” və “qaralara” bölərək, eyni hadisələri öz maraqları baxımından müxtəlif cür qiymətləndirmələri əks olunmuşdur.

Taxtadan “avtomat” düzəltmək dəb düşmüşdü. Məhəllədən bir az aralıda yabanı halda bitən müxtəlif ağac və kol bitkiləri, xüsusilə də böyürtkən kolları, xırda təpəliklər, dərələr, yar-ğanlar, sanki insan əliylə əkilibmiş kimi torpaqdan “cücərib boy atan” irili-xırdalı sal daşlar, kiçik qayalıqlar uşaqların karına gəlirdi. Təxminən 11-15 yaşlı məktəb uşaqları dərsdən çıxan kimi evə qaçır, tələsik nahardan sonra “avtomatını” da götürüb “səngərlərə”, “cəbhə bölgəsinə” yollanır, iki dəstəyə bölünüb “dava-dava” oynayırdılar. Uşaqların çoxu “dava”nı nəyə görə başladıqlarının fərqində deyildi. Onları bu “uşaq oyununa” iki nəfər məktəbli cəlb etmişdi. Həmin o iki nəfər isə həmyaşıdlarından fərqli olaraq açdığı “savaşa” adi uşaq oyunu kimi baxmırdı. Yaşına uyğun olmayan hədsiz peşəkarlıq və həvəslə taktika seçir, strategiya hazırlayır, “düşmənin” “mövqelərini” ələ keçirmək üçün bir-birinin ardınca uğurlu “əməliyyat” həyata keçirirdilər. Bir-iki nəfəri çıxmaq şərti ilə uşaqlardan heç biri cığallıq eləmirdi. Kim birinci “atəş açır” və “dəqiq nişan alırdısa”, hədəfə götürülən əks tərəf heç nəyi bəhanə eləmədən yerə yıxılaraq ya “şəhid olar”, ya da “yaralanardı”. Beləliklə, “müharibə” qaş qaralana qədər davam edər, sonra hərə öz dəstəsini çəkib evə yollanardı...

1988-ci ilin sonları idi. Bir əsrdə üçüncü dəfə azərbaycanlılar Ermənistandan - öz dədə-baba yurdlarından, doğma ocaqlarından deportasiya olunur, didərgin salınırdılar. Artıq deportasiya başa çatmaq üzrə idi. Bir dəfə uşaqlar “yaraq-yasaqlarını” götürüb “döyüş bölgəsinə” gedəndə “dəstə başçılarından” biri təklif irəli sürərək:

- Uşaqlar, gəlin dəstənin biri erməni, o birisi də azərbaycanlı olsun, - dedi.

Hamı təklifi bəyənsə də, heç kəs erməni olmaq istəmirdi. “Sıravi əsgərlərdən” biri üzü-nü təklif verən dəstə başçısına tutaraq yavaşca soruşdu:

- Ay Ramil, axı uşaqlar nə üçün erməni olmaq istəmirlər? Erməni adam deyil ki?

- Yox, ermənilər də adamdır, amma azərbaycanlıları öz yurdlarından qovur, evlərini yandırıb külə döndərir, var-dövlətlərini əllərindən alır, döyüb öldürürlər, - deyə 11 yaşlı Ramil bu yaşa uyğun olmayan ötkəmliklə cavab verdi. - Hətta eşitmişəm ki, ermənilər əvvəllər də bir neçə dəfə bizim milləti öz torpaqlarından didərgin salıb, Bakıda və Azərbaycanın rayonlarında avtobusları, qatarları partladıb, indi də torpaqlarımıza göz dikiblər, - dedi.

- Doğrudan? Bunu sənə kim deyib? - “Əsgər” maraqlandı.

“Balaca komandir” təəccübünü gizlədə bilmədi, istehza ilə gülümsündü. Tabeliyində olan “əsgərin” sualına azacıq əsəbi tonda elə sualla da cavab verdi:

- Yəni sən televizora-zada baxmırsan, radionu dinləmirsən? Valideynlərindən heç nə soruşmursan? İndi Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb, hamısını qovublar. Bunu məktəbdə müəllimlər də danışırdı ki...

“Əsgər” utandığından başını aşağı saldı, sarı bənizi allandı, burnunun ucuna kimi qızardı. Bir az özünə gəlib bayaqkı utancaqlığına uyuşmayan qətiyyətlə: - Hə, indi bildim ki, nəyə görə heç kəs erməni olmaq istəmir, heç mən də istəmirəm, qoy “dava” başlasın, onların hamısını məhv edəcəyəm, - dedi. Və sanki döyüşə başlayırmış kimi taxta “avtomat”ını çiynindən aşırıb hazır vəziyyətə gətirdi.

Ramil balaca “əsgər”də vətənpərvərlik hisslərinin oyandığına, damarlarında qeyrət və cəsarətin dolandığına sevinsə də, əsəbləşib özündən çıxdığını, artıq özünü idarə edə bilmədiyini görüb onu sakitləşdirməyə çalışdı:

- Hələ dayan, gör nə deyirəm, bizim dinc erməni xalqı ilə işimiz yoxdur. Biz yalnız torpaqlarımıza göz dikənlərin gözlərini oymalıyıq.

- Düz deyirsən, - “əsgər” razılaşdı. - İndi kimi deyirsən, gözlərini oyum.

- Hə, bax, belə! - “Balaca komandir” özünəməxsus əda ilə dilləndi. - Qoy hələ o biri uşaqları “erməni” olmağa razı salım, sonra döyüşərik, - dedi. O biri dəstənin başçısını yanladı, qoluna girib kənara çəkdi. Nə dedisə rəqib dəstənin “komandiri” razılaşdı. Tərəflər hərəsi bir istiqamətə - kol-kosun, ağacın, sal daşların arxasına, yarğanlara, yal-yamaca çəkilib mövqe tutdular. “Avtomatlar” hazır vəziyyətə gətirildi. Hər bir dəstənin özünün “rabitəçiləri” də vardı. “Radiostansiyalar” da “avtomatlar” kimi taxtadan düzəldilmişdi. “Komandirlər” əmr verən kimi “əsgərlər” dərhal hücuma keçdilər. Əvvəlcə “ermənilər” atəş açaraq, torpaqlarımızı zəbt etmək üçün “mövqelərimizə” doğru irəlilədilər. Ramilin dəstəsi əks-hücumla “düşmənin” atəş nöqtələrini “susdurur”, geri çəkilməyə məcbur edirdi. Həmin gün üç saatdan artıq davam edən döyüşdə “erməni” tərəfi “ağır itki verərək” geri çəkildi...

Uşaqların gündəlik “dava-dava” oyunu artıq böyüklərin də diqqətini cəlb etmişdi. Qışın soyuğunda, qarlı havada bir neçə saat nahamar sahələrdə, yal-yamacda o tərəf bu tərəfə qaçmaq asan deyildi. Fasiləsiz qaçış tərləməyə, ardınca soyuqdəyməyə, daha sonra ciddi xəstəliyə səbəb ola bilərdi. Hətta bir neçə nəfər xəstələnmişdi də. Ona görə bəzi valideynlər narahatlıq keçirir, uşaqlarını bu oyundan kənarlaşdırmağa çalışırdılar. Amma nə qədər dil tökürdülərsə, nə illah edirdilərsə, mümkün olmurdu. Yüngül soyuqdəyməsi olan uşaqlar analarının, nənələrinin zorla kürəklərinə dürtüşdürdükləri tibb bankasının altından qalxan kimi “döyüş bölgəsinə” qaçırdılar.

Uşaqlar bu oyuna o qədər aludə olmuşdular ki, ayaqlarını “savaş meydanından” yığıb yığışdırmaq olmurdu. Zaman keçdikcə valideynlər də uşaqların “müharibəsinə” alışır, ermənilərin ərazi iddiaları böyüdükcə, terror aktlarının, kənd və qəsəbələrimizə hücumların miqyası genişləndikcə, itkilərimizin, işğal olunmuş ərazilərimizin, yandırılan kəndlərin sayı artdıqca “dava-dava” oyununa münasibət də dəyişirdi. Hətta oyunu kənardan maraqla müşahidə edənlər də var idi. Böyüklərin marağı məktəbliləri ərazi bütövlüyümüz uğrunda “savaşa” həvəsləndirirdi. 1989-cu il dekabrın 31-də Araz çayı boyunca 137 kilometrlik sərhəddə sərhəd qurğuları, tikanlı məftillər söküləndən sonra “dava-dava” oyununa qoşulan uşaqların sayı da artdı. 1990-cı ilin 20 yanvarında Bakıda törədilən qırğın və bunun ardınca baş verən qanlı hadisələr isə böyükləri də kiçiklərin “savaşına” qoşdu. Valideynlər taxtadan öz uşaqlarına daha “müasir silah” düzəldir, bundan ötrü əl qabiliyyyəti yaxşı olan adamları “silah istehsalına” cəlb edirdilər. “Silah”ların “təkmilləşməsi” uşaqların vətənvərlik hisslərini artırır, “döyüş” ruhunu yüksəldirdi.

Uşaqlar təkcə “savaşla” kifayətlənmir, ermənilərin təcavüzü, ərazi iddiaları barədə faktlarla maraqlanır, sığınmaq üçün yer verdiymiz xain qonşularımızın bizə xain münasibətinin tarixi kökləri barədə böyüklərdən, müəllimlərdən nəsə öyrənməyə çalışırdılar. Artıq 13 yaşına çatmış “balaca komandir” Ramil Səfərov bu işdə də həmyaşıdlarından xeyli irəlidə gedirdi. Gündüzlər oxuduğu məktəbdə müəllimlərindən, axşamlar isə atasından nəsə öyrənər, eşidib yadında saxladıqlarını uşaqlara danışar, onların hisslərini coşdurar, döyüşə ruhlandırardı...

***

1989-cu ilin payızı idi. Ermənistanın Qa-fan şəhərindən Bakıya gedən “Bakı-Qafan” sərnişin qatarı xeyli gecikmişdi. Qatar təxminən axşam saat 10:00-da Cəbrayıl rayonunun ərazisindəki dəmiryol stansiyalarından birində dayandı. Bakı şəhərinə getmək üçün hələ dörd-beş gün əvvəldən bilet alan üç nəfər qatara minməyə tələsdi. Vaqona daxil olar-olmaz tükürpədici mənzərə ilə qarşılaşdılar. Vaqon ağzına qədər təpilmişdi, oturmağa yer yox idi. Qadınların, qocaların, cavanların, uşaqların əlindən tərpənmək olmurdu. Alt yataqlarda dörd-dörd, bəzi yerlərdə beş-beş oturub mürgüləyənlər, ikinci mərtəbədə iki-iki, baş-ayaq uzananlar, yük üçün nəzərdə tutulan üçüncü mərtəbəyə qalxanlar, ayaqüstə dayananlar, vaqon boyu o baş-bu başa gəzinənlər, vaqonun “tamburunda” dayanıb siqaret tüstülədənlər vardı. Gələn adamlar heç nə anlamadılar. Onlardan biri, kənddə hamının “Proqnoz Ələsgər” adlandırdığı, təxminən 45-50 yaşlarında olan Ələsgər kişi vaqon bələdçisinin oturduğu kupeyə daxil olub nə baş verdiyini öyrənmək istədi. Bələdçi onu içəriyə dəvət edib soruşdu:

- Keç, keç, yəqin vaqondakı vəziyyət səni maraqlandırır, deyilmi?

- Hə, elədir, biz üç nəfərik, beş gün əvvəl qatara bilet götürmüşük, amma indi baxırıq ki, vaqon doludur, - deyə Ələsgər cavab verdi. Və yarızarafat yarıgerçək dedi: - Deyəsən, bizim yerləri satıb qurtarmısan, eləmi?

Bələdçi Ələsgərdən beş-on yaş böyük olardı. O da zarafata salıb cavab verdi:

- Eh, ay əmioğlu, sən nəyi qoyub nə axtarırsan. Deyir, “Məcnun dərd əlindən dağlara qaçdı, dedilər bəxtəvər yaylağa çıxıb”.

Vaqon bələdçisi sözünü bitirdi, dərindən köks ötürüb başını buladı. Onun yazıq görkəm alması Ələsgərin diqqətindən yayınmadı. Yenə də maraqlandı:

- Nə baş verib, qardaş, söyləsənə? - soruşdu.

- Daha nə olacaq, ay sağolmuş, vaqondakılar Ermənistanın Qafan rayonundan qovulan azərbaycanlılardır, öz soydaşlarımızdır, Bakıya pənah aparırlar. Heç özüm də bilmirəm ki, neyləyim, bu yazıqları hara yerləşdirim, indi bütün vaqonlar bu kökdədir.

- Allah ermənilərin bəlasını versin, - Ələsgər dilləndi. - Eybi yoxdur, qoy yer-yurdundan didərgin salınan bu binəvalar heç olmasa şəhərə qədər rahatlansınlar, yoxsa Allah bilir, hardasa yerləşənə kimi hansı olmazın əziyyət çəkəcəklər, narahat olmayın, biz yersiz də keçinərik, - dedi.

- Allah köməyiniz olsun, əmioğlu, qatar hər dayanacağa girəndə narahat oluram, halal pulunu ödəyib bilet götürənlərə, zəhmət çəkib yer alanlara nə cavab verəcəyimi bilmirəm, amma siz də içərisində, millətimiz sağ olsun, hələ ki bu stansiyaya qədər heç kim yer davası etməyib, - deyə bələdçi dil-ağız elədi.

- Borcumuzdur, qardaş, “yaman günün ömrü az olar”, onlar da bizim soydaşlarımızdır, - “Proqnoz Ələsgər” dilləndi. Və yanındakı iki nəfərlə birlikdə bələdçinin kupesini tərk etdi.

Dərd insanları birləşdirmişdi. Həmin gecə qatar da adamların dərdinə şərik çıxır, özü ilə birlikdə vecsiz dünyanın “yükünü” çəkirdi. Əlli dörd nəfərlik vaqonların hər biri təxminən iki yüz nəfərlə birgə soyuq payız gecəsinin qaranlığını yara-yara gedirdi. İnsanlığın öldüyü, vicdanın susduğu, bəşəri dəyərlərin, ədalətin dəmir dabanlar altında tapdandığı, zəncirlənib qandallandığı, insanlıq adına nə varsa hər şeyin iyrənc maraqlara, erməniyə və erməniliyə qurban verildiyi həmin gecə gah yeyin, gah da ahəstə yeriyən cansız dəmir çarəsizləri isti “qucağına” almışdı. Həmin gecə sərnişinlərin bir devizi vardı: “bir yer hamı üçün, hamı bir yer üçün!”. Sərnişinlər növbə ilə bir hovur oturur, ya da uzanaraq çimir edirdi...

Gecə saat üç olardı. Qatar naməlum stansiyada xeyli dayandı. Mürgüləmək növbəsində olanlardan savayı hamı vaqonun pəncərəsindən bayıra baxsa da, heç nə anlaya bilmədi. Təxminən 24-25 yaşlarında dilli-dilavər, hündürboylu, sinəsinə tökülmüş qızılı rəngli saçları sifətinə xüsusi yaraşıq verən, fəqət gizlətməyə çalışsa da, qonur gözlərindən kədər boylanan xanım sərnişin bələdçiyə yaxınlaşdı:

- Ay əmi, biz hardayıq, qatar nə üçün getmir ki? - deyə həyəcanla soruşdu.

- Qatarın nəyə görə bu qədər ləngidiyini mən də bilmirəm, qızım, bildiyim təkcə odur ki, biz İmişli rayonunun ərazisindəyik, qatar Vətağa stansiyasında dayanıb, - bələdçi cavab verdi.

- Çoxdanmı dayanıb, əmi?

- Artıq üç saata yaxındır, - bələdçi dedi.

Gənc olsa da təhər-töhründən, danışığından dünyagörmüş, təhsilli, məntiqli adam təsiri bağışlayan xanım sol əlinin şəhadət barmağını bapbalaca dodaqlarının arasından dişlərinin arasına ötürüb yüngülcə dişlədi. Elə bil nədənsə şübhələnmişdi. Uzun barmağını ağzından geri çəkərək, təkcə bələdçinin eşidə biləcəyi zəif səslə: - yəqin qatar burdan o tərəfə gedəsi olmayacaq, - deyə fikrini bildirdi.

Xanımın söylədikləri mənzil başına vaxtında çatıb növbəti reysə qədər yaxşıca dincəlmək, yuxusuzluqdan qıpqırmızı qızarmış gözlərinin acısını almaq, üstəlik vaqondakı vəziyyətlə əlaqədar çəkdiyi əziyyətin ağrısını çıxarmaq istəyən bələdçini də şübhəyə saldı, onsuz da qarışmış əhvalına “soğan doğradı”. Amma qızın söylədikləri hələ ki, fərziyyədən başqa bir şey olmadığı üçün özünə təskinlik verdi, kövrək ürəyində ümid işığı közərdi. “Bu vaxta qədər vaqondan kənara çıxmayan bir qadın, axı hardan bilsin ki, qatar şəhərə gedəsi olmayacaq”, deyə şübhələrini qovmaq istədi. Əvvəlcə xanımın adını soruşdu:

- Adınızı bilmək olarmı, qızım?

- Əlbəttə olar, əmi, adım Dürdanədir.

- Sənə kim dedi ki, qatar daha burdan o tərəfə getməyəcək, bala?

Qızın dodaqları qaçdı. Dedi:

- Heç kim, ay əmi. Daha başqa necə ola bilər? Vaqonlar hamısı ev-eşiyindən qovulan azərbaycanlılarla doludur. Ölkədə də vəziyyət ürəkaçan deyil. Bakıda isə iki yüz mindən artıq erməni yaşayır. Yəqin ki, hökumətin bizi paytaxta buraxmaq fikri yoxdur. Çox güman ki, lap yuxarılardan, Moskvadan tapşırıq gəlib. Eybi yox, biz öz tarixi torpaqlarımızdan - indiki Ermənistandan qovulsaq da olar, qoy gəlmə ermənilər Bakıda xan kefində yaşasınlar.

Gənc qadın sonuncu kəlmələrini istehza ilə söylədi. Bələdçinin gözləri nəmləndi. Dürdanənin adi sərnişin olmadığını, Qafandan qovulduğunu elə indicə anladı. Qadının dedikləri ağlına batdı.

Səhər saat 6-ya qalırdı. Hava yavaş-yavaş işıqlanırdı. Vaqonda da nisbətən seyrəklik yaranmış, ara-bərədə gəzənlərin də sayı azalmışdı. Sərnişinlərin çoxu özünə yer eləyib oturmuş, elə oturduğu yerdəcə yuxuya getmişdi. Görünür, gecədən bir az keçəndən sonra adamlar “kəşfiyyata” çıxmış, başqa vaqonlarda oturmağa, ya da yatmağa yer tapmışdılar. Bələdçi vaqondan yerə düşüb dəmiryol stansiyasının vağzalına tərəf addımladı. Vağzalda geyim-kecimindən vəzifəlilərə bənzəyən bir neçə nəfər və onlardan başqa xeyli adam toplaşmışdı. Kənara çəkilib xısın-xısın danışan üç nəfərə yaxınlaşdı. Onlarla nə xosunlaşdısa dərhal vaqona qayıtdı. Ayaqlarının lap ucuna yeridi ki, arada imkan tapıb yuxuya gedənlər oyanmasın. Oturduğu kupenin qapısı ağzına çatar-çatmaz bayaqkı gənc qadını qarşısında gördü. - Dürdanə, qızım, sənsən? - deyə soruşdu.

- Mənəm, əmi, nə xəbər gətirmisən, qatar nə üçün dayanıb? - qadın maraqlandı.

Sanki bələdçinin dili kilidlənmişdi. Cavab əvəzinə yarımqaranlıq vaqonda başını iki-üç dəfə aşağı endirib qaldırdı. Bu, gənc qadının bayaq dediklərinin təsdiqi idi. Amma Dürdanə xəbəri bələdçinin dilindən eşitmək istəyirdi. Deyəsən, bələdçi də bunu hiss elədi. Köks ötürüb dedi:

- Hə, qızım, sən deyəndi, bura qatarın sonuncu dayanacağıdır. Tapşırıq var ki, heç kəs Bakıya buraxılmasın...

Hava təmiz işıqlanmış, mürgüləyən sərnişinlər də oyanmışdı. Vaqondakılar oyandıqca pəncərədən bayıra baxırdılar. Bakıdan əsər-əlamət görməsələr də, çoxu elə fikirləşirdi ki, qatar gecikib və dayandıqları yer də şəhərin yaxınlığıdır. Hələ ki bələdçi və Dürdanədən, Ələsgər və onunla gələn iki nəfərdən başqa heç kəs qatarın dayandığı stansiyanın sonuncu dayanacaq olduğunu bilmirdi. Vaqonda darıxsalar da çox adam yerə düşmək istəmirdi. Belələrinin əksəriyyəti Qafandan qovulanlar idi. Erməni vəhşiləri payız mövsümünə uyğun geyimlərini götürməyə də imkan verməmişdilər. Qəflətən kəndlərə silahlı hücum çəkib Ermənistan ərazisindən çıxmalarını tələb etmiş, kəndlilər də əyin-başlarındakı pal-paltarla çıxmağa məcbur olmuşdular. Ona görə bayıra nisbətən isti olduğu üçün vaqonu tərk etmək istəmirdilər. Amma təqribən on beş-iyirmi dəqiqədən sonra vəziyyət qəflətən dəyişdi. Bir nəfər özünü tələsik vaqona təpib həyəcanlı səslə ucadan qışqırdı:

- Ay camaat, qatar burdan o tərəfə getməyəcək, xaşih olunur ki, vaqonu tərk edəsiniz!

Kimliyi bilinməyən həmin adamın çağırışı vaqonu lərzəyə gətirdi, əməlli-başlı basabas yarandı. İndi hər kəs yerə düşməyə tələsir, sanki nə baş verdiyini hamıdan əvvəl öyrənməyə can atırdı. Bayaq qışqıran adam da hələ vaqondan aralanmamışdı, yerdə, vaqonun qapısı ağzında dayanıb bayıra çıxanları stansiyanın gözləmə zalına yönəldirdi. Başqa vaqonların sərnişinləri də həmin yerə axışırdılar. Ələsgər də vaqonu tərk edən kimi yoldaşlarını gözləmədən, yeyin addımlarla göstərilən ünvana tələsdi. Özünü içəriyə salıb ora-bura göz gəzdirdi. Gözləmə zalında çayxana və yeməkxanaya bənzər nəsə qondarmışdılar.

Ələsgər gözləmə zalında çox qalmadı. Bayıra çıxan kimi hələ içəriyə girməyə imkan tapmayan yoldaşlarını gördü. Onları kütlənin içərisindən bir az kənara çəkərək: - Özünüzü hara təpirsiniz, - dedi.

- Gəl, gəl keçək içəri, görək camaatı bura niyə topalayırlar, - deyə onlardan biri dilləndi.

Ələsgər yenə də imkan vermədi. Dedi:

- Ehtiyac yoxdur, mən elə indicə ordan çıxıram, bu yazıqlar üçün çay-çörək hazırlayıblar. Elə indicə özünüz eşitdiniz ki, qatarı Bakıya buraxmırlar.

Yoldaşlarından biri zarafatla:

- Hə, deyirəm axı, bu kişi hara tələsir, sən demə səhər-səhər başının “xəbər blokunu” doldurmağa qaçırmış, - dedi.

- Düz deyirsən, zalım oğlu məlumatdan ötrü ölür də, - deyə digər yoldaşı təsdiqlədi. Və payız günlərində isti ocağından didərgin salınanların halına acıdı, üzünü Ələsgərə tutub soruşdu:

- Sən bilərsən, görəsən, Qorbaçov erməniləri cazalandıracaq, bu biçarələri doğma yurdlarına qaytaracaq?

Ələsgərin dərdi açıldı:

- Ay sizə qurban olum, axı neçə dəfə demək olar, başı xallı kişi ölkəni dağıtmağa gəlib, Qarabağ məsələsi də bir fürsətdir, düşüb əlinə. Belə münaqişələrin başında elə Qorbaçovun özü və bir də onun xaricdəki havadarları durur. Bir də ki Avropanın, nə bilim ABŞ-ın bər-bəzəkli, ütülü danışıqlarına aldanıb eləməyin. Ermənilərin arxasında indi necə ki, başı xallı kişi durur, SSRİ dağılandan sonra həmin ölkələr dayanacaq. Onlardan heç vaxt haqq-ədalət gözləməyin. Mən bunu camaata deməkdən yoruldum axı...

Ələsgər sözünü tamamlamamış gözləmə zalının qarşısında hay-küy qopdu. Söhbətini yarımçıq kəsib kütlənin içərisinə cumdu. Camaat kimisə dövrəyə almışdı. - Bu adam bizimlə bir vaqonda gəlib, necə olub ki, onu tanımamışıq, - deyə gənc qadın səsini başına atmışdı. Vaqon bələdçisi də tanış səs eşidib kütləyə yaxınlaşdı. Yanılmamışdı. Camaatın dövrəyə aldığı naməlum adamı sıxma-boğmaya salan qadın Dürdanə idi. O, “Ay camaat, bu adam sizə tanış gəlir?” - deyə yaxındakılardan soruşdu. Görənlərdən bir neçə nəfər tanıdığını desə də, bəziləri orta yaşlı həmin naməlum kişinin tanış gəlmədiyini bildirdi. Amma qadın inadından əl çəkmədi. Səsini bir az da ucaltdı:

- Köpək oğlunun dığası, axır ki, sən erməni olduğunu boynuna alacaqsan, ya yox? Bizi döyə-döyə evimizdən qovanlardan biri sən de-yildin? İndi nə əcəb belə quzuya dönmüsən?

Qızın sonuncu kəlmələri sanki başqalarının da yaddaşını itilədi. Onu tanıyanların sayı artmışdı. Bir neçə nəfər lap ucadan: - hə, odur, özüdür, - deyə qəzəblə qışqırdı. Lakin onların şübhələndiyi kişi and-aman edirdi ki, bəs, erməni deyiləm. Dürdanə ermənilərin xislətinə bələd olsa da, tələsmədi, kütləni sakitləşdirməyə çalışdı. Sonra üzünü həmin adama tutaraq:

- “Fındıq” sözünü de görək.

Şübhəli şəxsin gözləri güldü, dişlərini ağartdı, sanki böyük bir qəhrəmanlıq edirmiş kimi “əmri” yerinə yetirməyə hazırlaşdı. Qürur və inamla, həm də xüsusi intonasiya ilə: - fındıq! - dedi.

- Hə, azadsan! - qadın yavaşca dilləndi. Amma nəzərini ondan çəkmədi, kişi kənarlaşdıqca arxadan onu diqqətlə süzdü. Hələ də şübhəli qaldığı hiss olunurdu. Elə bu vaxt on-on beş metr kənarlaşan kişi kütləni, xüsusən də “gözləri su içmədiyi” dilavər xanımı tam inandırmaq üçün geriyə çevrilib dedi:

- Tanımadın? Mən də sizin qonşu kənddənəm, Pamil kişinin oğluyam.

- Dayan! - Dürdanə arxadan qışqırdı. Ətrafındakılara müraciətlə: - tutun onu, ermənidir, gördünüz, “Famil” sözünü düzgün deyə bilmədi, görünür, bu bic oğlu bic “fındıq” sözünü əzbərləyib ki, belə vəziyyətlərdən çıxa bilsin, axı onlar fındığı bizim dildə “pındıq” kimi tələffüz edirlər.

Qəzəblənmiş kütlə dığanın ardınca qaçdı. Bir-iki təpik vurmuşdular ki, yaxınlıqdakı polis işçiləri özünü yetirib onu camaatın əlindən aldı. Polisin bu hərəkətinə Dürdanənin acığı tutdu. Dedi:

- Bu kişi erməni olmağına ermənidir. Amma onlardan fərqli olaraq bizim dinc erməni ilə işimiz yoxdur. Bu adam bizi doğma yurdumuzdan, ev-eşiyimizdən döyə-döyə, zorla çıxaranlardan biridir. Dünən qadınların, uşaqların qışqırtısı, ah-naləsi ərşə qalxmışdı, çoxumuzun kürəyi bunun kimi tiplərin vurduğu dəyənəklərin təsirindən zolaq-zolaqdır, Allah bunu götürməz.

- Hələ bilmək olmaz, bu adam ermənidir, yoxsa yox, nə olsun ki, “Famil” deyə bilmədi, - polislərin başçısı dilləndi.

Qadın əsəbiliklə cavab verdi:

- Özünüz gördünüz ki, bir neçə nəfər onu dərhal tanıdı, pasportuna da baxa bilərsiniz. Bizim qovulmağımız üçün Qafanın birinci katibi şəxsən özü göstəriş verib. Qovulanda da kəndləri bir-bir gəzirdi, bizim də kəndə gəlmişdi. Dəmiryol vağzalından da bizi şəxsən özü yola saldı. Siz isə erməni quldurunu yaman qoruyursuz, xeyir ola?

- Ay xanım, biz erməni kimi qəddar, qaniçən ola bilmərik axı, indi onun sənədlərini yoxlayıb tədbir görərik, - deyə polis camaatı sakitləşdirməyə çalışdı. Və şübhəlini ərazidən uzaqlaşdırıb sənədlərini tələb etdi. Pasport onun erməniliyini təsdiqləyirdi...

Moskvadan göstəriş gəlmişdi. Qafan rayon partiya komitəsinin birinci katibi və Bakıdan bir neçə nəfər məsul şəxs təcili Vətağaya, dəmiryol stansiyasına gəlməli, elə oradaca tərəflər arasında danışıqlar aparılmalı idi. “Proqnoz Ələsgər”in hardansa qurdalayıb eşitdiyi bu xəbər, rəsmi dövlət adamının döydürüb qovdurduğu azərbaycanlıların arasında bom-ba kimi partladı. Kütlə dərhal stansiya binasının bütün otaqlarının qapısını nəzarətə götürüb katibin gəlişini gözlədi. Günorta saatlarında Bakıdan gələn nümayəndələr giriş qapılarının birindən danışıqlar üçün nəzərdə tutulan otağa keçsələr də, Qafan rayonunun birinci katibi hələ də gəlib çıxmamışdı. İki saatdan sonra Azərbaycan tərəfinin nümayəndələri eyni qapıdan çıxıb stansiya binasını tərk etdilər. Bu vaxt kimsə lap ucadan: - gördünüz, adi bir rayonun katibi heç olmasa Kremlin rəhbərini sayıb danışıqlara da gəlmədi?

Bu söz Ələsgəri özündən çıxardı. Bir az əsəbi tonda: - Ay qardaş, katibin gəlmədiyini hardan bilirsən? - dedi.

- Burdakılar hamısı onu sifətdən yaxşı tanıyır, özün gördün ki, giriş qapılarının ağzını kəsdirmişdik. Gəlib keçsəydi görərdik, kor deyilik ki.

- Ay qardaş, daha nə üçün xətrinə dəyir, yəni düşünürsən ki, Bakıdan gələnlər özləri bir-biri ilə danışıq aparırdılar? Yox. Sən dediyin katibi içəriyə elə qiyafədə ötürüblər ki, heç kəsin xəbəri olmayıb.

Ələsgərin sözü həmin adamın beyninə batdı. - Bağışla, kişi, düz deyirsən, - dedi. - Səncə, Qorbaçov bu köpəyoğlu ermənini cəzalandıracaq? - deyə soruşdu.

- Eh, sən nəyi qoyub nəyi axtarırsan, hələ qorx ki, bu qədər adamı döyüb qovan, payızın soyuğunda çöllərə salan bayaqkı erməniyə bir-iki təpik dəydiyinə görə başı xallı kişi bizi cəzalandırsın.

- Sən nə danışırsan, a kişi, belə də ədalət olar?

- Əlbəttə yox, bu ədalət deyil, ədalətsizlikdir, - Ələsgər təəssüflə başını bulayıb, stansiyadan bir qədər aralıdan keçən asfalt yola tərəf addımladı...

***

Gecə yarıdan keçmişdi, bütün kənd yuxuda idi. Qapı qəflətən aramsız döyüldü. - Görəsən, gecənin bu vaxtı, yuxunun şirin yerində qapını döyən kim olar? - deyə ev sahibi təəccübləndi. Gecə paltarında yuxulu-yuxulu qapıya tərəf addımladı. Yavaş səslə:

- Kimsən? - soruşdu.

Gələn adam sanki arxadan qovurmuşlar kimi təlaşla dilləndi:

- Mənəm, ay zalım uşağı, niyə yatmısınız, Bakıdan xəbəriniz yoxdur?

Ev sahibi gələn adamı səsindən tanıdı. Paltarlarını geyinib bayıra çıxdı. Qapıdan bir az aralanıb tövşüyə-tövşüyə soruşdu:

- Noolub ki, Əhməd?

- Bütün şəhər dağılıb, Bakının altını üstünə çeviriblər, hamını qırıblar. Daha nə olacaq ki? Ruslar paytaxtı dağıdır, ermənilər isə qərb sərhədlərimizdən hücuma keçiblər.

Kənddə elə adam tapılmazdı ki, qohum-əqrəbasından, oğul-uşağından, doğmalarından heç olmasa biri şəhərdə yaşamasın. Odur ki, ev sahibi təşvişə düşdü, dizləri əsdi. “Onsuz da son vaxtlar şayiələr baş alıb gedir, xəbərlərin çoxu yalan çıxır”, - deyə özünə təsəlli verdi. Bir qədər sakitləşdi, özünə gəlib dilləndi:

- Gecənin bu vaxtı xəbəri hardan eşitmisən ki?

- Stansiya növbətçisindən eşitdim, kimsə telefonla ona məlumat verib.

Ev sahibi mənzilə qayıdıb təlaş içərisində onu gözləyən ailə üzvlərini sakitləşdirdi. Amma özü sakitlik tapmadı. Bir yandan da həyətdə zəncirlənmiş əjdaha qüvvətli, kimsənin həyət-bacaya soxulmasına aman verməyən, ailənin “Tolan” deyə çağırdığı alabaş itin, necə deyərlər, cınqırını çıxarmaması onu təəccübləndirmişdi. Görünür, Tolan da həmin gecə camaatla həmrəy olmuş, xalqın dərdinə şərik çıxmış, Əhmədə hürmədən onu sakitcə həyətə buraxmışdı. Ev sahibi də itin müəmmalı yumşaqlığının səbəbini bunda görmüşdü. O, Əhmədə qoşulub, fövqəladə hallarda adətən hamının toplaşdığı dəmiryol stansiyasına getdi. Gözləmə zalının qarşısına xeyli adam yığışmışdı. Hamı dəqiq məlumat almaq istəyir, hərə bir fərziyyə irəli sürürdü. İnsanların hissləri coşmuşdu. Bəziləri kütlədən bir az kənara çəkilib sovet hökumətinə, onun başçılarının ünvanına “yağlı söyüşlər” söyürdü. Yerli orqanlarda kiçik vəzifə tutan bəziləri isə hələ dəqiqləşməyən faciənin birləşdirdiyi çoxluğun qınağından qorxduğuna görə həmin yağlı söyüşlərə aşkarda deyil, xəlvəti dodaq büzürdü. Başqa bir qrup da var idi ki, onlar sovet hökumətindən zorakılıq gözləmədikləri üçün hadisəyə reaksiya verməyə tələsmirdilər. Amma baş verənlər bir qədər şişirdilsə də, xəbər yavaş-yavaş öz təsdiqini tapırdı.

O vaxtlar dəmiryol rabitəsi ən etibarlı və operativ rabitə vasitəsi idi. Həmin gecə növbədə olan ayrı-ayrı stansiyaların növbətçiləri eşitdikləri hər yeni xəbər barədə bir-birini, həm də kənd camaatını məlumatlandırırdılar. Məlumat dəqiqləşdikcə insanlar hiddətlənir, SSRİ-nin dövlət başçısına - başı xallı kişiyə nifrət artırdı. Hətta kəndin kiçik vəzifəli adamlarının da, sovet hökumətinə rəğbəti olanların da çöhrəsində, davranışında dəyişiklik nəzərə çarpırdı. Hisslər getdikcə coşurdu. Gözləmə zalının qarşısına toplaşanlar içərisində fəallığı və mübarizliyi ilə seçilən Əhməd hamını sakitləşdirməyə çalışdı:

- Ay camaat, gəlin dağılışaq, gecəni burda keçirməklə heç nə əldə edə bilmərik. İndi heç kəs səsimizi eşitmir. Sabah yenidən toplaşıb hansı qərar çıxarmaq lazım olduğunu müzakirə edərik. O vaxta qədər də yəqin kimsə şəhərdən gələr.

Üç-dörd nəfər Əhmədin təklifinə dodaq büzsə də, əksəriyyəti razılaşdı. Hamı dağılışıb evinə getsə də rahatlıq tapa bilmədi. Elə bil yataqlarına qarışqa dolmuşdu. Bir az gözlərinin acısını alıb dan yeri sökülməmiş ayağa qalxdılar. Mal-heyvanı yerbəyer edib yüngülvari səhər yeməyindən sonra stansiyaya tələsdilər.

Dünən gecədən yayılan xəbər artıq dəqiqləşmişdi. Rayon mərkəzindəki telefon qovşağı vasitəsilə paytaxtda həqiqətən də qanlı qırğının törədildiyi barədə məlumat alınırdı. Ermənilərin qərb sərhədlərimizdən hücuma keçməsi barədə yayılan xəbərlər isə yanlış idi. Həmin gün kənd məktəbində də dərslər keçilmədi. Müəllim kollektivi ilə bərabər əksər şagirdlər də stansiyaya toplaşmışdı. Kütlə böyüdükcə faciənin miqyası, qətlə yetirilənlərin sayı barədə xəbərlər də bir-birindən kəskin fərqlənirdi. Dünən axşamdan televiziya verilişlərinin müəmmalı şəkildə qəflətən dayandırılması, paytaxtla birbaşa telefon əlaqəsinin olmaması informasiyanın tam dəqiqləşməsini çətinləşdirirdi.

Hamı ümidini o vaxtlar ərazidən keçən və kəndə səhər saatlarında yetişən “Bakı-Qafan” sərnişin qatarına bağlamışdı. Şəhərdə yaşayan kənd adamlarının gəlişi məsələyə aydınlıq gətirə bilərdi. Sərnişin qatarının hərəkət qrafiki isə yanvarın 19-dan 20-nə keçən gecə törədilən vəhşi qırğın barədə ətraflı məlumat verə biləcək bir kimsənin ayın 21-dən tez kəndə gəlməsinə imkan vermirdi. Amma yanvarın 21-də də “Bakı-Qafan” qatarından kimsə düşmədi. Narahatlıq getdikcə artırdı. Artıq üçüncü gündür ki, stansiyaya toplaşan kənd camaatı etiraz aksiyası keçirməkdə qərarlı idi. Aksiyanın planı da hazırlanmışdı. Hamı sərnişin qatarının gəlişini gözləyirdi. Qatar bir neçə dəqiqə geciksə də nəhayət gəlib çıxdı. Camaat vaqondan düşən üç nəfər kənd sakinini elə o dəqiqə dövrəyə aldı. Kəndin yaxınlığında, Araz çayının sahilində, İranla həmsərhəd ərazidəki SSRİ Silahlı Qüvvələrinə məxsus sərhəd zastavasının rus millətindən olan bir zabit və 3-4 əsgəri də qəflətən kənd camaatının toplaşdığı yerdə peyda oldu.

Şəhərdən gələnlər baş vermiş faciə barədə görüb eşitdiklərindən can yanğısı ilə danışır, gözlərini qan örtmüş yadelli hərbçilərin günahsız adamları amansızlıqla qətlə yetirməsindən, avtomatın darağını necə və hara gəldi boşaltmasından, tankların, zirehli transpartyorların əhalinin üzərinə şığımasından danışır, aradabir başı xallı kişini, onun rəhbərlik etdiyi hökuməti lənətləyirdilər. Mahir adlı bir gənc isə yataqxana yoldaşları ilə birgə şəxsən hadisələrin iştirakçısı olduğunu, həmin gecə hər şeyi öz gözləri ilə gördüyünü deyirdi.

- Eşitmişdik ki, sovet qoşunları şəhərə girmək istəyirlər. Amma bunun üçün heç bir səbəb yox idi. Əhali sadəcə erməni separatizminin qarşısının alınmasını, onların Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini tələb edirdi. Hamı əmin idi ki, SSRİ rəhbərliyi istəsə problemin ədalətli həllinə çox qısa müddətdə nail ola bilər. Ona görə də heç bir başqa niyyət olmadan əliyalın halda sovet qoşunlarının qarşısına çıxmışdı. 1988-ci il dekabrın 5-də meydana tank yeridiləndə camaat əsgərləri gül-çiçəklə qarşılamışdı. O vaxt xeyli nümayişçinin xəsarət aldığına və həbs olunduğuna baxmayaraq, əsgərlər camaatı gülləboran etməmişdi. Ona görə heç kəs hərbçilərin dinc əhaliyə atəş açacağına inanmırdı. 19 yanvar gecəsi idi. Saat 12-yə qalırdı. Otaq yoldaşlarımla birlikdə şəhərə çıxıb insanların arasında olmaq istədik. Təxminən 35-40 dəqiqədən sonra atəş səsləri eşitdik. Səs getdikcə yaxınlaşırdı. Artıq atəş açanlar görünməyə başladı. Onlar həm yaşları, həm də davranışlarına görə 18-20 yaşlı əsgərlərə yox, daha çox muzdlu qatillərə bənzəyir, güllələri yağış kimi yağdırırdılar. Biz isə hansı istiqamətə getdiyimizi bilmədən “gecəqondu” deyilən evlərin arası ilə sürətlə qaçır, yol tapmayanda hətta alçaq damların üstünə çıxıb açıq sahələrə tullanırdıq. Əlimizi hər yerdən üzmüşdük. Nəhayət atəş səsləri səngidi, bəxtimizdən sağ qaldıq. Sonradan eşitdik ki, həmin ərazidə xeyli adam qətlə yetirilib.

Gənc oğlan sözlərini qurtarıb dərindən ah çəkdi, gözləri nəmləndi. Bayaqdan kənd camaatının arasında dayanan zabit də gəncin dediklərini sanki anlayırmış kimi söhbətə qarışdı. - Hadisə çox şişirdilir, əslində fövqəladə vəziyyətin qanunlarını pozan, göstərişlərə əməl etməyən bir neçə nəfər yüngül yaralanıb, - deyə öz dilində məlumatı təkzib etməyə çalışdı. Sifətinə ciddi görkəm verib zabitəli səslə diplomatik hədə-qorxu gəldi. Və heç kəsin məhəl qoymadığını görüb susdu. Kirimişcə dayanıb kənd camaatının növbəti addımlarını izləməyi qərara aldı. O vaxtlar sovet hökumətinin əleyhinə sərt ifadələr işlətmək hələ qorxulu olsa da, artıq kimsənin gözünə heç nə görünmürdü.

Adamlar yavaş-yavaş geri çəkilib 8-10 metr kənarda, gözləmə zalının lap qarşısında qoyulmuş masanın ətrafına toplaşdılar. Masa tribunanı əvəz edirdi. Dili söz tutanlar bir-bir masanın arxasına keçib çıxış edir, bəziləri də əvvəlcədən hazırladığı mətni üzünə oxuyur, başı xallı kişini, təcavüzkar erməniləri asıb-kəsir, vətənin bir qarış torpağı uğrunda canından keçməyə hazır olduğunu bildirir, kimin “partbilet”i (o vaxtkı Kommunist Partiyasına üzvlük vəsiqəsi) varsa təhvil verirdi. Düzdür, o dövrün yeganə partiyasının üzvü olmaq hər adamın qismətinə düşmürdü. Belələri həddən artıq azlıq təşkil edirdi. Partbiletini atanlar arasında onu öz canından çox istəyənlər də var idi. Yerli kommunistlərin bu hərəkətləri nədənsə rus zabitini daha çox narahat edirdi. O, kənarda dayanıb baxır və deyəsən hər çıxışı hansı vasitəyləsə qeydə alırdı.

Zabit xeyli müşahidədən sonra kütlənin qəzəb və nifrətdən alışıb yanan gözlərinə baxmaqdan çəkinərək əsgərləri də özü ilə götürüb zastavaya qayıtmışdı. Kənd camaatı isə aksiyanı hələ də davam etdirirdi. Çıxış edənlərdən biri paytaxt sakinlərinin fövqəladə vəziyyətin qanunlarını pozduğu haqda rus zabitinin dediklərini ağ yalan adlandırdı. - “İt itin ayağını basdamaz”, zabit başından yekə qələt eləyir, eşitdiyimə görə fövqəladə vəziyyət qətliamdan sonra elan olunub, - deyə qəti etirazını bildirdi. Bayaqdan kənarda dayanıb baxan “Proqnoz Ələsgər” isə Qarabağ problemini Fələstin-İsrail münaqişəsi ilə müqayisə elədi:

- Ay camaat, qırx ildən çoxdur ki, Fələstin İsrailin işğalı altındadır. Müstəqil Fələstin dövlətinin yaradılması haqqında BMT-nin qərarları yerinə yetirilmir. Qırx ildir ki, sülh danışıqları aparılır, amma hər gün öz halal torpaqlarının geri qaytarılmasını tələb edən fələstinlilərin qanı tökülür. Bunun arxasında nəhəng dövlətlər, xüsusilə də Amerika Birləşmiş Ştatları dayanır. Həmin dövlətlər indi də erməniləri müdafiə edirlər. Bu gedişlə Qarabağ problemi də İsrail-Fələstin münaqişəsi kimi uzanacaq.

Təxminən 58-60 yaşlarında bir kişi də hamını dinləyəndən sonra kütlənin içərisindən çıxıb tribuna deyilən masaya tərəf addımladı. Dünən axşamüstü rayon mərkəzində olduğunu, Bakıdakı doğmalarından biri ilə telefon əlaqəsi saxladığını bildirdi. Kişinin kövrəldiyi açıq-aşkar hiss olunurdu. Özünü toparlayıb dedi:

- Respublika matəm içərisində olsa da, ölkənin hər yerində etiraz aksiyaları keçirilir. Aldığım məlumata görə insanlar fövqəladə vəziyyət şəraitində heç nədən çəkinmədən “Ne perestroyka, a perestrelka!” və həmin sözlərin Azərbaycan dilində qarşılığını - “Yenidənqurma yox, yenidənqırma!” şüarlarını paytaxtın mərkəzi küçələrinə, dəmiryol vağzalının ətrafına, digər ərazilərə yapışdırıblar. Həmin şüarlar başı xallı kişinin “perestroyka”sının gerçək mahiyyətinin izahını verir. Yadınızdadırsa, Qorbaçov hələ hakimiyyətə gələndən az sonra hamı deyirdi ki, bu adam SSRİ-nin axırına çıxacaq. Sizi bilmirəm, vallah, mən buna inanıram. Deyirlər, başı xallı kişi Amerikaya işləyir. Amma nə olursa olsun, burda ermənilərin də barmağı var. Deyilənə görə Amerikada çoxlu erməni yaşayır.

Kişi sözünü bitirib masanın arxasından aralanan kimi kütlə “Qorbaçova ar olsun!”, “Qarabağ bizimdir!”, “Ermənilərə ölüm!” kimi şüarlar səsləndirdi. Elə bu vaxt 13-14 yaşlarında bir məktəbli, camaatın arasından çıxaraq sürətlə gözləmə zalının arxa tərəfinə qaçdı. Pişik cəldliyi ilə qollu-budaqlı çinar ağacına dırmaşdı. Ağacın gövdəsi binanın arxa divarının təxminən 1,5 metrliyində idi. İri budaqlarından bir neçəsi damın üstünə düşürdü. Azad adlı həmin məktəbli çinar ağacının köməyi ilə binanın damına qalxaraq, düz qarşı tərəfə - camaatın görə biləcəyi yerə qədər addımladı. Qəflətən gözləmə zalının ön divarının lap yuxarı tərəfinə sancılmış SSRİ bayrağını çıxarıb tulladı. Yerinə Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağını taxdı. Bayrağın ayrı-ayrı göy, qırmızı və yaşıl parçalardan hazırlandığı, adi tikiş iynəsi ilə bir-birinə calandığı, burda uşaq dəst-xəttinin olduğu aşkar hiss edilirdi. Qırmızı zolağın üstündəki aypara və səkkizguşəli ulduz isə məktəblərdə istifadə olunan ağ tabaşirlə çəkilmişdi. Sən demə Azad dünəndən hazırladığı bayrağı dəmiryol stansiyasının bağında gizlədibmiş...

***

Sifətinin ağır zəhmi həlim xasiyyətinə yaraşmayan müəllim sinif otağına daxil olub jurnalı masanın üstünə qoydu. Adəti üzrə otaqda o baş-bu başa gəzinib əllərini kürsünün arxasına dayadı. Təxminən iki-üç dəqiqə bu vəziyyətdə durub gözlərini məchulluğa zillədi. O, təhrif olunmuş tariximiz barədə əsl həqiqətləri şagirdlərə danışmağı xoşlayardı. Əvvəllər bu haqda danışmaq qorxulu olsa da, ölkədə başlayan xalq hərəkatından sonra vəziyyət bir az dəyişmişdi. Müəllim böyüklərlə yanaşı, çəkinmədən məktəbliləri, xüsusən də yuxarı siniflərin şagirdlərini gerçək tariximiz, dünyada baş verən hadisələr, SSRİ-də gedən proseslər və onun mahiyyəti haqda məlumatlandırır, hətta təlimatlandırırdı. Bunu hələ aşağı sinifdə oxuyan “balaca komandir” də bilirdi. Müəllimin sükutunun mənasını yuxarı sinfin şagirdlərindən eşitmişdi. Eşitmişdi ki, həmin sükutun arxasında böyük bir çoşqu dayanıb. Müəllimin alovlanmaq, dillənmək, dilləndirmək, vətən yanğısını, vətənpərvərlik duyğularını, hisslərini paylaşmaq üçün bir himə bənd olduğunu bilirdi.

Müəllimin düz qarşısında, şagirdlər üçün nəzərdə tutulmuş birinci masanın arxasında əyləşən Ramil sükutu pozmağa çalışırdı. Bundan ötrü çox fikirləşməli olmadı. Taxtadan düzəldilmiş kiçik ölçülü “tapançanı” cibindən çıxarıb əlində tutdu. Müəllimin diqqətini “silaha” cəlb etməklə söhbətə körpü atmaq istədi. “Balaca komandir” yanılmamışdı. Müəllim “tapançanı” görən kimi sifətinə ciddi görkəm verdi. - O nədir elə, ay uşaq? - deyə soruşdu.

- Torpağımıza göz dikənləri, xalqımıza zülüm verənləri, öz yurdlarından qovanları məhv etmək üçündür, müəllim! - Ramil ötkəmcəsinə cavab verdi. Və ardınca: - Düzdür ki, deyirlər başı xallı kişi SSRİ-ni dağıtmağa gəlib? - soruşdu.

Müəllimin danışması üçün elə bu sual kifayət idi. Otaqda daha bir dövrə vurdu, sanki böyük bir izdihamın qarşısında çıxış edirmiş kimi sözə başladı:

- Hakimiyyət başına gələn başı xallı urus mujikindən çoxlarının ağlı bir şey kəsmirdi, bala. Dünya boyda dünyanın altıdan birinə rəhbərlik edən həmin mujikin, tifaqı dağılmış keçmiş Sovet İttifaqında həyata keçirməyə çalışdığı və “yenidənqurma” adlandırdığı demokratiya, azadlıq, aşkarlıq siyasəti birmənalı qarşılanmır, bunu hərə öz qafasının imkanlarına görə qiymətləndirirdi. Çoxluğun gəldiyi qənaət isə təxminən belə idi: başı xallı kişi SSRİ-ni öz içərisindən dağıtmağa gəlib. Bunu məşhur öncəgörən Nostradamusun, ya da müxtəlif dövrlərdə yaşamış başqa ekstrasenslərin proqnozu kimi təqdim edənlər də vardı. Qarşıda bizi nələrin gözlədiyini isə həmin başı xallı kişidən başqa kimsə bilmirdi. Urus mujikinin səpdiyi nifaq toxumunun cücərtiləri yalnız 1988-ci ilin əvvəllərində Xankəndində başlayan, erməni separatçılarının Dağlıq Qarabağın Azərbaycandan ayrılması tələbi ilə o vaxtlar sovet hökuməti üçün xarakterik olmayan ilk mitinqinin keçirilməsindən sonra göründü. Daha sonra bu “toxum” SSRİ-nin başqa respublikalarına səpildi, millətlərarası münaqişə tədricən qızışdı. Amma içəridən sökülməyə doğru gedən nəhəng ölkənin başı xallı rəhbərinin heç tükü də tərpənmir, milli münaqişələrdən sanki zövq alırdı...

Adətən uzun-uzadı danışan, tarixi hadisələri çözələməyi xoşlayan müəllim nədənsə sonuncu kəlməsini deyib susdu. Sifətinə kədər çökdü, gözləri yaşardı. Zəhmli sifətinə uyuşmayan kövrək qəlbi soydaşlarımızın bir əsrdə üç dəfə deportasiya edilməsinə, 20 yanvar faciəsinə, xalqımızın başına gətirilən müsibətlərə dözməmişdi. Yazı taxtasından asılmış xəritəyə tərəf addımladı. Xəritəyə baxmaq bəhanəsilə gözlərinin nəmini, sifətinə çökən kədəri uşaqlardan gizlətməyə çalışdı. Bacarsa da söhbətini davam etdirməyə tələsmədi. Amma “balaca komandir”in marağı ona üstün gəldi. Ramil onun üçün müəmmalı qalan sükutu pozdu:

- Bəs deyirlər ki, Qorbaçov böyük demokratdır.

Şagirdin, yaşına yaraşmayan suallarla müraciət etməsi müəllimi yenidən coşdurdu. Sifətinin kədəri təbəssümlə əvəzləndi. Həmişəki coşqu ilə izahatına davam etdi:

- Başı xallı kişinin ziddiyyətli siyasəti hamını çaşdırmışdı. Nə qədər təzadlı görünsə də onu həm “demokrat”, həm də “diktator” adlandıranlar vardı. Fəqət bu iki zidd xarakterdən hansının digəri üçün pərdə olduğunu kəsdirmək çətin idi. Amma yel qanadlı həftələr günləri, aylar həftələri, illər ayları arxada qoyduqca, Dağlıq Qarabağda separatçı hərəkətlərin miqyası genişləndikcə müəmmalı pərdənin dəlmə-deşikləri də artdı. Başı xallı kişinin ermənilərlə birgə səhnələşdirdiyi tamaşa yavaş-yavaş görüntüləndi. Erməni Qriqoryanın vasitəsi ilə 1988-ci ildə törədilən Sumqayıt hadisələrinin də, elə Topxana meşəsinin də ermənilər tərəfindən qırılmasının təxribat olduğu aşkara çıxdı. Bu siyasətin arxasında münaqişənin daha da alovlanması dururdu.

SSRİ-nin ilk və son prezidenti Mixail Sergeyeviç Qorbaçovun siyasəti təkcə Azərbaycanda deyil, Litvada, Qazaxıstanda, Gürcüstanda, Moldovada, Ukraynada və İttifaqın digər regionlarında da münaqişə ocaqları yaratmışdı. Qorbaçov qaladığı odlu-alovlu münaqişəni elə odla “söndürürdü”. Ölkəyə demokratiya, aşkarlıq gətirir, insanlara “qram-qram azadlıq” verir, fəqət, sözünü aşkar deyənlər, azadlığın dadına bxmaq istəyənlər elə aşkarcasına məhv edilirdi. Amma başı xallı kişinin Dağlıq Qarabağ məsələsinə münasibəti digər münaqişə ocaqlarından köklü şəkildə fərqlənirdi. Bizə qarşı əsassız ərazi iddiası irəli sürən ermənilərin, təcavüz edən tərəfin mövqeyi açıq-aşkar müdafiə olunurdu. Belə tərəfli mövqe isə Azərbaycan xalqını qəzəbləndirmiş, bütün ölkəni etiraz dalğası bürümüşdü.

Nəhayət günlərin birində Qorbaçovun məkrli siyasəti öz bəhrəsini verdi. Dağlıq Qarabağda ilk toqquşma oldu, Əsgəran qəsəbəsinə azərbaycanlıların dinc yürüşü erməni silahlıları tərəfindən gülləboran edildi. Nəticədə iki nəfər azərbaycanlı gənc qətlə yetirildi, 19 nəfər yaralandı. Öz siyasəti ilə artıq mərkəzdənqaçma meyllərini gücləndirən xallı kişi Azərbaycanda vətənpərvərlik hisslərinin oyandığını, xalqın torpaq uğrunda canından keçməyə hazır olduğunu görüncə, ermənilərin üstünlüyünü təmin etmək üçün müxtəlif vasitələrə əl atdı. Getdikcə qızışmaqda olan münaqişənin qarşısını almaqdan ötrü guya hər iki tərəfdən silahların yığışdırılması barədə göstəriş verildi. Amma sonradan məlum oldu ki, Azərbaycandan hətta ov tüfəngləri belə yığışdırıldığı halda erməni tərəfi, əksinə, müxtəlif növ silahlarla təchiz olunurmuş.

Müəllim bu yerdə söhbətinə ara verdi. Amma bayaqkı vəziyyətin təkrarlanmaması üçün fasiləni çox uzatmadı. Sinif otağını bir dəfə dövrə vurub yenidən dilləndi:

- Qorbaçovun bu siyasəti Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılanırdı. Yəqin ki, SSRİ boyda nəhəng dövlətə rəhbərlik edən xallı kişinin özü də həmin siyasətin hansı reaksiya doğuracağını, ciddi fəsadlar törədəcəyini yaxşı bilirdi. Çox keçmədi ki, xalqdan ilk reaksiyalar gəldi. Sənaye şəhəri olan paytaxt Bakının müəssisələrində tətillər başladı. Koordinasiya olunan tətillər daha sonra milli azadlıq hərəkatına çevrildi. SSRİ-nin parçalanma prosesini dayandırmağın ən ədalətli və optimal yolu isə şübhəsiz ki, erməni separatizminin qarşısını almaq, əsassız torpaq iddialarını rəsmi və əməli şəkildə rədd etmək idi. Onsuz da Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, yaxud Azərbaycandan hansısa digər formada ayrılması SSRİ-nin ərazisini dəyişməyəcəkdi. İstənilən başqa addım isə İttifaqın tifaqını dağıdacaqdı. Sovetlər birliyinin saxlanmasında maraqlı olan və olmayan hər kəs bunu çox yaxşı dərk edirdi. Elə dövlətin başında duran başı xallı kişinin özü, həmçinin ermənilər də.

Qorbaçov SSRİ-nin çökməsi və baş verən hadisələrin fonunda bunun məntiqi davamı kimi, deməli, Dağlıq Qarabağın Azərbaycandan ayrılması prosesini sürətləndirirdi. Proses sürətləndikcə milli azadlıq hərəkatı da genişlənirdi. Qarabağın itirilməsi ilə barışmayan xalq artıq Azadlıq meydanını tərk etmir, soyuq payız havasında çadırda gecələyirdi. Üç həftəyə yaxın fasiləsiz davam edən mitinq, nəhayət 1988-cu il dekabrın 4-dən 5-nə keçən gecə meydana xeyli tank yeridən Sovet qoşunlarının hücumu ilə başa çatdı. Hücum sadəcə meydanı boşaltmaq deyil, həm də gərgin olan vəziyyəti bir az da gərginləşdirmək, milli azadlıq hərəkatının qarşısını almaq, qırğınlar törətməklə insanların gözünü qorxutmaq, 20 yanvar faciəsinin konturlarını cızmaq, prosesləri ermənilərin xeyrinə başa çatdırmaq üçün təşkil olunmuşdu.

***

Sovet ordusunun bölmələri təkcə Bakıda deyil, başqa şəhər və rayonlarda da özünəməxsus “qayda-qanun” yaratmışdı. Tarixi adı yenicə bərpa edilən Gəncə şəhərində, Naxçıvanda, Lənkəranda, Xankəndində, Şuşada, respublika tabeliyindəki digər şəhərlərdə fövqəladə vəziyyət elan olunmuş, tuthatut başlamışdı. Amma AzTV-nin enerji bloku partladıldığı üçün telekanalın məlumat ötürmək imkanları yox idi. Əhali yalnız xarici radiostansiyalar vasitəsilə informasiya ala bilirdi. Bakıda törədilən 20 Yanvar faciəsindən yalnız bir həftə sonra Şuşa Televiziyası məhdud dairədə respublikaya yayım imkanları əldə etdi.

Telekanalın kişi əməkdaşlarından biri AzTV-nin axşam yayımladığı xəbərlərin dəqiq vaxtında - saat 20:00-da canlı yayımla ekrana çıxdı. Sovet İttifaqı Kommunist Partiyasını “Sovet İttifaqı Faşist Partiyası” adlandıraraq, informasiya blokadasına alınmış xalqa Bakı qırğını haqda hamının intizarla gözlədiyi məlumatlar verdi. Elə bu vaxt fövqəladə vəziyyət elan edilmiş Şuşanın komendantı bir neçə əsgərlə birlikdə studiyaya daxil olaraq barmağının işarəsi ilə diktoru yanına çağırdı. Jurnalist eyni işarə ilə bir dəqiqə vaxt istəsə də yadelli komendant imkan vermədi. Sonradan həmin diktorun həbsi barədə xəbər yayıldı.

Bakı qırğınından sonra fəallıq göstərənlər, azadlıq istəyənlər, Qarabağın adını çəkənlər həbs edildi, xalq hərəkatının öncülləri zindanlara atıldı. Bütün respublika boyu təqib və təzyiqlər başlanmışdı. Dağlıq Qarabağla həmsərhəd əarzidə yerləşən Cəbrayıl rayon mərkəzinə də SSRİ Silahlı Qüvvələrinə məxsus qoşun hissələrinin bir rotası göndərilmişdi. O vaxtlar erməni həmlələrindən qorunmaq üçün rayon sakinləri yenicə yaradılmağa başlayan özünümüdafiə batalyonlarının sıralarına qəbul olunur, hücuma məruz qalma ehtimalı daha çox olan kəndlərə təlim üçün nəzərdə tutulan məhdud sayda avtomat silahlar paylanırdı. Bu və digər məqsədlərlə rayon mərkəzində hərbi qərargah da yaradılmışdı. 20 Yanvar faciəsindən sonra rayona yeridilən qoşun hissələrinin bölməsi fövqəladə vəziyyət komendantının əmri ilə həmin qərargahı dağıtdı, fəallardan ibarət bir neçə nəfəri həbs edərək naməlum istiqamətə apardı. Yalnız bir neçə aydan sonra həmin adamlar sərbəst buraxıldılar...

Dağlıq Qarabağ ətrafındakı rayonlarda, o cümlədən Cəbrayılda vəziyyət getdikcə gərginləşirdi. Əhalidən hətta ov tüfənglərinin rəsmən yığışdırılması, ermənilərin isə, əksinə, rəsmilər tərəfindən qeyri-rəsmi silahlandırılması qüvvələr nisbətini düşmənlərimizin xeyrinə əhəmiyyətli şəkildə dəyişdirmişdi. Ermənistanla həmsərhəd bölgələrdə Azərbaycan kəndləri tez-tez atəşə tutulur, təxribatlar törədilir, terror aktları həyata keçirilir, nəticədə dinc insanların qanı tökülürdü. SSRİ-nin başında duran başı xallı kişi isə ölkədə baş verənlərin ona aidiyyəti yox imiş kimi susurdu. Məqsədyönlü susqunluq erməniləri bir-birinin ardınca hərbi cinayətlər törətməyə həvəsləndirir, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə inam yaradırdı. Qorbaçovun siyasi dəstəyini hiss edən ermənilər bu inamın ardınca təcavüzkarlıq planlarını genişləndirir, zəbt etdikləri Azərbaycan kəndlərinin sayını artırırdılar.

1988-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandan zorla çıxarılması, soydaşlarımıza dəhşətli işgəncələr verilməsi, qətlə yetirilməsi, dəmir borulara doldurularaq hər iki tərəfdən qaynaq edilməsi Azərbaycan məktəblilərini də hiddətləndirmişdi. Radio və televiziyadan, valideynlərdən, müəllimlərdən eşitdikləri xəbərlər ömürlərinin qayğısız çağlarını yaşayan uşaqları da sarsıtmışdı. 1990-cı ilin 20 yanvarında Bakıda törədilən qırğınlar isə onların uşaq yaddaşında psixoloji iz buraxmış, insanın insana, insanlığa, insanlıq adına nə varsa hər şeyə qarşı vəhşi münasibəti bu məsumların saf qəlbindən qara qanlar axıtmışdı. Faciədən sonra Dağlıq Qarabağ və onun ətrafında, Ermənistanla həmsərhəd rayonlarda axıdılan nahaq qanlar, Azərbaycan ərazisindəki körpülərin, avtobusların, qatarların partladılması, kəndlərin yandırılması, vətəndaşlarımızın əsir və girov götürülməsi, təcavüzün davam etdirilməsi uşaqları öz uşaq dünyalarından tamam ayırmış, artıq ətrafda baş verən qanlı hadisələrə böyük təfəkkürü ilə yanaşmağa başlamışdılar. Məktəblilər eşidib gördükləri barədə təkcə müəllimləri deyil, valideynləri də sorğu-suala tutur, daha çox məlumat almaq, münaqişənin səbəbini, tarixi kökünü öyrənmək istəyirdilər.

Rayon məktəbində belə uşaqlar çox idi. Onların içərisində 13 yaşlı məktəbli Ramil Səfərov xüsusi seçilirdi.

***

İş vaxtı çoxdan başa çatsa da Sahib müəllim hələ evə qayıtmamışdı. 20 Yanvar faciəsindən sonra hər yerdə olduğu kimi onun, baş həkimin təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışdığı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasında da müzakirələr aparılır, hərə öz eşitdiklərindən, gördüklərindən, başı xallı kişinin siyasətindən danışırdı. Bəzən qızğın müzakirələr yüngül mübahisələrə çevrilir, fikirlər haçalanırdı. Zaman isə öz işindəydi, heç kim vaxtın necə gəlib keçdiyini hiss eləmirdi. Amma gün əyilənə yaxın çox adam narahatlıq keçirir, çöl-bayırda, iş-gücdə olan doğmalarının evə qayıtmasını səbirsizliklə gözləyirdi. Çünki rayonda vəziyyət ürəkaçan deyildi, yaxın-uzaq ərazilərdən tez-tez atəş səsləri eşidilirdi. Bir tərəfdən də faciədən sonra rayon mərkəzinə dislokasiya olunmuş sovet ordu hissələri hərbçilərinin özbaşınalığı, bir neçə nəfərin naməlum istiqamətə aparılması, fövqəladə rejimin hökm sürməsi camaatda əlavə gərginlik yaratmışdı.

Nəhəng SSRİ-nin rəhbərliyi böyük iddialı kiçik Ermənistanın qarşısında “aciz” qalmışdı. Əmin-amanlığa, sülhə, sabitliyə zəmanət verən yox idi. Əli dünyanın hər yerinə çatan, Avropa qitəsinin böyük bir hissəsini dəmir dabanları altında inlədən, qərbdən uzaq şərqə, Avropanın şərq sərhədlərindən Amerikanın qərb sərhədlərinə qədər uzanan ucsuz-bucaqsız ərazidə hökmranlıq edən Moskva, bir ovuc erməni separatçılarının əl-ayağını döşünə yığa bilmirdi.

Xaosun hökm sürdüyü, eninə-uzununa can verən imperiyada hər an gözlənilməz hadisələrin baş vermə ehtimalı getdikcə artırdı. Kifayət qədər əsas olduğu üçün hamı nigarançılıq içərisində idi. Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində işləyən Nübar xanım, iş vaxtı çoxdan başa çatdığına baxmayaraq, ömür-gün yoldaşı Sahib müəllimin gecikməsinin səbəblərini bilsə də, narahatlıq onu üzürdü. Ailədə hamı narahat idi. Amma atasının yolunu səbirsizliklə gözləyən balaca Ramil özünün nigarançılığını daha çox büruzə verirdi. Sahib müəllimin gecikməsinin günahkarı sanki ailə üzvləri imiş kimi, hirs-hikkəsini, ağrı-acısını onların üzərinə tökürdü. Ailədə “balaca komandirin” “dərdini” başa düşdükləri üçün heç kim ona baş qoşmurdu. Hamı bilirdi ki, Sahib müəllim ayağını evin kandarına basan kimi Ramil onu sorğu-suala tutacaqdı. Və Sahib müəllim də yorğunluğunu çıxarmadan, oğlunun suallarını həvəslə cavablandıracaqdı.

Qarabağ münaqişəsinin, ermənilərin torpaq iddiasının Azərbaycana gətirdiyi faciələr barədə atasının xronoliji ardıcıllıqla söylədiyi hər yeni faktlar, verdiyi izahatlar “balaca komandiri” sevib-seçdiyi hərbçi peşəsinə doğru addım-addım yaxınlaşdırır, həvəsini bir az da artırırdı. Ramil artıq xəyallar aləmində idi. Gələcəkdə yaşamaq istədiyi hərbçi həyatının xəyallarını qururdu. Elə bu vaxt Sahib müəllim darvazanı açıb həyətə daxil oldu. İş yerində aparılan müzakirələrdən sonra bədbin notlara köklənmiş proqnozlar əhvalını pozsa da, bunu oğlundan gizlətməyə çalışdı, amma bacarmadı. Atasını elə darvazanın ağzındaca qarşılayan “balaca komandir” nəsə hiss eləmişdi. Lakin səbəbini soruşub vaxtı uzatmaq, hələ başlamadığı söhbətin istiqamətini dəyişmək istəmədi. Sanki atasının elə bu dəqiqə geri dönərək, harasa gedəcəyindən ehtiyat edirmiş kimi onu ayaq üstəcə suala tutdu:

- Bu düzdür ki, deyirlər, əvvəllər Ermənistan dövləti olmayıb? Əgər belədirsə...

Sahib müəllim oğlunun nə demək istədiyini dərhal anladı. Mənalı-mənalı gülümsədi. Sualın ardını gözləmədi. Dedi:

- İndi Ermənistan adlanan ərazilər tarixi Azərbaycan torpaqları olub, mənim balam. Azərbaycanlılar müxtəlif vaxtlarda zorla həmin ərazilərdən çıxarılıb, əvəzinə xarici ölkələrdən erməni ailələri köçürülüb. Dağlıq Qarabağda, ümumiyyətlə Qarabağ ərazisində ermənilər olmayıb. Onlar bu ərazilərə xarici ölkələrdən məqsədli şəkildə köçürülüblər. Dağlıq Qarabağ Muxtar Vilayəti də SSRİ-nin təşkilindən bir il sonra - 1923-cü ildə nifaq mərkəzi kimi yaradılmışdı. Yaradılmışdı ki, lazım olan anda bu iki xalq arasında nifaq salaraq, ondan Azərbaycanın əleyhinə istifadə olunsun. İndi baş verənlər də elə həmin siyasətin nəticəsi və davamıdır.

- Bəs Sumqayıtdakı qırğınları necə, onu doğrudan azərbaycanlılar törətmişdi?

- Yox, oğlum. Bu da hiyləgər ermənilərin və başı xallı kişinin işi idi.

- Onda nəyə görə bizi günahkar saydılar? - Ramil təəccübləndi.

Sahib müəllim dərindən ah çəkdi. Bir az yorğun olduğundan bayırda ayaqüstə çox dayanmaq istəmədi. - Gəl içəriyə keçək, uzanıb bir stəkan çay içərəm, sonra söhbəti davam etdirərik, olarmı? - deyə oğluna müraciət etdi. “Balaca komandir” başının işarəsi ilə razılıq verdi. Sahib müəllim yuyunub otağa keçdi. Balışa dirsəklənərək həyat yoldaşı Nübar xanımın elə indicə süzdüyü pürrəngi çaydan bir stəkan isti-isti içib Ramilin sonuncu sualını asta-asta cavablandırmağa başladı:

- Bu məsələnin kökü çox dərinə gedir, oğlum. Ermənilər həmişə bizim torpaqlarımız üzərində qurduqları dövlətin ərazisini genişləndirmək haqda düşünüblər. Bundan ötrü bütün vasitələrə əl atıb, çirkin oyunlara girib, güclü dövlətlərin köməyindən istifadə edib, onlara yarınıb, məqsədlərinə çatmaqdan ötrü namuslarından, qeyrətlərindən keçiblər, hətta bir-birilərini qırıblar...

Sahib müəllim ermənilərin iç üzünə yaxşı bələd olsa da, sanki elə indicə eşidirmiş kimi, danışdıqca onların abır-həyalarını, namuslarını ayaqlar altına atmalarından, yadelli və yaddillilərə satmasından təəccüblənir, aradabir fikrə gedir, gözlərini məchulluğa zilləyib susurdu. Amma sonuncu kəlmələrdən sonra çox fasilə vermədi. Gözünü naməlum nöqtədən çəkib izahının ardını gətirdi:

- Oğlum, 1988-ci ilin fevralında Sumqayıtda törədilən hadisələr zamanı ermənilərin qətlə yetirilməsi də Qarabağın Azərbaycandan ayrılması məqsədi daşıyırdı. Əslində həmin hadisələr Ermənistanın və SSRİ-nin rəhbərliyi tərəfindən idarə olunurdu. Sumqayıt ermənilərinin öldürülməsinə isə milliyyətcə erməni olan Edik Qriqoryan rəhbərlik edirdi. Şəxsən Qriqoryanın özü xeyli ermənini amansızlıqla, vəhşicəsinə qətlə yetirmiş, öz millətindən olan qadınlara qarşı əxlaqsızlıq etmişdi. Özü də öldürdüklərinin hamısı hələ neçə illər əvvəl Qarabağı Azərbaycandan qoparmaq və digər terror hadisələri üçün yaradılmış fondlara pul köçürməkdən imtina edən ermənilər olub. Maraqlıdır ki, Qriqoryan iğtişaşlara başçılıq etsə də, ona cəmi 12 il iş kəsildi, amma cəzasını sona qədər çəkməyərək, bir neçə ildən sonra azadlığa buraxıldı. Əvəzində isə məhkəmə azərbaycanlı Əhməd Əhmədov barəsində ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi...

Sahib müəllim bu yerdə söhbətini yenə yarımçıq saxladı. Xəyal onu insanlığın alçaldığı, ədalətin zəncirləndiyi həmin vaxtlara apardı. Gözləri doldu. Özünü hıçqırmaqdan güclə saxladı. Həyəcanını boğub sözünə davam etdi:

- Ermənilər hər bir qanlı hadisədən öz xeyirlərinə istifadə edirdilər. Özlərinin qurub-quraşdırdıqları Sumqayıt hadisələrini bütün dünyaya yanlış şəkildə çatdıran ermənilər, azərbaycanlıları vəhşi kimi tanıtmaq üçün dəridən-qabıqdan çıxırdılar. Sübut etmək istəyirdilər ki, guya azərbaycanlılarla birlikdə yaşamaq mümkün olmadığı üçün Dağlıq Qarabağın Azərbaycandan ayrılması vacibdir. Onlar Sumqayıt qırğınını törətməklə, həmçinin özlərinin sonrakı cinayətlərinə haqq qazan-dırmaq istəyirdilər. Elə bunun ardınca azərbaycanlılar Ermənistandan kütləvi şəkildə qovuldu, onlara divan tutuldu, evləri yandırıldı. Dədə-baba yurdunu tərk etmək istəməyən soydaşlarımız işgəncə ilə öldürüldü. Başı xallı kişi isə bunu bəhanə gətirərək, guya münaqişənin qarşısını almaq üçün Ermənistana əlavə 13 min nəfərlik hərbi qüvvə yerləşdirdi. Sonradan həmin qüvvələrdən hərbiləşdirilmiş dəstələr yaradıldı. Bu dəstələr Ermənistanda fəaliyyət göstərən və beynəlxalq erməni terror təşkilatının dəstəyi ilə yaradılan “Qarabağ komitəsi”nə tabe idilər. Bundan sonra vəziyyət daha da gərginləşdi. 250 mindən çox azərbaycanlı 1988-ci ilin sonlarına qədər Ermənistandan tamamilə qovuldu...

Ramil atasının dediklərinin bir hissəsini ordan-burdan eşitmişdi. Sahib müəllimin ətraflı izahatı isə onu çox kədərləndirdi. Amma təəccübünü də gizlədə bilmədi:

- Deyəsən, ermənilərə təkcə başı xallı kişi yox, elə biz də köməklik göstəririk.

- Niyə belə fikirləşirsən, oğlum? - deyə, Sahib müəllim də eyni təəccüblə soruşdu.

- Ermənistandakı zəlzələ yadındadır? Ermənilər azərbaycanlılara bu qədər zülüm verir, amma biz onlara yardım əlimizi uzadırıq.

- Düz deyirsən, bala. 1988-ci ilin dekabrında Ermənistanda baş verən zəlzələ zamanı Azərbaycandan xüsusi dəstə təyyarə ilə köməyə göndərildi. Amma dünyada yazılmamış qanunlar var, oğlum. O da insanlıq, insanlığa hörmət qanunudur. Biz sadəcə insanlıq borcumuzu yerinə yetirirdik. O zaman bütün dünya ermənilərlə bizim fərqimizi anladı...

Sahib müəllim sözünü tamamlamadı. Susdu. Dünyanın nəhəng güclərinin münaqişəyə münasibətdə ikili yanaşmasına, Ermənistanın təcavüzkar olduğunu, onların bizimlə fərqimizi anlasalar da haqdan, ədalətdən, insanlıqdan danışa-danışa bu bəşəri dəyərləri ayaqları altına salıb tapdamasına, insanlıqdan kənar maraqlarına qurban verməsinə acıdı. Amma “balaca komandirin” hələ də cavab gözlədiyini görüb sözünə davam etdi:

- Təəssüflər olsun ki, nankor qonşularımız bu dəfə də minnətdarlıq əvəzinə namərdlik göstərib təyyarəni vurdular. 70-dən çox azərbaycanlı həlak oldu, yalnız bir nəfər sağ qaldı. Amma ermənilər onu da öz xəstəxanalarına qəbul etmədilər. Ermənilər hər vasitə ilə Dağlıq Qarabağı Azərbaycandan ayırmağa çalışırdılar. Başı xallı kişi bu məqsədlə 1989-cu ilin əvvəlində Dağlıq Qarabağın Azərbaycanın tabeçiliyindən çıxarılaraq, birbaşa Moskvaya tabe edilməsi ilə bağlı qərar çıxardı. Bunun üçün Xüsusi İdarəetmə Komitəsi yaradıldı ki, ona da erməniləri daim himayə edən, azərbaycanlıların ərazidən sıxışdırılıb çıxarılması üçün onlara köməklik göstərən Arkadi Volski başçılıq edirdi. Bu adam komitə rəhbəri kimi fəaliyyət göstərdiyi 8 ay müddətində Moskvanın tapşırığına əsasən həmişə ermənilərin müdafiəsində dayanmış, azərbaycanlılara qarşı hücumların təşkilində iştirak etmiş, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün əlindən gələni əsirgəməmişdi. Nəhayət xalqımızın tələbi ilə Xüsusi İdarəetmə Komitəsi 1989-cu ilin sentyabrında Azərbaycan Ali Sovetinin qərarı ilə ləğv olundu. Düzdür, bundan sonra vəziyyət heç də dəyişmədi. Ona görə ki, başı xallı kişi artıq öz işini görmüşdü. Amma komitənin ləğvi hər halda xalqımızın müqavimət göstərmək gücündə olduğunu sübut elədi.

***

Bakıda törədilən 20 yanvar faciəsi ermənilərin mövqeyini bir qədər də möhkəmləndirmişdi. Qırğından sonra bütün ölkə boyu xalq hərəkatının fəallarına, erməni təcavüzünün qarşısını almaq iddiasında olan Azərbaycan oğullarına qarşı təqib və təzyiqlərin davam etdirilməsi Ermənistanın və Dağlıq Qarabağın erməni separatçılarının əlinə fürsət vermişdi. Yaranmış vəziyyət təcavüzkarlıq planlarını həyata keçirmək üçün onların qarşısında geniş imkanlar açmışdı. Erməni terroru getdikcə genişlənir, daha böyük əraziləri əhatə edir, bir-birinin ardınca terror hadisələri törədilir, yaşayış məntəqələrinə hücum təşkil edilir, avtobuslar, qatarlar partladılır, dinc insanlar qətlə yetirilirdi. Başı xallı kişi isə adəti üzrə gah susur, gah da təcavüzə məruz qalan Azərbaycan tərəfini sakitləşdirmək, azərbaycanlıların artan qəzəbini soyutmaq, vətənpərvərlik hisslərini cilovlamaq üçün ermənilərin hərəkətlərini yüngülvari tənqid edir, Ermənistana irad tuturdu.

Ermənilərin “Qarabağ” adlı terror təşkilatının azərbaycanlıları qətlə yetirməsi, çoxsaylı qətllərlə nəticələnən partlayışlar haqqında məktəblilərin qulağına çatan xəbərlər onları getdikcə daha çox düşündürürdü. Uşaqlar artıq ”dava-dava” oyununa uşaq düşüncəsi ilə deyil, gələcəyin potensial hərbçisi kimi yanaşırdılar. Onların bəzilərində hərbçi peşəsinə güclü maraq oyanmışdı. Erməni separatçılarının vəhşi təcavüzünün fəsadlarının, əsassız ərazi iddialarının qanlı nəticələrinin qeydiyyatını aparan müəllim münaqişə başlayandan üzü bu yana görüb eşitdiklərini özünün gündəliyinə salır, məktəblilərin verəcəyi suallara cavab hazırlayırdı. Uşaqlar da səbirsizliklə vətənpərvər müəllimin dərsini gözləyər, dünyanın hər yerindən verdiyi xəbərləri həyəcan qarışıq həvəslə dinləyərdilər...

1991-ci il yanvarın əvvəlləri idi. Dərsə beş dəqiqə gecikən müəllim nəhayət sinfə daxil oldu. Sifətinin ifadəsi dolmuş buludu xatırladırdı. Dilxor olduğu aşkar hiss edilirdi. Jurnalı elə kənardanca masanın üstünə atıb, adəti üzrə sinif otağında iki dəfə dövrə vurdu. Qayıdıb yerində əyləşdi, jurnalda qeydlər aparıb yenidən ayağa qalxdı. Nədənsə qınayıcı nəzərlərlə şagirdlərə baxdı. Gözlədiyi sualı eşitmək istəsə də, səsini içinə saldı. Uşaqların həssaslığını sınağa çəkmək istəyirmiş kimi səbrini basıb gözlədi. Cəsarətinə və marağına bələd olduğu üçün sükutu ilk dəfə Ramilin pozacağına əmin idi. Zəndi onu aldatmamışdı. “Balaca komandir” əlini qaldırıb icazə istədi:

- Üzr istəyirəm, müəllim, deyəsən qanınız qaradır. Yenə nəsə olub?

- Olub, oğlum, olub , - deyə müəllim ağır-ağır cavab verdi. Və elə ağır addımlarla sinif otağında yenidən dövrə vurub qayıtdı. Ayaqüstəcə əlləri ilə masaya dayaqlanıb köks ötürərək əlavə etdi:

- Bir az əvvəl Laçın-Şuşa avtomobil yolunda bir neçə erməni terrorçusu tanınmış jurnalist, “Molodyoj Azerbaydjan” qəzetinin müxbiri Salatın Əsgərovanı və onunla birlikdə digər iki nəfər hərbçini amansızlıqla qətlə yetirib.

Müəllim bunu deyib susdu. İxtityarsız olaraq bütün bədəni boşaldı. Qəzəb və can yanğısının doğurduğu nəfəskəsici həyəcanı boğmağa, bunu şagirdlərdən gizlətməyə çalışdı. Qollarını güclə masaya dayayıb kürsüyə əyləşdi. Çox keçmədi ki, özünü ələ aldı. Düşdüyü çətin vəziyyətdən məharətlə çıxmağı bacardı. Deyəsən, uşaqlar onun vücudunda baş verən ani dəyişikliyi hiss etməmişdilər. Müəllim də təxminən belə düşünürdü. Şagirdlərin, xüsusilə də son dərəcə həssas olan “balaca komandir”in nəzərlərini yayındırmaq üçün sükutu pozmaq, diqqəti yenidən erməni terroruna yönəltmək istədi. Amma gecikdi. Ağzını açmağa macal tapmamış Ramil təəccüblə soruşdu:

- Müəllim, öldürülən hərbçilər ermənilərə nəsə etmişdilər ki?

- Yox. Necə məgər? - müəllim maraqlandı. “Balaca komandir”in bu sualı yersiz ünvanlamadığını bilsə də heç nə soruşmadan onun cavabını gözlədi.

- Bəs o əclaflar qadına necə əl qaldıra bildilər? - deyə Ramil cavab verdi. - Yəqin Salatın Əsgərova da onlara pislik etməyib, elə deyil?

- Elədir, oğlum, elədir. Amma insaf, vicdan, insanlıq deyilən şey bu məxluqlara yaddır. O da ola erməni terrorçusu. Onlar insanın, insanlığın, xüsusən də türkün düşmənidir, bala. Öz uşaqlarını da türkə nifrət ruhunda böyüdürlər. Belələrinin əlindən pislikdən, ölüm və qan-qadadan, qırğından, terrorçuluqdan başqa heç nə gəlmir.

- Bəs ermənilər nəyə görə türkləri özlərinə düşmən hesab edir, torpaqlarımıza göz dikirlər? Məgər nə vaxtsa onların xətrinə dəymişik ki? - “Balaca komandir” soruşdu.

- Əlbəttə, yox. Biz onlara heç vaxt pislik etməmişik. Əksinə, xarici ölkələrdən qovulan ermənilərə öz torpaqlarımızda sığınacaq vermişik, işlə təmin etmişik. Onlar ölkəmizin ən gözəl yerlərində məskunlaşıblar. Həmişə də bizdən yaxşı yaşayıb, yüksək vəzifədə çalışıblar. Öz torpaqlarımızdan zaman-zaman pay verdiyimiz Ermənistanda isə azərbaycanlılar daim təzyiqə, ayrı-seçkiliyə məruz qalıblar, onlara dövlət orqanlarında vəzifə tutmağa imkan verilməyib. Amma neyləyəsən ki, ermənilərin xisləti belədir. Onlar lap elə yaranışdan ikiüzlü, hiyləgər, paxıl, xain, qəddarlara və güclülərə qarşı yaltaq, zəiflərə və həlimlərə, yumşaqlara, nəciblərə qarşı amansızdırlar. Onlar bineyi-qədimdən belədilər, oğul. Böyük tarixi şəxsiyyətlər də onlar haqqında pis fikir söyləyiblər.

- Nə deyiblər ki?

- Məsələn, alman səyyahı A.Kerte deyib ki, ermənilərlə iş görərkən, heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, o vaxt sadəcə şərlə üzləşəcəksiniz, onlarla rastlaşmaq da təhlükəlidir, hətta yuxuda görmək də xeyir gətirmir. Hətta ermənilərlə həmişə yaxşı münasibətləri olan Fransada belə bir atalar sözü var: “Erməniyə əsla etibar etmə”. Fransız səyyahı De-Şolye də ermənilərlə heç vaxt dil tapa bilmədiyini, onların iyrənc hiyləgərliyə, dözülməz alçaqlığa, təəssüfləndirici əclaflığa malik olduğunu söyləyib. İsveç səyyahı A.Mets isə belə deyib: “Ağ dərili qullar içərisində ən pisi ermənilərdir. Abır-həyaları yoxdur, onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər”. İngilis səyyahı Vilson da ermənilərin acgöz və tamahkar, həm də istənilən cəfəngiyyatı böyütməkdə abırsız mahir olduqlarını deyib. Şərq mütəfəkkiri Sədi Şirazi isə ermənilərlə bağlı mövqeyini belə ifadə edib: “Onlar yer üzünün ilanı, insanlığın düşmənidir” . Yaxud başqa bir mütəfəkkir “bir yəhudi iki yunanı, bir erməni isə iki yəhudini aldadar” fikri ilə ermənilərin hiyləgərliyinə işarə edib. Tarixi şəxsiyyətlərdən biri isə ermənilər haqqında “barmağının beşini də bala batırıb erməninin ağzına qoysan deyər ki, zəhərdir” ifadəsini işlədib...

Deyəcəkləri hələ çox olsa da, müəllim bu yerdə yenə də fasilə verdi. Elə indicə fransız səyyahının ermənilər barədə fikirlərini eşidən Ramilin yadına rus-erməni münasibətləri düşdü. “Balaca komandir” erməni-rus müttəfiqliyi, onlar arasındakı münasibətlərin tarixi kökləri haqda az-çox eşitmişdi. Araya çökən müvəqqəti sükutdan yararlanaraq:

- Müəllim, bu düzdür ki, ruslarla ermənilər həmişə dost olublar? - deyə soruşdu.

Müəllimin dodaqları qaçdı, ixtiyarsız olaraq gülümsədi. Deyəsən, Ramilin nə demək istədiyini, necə deyərlər, göydə tutmuşdu. Amma onun sualına birbaşa cavab vermədi. Özünün intuisiyasını sınağa çəkirmiş kimi dedi:

- Hə, oğlum, doğrudur. Necə məgər?

- Heç, rusların öz dostları haqqında nə düşündüklərini bilmək istəyirdim.

Müəllim yanılmamışdı. “Balaca komandir”in məntiqi təfəkkürü onu heyran qoymuşdu. - Bax, vətənimizin gələcəyini, xalqımızın sabahını belə oğullara etibar etmək olar, - deyə öz-özünə pıçıldadı. Tarixi şəxsiyyətlərin ermənilər barədə fikirləri ilə bağlı söhbətini davam etdirdi:

- Düz fikirləşirsən, oğlum, haqlısan, mən elə buna da toxunacaqdım. Rusların ermənilərlə münasibətləri tarixən yaxşı olsa da, fransızlar kimi onlar da bu nankorların barəsində həmişə pis fikirdə olublar. Məsələn, rus mütəfəkkiri və diplomatı olan Aleksandr Qriboyedov Rusiya imperatoruna məktubunda yazırdı: “Ermənilərin rus torpaqlarında məskunlaşmasına imkan verməyin, onlar bir müddət yaşadıqdan sonra bütün dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır”. Digər rus diplomatı, vaxtilə Rusiyanın Van və Ərzurumdakı baş konsulu işləmiş general Mayevskinin “Qenosid Armenii” adlı şərhində deyilirdi: “Erməni qəhrəmanları haqqında bir şey eşidilibmi? Hanı onların azadlıq uğrunda döyüşçüləri? Onlar yoxdur. Nəyə görə? Ona görə ki, bu döyüşçülər öz xalqının xilaskarları deyil, cəlladı rolunda çıxış ediblər. Erməni quldurları həmişə qiyama, qırğına çağırmış, özləri sonra gizlənmiş, silahsız erməni kütləsi isə “igid” silahlı qardaşlarına görə öz qanları və əmlakları ilə haqq-hesabı üzməlidirlər”. Rus tədqiqatçılarından olan V.L.Veliçko da özünün “Qafqaz” əsərində erməniləri belə təsvir edir: “Onlar müxtəlif bəhanələrlə hay-küy qoparmağı bacarırlar, həm də təkcə özləri deyil, hansısa hiylələrini aşkara çıxardıqda, oğurluqları barədə məhkəməyə məlumat verəndə başqa xalqlardan olan axmaqları, satqınları da hay-küy salmağa məcbur edirlər”. Böyük rus şairi Aleksandr Sergeyeviç Puşkin isə yazırdı ki, kiminsə bir başqasından xoşu gəlməyəndə onu “sən qulsan, sən qorxaqsan, sən ermənisən” deyə, təhqir edərdi.

Müəllim sözünə qəsdən ara verib uşaqlardan sual gözlədi. Bu dəfə heç kəsdən səs çıxmadı. Üzünü məchulluğa tutaraq yarızarafat yarıgerçək: - Doğrusu, heç gözləməzdim, deyəsən, verməyə sualınız qalmayıb - dedi. Və dərhal da soruşdu:

- Yəqin ermənilərin öz barələrində dedikləri də sizin üçün maraqlı olar, deyilmi?

- Bəli, müəllim, elə bayaqdan mən də bunu soruşacaqdım, - deyə Ramil cavab verdi. Bu dəfə də onun dodaqları qaçdı, yüngülcə gülümsündü. - Amma...

Müəllim “balaca komandirin” sözünü kəsdi:

- Yaxşı, yaxşı, anladım. İndi isə mətləbə keçək. Tanınmış erməni şair və yazıçısı O.Tumanyan öz milləti haqqında deyir: “Həqiqi qurtuluş daxildən başlamalıdır, ona görə ki, biz daxilən xəstəyik”. Erməni şairi Yegişe Carens də etiraf edərək yazır ki, onlarda riyakarlıq hələ ana bətnində ikən yaranır. Tarixçi Aykazyan isə öz tarixlərinin qədimliyi haqqında uydurmalara toxunaraq yazır ki, ilkin erməni sülaləsi tarixi şəxsiyyətlərdən deyil, uydurulmuş nağıllardan götürülən şəxslərdən ibarətdir. Tanınmış mütəxəssis Levon Dabeqyanın türkləri soyqırımda ittiham edən ermənilərə və onların havadarlarına cavabı da çox maraqlıdır. Dabeqyan yazır: “Ermənilər öz varlıqları üçün türklərə borcludurlar. Əgər onlar avropalılar arasında qalsaydılar, erməni adlı millət yalnız tarix kitablarında saxlanardı”. Milliyyətcə erməni olan amerikalı yazıçı Sürməlyan da nəşr etdirdiyi kitablarından birində diqqəti öz millətinin çirkin xarakterinə cəlb edərək deyir: “Türklərlə ermənilər arasındakı ziddiyyətlərin əsas səbəblərindən biri türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyi və vətənpərvərliyinə qarşı erməni millətçilərinin arasıkəzilməz qəddarlığıdır”.

Müəllim sözünü bitirib rahat nəfəs aldı. Elə bil uzun müddət çiyinlərində daşıdığı, lakin nədənsə yerə atmağa, yaxud kiminləsə bölüşməyə çəkindiyi ağır bir yükdən azad oldu. Sanki uzun illərdir korun-korun yanıb tüstülənən iç dünyasının atəşini söndürdülər. Sanki kimsəsiz və amansız səhralıqda susuzluqdan çat verən dodaqlarına soyuq, lap soyuq su çilədilər elə bil. Bir neçə saniyə susdu. Sonra vahiməli yuxudan hövlnak ayılan adamlar kimi qəflətən ayağa qalxdı. Nə fikirləşdisə heç kəsin eşitməyəcəyi səslə öz-özünə pıçıldadı, özünü danladı. - Pah atonnan, gör mən nə fikirləşirəm, elə bil böyük qəhrəmanlıq göstərmişəm, ermənilər ta bineyi-qədimdən, hətta bir bayraq altında yaşadığımız sovet hökuməti dövründə də biz türkləri öz dərsliklərində düşmən kimi təqdim edib, hələ bələkdə ikən uşaqlarını türkə nifrət ruhunda böyüdüblər, - deyə köks ötürdü. Onu baş-başa qaldığı fikirlərindən “balaca komandirin” “əsgərlərindən” birinin sualı ayırdı:

- Müəllim, bu qədər tanınmış adam erməniləri pisləyir. Amma Ramil deyirdi ki, ermənilər də adamdı, düzdür?

- Düzdür, mənim balam, düzdür, ermənilər də adamdır. Eşitdin ki, onların da bəzi tanınmış şəxsiyyətləri haqqı söyləməkdən, öz millətinə düzgün yol göstərməkdən çəkinməyiblər. Ancaq neyləmək olar ki, onların içərisində özünün çirkin məqsədləri üçün hətta öz xalqının qanını tökməyə hazır olanlar çoxdur. Sənin dediyin həmin o tanınmış adamlar da belələrini nəzərdə tutublar.

Bu yerdə zəng çalındı. Müəllim jurnalı götürüb bayıra çıxdı...

***

Başı xallı kişinin SSRİ-yə gətirdiyi “demokratiya”, “aşkarlıq” xalqın hakimiyyətini təmin etmək əvəzinə, mifik “sovet xalqı”nı parçalamış, onun qondarma birlik forması olduğunu aşkara çıxarmışdı. Eninə-uzununa can verməkdə olan ucsuz-bucaqsız məmləkətin hər yerində ciddi narazılıqlar baş qaldırır, etiraz aksiyaları keçirilir, milli münaqişə ocaqları yaranırdı. Sonuncu imperatorun hakimiyyəti sona yaxınlaşdıqca bu təhlükəli proseslər sürətlənir, daha geniş əraziləri əhatə edirdi. Xaricdə və daxildəki maraqlı qüvvələrin körüklədiyi ocaqların getdikcə yüksələn hərarəti bir bayraq altında yaşamağa məhkum olunmuş millətləri bir-birindən soyudur, müttəfiq respublikalarda mərkəzdənqaçma meylləri yaradırdı. Ölkə rəhbərliyinin ziddiyyətli siyasətinin əsasını da elə “demokratiya”, “aşkarlıq”, “plüralizm” təşkil edirdi.

Xallı kişi bir tərəfdən sovet xalqına demokratiyadan, söz azadlığından pay ayırır, digər tərəfdən fikrini sərbəst ifadə edənlərə, özbaşınalığa, qanunsuzluğa, imperiya siyasətinə qarşı çıxanlara ciddi cəza verilir, divan tutulurdu. Azərbaycanda, Gürcüstanda, Qazaxıstanda, Litvada baş verən məlum qətllər bunun bir nümunəsi idi. Qorbaçovun nəhəng imperiyanı dağıtmaq, yoxsa bu nəhəngin artıq başlanmış dağılma prosesinin qarşısını almaq istədiyi tam aydın deyildi. Ermənistanın ərazimizə təcavüzü, Dağlıq Qarabağı işğal altında saxlaması, hər gün tökdüyü qanlar onu narahat etmirdi. Başı xallı kişini başında durduğu SSRİ kimi o boyda dövlətin taleyindən, millətlərin qarşıdurmasından, axan qanlardan çox, arvadı Raisanın bər-bəzəyi, yaxın-uzaq xaricdən, ermənilərdən ona gələn hədiyyələr, bahalı daş-qaşlar maraqlandırırdı. Dünyanın altıdan birinə rəhbərlik edən bu adam artıq balaca uşaqların da, yeniyetmə və gənclərin də, orta yaşlıların və ahılların da lağ obyektinə çevrilmişdi.

Siyasi proseslərə marağın artdığı həmin illərdə təqaüd yaşlı kişilər yay günlərində özlərini kölgəliyə verib gah zər atır, nərd oynayır, gah da Qorbaçovdan, onun hakimiyyəti dönəmində təməli laxlayan imperiyanın, Qarabağ münaqişənin gələcək taleyi ilə bağlı ən müxtəlif proqnozlar verir, alimnümalıq edir, başı xallı kişinin “aşkarlıq və demokratiyasından” bəhrələnib siyasi lətifələr danışır, ağzını geniş açıb “siyasi səhvlər” buraxır, beləliklə qaranlıq düşənə, nuru getdikcə zəifləyən gözləri atdıqları zərin rəqəmlərini seçənə qədər həm vaxtlarını, həm də “gözlərinin qurdunu” öldürürdülər. Adi kənd adamları olduqlarına görəydimi, ya nədəniydisə, bu adamların söhbətlərinə qulaq asanlar, duzlu-məzəli lətifələrini dinləyib necə deyərlər, qarnı cırılana kimi gülənlər çox olsa da, onların danışıqdıqlarına ciddi yanaşanlar az idi. Amma həmin kişilərin arasında elələri varıydı ki, “yerin altını da bilirdi, üstünü də”. O vaxtlar “Azadlıq”, “Amerikanın səsi” “BBC” kimi xarici radiostansiyaların Azərbaycan dilindəki verilişlərinin birini də ötürməyən və camaatın “Proqnoz Ələsgər” adlandırdığı Ələsgər kişi az qala “qarnını cırır, özünü öldürüb sazını sındırırdı” ki, ay balam, axı niyə mənə inanmırsınız, vallahi-billah bu başı xallı kişi SSRİ-ni dağıtmağa gəlib...

Ələsgər kişi yenə də gəlmişdi. Çox vaxt udsa da cəmi bircə tas nərd atıb oyunu başqasına təhvil verən Ələsgər həmin məşhur sözünü bu dəfə də təkrarladı. Amma söhbətinə qulaq asan ali təhsilli gənclərdən biri onunla razılaşmayıb sözünü ağzında qoydu:

- Ay Ələsgər əmi, Allah ağzından eşitsin, bunun nəyi pisdir ki, qoy dağıtsın da, bəlkə biz də bir gün gördük. Onsuz da dağılmalı xarabadır. Bir də bizdə hardandır o bəxt ki, 70 illik imperiya dağılsın, başqa xalqlarla birlikdə biz də azadlığa çıxaq, müstəqil dövlətimiz olsun, firavan yaşayaq. Dediyin başı xallı kişi SSRİ-ni dağıdıb zad eləmir, sadəcə yenidən qurur. Aşkarlıq, demokratiya, bunlar hamısı yaxşıdır. Hələ ayıqlıq siyasətini demirəm, kişi spirtli içkilərin istehlakını məhdudlaşdırıb...

Təqribən Ələsgərdən 7-8 yaş böyük olan Namazəli dayı cavan oğlanın sözünü kəsib mübahisəyə qoşuldu:

- A bala, sən oxumuş adamsan, biz də bisavad, əvvəlcə de görək axı nə deməkdir bu istehlak?

- Bilirsən, dayı - cavan oğlanın qoltuqlarının altı şişdi - sizi necə başa salım axı, istehlak, yəni bir növ istifadə etməkdir.

- Ay səni sağ olasan, bayaqdan belə de də. Düz deyirsən, demokratiya, aşkarlıq, söz azadlığı yaxşı şeydir. Ayıqlıq isə onlardan da yaxşıdır. Amma mənim balam, görürəm, başı xallı kişinin siyasətindən xoşun gəlir, bir söz desəm xətrinə dəyməz ki?

- Yox, ay dayı, - oğlan güldü - elə aşkarlıq budur də, de gəlsin.

- Eşitmişəm ki, hələ hakimiyyət başına gəlməmişdən qabaq həmən o başı xallı kişinin gizli araq zavodu varıymış.

- Ola bilməz, ay dayı, bir də belə şeylər danışma, səni tutarlar, - deyə oğlan etirazını bildirdi.

- Daha nə üçün xətrinə dəyir, ay bala? Axı özün dedin ki, aşkarlıqdır, nə bilim, demokratiyadır, söz azadlığıdır. Yəni düz deyirsən ki, bir kəlmə sözdən ötrü mən yaşda kişini tutacaqlar?

- Yəqin ki yox, amma olmayan şeylərdən danışmaq yaxşı deyil.

Bu yerdə Ələsgər kişi dözmədi. Dedi:

- Ay bala, bu hələ harasıdır, mən o kişinin haqqında daha biabırçı əhvalat eşitmişəm, ancaq siz cavanların yanında deməyə utanıram, vallah.

- Buyur, buyur, ay dayı, utanmağın yeri yoxdur, aşkarlıqdır.

Ələsgər boğazını arıtladı. Utandığından heç kəsin üzünə baxmayıb, nəzərlərini yerə dikdi. Bir-iki dəfə udqunub çətinliklə sözə başladı:

- Bilirsən, mənim balam, Mixail Qorbaçov hakimiyyətin yuxarı pillələrinə doğru çox sürətlə irəlilədi. Bu hər adama nəsib olmur. Amma Mişa bunu bacardı. Səbəbini bilirsən?

- Yox, ay dayı! - Cavan oğlan təəccüb-ləndi.

- Eşitdiyimə görə bu işdə Mixailə onun arvadı Raisa köməklik göstərib.

- Axı necə?! - söhbətə qulaq asanların hamısı bir ağızdan təəccüblə soruşdu.

- Hə, bax, bunu söyləməyə üz lazımdı. Amma daha ağzımdan çıxıb, deyəcəyəm. Eşitmişəm ki, Mişanın arvadı Andropovla çox yaxın münasibətdə olub.

- Yəni hansı Andropov, SSRİ-nin keçmiş başçısı? - Namazəli soruşdu.

- Hə, hə, özüdür ki, var. Amma qəribədir ki, əlaqələrdə vasitəçiliyi Qorbaçovun şəxsən özü edirmiş…

- Yox, əşi, belə şey olar? - deyə Namazəli dözməyib Ələsgər kişinin sözünü kəsdi. Əlini əlinə vurub: - Pah atonnan, “kişi” lap xoşqeyrətimiş ki - dedi.

Sözü ağzında qalan Ələsgər “bir səbrin olsun, altıaylıq-zad deyilsən ki” - deyə Namazəlini yamanladı. Yenə də udqunub söhbətinə davam etdi:

- Hə, deyirlər ki, Andropov hər dəfə istirahət evlərində dincəlməyə gedəndə Mişa başqa birinin vasitəsi ilə Raisanı beş-on günlüyə onun yanında qoyarmış ki, rəhbər darıxıb eləməsin.

- Olar, olar, - deyə bayaqdan Ələsgərin dediklərinə şübhə ilə yanaşan Namazəli də sanki hadisəni gözləri ilə görübmüş kimi təsdiqlədi. - Deyirəm axı, indiyə qədər adını eşitmədiyimiz Qorbaçov necə oldu ki, birdən-birə başçı seçildi.

- Dayan, bu hələ hamısı deyil, deyilənə görə, Çernenkonu da Qorbaçov zəhərlətdirərək öldürüb.

- Vay, bu ölkə elə dağılmalıdı ki - deyə Namazəli təəssüfləndi. Onun sonuncu kəlmələri cavan oğlanın canına yağ kimi yayıldı. Əlinə düşən fürsəti qaçırmadı. Dedi:

- Hə, indi gördünüzmü, mən haqlıyam. Bayaq deyəndə ki SSRİ dağılmalı xarabadır, sözümü qəribçiliyə salırdınız.

Ələsgər kişi yenə də gəncin fikirləri ilə razılaşmadı:

- Yox e, a bala, sən fikirləşdiyin kimi deyil, ya da əksinə, tutaq ki, sən deyəndi. Amma bizim sözümüzün “Mustafası” var axı. Qorbaçovun SSRİ-ni dağıtmaq istəməsi bəlkə də yaxşıdır, ancaq bunun Qarabağın işğaldan azad olunmasına bir xeyri varmı? Əlbəttə, yoxdur. Ona görə ki, problemi Avropanın, ABŞ-ın xeyir-duası və köməkliyi ilə elə Mişanın özü yaradıb. Fərz eləyək ki, SSRİ dağıldı, sən elə bilirsən ki, ermənilər Qarabağdan asanlıqla çıxacaqlar? Ay çıxdı, ha. Donuz öz xoşu ilə darıdan çıxmaz. Sözümün canı odur ki, onların hamısı bir-birinin ağzına tüpürüblər, sözü bir yerə qoyub ermənilərin arxasında durublar. Bax, budur, yanınızda deyirəm, siz də şahid olun, SSRİ dağılana qədər Qarabağ münaqişəsi həll edilməsə, işimiz çətin olacaq. Elə ki dağıldı, azman dövlətlər qarğa-quzğun kimi tökülüşüb leşimizi sökəcək, problemin həllinə imkan verməyəcəklər. Bir 20 yanvar qırğınını yadınıza salın. Onu Qorbaçov törətmədimi? İndi də işğalçı Ermənistanla, ərazisi işğal olunan Azərbaycana eyni cür yanaşır.

Ələsgər kişi sözünü qurtarar-qurtarmaz cavan oğlan dedi:

- Bəlkə, Qorbaçovun əsl həqiqətdən xəbəri yoxdur?

- Yox, ay bala, - Ələsgər cavab verdi. - Nə tez unutdun, əgər sən deyən kimi olsaydı, onda Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətlə bağlı keçirilən toplantıda hər şeyi yerli-yataqlı erməni akademikinə xatırlatmazdı ki?

- Düzünü deyim ki, unutmuşam. Nə demişdi ki?

- Daha nə deyəcəkdi, ermənilər azərbaycanlıları Dağlıq Qarabağdan qovub çıxarandan sonra akademik Ambarsumyan toplantıda demişdi ki, Qarabağ tarixi Ermənistan torpağıdır, çünki orda ermənilər çoxdur. Başı xallı da ondan XX əsrin əvvəllərində Ermənistanda nə qədər azərbaycanlının yaşadığını soruşanda Ambarsumyan, - səhv etmirəmsə 43 faiz, - deyə cavab vermişdi. Qorbaçov da qayıdıb Ermənistanda indi nə qədər azırbaycanlının qaldığını soruşmuşdu. Erməni alim də həyasızcasına “deməyə çətinlik çəkirəm, yəqin ki, bir faiz” deyib “çulunu sudan çıxarmağa” çalışmışdı...

- Yaxşıdı ki! - deyə cavan oğlan cəld dilləndi. - Görürsən, yazıq Qorbaçov bizi müdafiə eləyib - dedi. - Daha nə istəyirsən?

- Nəyi yaxşıdı? Onu görüm yazıq ilan vursun. Elə ən pisi də budur, də. Tarixi faktları, həqiqətləri bilir, amma erməniləri yerində oturtmaq istəmir. Yaxşı onda olardı ki, Ermənistanı öz adıyla çağırsın, təcavüzkar kimi cəzalandırsın. Amma özün görürsən ki, işğalçını yox, bizi cəzalandırır. Həqiqəti deməklə iş bitmir e, a bala. Təkcə siz cavanlar yox, biz qoc-alar da ölkəmizin müstəqilliyini istəyirik. Ancaq Qarabağla bir yerdə. Məni narahat edən də elə dağılan SSRİ-nin tərkibindən Qarabağsız çıxmaq qorxusudur. Bax, əsl faciə də onda olacaqdı, oğlum. Hərdən mənə elə gəlir ki, SSRİ-ni də elə Qarabağa görə dağıdırlar. Qorbaçov belə ədalətli padşahdısa, qoy bu tifaqı dağılmış ölkəni Qarabağ məsələsini yoluna qoyandan sonra dağıtsın. Elə bilirsən ki, SSRİ dağılandan sonra kimsə Qarabağı qaytarıb bizə verəcək? Bunu Amerika edəcək, ya Avropa? Onlardan belə şey gözləmə, bala, hərəsinin öz marağı var.

- Ürəyini buz kimi saxla, Ələsgər əmi, onsuz da SSRİ dağılası olmadı, - deyə cavan oğlan istehza ilə gülümsündü. - 17 mart referendumunu deyirəm, gördün, xalqımız sən deyəni elədi.

Ələsgər kişinin ali təhsili olmasa da, zən-gin həyat təcrübəsi, dünyagörüşü var idi. Oxumuş gəncin atmacalı sözlərlə nəyə işarə vurduğunu dərhal başa düşdü. Əlini yellədib eyni tonda cavab verdi:

- Eh, ay oğul, sən hələ cavansan, belə şeyləri başa düşməzsən. Yəni sən fikirləşirdin ki, Qorbaçov 70 illik SSRİ-nin arxasını bir badalağa yerə vurmalıydı? İndi nə olsun ki, arxasında Amerika, Avropa kimi kapitalist dövlətləri dayanıb? Kreml təkcə Qorbaçovdan ibarət deyil ki, kefi istədiyi vaxt istəklərini yerinə yetirsin. Yox, mənim əzizim, belə olmur. Başı xallı nə elədiyin yaxşı bilir. Lənətə gəlmiş adam SSRİ-ni bala-bala öz içərisindən dağıdır ki, heç kəs duyuq düşüb qarşısını ala bilməsin. Yoxsa ki, başqaları xəbər tutsa Qorbaçovun dərisinə saman təpər.

- Axı Qorbaçov da tək deyil, onun da arxasında bu boyda ölkədə müstəqillik istəyən xalqlar var, indi bütün SSRİ qaynayır, - deyə cavan oğlan Ələsgər kişi ilə razılaşmadı.

- Müstəqillik istəyənlər var e, a bala, düz deyirsən, amma bir də gördün əli avtomatlıları, tankı-topu yeritdilər başı xallının arxasındakı o dediyin xalqın üstünə, xıncım-xıncım eləyib, qanın su yerinə axıtdılar küçəyə. Sən ki bu hökuməti yaxşı tanıyırsan. 20 yanvar qırğınını yadına salsana, ay oğul.

- Nə fərqi var ki, Ələsgər əmi, yəni sən demişkən, bala-bala dağıdanda camaatı qırmaq olmur?

- Bilirsən, a bala, Qorbaçov SSRİ-ni qaynatsa da hələ tam bişirməyib. Bişirəndən sonra yəqin ki hamı - razılar da, narazılar da - “yeməyə” məcbur olacaq. Bax, onda “daldan atılan daş” da, avtomat gülləsi də, tank-top mərmisi də topuğa dəyəcəkdi...

Gəncin gözləri güldü. Ələsgər kişini bir daha görməyəcəkmiş kimi, onun sözünü kəsib tələsik soruşdu:

- Deyirsən yəni, əvvəl-axır SSRİ dağılacaq, hə?

- Dağılacaq, ay oğul, dağılacaq. Amma yenə deyirəm, bu xarabanın tifaqı dağılana qədər Qarabağ məsələsini həll edə bilməsək, işimiz çox çətin olacaq. Bundan belə ermənilərin dəyirmanına təkcə başı xallı kişi deyil, ABŞ da, Avropa da su tökəcəkdi. SSRİ-nin belə tez dağılması Ermənistan üçün sərfəlidir. Görürsən, ermənilər 17 mart referendumunda SSRİ-nin dağılmasına səs verdilər. Bax, mənim dediklərimi qulağında sırğa elə, a bala. Ölməyib qalsam, gerisinə birlikdə baxarıq.

Artıq axşam düşməkdə idi. Ələsgər kişi sözünü bitirib ayağa qalxdı, asta-asta evə tərəf yollandı.

***

Məktəblilər yaz tətilindən qayıtmışdılar. Ermənilər Cəbrayılın Dağlıq Qarabağla həmsərhəd kəndlərini tez-tez atəşə tuturdular. Azərbaycanlılara qarşı vuruşanlar əsasən yerli ermənilər deyil, Ermənistandan, həmçinin digər ölkələrdən gətirilən, azərbaycanlıların “saqqallı” adlandırdıqları təlim görmüş muzdlular idi. Çoxlarının rus dilində “nayomnik” adı verdikləri muzdlu “saqqallılar” əsasən Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə tez-tez hücum edir, adamları girov götürür, işgəncə verir, qətlə yetirirdilər. Hücumlar zamanı imkan tapıb kənd sakinlərinin evlərinə, tövlələrə, toyuq hininə, ot-ələf tayasına od vuran “saqqallılar” daha çox təxribatla, terrorçuluqla məşğul olur, azərbaycanlıları aparıb gətirən sərnişin avtobuslarını, minik avtomobillərini atəşə tutur, yolları minalayır, qatarları partladırdılar. Kəndlərin atəşə tutulmasında əsasən top mərmilərindən istifadə olunsa da, ara-sıra döyüş təyyarələrinin də səsi gəlir, harasa atılan bombaların gurultusu vahimə yaradırdı.

Məktəblərdə dərs keçmək də getdikcə çətinləşirdi. Hər dəfə top mərmilərinin tükürpədici səsi gəldikcə şagirdlər özlərindən asılı olmayaraq sinif otağını tərk edir, sanki nə baş verdiyini görəcəkmişlər kimi dəhlizin aynabəndindən başlarını çıxarıb naməlum səmtə baxırdılar. Müəllimlər də onları sakitləşdirməyə, “qorxulu bir şey yoxdur” deyib geri qaytarmağa çalışır, amma çox vaxt bacarmırdılar. Nisbətən yuxarı sinif şagirdləri isə tank-top gurultusuna, partlayışlara öyrəncəli olduqlarındanmı, ya nədənsə belə səslərə o qədər də əhəmiyyət vermirdilər. Xüsusəilə də “dava-dava” oynayan şagirdlər, o cümlədən “balaca komandirin” - Ramilin oxuduğu sinfin uşaqları hər atışma səsindən sonra sanki rahatlıq tapır, düşməndən alacaqları amansız qisasın sevincini elə bəri başdan yaşayırdılar.Uşaqlar dərsdən çıxan kimi “dağlara çəkiləcək”, düşmənin “atəş nöqtələrini” taxtadan düzəltdikləri avtomatları ilə “susduracaqdılar”. Tarix müəlliminin ermənilərlə bağlı tarixi faktlara əsaslanan söhbətləri isə onlarda hərbçi peşəsinə xüsusi həvəs oyadır, döyüş əhval-ruhiyyəsi yaradırdı.

Həmişə olduğu kimi, şagirdlər tarix müəlliminin dərsini bu dəfə də səbirsizliklə gözlə-yirdilər. Üçüncü dərs başlayan kimi müəllim yeyin addımlarla sinfə daxil oldu. Adəti üzrə bir dəfə o baş bu başa gəzinib stola dirsəkləndi. Sinif jurnalında qeydiyyatını apararaq, bir neçə sualla şagirdlərin biliyini yoxlayıb qiymətləndirdi. Növbəti mövzunu yenicə izah edib qurtarmışdı ki, mərmi səsi eşidildi. Uşaqlar qeyri-ixtiyari ayağa qalxsalar da sinifdən bayıra çıxmadılar. - Narahat olmayın, ciddi bir şey yoxdur, - deyə müəllim onları sakitləşdirdi. Başını sinif otağının qapısından bayıra çıxarıb ora-bura boylandı.

Deyəsən, doğrudan da təhlükə yox idi, mərmi səsi lap uzaqdan gəlirdi. Müəllim başını içəri salıb üzünü şagirdlərə tutaraq: - Hə, uşaqlar, möhkəm olun, qorxmayın, hələ ki dərsə gəlib-getmək olar, inşallah, hər şey qaydasına düşər - dedi. Və bununla şagirdləri bir daha ürəkləndirməyə çalışdı. Təskinlik verməyə məcbur olsa da, ürəyində özünü yamanladı. Nədənsə “xəmirin hələ çox su aparacağını” düşündü. Deyəsən, vəziyyətin tezliklə düzələcəyinə ümidi çox az idi. - Hə, doğrudan hələ o qədər də təhlükəli vəziyyət yoxdur, amma mərminin düşdüyü hansısa ərazilər də bizimdir, orda da bizimkilər yaşayır, bizim uşaqlar dərsə gedir, - deyə dodaqlarının altında öz-özünə pıçıldadı. - Bu gün “məndən ötüb qardaşıma dəyən” güllə sabah da mənə dəyəcək, - dedi. Gözləri doldu, “könlündən dəli bir ağlamaq keçsə də”, qəlbinin səsinə qulaq asmadı. Özünü şax tutdu, qürurlu görünməyə çalışdı.

Hərdən dərs dediyi sinfin sagirdlərinin “dava-dava” oyununu kənardan seyr edən müəllim bu gün taxta “avtomatla” vuruşan uşaqların sabahkı döyüş əzmini qırmaq, qürurlarını sındırmaq, vətənpərvərlik hisslərinə buxov vurmaq, cəsarətlərini qandallamaq istəmirdi. Onların gələcəyinə inanırdı. Davranışına, çevikliyinə, “dava-dava” oyunundakı təşkilatçılığına, tez-tez ona ünvanladığı vətənsevərlikdən doğulan suallara görə Ramilə xüsusi rəğbəti vardı. Belə xarakterin yaxşı mənada nə vaxtsa özünü daha qabarıq göstərəcəyinə əmin idi. Tarixçi olduğuna görə tarixi şəxsiyyətlərin həyatını, üstəlik pedaqogika və psixologiya elmləri ilə yaxından tanış olduğu üçün insanların xarakterini çox yaxşı bilir, uşaqların gələcəyini proqnozlaşdırmağı bacarırdı. Oğrun-oğrun Ramili süzdü. Sonra nəzərlərini məchulluğa yönəldib fikrə getdi, sinfə tam sakitlik çökdü. Tarix müəllimini xəyallardan yenə də “balaca komandir” ayırdı:

- Müəllim, sual vermək olar?

Müəllim azacıq diksinsə də uşaqlar bunu hiss etmədi. Gözlərini naməlum nöqtədən çə-kib dedi:

- Olar, oğlum, olar, əlbəttə olar. Səni maraqlandıran nədir?

- Eşitmişik ki, ermənilər yenə də bizimkilərdən bir neçəsini öldürüb, doğrudur? - Ramil soruşdu.

- O nadürüstlər onsuz da tez-tez xəlvəti hücum çəkirlər, - deyə müəllim cavab verdi. - Sən hansını deyirsən, oğlum?

- Deyirlər ki, dünən olub, ölənlər də bizim polislərdir.

- Hə, hə, düz eşitmisən, bala. Erməni terrorçuları aprelin 18-də Xocavənddə üç nəfər azərbaycanlı polisi qətlə yetiriblər. Yəqin onu deyirsən, eləmi, oğlum?

- Bəli, müəllim, onu deyirəm. Yəni ermənilər belə güclüdür ki, bizə tez-tez hücum çəkirlər?

- Əlbəttə, yox - müəllim qətiyyətlə cavab verdi. - Bilirsən, oğlum, məsələ ondadır ki, erməninin arxasında duranlar var.

- Axı kimdir onlar? - deyə başqa bir şa-gird ötkəm səslə soruşdu.

Müəllim bir anlığa duruxub cavab verdi:

- Elə biri dövlətimizin başçısı Qorbaçov. Amma təkcə Qorbaçovmu? Xeyr. Ermənistan Amerika Birləşmiş Ştatları və Avropa dövlətləri tərəfindən də müdafiə olunur.

Ramil təəccübləndi:

- Bəs deyirlər ki, Amerikada, Avropa ölkələrində demokratiyadır, ədalətli, humanist, insanların hüquqlarına hörmətlə yanaşan dövlətlərdir. Məgər belə deyil?

Müəllim bu balaca məktəblinin böyük danışığına, yaşına uyğun olmayan geniş dünyagörüşünə heyran qaldı. Sevincindən gözləri yaşardı. Ürəyində “belə övladları olan vətən basılmaz” deyib, “balaca komandir”in sualını cavablandırdı:

- Doğrudur, oğlum, Amerika da, Avropa ölkələri də demokratik dövlətlərdir. Amma bu demokratiya da, humanizm də, insan hüquqlarının qorunması da, ədalət də onların öz daxilindədir. Başqa xalqlara, xüsusən də kiçik dövlətlərə, müsəlman ölkələrinə münasibətdə həmin dəyərlər onlardan ötrü əhəmiyyətini itirir. Bax, bu dediklərimi yadında saxla, bala.

Müəllimin cavabı ilə tam razılaşmasa da, Ramil söz güləşdirmək istəmədi. Bir də ki müəllimləri ilə, yaşca özündən böyüklərlə mübahisəyə girmək onun təbiətinə, xarakterinə yad idi. Ona görə də başqa bir sual ünvanladı:

- Bəs, Qorbaçov Ermənistanı nə üçün müdafiə edir? Axı martın 17-də ermənilər SSRİ-nin saxlanmasına səs vermədilər.

- Uşaqlar, bu da maraqlı sualdır, - müəllim dedi. - Düzdür, indi hamı deyir ki, Qorbaçov SSRİ-ni dağıtmağa gəlib. Bəlkə də bu belədir. Amma doğrudan da belədirsə, onda məqsəd Azərbaycanın, Ermənistanın, yaxud başqa bir müttəfiq respublikanın müstəqilliyini boğmaq deyil. Qorbaçovun apardığı siyasətdən belə görünür ki, əsas məqsəd Dağlıq Qarabağı Ermənistana verməkdir. Görünür, ya Ermənistanda çoxları bunu anlamır, ya da hansısa başqa bir oyun gedir. SSRİ dağılsa da, qalsa da - hər iki halda Qorbaçov Ermənistanı özünün nəzarətindən kənarda görmək istəmir. Düşünürəm ki, ermənilər 17 mart səsverməsinin nəticələrinə görə “qulaqburması” alıb “ağıllanacaqlar”. Ermənilər ruslara, ruslar isə ermənilərə lazımdır. Mənim əzizlərim, unutmayın ki, həmişə belə olub.

Müəllim bunu deyib saatına baxdı. Dərsin başa çatmasına saniyələr qalırdı.

***

1991-ci ilin may ayı idi. Ermənistan hökuməti “dövlətə tabe olmayan yaraqlılar” adı altında azərbaycanlılara qarşı dövlət səviyyəsində apardıqları terrorçuluq hərəkətlərini gündən-günə genişləndirirdi. “Arxalı köpək”lə üz-üzə dayanan Azərbaycanda hələ milli ordu yaranmasa da, ərazi bütövlüyümüzün qorunması kimi şərəfli yük əsasən polis qüvvələrinin çiynində idi. Hər gün tökülən qan Azərbaycan vətəndaşlarını, xüsusilə də Dağlıq Qarabağ və onun ətrafındakı rayonların əhalisini bərk narahat edirdi. Başqa cəbhə bölgələrində olduğu kimi, Cəbrayıl rayonunda da könüllü dəstələr təşkil olunur, özünümüdafiə batalyonları yaranırdı. Könüllü dəstələr ayrı-ayrı qruplara bölünərək, rayonun Dağlıq Qarabağla həmsərhəd ərazilərindəki yüksəkliklərdə mövqe tutur, növbə ilə keşik çəkirdilər. Erməni təhlükəsinə məruz qalma ehtimalı yüksək olan bəzi dağ kəndlərinin giriş və çıxışlarında da kənd sakinləri post qurmuşdular. Postlarda bir qayda olaraq gecə növbəsi çəkir, ov tüfəngləri ilə, əldəqayırma primitiv silahlarla kəndi qorumağa, heç olmasa təhlükəli vəziyyətdə kənd camaatını xəbərdar etməyə çalışırdılar.

Vətən, xalq təəssübü çəkmək, doğma yurdu qorumaq hissləri o qədər güclü idi ki, hətta kəndin keşiyində dayanmaq üstündə mübahisə düşürdü. Tez-tez növbə çəkmək bəxtəvərlik sayılırdı. Bəzən belələrini zarafatla “dayı”lı adamlar adlandırırdılar. Həmin o “dayılar” da əsasən Əfqanıstanda qulluq edənlər idi. Yaxşı təlim görən, hər an ölüm təhlükəsi ilə üzləşən, sovet hökumətinin düşmən adlandırdığı əfqanların “dəli” güllələrindən təsadüfən yayınan, amansız müharibənin od-alovundan çıxıb Azərbaycana dönən bu “dayılar” orda görüb götürdüklərini dəliqanlı kənd cavanlarına öyrədir, kimlərin keşik çəkməli olduğunu da onlar müəyyənləşdirirdilər.

Hərbi xidmət yolu Əfqanıstandan keçdiyinə görə yerli camaatın fəxrlə “əfqanlar” adlandırdıqları adamlar ov tüfəngini, ya da özünümüdafiə üçün əldəqayırma silahı, yaxud ən yaxşı halda orta məktəblərdə hərbi dərslər üçün nəzərdə tutulmuş təlim avtomatını çiyninə aşırıb vaxtaşırı Dağlıq Qarabağın ermənilər məskunlaşan kəndləri ilə azərbaycanlılar yaşayan kəndlərin arasındakı təpəliklərə, dağ belinə qalxaraq kəşfiyyat aparır, qarşı tərəfin nə iş gördüyünə göz qoyur, hərəkətlərini müşahidə edirdilər. Bəzi kəndlərimiz “əfqanlar”dan savayı rayonun polis şöbəsindən xüsusi olaraq ayrılan bir-iki polis işçisi tərəfindən də nəzarətə götürülür, onlar kənd camaatı ilə birlikdə keşik çəkirdilər. Əsas qüvvələr isə ermənilərin baza məntəqələri ilə sərhədlərdə yerləşdirilmiş, strateji yüksəkliklərdə mövqe tutmuşdular.

1991-ci ilin əvvəllərindən başlayaraq, cəbhə bölgələrində vəziyyət gərginləşdi. Təxribatçılıq fəaliyyətini genişləndirən erməni terror qruplaşmaları Ermənistanın hərbi qüvvələri ilə birləşərək vaxtaşırı baza məntəqələrindən hücuma keçir, azərbaycanlılar yaşayan kəndləri atəşə tutur, əsir götürdükləri azərbaycanlılara ağır işgəncələr verir, vəhşicəsinə qətlə yetirirdilər. Azğınlaşmış ermənilərin vəhşiliyinin qarşısını almaq üçün Xüsusi Təyi-natlı Polis Dəstələri (XTPD) aprelin 30-dan mayın 15-nə qədər əməliyyata başladı. Eyni vaxtda Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları da ermənilərin Hadrut rayonundakı baza məntəqələrinə hücuma keçərək gərgin döyüşlər apardı. Rayon polisi qısa müddətdə 12 kəndi ermənilərdən təmizləyərək orda öz mövqelərini möhkəmləndirdilər. Bu, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədə Azərbaycan polisinin nəyə qadir olduğunu bir daha göstərdi. Strateji əhəmiyyətli Şayaq yüksəkliyinin erməni quldurlarından təmizlənməsi, əməliyyatın gedişində üçrəngli bayrağımızın həmin yüksəklikdə yerləşən Hadrut televiziya ötürücüsünün yetmiş beş metr hündürlükdəki qülləsinə sancılması isə bütöv-lükdə xalqın döyüş ruhunu yüksəldən əsl qələbə idi. Sonralar həmin kəndlərin bir neçəsinə Ermənistandan - tarixi Azərbaycan torpaqlarından zorla qovulmuş soydaşlarımız yerləşdirildi...

Ermənilər üzərində tarixi qələbə hamı kimi Ələsgər kişini, Namazəli dayını və həmişə onlarla mübahisəyə girişməyi xoşlayan cavan oğlanı da sevindirirdi. Cəmi iki həftənin içərisində 12 kənddən ermənilərin murdar izinin silinməsi xəbəri kənd camaatını yenə də bir yerə toplamışdı. Ələsgər kişi pessimist adam olsa da qələbə xəbərindən sonra bir az dəyişmişdi. Əvvəlki bədbin fikirlərinə görə xəcalət çəkirdi. İndi onu üzən başqa şey idi. Və həmin o şeyə görə ayağının birini qaçaraq qoymuşdu. Harasa getmək istəyirdi. Ora-bura boylandı, gözləri cavan oğlanı axtardı. Bilirdi ki, harda olsa fırlanıb onu tapacaq, sorğu-suala tutacaqdı.

Əslində Ələsgər kişi sualdan qorxmurdu. Əksinə, danışmağı, hadisələri təhlil eləməyi, suallara cavab verməyi xoşlayırdı. Kişinin tək qorxusu onda idi ki, həmən o cırtqoz, kəmhövsələ, eqoist, bir az da köntöy xasiyyətli cavan onu lağa qoyacaqdı . Və deyəcəkdi ki, bəs sənin başı xallı kişi haqda proqnozların düz çıxmadı, nə bilim, Qorbaçov ermənilərin “dayısı” deyilmiş və s. O da hörmətini saxlayan kənd camaatının yanında üzüqara olacaqdı. Ona görə cavan oğlandan qaçıb vaxt qazanmaq, sonra nəsə fikirləşmək istəyirdi. Amma tərslikdən hər ikisinin baxışlarısı toqquşmuşdu. Qaçmaq da başqa bir eyib olacaqdı Ələsgər kişi üçün. Ona görə bayaq qaçaraq qoyduğu ayağını yığıb o birisi ayağının yanında cütlədi. Dayanıb cavan oğlanı gözlədi, onun hələ vermədiyi suallarına cavab hazırladı. Cavan da elə bil fürsət axtarırdı. Ələsgəri görçək çiçəyi çırtladı. Qaça-qaça gəlib kişinin böyrünü kəsdirdi. Bic-bic gülüb əvvəlcə onu qələbə münasibətilə təbrik elədi. Sanki yadından çıxacaqmış kimi sözü tez fırladıb yenə də başı xallı kişinin üstünə gətirdi. Lovğa-lovğa dedi:

- Ay Ələsgər əmi, bəs deyirdin ki, Qorbaçov ermənilərə işləyir, hə?

- Hə, bala, deyirdim, nə olub ki? - Ələsgər kişi cavab verdi.

- Daha nə olacaq, ay əmi? Qələbəni deyirəm, də. Cəsur polislərimizdən biri - Yusif Əlaslanov üçrəngli bayrağımızı Şayaq yüksəkliyindəki Hadrut televiziya ötürücüsünün 75 metr hündürlükdəki qülləsinə sancıb. Yəqin Qorbaçovun fikri olmasaydı kəndləri erməni quldurlarından təmizləməyimizə imkan verməzdi. Yəni mənimlə razı deyilsən?

Ələsgər də hazırcavab adamıydı. Elə bil hər şeyi yazıb sinəsində saxlamışdı. Daha dağ-daşa düşüb söz axtarmadı, əlüstü cavab verdi:

- Razıyam, əlbəttə, razıyam.

- Hə, bax, bu başqa məsələdir, deməli, verdiyin proqnozun düz çıxmadığını təsdiqləyirsən, eləmi? - deyə gənc yenə də lovğalandı. Kənardan söhbətə qulaq kəsilən adamların diqqətini özünə yönəltməyə çalışdı.

- Yox! Elə deyil! - Ələsgər kişi qətiyyətlə dedi. - Mən sadəcə onunla razıyam ki, başı xallı kişi istəsəydi kəndləri erməni yaraqlılarından azad etməyə doğrudan da mane olardı.

- Nə fərqi var, “ya keçəl Həsən, ya da Həsən keçəl”, - deyə cavan oğlan hırıldadı.

- Fərqi çoxdur. Əgər, sən deyən kimi, xallı kişi istəsəydi ermənilərin ipini lap əvvəldən yığar, Qarabağa iddia qaldırmağa qoymaz və indi də vəziyyət bu yerə gəlib çıxmazdı.

Deyəsən, Ələsgər kişinin sonuncu kəlmələri oğlanı bərk tutmuşdu. Elə bil “qurbağa gölünə daş atıldı”. Heç cınqırını da çıxara bilmədi. Utandığından sifəti allandı, gözlərini yerə dikdi. Amma maraq ona güc gəldi. Handan-hana özünü toparlayıb, bu dəfə rəsmiyyətə keçərək soruşdu:

- Ələsgər əmi, sizcə, nə baş verir, Qorbaçov neyləmək fikrindədir?

- Bilirsən, bala... - Ələsgər kişi ağır-ağır sözə başladı. - Bizim polislər çox cəsur, döyüşkən, vətənpərvərdilər. Mənim buna şübhəm də yoxdur. Amma Qorbaçov doğrudan da erməninin arxasında dayanıb. Yəqin bir ay əvvəl, martın 17-də keçirilən ümumxalq səsverməsi yadındadır.

- Yadımdadır, əmi, - oğlan tələsik dilləndi.

- Bax, dağılmaqda olan SSRİ-nin yeni ittifaq müqaviləsi əsasında saxlanmasını nəzərdə tutan səsverməni ermənilər boykot etdilər. Bu, ölkəni dağıtmağa hazırlaşan xallı kişi üçün hələ tez idi, çünki planlarını poza bilərdi. Ona görə də Ermənistanı cəzalandırmaq, onları başa salmaq üçün Azərbaycan polislərinə imkan verdi ki, Dağlıq Qarabağın bəzi kəndlərini, Hadrut rayonunun bir sıra yaşayış məntəqələrini ermənilərdən təmizləsin. Amma əməliyyat üçün məhdudiyyət qoyuldu, başı xallı kişi iki həftədən sonra qoşunlarımızı geri çəkilməyə məcbur etdi. Ermənilər də öz “səhvlərini” başa düşdülər. Hə, indi necədir, sən də başa düşdünmü?

- Başa düşdüm, Ələsgər əmi, - deyə cavan oğlan suçlu-suçlu cavab verdi.

***

Avropanın şərq sərhədlərindən Sakit okeanın qərb sahillərinə qədər uzanmış böyük bir əraziyə rəhbərlik edən başı xallı kişi ölkə hakimiyyətinin başını boş buraxmışdı. Dünyanın bir qütbdən idarə olunması üçün marığa duran digər fövqəlgüclər, xüsusilə Amerika Birləşmiş Ştatları, həmçinin Qərbi Avropanın aparıcı dövlətləri özlərinin dedikləri kimi, “sovet hərbi təhlükəsi”ndən yaxa qurtarmağa çox yaxın idilər. SSRİ-nin çalxalanması bundan ötrü əlverişli şərait yaratmışdı. Belə bir şəraitdə Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün Ermənistan hökuməti və xallı kişinin himayəsi altında ermənilərin apardıqları təcavüzkarlıq müharibəsi gündən-günə alovlanır, terrorçuluq hərəkətlərinin miqyası getdikcə genişlənirdi.

1991-ci il may və iyul aylarının sonunda Moskva-Bakı qatarını partladaraq 27 nəfər azərbaycanlının ölümünə, 42 nəfərin yaralanmasına bais olan terrorçular həmin ilin iyu-nunda Yevlax-Laçın yolunda avtomaşına hücum edirlər, “Qarabağ” adlı erməni terror təşkilatı isə Qarabağın Qaradağlı kəndinə soxulur. Nəticədə 17 nəfər azərbaycanlı həlak olur, 3 nəfər yaralanır. 1991-ci ilin avqustunda da ermənilər azərbaycanlıların yaşadıqları kəndlərə soxularaq terrorçuluq hərəkətlərini davam etdirirlər. Həmin ayın əvvəlində Hadrut rayonunun Dolanlar kəndində avtomaşının partladılması 4 nəfərin həyatına son qoyur, daha 8 nəfər isə yaralanır. Bütövlükdə avqust ayı ərzində törədilən terror aktları nəticəsində üst-üstə 10 azərbaycanlı həlak olur, 31 nəfər ağır xəsarət alır. Və nəhayət avqustun 8-də Nüvədi kəndinin boşaldılması, əhalisinin amansızcasına döyülərək qovulması ilə azərbaycanlıların bir əsrdə baş verən üçüncü deportasiyası başa çatır. Həmin hadisədən sonra əsir və girovlar istisna olmaqla Ermənistanda bir nəfər azərbaycanlı da qalmır...

Ermənilər terror aktlarını təkcə iddiasında olduqları Dağlıq Qarabağda deyil, ətraf rayonlarda da həyata keçirməyə başlamışdılar. Ətraf kəndlərin “yaraqlılar” və “saqqallılar” adlandırdıqları vəhşi erməni dəstələri tez-tez həmin kəndlərə hücum təşkil edir, dinc sakinləri, qadınları, qocaları, uşaqları qətlə yetirir, əllərinə fürsət düşəndə əsir aparır, girov götürürdülər. Təhlükədən yaxa qurtarmaq, camaatı vaxtında xəbərdar etmək üçün ermənilərin hücum edə biləcəyi kəndlərin giriş və çıxışlarında, bəzi yüksəkliklərdə postlar qoyulmuşdu. Ov tüfəngləri və adətən bir təlim avtomatıyla silahlanmış sakinlər növbə ilə postlarda keşik çəkirdilər. Ermənilərin baza rayonlarından Cəbrayıl rayonunun dağ kəndlərinə də tez-tez atəş açılır, postlara hücum təşkil edilirdi. Kəndlərdə tibbi yardımın səviyyəsi aşağı olduğu üçün xəlvəti hücum zamanı xəsarət alanların əksəriyyəti Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına çatdırılırdı.

Güllə yarası almış rayon sakinlərinin sayı artdıqca məktəb uşaqları “dava-dava” oyunundan bezikirdilər. Taxta “avtomat”la “hücuma keçməyə”, düşmənə “cavab atəşi” açmağa utanırdılar. Artıq onları qondarma silahlar , yaşadıqları ərazinin yaxın ətrafındakı “cəbhə bölgələri”, yalançı mövqelər deyil, əsl avtomatlar, ermənilərin zəbt etdikləri, “at oynatdıqları” ərazilərimiz maraqlandırırdı. Uşaq olsalar da, özü də bu, sadəcə bir uşaq həvəsinə oxşamırdı. Doğma yurdun, el-obanın təəssübünü çəkməkdə heç də böyüklərdən, kəndin keşiyində duranlardan, postda dayananlardan , hətta “əfqanlar”dan geri qalmırdılar. Xəstəxanaya gətirilən yaralılar bu uşaqların qisas hissini alovlandırır, hərbçi olmağa həvəsləndirirdi. Amma yaralılar, qətlə yetirilənlər, onların şəxsiyyəti haqqında məlumatları ən çox “balaca komandir”dən - Ramildən alırdılar. Ramilin anası Nübar xanım Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsində işləyirdi. Uşaqları xəstəxanaya yaxın buraxmasalar da, Ramil imkan tapıb anası ilə görüşmək bəhanəsi ilə onun yanına gedir, qapıçılar da çox incitməyib, baş həkimdən xəlvət onu içəriyə ötürürdülər.

Bir dəfə “balaca komandir”in yaxın qohumlarından biri postda növbə çəkərkən ermənilər onu öldürərək, ürəyini çıxarıb ovcunun içərisinə qoymuşdular. Hər dəfə cəbhə bölgəsindən ağır xəbərlər alan və çox vaxt yaralıları, işgəncə ilə qətlə yetirilənləri öz gözləriylə görən Ramil bu dəhşətli mənzərədən heyrətə gəlir, məyus olur, uşaq qəlbi didilib parçalanırdı. Günlərin birində taxta “avtomat”ını da götürüb həmişə “dava-dava” oynadıqları tərəfə yollandı. “Cəbhə bölgəsi”nə çatmamış “avtomat”ını söküb hər hissəsini bir tərəfə tolazladı. Bu vaxt lap yaxınlıqdan hənirti gəldi. Kimsə “sən neyləmək istəyirsən, “balaca komandir?”” - deyə astadan soruşdu. Ramil başını qaldırıb sağ-sola baxmağa macal tapmamış, qarşısında idealı hesab etdiyi tarix müəllimini gördü. Gözləmədiyi mənzərə onu bir az çaşdırsa da, müəllimin nəyə işarə vurduğunu bildiyi üçün özünü itirmədi. - Avtomatımı söküb atıram, müəllim, - dedi.

- Niyə?! - Ramilin xarakterinə yaxşı bələd olan tarix müəllimi təəccübləndi. - Daha dö-yüşmək istəmirsən? - deyə soruşdu.

- İstəyirəm - “balaca komandir” azacıq gülümsədi.

- Bəs onda... - müəllim sözünün ardını gətirmədi.

- Daha bezmişəm, müəllim, qulaqları və başı kəsilmiş, gözləri çıxarılmış, dərisi soyulmuş, diri-diri yandırılmış millətimizin, qohum-əqrəbamızın qisasını ermənilərdən taxta “avtomat”la almaq olmur, mənə əsl silah lazımdır, - deyə Ramil qürurla dilləndi.

- Səni başa düşdüm, balaca, amma sən dərslərini çox yaxşı oxuyursan. Yəni demək istəyirəm ki, başqa peşələrə də sahib olmaq imkanın var. Məsələn, həkim, müəllim, hüquqşünas ola bilərsən.

Tarix müəllimi bu sözləri deyib, sınayıcı nəzərlərlə Ramilə baxdı.

- Xeyr, müəllim, mən hərbçi olmaq istəyirəm! - deyə “balaca komandir” qərarını qətiləşdirdi.

- Hə, nə deyirəm ki, olsun, oğlum, indi sənin kimi hərbçilərə ehtiyacımız həddən artıq çoxdur, - müəllim fəxrlə öz fikrini bildirdi. Və öz-özünə: - mən sənin gələcəyinə inanıram, bala - deyərək, “balaca komandir”dən ayrılıb yoluna davam etdi...

Ramil qəti qərarını vermişdi, hərbçi olacaqdı. Bu haqda atasına bir kəlmə deməsə də, Sahib müəllim oğlunun bu peşəyə hədsiz həvəs göstərdiyini görürdü. Bilirdi ki, necə olsa da gec-tez hərbçilərə qoşulacaqdı. Bir tərəfdən özü də oğlunu peşəkar hərbçi görmək istəyirdi. Ramil taxta “avtomat”ı ilə vidalaşıb evə qayıt-dı. Bu vaxtt kənardan həyət qapısının ağzına yaxınlaşan hərbi geyimli bir nəfəri gördü. Qaça-qaça özünü darvazaya yetirdi. Artıq qapıya yetişən hərbçi ilə görüşüb o tərəf bu tərəfinə keçdi, hərbi formasını sığalladı, çiynindəki avtomat silahını duz kimi yaladı, baş geyimini alıb öz başına geyindi. Hərbçini yenidən bağrına basıb uniformasını qoxuladı. Sonra bir qədər geriyə çəkilib onu təkrar-təkrar başdan ayağa süzdü. - Nə bəxtəvər adamdır, ay Allah, mənə də bu formanı qismət elə! - deyə hərbçinin eşidə bilməyəcəyi səslə öz-özünə pıçıldadı. Onu sual yağışına tutub cəbhədəki vəziyyətlə, nə iş gördükləri ilə maraqlandı. Səsə Sahib müəllim çıxdı. Darvazaya yaxınlaşıb hərbçi qohumlarından birini - kəşfiyyatçı İxtiyar Hüseynovu tanıdı. Ramilə acığı tutdu:

- A bala, bu nədir, niyə imkan vermirsən içəri keçsin?

İxtiyar irəli yeriyib Sahib müəllimlə görüşdü. - Ay dayı, xətrinə dəymə, uşaq bərk maraqlanır, bundan yaxşı hərbçi olar, - dedi.

Qohumunun ona qahmar çıxması, üstəlik “ondan yaxşı hərbçi olar” deməsi İxtiyarı “balaca komandir”in gözündə bir az da böyütdü.

Sahib müəllim kəşfiyyatçını içəriyə dəvət edib, onun qardaşı ilə maraqlandı, qohumlarının halını xəbər aldı.

- Allaha şükür, hələ ki salamatçılıqdır, Yusif də yaxşıdır, postda keşik çəkir, - deyə İxtiyar dilləndi. Və “balaca komandir”i oğrun-oğrun süzdü. Bu vaxt Sahib müəllimin də nəzərləri oğluna yönəldi. Ramil ona ünvanlanacaq hansısa sualı həsrətlə gözləyirmiş kimi həyəcanlı görünürdü. Nəhayət atası ayların, illərin həsrətinə son qoydu:

- Hərbçi olmaq istəyirsən, oğlum? - deyə soruşdu. - Bəlkə təhsilini Bakı şəhərindəki Cəmşid Naxçıvanski adına hərbi məktəbdə davam etdirəsən, hə? - dedi.

“Balaca komandir”in gözləri güldü. Sevindiyindən sinəsini döyəcləyən balaca ürəyi az qala məcrasından çıxacaqdı.

***

1991-ci il avqustun 19-da mifik sovet xalqının “QKÇP” (DFVK - Dövlət Fövqəladə Vəziyyət Komitəsi) adlandırdığı hadisə SSRİ-nin dağılmasını sürətləndirdi. Müdafiə nazirliyinin, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin birgə işləyib hazırladığı plan əsasında, Yaltada istirahət edən Qorbaçovun elə oradaca həbs olunması xəbəri bir anda ucsuz-bucaqsız nəhəng ölkənin hər yerinə yayılmışdı. İldırım sürətli xəbər yerlərdə eyni cür qarşılanmırdı. SSRİ-nin dağılmasını arzulamayanlar başı xallı kişinin həbsinə sevinsələr də, əks mövqedə dayananlar onun tezliklə həbsdən çıxması, yenidən hakimiyyət başına qayıtması üçün dua edir, QKÇP-çilərə divan tutmasını istəyirdilər.

Sonunculara elə gəlirdi ki, 70 illik sovet hökumətinin dağılması xalqlara çox böyük fəlakət gətirəcəkdi. Bəzi adamlar da varıydı ki, onlar SSRİ-nin tifaqının dağılmasını istəsələr də prosesin tədricən getməsinin tərəfdarı idilər. Ələsgər kişi də belələrindən idi. Amma SSRİ-nin tifaqı onun arzuladığı kimi dağılmadı. Qorbaçov cəmi üç günlük qapalı həyat yaşadı. O boyda ölkənin bütün silah cəbbəxanası qiyamçı “QKÇP”-çilərin ixtiyarında olsa da, xallı başını təhlükəli hadisələrdən sağ-salamat çıxara bildi.

“QKÇP”-nin “qəlpələri” Azərbaycana da dəymişdi. Qiyamçıların üç günlük hakimiyyəti ərzində, ölkəmizdə işartıları güclə sezilməyə başlayan Qorbaçovsayağı söz azadlığının buğda dənəsi boyda “ağzı” qıfıllanmışdı. “QKÇP” havasına dingildəyən milli “dubinkalarımız” millətin belində, qol-qıçında, boyun-boğazında zolaq atmışdı. Başı xallı kişi avqustun 21-də müəmmalı şəkildə azadlığa çıxandan sonra deyəsən “bizimkilər” tələsdiklərini başa düşmüş və tənqidlərə qarşı bir az dözümlü olmuşdular. Bu dözüm cəmi doqquz gün sonra müstəqilliyin bərpa olunması haqda Bəyannamənin qəbuluna gətirib çıxarmışdı. Amma Ələsgər kişinin dalağı sancmışdı. Hələ dağılmamış İttifaqda baş verən hadisələrdən, siyasi proseslərin gedişindən hiss eləmişdi ki, SSRİ-nin çökəcəyi gün o qədər də uzaqda deyil. Hərdən bu haqda mübahisə də düşürdü. Düzdü, çoxları ürək eləyib Ələsgərlə mübahisəyə girişmək istəmirdi. Amma araya söz atıb bu maraqlı adamı danışdırmaq istəyənlər, fikrini öyrənməyə can atanlar az deyildi. Həmişə onun siyasi söhbətlərindən ləzzət alan Namazəli də həmin çoxluğun içərisində idi. Ələsgər kişi danışanda az qalırdı ki, ağzının içinə girsin. O, bir dəfə söhbəti hərlədib fırladaraq “QKÇP”-nin üstünə gətirib soruşdu:

- Ay Ələsgər, sənin başın bizimkindən yaxşı işləyir, de görüm, nə təhər oldu ki, Qorbaçov “QKÇP”-di, nədi, onun əlindən salamat çıxa bildi?

Ələsgər kişi də elə bu sözə bənd imiş kimi “sandığı açıb pambığı tökdü”. Dedi:

- Elə bilirsiniz ki, “QKÇP”-çilər doğrudan da hakimiyyət çevrilişi etmək istəyirdilər? Xeyr. Hadisəni başı xallı kişinin özü ssenariləşdirib.

Namazəli də, başqaları da təəccübləndilər:

- Yəni deyirsən ki, Qorbaçovun öz oyunu idi?

- Hə, düz başa düşmüsünüz, əzizlərim, elədir ki var, - deyə Ələsgər cavab verdi

- Necə yəni, bu boyda oyun olar?

- Olar, əlbəttə, olar. Siz düşünürsünüz ki, Qorbaçov tək canı ilə o boyda ordunun, sovet “KQB”-sinin əlindən salamat çıxıb? Yox. Eşitdiyimə görə, qiyam Qorbaçovun özü tərəfindən, onun Qərbi Avropadakı, ABŞ-dakı tərəfdarlarının istəyi ilə təşkil olunub.

Namazəli əlini havada yelləyərək: - bax, burda deyiblər e, qulaq gündə bir söz eşitməsə kar olar - dedi. Və ilk dəfə görürmüş kimi Ələsgər kişini başdan ayağa süzdü. Hardasa uzaqdan yenə də atəş səsləri eşidildi...

***

“Balaca komandir” sənədlərini Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə vermişdi. İlk gündən müəllimlərin diqqətini cəlb edən 14 yaşlı Ramil əsl hərbçilərə məxsus nizam-intizamı, sevib-seçdiyi peşəyə vurğunluğu ilə seçilirdi. Bəlkə də dinc dövrdə ağlına belə gəlməyəcəyi bu peşəni seçməyə müharibənin dəhşətləri, insanlıq adına ləkə gətirən erməni vəhşiliyi məcbur etmişdi. Onu hərbi məktəbə vətən, xalq təəssübkeşliyi, doğma yurda bağlılıq kimi müqəddəs hisslər gətirmişdi. Doğmaları, yaxınları, el-obası, doğulub boya-başa çatdığı rayonun əhalisi bu vəhşiliyi hər gün öz üzərində hiss edirdi. Bir tərəfdən də respublikada gedən proseslər, xalq hərəkatının getdikcə genişlənməsi, müstəqillik uğrunda mübarizənin artıq dönməz xarakter alması “balaca komandirin” qərarını qətiləşdirmişdi.

Ramil müstəqil Azərbaycanın zabiti olmağa can atır, buna şübhə etmirdi. Sənədlərini hərbi təmayüllü məktəbə verəndən sonra Azərbaycan parlamentinin müstəqilliyin bərpa olunması barədə bəyannamə ilə çıxış etməsini eşidəndə bərk sevinmişdi. Hərbi məktəbə yenicə gəldiyinə baxmayaraq, baş verən hadisələrlə, xüsusilə cəbhə bölgəsindəki vəziyyətlə daim maraqlanması müəllimlərin nəzərindən qaçmırdı. Amma “balaca komandir” burda da rayon məktəbində dərs aldığı tarix müəllimi kimi böyük coşqu ilə danışan, ermənilərin törətdiyi terror hadisələri barədə daim məlumat verən, Azərbaycanda, SSRİ-də, bütövlükdə dünyada gedən prosesləri şərh edən bir hərbçi müəllim axtarırdı. Cəmi bir neçə gündən sonra təxminən eyni xarakterli müəllimi “kəşf” edə bildi. Həmin müəllim də “simsiz teleqraf” kimi, necə deyərlər, dünyanın altından da xəbər verirdi, üstündən də. Elə litseyin uşaqları da onu öz aralarında “simsiz teleqraf” adlandırırdılar. Həmin müəllimin hərəkətləri də, əl-qol jestləri də eynən Ramilin oxuduğu rayon məktəbindəki tarix müəllimini xatırladırdı. Bildiklərini, görüb-eşitdiklərini tənbəllik eləmədən kursantlara danışmağı xoşlayar, sualları cavablandırmaqdan bezikməzdi.

Ramilin hərbi məktəbdə oxumasından bir aya yaxın vaxt keçmişdi. Sentyabr ayının sonuncu həftəsi, günün ilk dərsi idi. Sinfə daxil olan həmin müəllimin əhvalının pozuq olduğu dərhal hiss edilirdi. Qanı bərk qaralmışdı. “Balaca komandir” cəsarətini toplayıb soruşdu:

- Müəllim, yenə nəsə olub?

- Olub, - deyə müəllim başını qaldırmadan cavab verdi. - Daha nə olmalıdır ki, erməni köpək uşaqları yenə də bir sərnişin avtobusunu partladıblar, - dedi.

- Zərər çəkənlər çoxdur?

- Var, iki azərbaycanlı ölüb, on dörd nəfər ağır yaralanıb.

Ramil əlləri ilə başını tutaraq:

- Vay, qansızlar, təkcə bu ay ərzində 3 avtobusa hücum çəkiblər, - dedi. Bir az fikirləşib əlavə etdi: - Deməli, tək sentyabrda üst-üstə 15 azərbaycanlı qətlə yetirilib, 90 nəfər yaralanıb. - Əclaflar, bu qan yerdə qalmaz, - deyə ermənilərin qarasınca deyindi.

- Sən hansı hadisələri nəzərdə tutursan, Səfərov? - müəllim soruşdu.

- Sentyabrın 8-də ermənilərin sərnişin avtobusuna etdikləri hücumu deyirəm - Ramil cavab verdi. - Yadımdadır, deyirdilər ki, ermənilər eyni gündə həm Ağdamdan Xocavəndə, həm də Qaradağlıya gedən avtobusa hücum edərək 13 nəfəri öldürüblər, 76 nəfər isə ağır yaralanıb.

Ramilin ayın əvvəlində baş verən terror hadisələrinin qanlı nəticələrini bu qədər dəqiqliklə yadında saxlaması, təbiətcə möhkəm adam olduğuna baxmayaraq, müəllimi bir tərəfdən kədərləndirsə də, digər tərəfdən qürurlandırdı. Gələcəyimizin etibarlı əllərdə olacağına şübhəsi qalmadı, vəhşi düşməndən intiqam alınacağına inamı artdı. - Bu, xalqımızın başına gətirilən müsibətlərin, terror aktlarının, doğma torpaqlarımıza təcavüzün, deportasiyaların, ümumiyyətlə qanlı tariximizin sadəcə uşaq yaddaşında ilişib qalması, hadisələri yadda saxlamaq həvəsi kimi qiymətləndirilə bilməz, burda xalq, millət, Vətən təəssübkeşliyinin əlamətləri, qorxmazlıq, cəsurluq, mübarizlik, intiqam hissi, yaxın-uzaq keçmişimizin qəhrəmanlıq ənənələrinin davamı görünür, - deyə dodaqlarının altında öz-özünə pıçıldadı. Yaxınlaşıb “balaca komandir”in başını sığalladı. Sonra birdən-birə sifətinə ciddi görkəm verib soruşdu:

- Bayaq “bu qan yerdə qalmaz” deyirdin. Yəni ermənilərdən, onların terrorundan qorxmursan?

- Niyə qorxmalıyıq ki? - Ramil cavab verdi.

- Özləri bir şey olmasalar da, axı onların qara niyyətlərinin, əsassız torpaq iddialarının, ədalətsiz mövqelərinin arxasında dünyanın nəhəng ölkələrinin maraqları durur.

Münaqişənin yeni başladığı illərdə belə fikirlər əksəriyyət tərəfindən qəbul olunmasa da, hər dəfə mübahisə düşəndə hərbçi müəllim öz mövqeyində yanılmadığını bildirir, “biz hələ çox şeyi bilmirik, qoyun bir neçə il də keçsin, arxasına baxarıq”, - deyirdi. Amma sonuncu kəlmələri ilə Ramili qorxutmaq fikri yox idi. Cəsarətini sınağa çəkmək istəyirdi. “Balaca komandir” isə çox fikirləşmədi. Dedi:

- Düzdür, babalarımız deyib ki, “arxalı köpək qurd basar”, amma o qatillərdən, cəlladlardan fərqli olaraq bizim arxamız Böyük ALLAHdır, Onun xalqımıza bəxş etdiyi Babəklərin, Koroğluların, Qaçaq Nəbilərin ruhlarıdır, cəsarətimiz, qeyrətimiz, arımız, namusumuzdur, üstəlik ədalət də bizim tərəfimizdədir.

“Balaca komandir”in cavabı müəllimi duyğulandırdı. Nə vaxtsa özünün vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlərindən birini xüsusi intonasiya ilə əzbər söylədi. Sonra otağa lal sükut çökdü. Bir neçə saniyəlik xəyala daldı. Heç kəsin eşitməyəcəyi səslə dodaqlarının ucunda: - Hə, bax bu oldu əsl qan yaddaşı, deyəsən, uşağın gələcəyi barədə fikirlərimdə yanılmamışam, danışdıqları yaşına uyğun olmasa da, görünür, başına uyğundur, - dedi. Birdən ağlına nə gəldisə gözlərini dolandırıb zəhmli baxışlarını Ramilin gözlərinə tuşladı. “Balaca komandir” müəllimin zabitəli görkəmindən anladı ki, özünü hansısa ciddi bir fikrin ifadəsinə kökləyib. Deyəsən yanılmamışdı. Müəllim bir qədər də yaxınlaşdı. Yaxınlaşdıqca zəhmi də “əriyib” yox oldu. Bayaqkı görkəmdən əsər qalmadı. Elə bil kimsə yaralı yerinə toxunmuşdu. Sanki balacalaşmış, yumağa dönmüşdü. Yüngülcə köks ötürüb dedi:

- Hə, Səfərov, özünü də, sözünü də, namusunu, qeyrətini də, cəsarətini də çox bəyəndim... Amma... bu ədalət ki, deyirsən, mənim ondan ağlım bir şey kəsmir. Bilmirəm, mənə elə gəlir, ya nədirsə, indi dünya çox dəyişib, artıq tərəzinin gözü əyilib, “arxalı köpəyin” arxasında duranlar ədalətin əl-qolunu zəncirləyiblər. Bu, əlbəttə, faciədir. Ancaq daha faciəlisi odur ki, biz hələ bunu başa düşmürük. Qorxuram ki, sonra gec olar...

Deməyə sözü çox olsa da, müəllim daha danışmadı. “Balaca komandir” də başını aşağı salıb susdu.

***

“Xəbərlər” proqramının vaxtına az qalırdı. Təzə xəbər “ölüsü” olan Ələsgər kişi köhnə kilimin üstünə atılmış balışa dirsəklənərək televizora baxırdı. Hələ dağılmamış SSRİ-nin istehsalı olan əl radiosu da dirsəkləndiyi balışın yanında, sol əlinin düz altında idi. Radiodan bərk yapışmışdı. Sanki xəbər verən adamı bu balaca cihazın içərisinə yerləşdirmişdilər. Və Ələsgər də ehtiyatsızlıq eləyib əlini kənara çəksəydi, həmin xəbərçi qadın, ya da kişi çıxıb harasa qaçacaqdı. Xəbərlərə baxmadığı, daha doğrusu, elektrik enerjisinin kəsildiyi (bu, ucqar rayonlarda, xüsusən də dağ kəndlərində tez-tez baş verirdi və belə vaxtlarda əl radiosu kara gəlirdi), yaxud radionun hamının “daş” adlandırdığı batareyalarının qurtardığı günü (belə günlər nadir hallarda olurdu) Ələsgər kişi gün saymırdı. Amma həmin gün nə əl radiosunun “daş”ından, nə də televizordan nigarançılığı yox idi. Elektrik enerjisi kəsilməmişdi, “daş” da ki, lap saat kimi işləyirdi.

Ələsgər həmin gün qulağının hardansa çaldığı vacib bir xəbərə mütləq baxmalıydı. Eşitdiyinə görə parlamentimiz “Azərbaycanın Müstəqilliyi haqda Konstitusiya aktı” qəbul edəcəkdi. Səhərin gözü açılandan evdən bayıra çıxmamışdı ki, birdən vaxt-bivaxt bu vacib xəbəri səsləndirərlər, o da eşitməz. Onun bir xasiyyəti də varıydı ki, xəbəri başqasının dilindən eşitmək istəmirdi. Ona görə səbirlə oturub qulağının çaldığı həmin məlumatın səhihliyini yoxlamaq qərarı vermişdi. Nəhayət gözlədiyi vaxt gəlib çatdı. Mavi ekrandan həyəcanlı olduğu dərhal sezilən diktorun başı göründü. Ələsgər kişi yanılmamışdı. Həyəcanlı olsa da, Azərbaycanın müstəqilliyini müjdələmək, bu xoş xəbəri bütün respublikaya çatdırmaq onun qismətinə düşdüyü üçün diktor həm də sevinirdi. Ələsgər də sevindi. Amma münaqişə həll olunmamış SSRİ-nin dağılmasını istəmədiyi üçün bir az qayğılandı da. Tez dirsəkləndiyi yerdən qalxdı. Həm sevincini, həm də qayğılarını bölüşmək üçün adamların həmişə toplaşıb siyasətbazlıq elədikləri yerə tələsdi. Elə aralıdan başı görünən kimi çox vaxt onun böyrünü kəsdirən Namazəli, camaatdan ayrılıb yaşına yaraşmayan cəldliklə Ələsgərin qabağına yü-yürdü. Onunla nə xosunlaşdısa elə kənardanca uca səslə, həm də təkrar-təkrar: - Ay camaat, muştuluğumu verin, ölkəmiz müstəqil oldu, gözünüz aydın olsun! - deyə qışqırdı...

18 oktyabr 1991-ci ildə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı”nın qəbulundan sonra Dağlıq Qarabağda və ətraf rayonlarda terror aktlarının, azərbaycanlılar yaşayan kənd və qəsəbələrə erməni hücumlarının sayı getdikcə artmağa başlamışdı. Elə həmin günün səhəri Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında avtobus partladılmış, nəticədə 3 nəfər ölmüş, 25 nəfər yaralanmışdı.

Kənd camaatı bu xəbəri də, elə noyabrın 20-də, içərisində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, vəzifəli şəxslərin olduğu Mİ-8 vertolyotunun Xocavəndin Qaradağlı kəndində vurulduğunu ilk dəfə Ələsgər kişidən, Ələsgər isə həmişə karına gəldiyi sevimli radiosundan eşitmiş və qanı bərk qaralmış, dərdini bölüşmək üçün yenə də camaatın toplaşdığı həmin yerə gəlmişdi. Namazəli də adəti üzrə hamıdan qabaq onu yanlayıb kədərinin səbəbini öyrənməyə çalışmışdı. Ələsgər də “daha bundan artıq nə olacaqdı ki”, - deyə radiosundan eşitdiklərini əzbərdən demişdi. Amma nə qədər qəribə olsa da onu ermənilərin vurduğu Mİ-8-dən daha çox başqa şeylər düşündürürdü. Namazəli qır-saqqız olub yaxasından yapışanda özü də bunu etiraf eləməyə məcbur oldu:

- Ay camaat, erməni terrorçuları vertolyotumuzu vurub, 19 nəfər dövlət və hökumət nümayəndəsi, həmçinin ekipaj həlak olub, bunu hamınız eşitmisiniz - dedi. - Bu, bizim üçün böyük faciədir, ağır itkidir, amma mən həmişə demişəm, indi də deyirəm ki, SSRİ dağılana qədər Qarabağı geri qaytara bilməsək işimiz fəna olacaq...

Namazəli dözmədi. - Bir dəqiqə dayan, - deyə Ələsgərin sözünü kəsdi. Amma deyəcəkləri yadından çıxdı, nə qədər hıqqandısa nə vaxtsa eşitdiyi Nostradamusun adını yadına sala bilmədi ki, bənzətmə aparsın. Dedi:

- Düzdü, sənin baxıcılığın var, ay Ələsgər, ancaq nəhs danışma, axı biz müstəqilik, necə deyərlər, öz əlimiz, öz başımızdır.

Onsuz da Ələsgərə olan olmuş, bir tərəfdən faciənin ağırlığı, bir tərəfdən də “xəmirin hələ çox su apara biləcəyi” barədə düşündükləri onu lap üzmüşdü. İndi də “ikinin üstünə iki gələ bilməyən” Namazəlinin “dərs keçməsi” onun tarıma çəkilmiş əsəblərini bir az yerindən oynatdı. - Zalım oğlu, zalım, sən deyən kimi olsaydı nə vardı ki, - deyə öz-özünə deyindi. “Adam bilmir ki, başımıza oyun hələ bundan sonra gələcəkdi”. Bir qədər alçaq səslə dediyi bu sonuncu kəlmələri isə Namazəlinin həssas qulaqları eşidə bildi. Və Ələsgərin proqnozlarına inandığı üçün canına qorxu oturdu. Az qala yalvaracaqmış kimi soruşdu:

- Sən Allah, de görüm, nə fikirləşirsən, başımıza nələr gələcək ki?

- Hələ bir soruşursan da? İndiyə qədər SSRİ varıydı, başı xallı kişi də başının dəstəsi ilə ermənilərin arxasında dururdu, hökumət day imkan vermirdi ki, başqa dövlətlər də leş iyinə toplaşan qarğa-quzğun kimi qanlı dimdiklərini Qarabağ məsələsinə döyəcləyib, Azərbaycanı sovet kolxozuna döndərsinlər. Bundan belə ABŞ da, İngiltərə də, Fransa da, day nə bilim, özünə güvənən başqa azman ölkələr də burunlarını soxacaqlar bölgəyə. Və maraqları qara bulud kimi toqquşub Qarabağda sellənəcək, bölgə qan çanağına dönəcəkdi. Sonra da bizə “xox” gəlib zorla barışığa dəvət edəcəklər.

Əvvəllər Ələsgər kişinin fikirləri və proq-nozları ilə razılaşmayan cavan oğlan da camaatın içərisində idi. Bu kişidən gördüklərini görmüşdü deyə, daha onunla mübahisəyə girişmək, onun yanında danışmaq istəmirdi. Amma xəcalətindən sürüşüb aradan çıxmağa da utanırdı. Araya sükut çökən kimi fürsət tapıb Ələsgərə dəstək oldu. Dedi:

- Ələsgər əmi düz deyir. Yadınızdadırmı, ermənilər vertolyotumuzu vurandan altı gün sonra parlamentimiz Dağlıq Qarabağın muxtariyyətini ləğv elədi. Səhəri gün isə SSRİ Dövlət Şurası bizdən tələb etdi ki, bu qərar dəyişdirilsin. İndi təsəvvür eləyin, Ermənistanın arxasında duran Qorbaçovun vasitəsilə SSRİ-ni dağıtmış ABŞ kimi ölkələr, bəzi Qərb dövlətləri erməniləri qoyub bizimi müdafiə edəcəklər?

- Sizcə edəcəklər? - camaat yerbəyerdən bu oxumuş cavanı suala tutdu.

- Əlbəttə, yox. Əvvəllər mən də başqa cür düşünürdüm, indi görürəm ki, Ələsgər əmi deyən kimidir.

Elə bu vaxt Ələsgər kişi də cavan oğlanın sözünə qüvvət verdi:

- Hə, görürsünüz, bayrağı altında toplaşdığımız SSRİ-nin başçısı torpaqlarımızı zəbt eləyən erməniləri yerində oturtmaq əvəzinə, bizdən Dağlıq Qarabağın muxtariyyətinin ləğv olunmasının hesabını sorur, qərarın dəyişdirilməsini tələb edir. Bax, burda deyiblər ki, “xoruzun quyruğu görünür”.

Yerdən kimsə dilləndi:

- Ələsgər əmi, yadına gəlir, üç həftə qabaq deyirdin ki, Rusiya, Ukrayna və Belorus respublikalarının başçıları Brestdə toplaşaraq SSRİ-nin əvəzinə Müstəqil Dövlətlər Birliyinin yaradıldığını elan ediblər?

- Hə, yadımdadır, necə məgər? - deyə Ələsgər kişi maraqlandı.

- Bayaq deyirdin ki, bəs SSRİ dağılandan sonra erməni-müsəlman davası bir az da qızışacaq, münaqişəni həll eləmək çətinləşəcək, nə bilim, nələr olacaq...

Ələsgər əvvəl-əvvəl elə bildi ki, həmin adam ona rişxənd eləyir. Dözməyib sözünü kəsdi:

- Hə, demişdim, nə olub ki? - deyə soruşdu.

Əynində nimdaş qalın qış geyimi olduğuna baxmayaraq, soyuqdan dodaqları göyərən, lakin evə getməyib siyasi söhbətləri dinləməyi üstün tutan oğlan da, deyəsən, Ələsgərin şübhələndiyini başa düşmüşdü. Amma boydan balaca olduğu üçün bir yerə toplaşmış adamların içərisində başı görünməyən oğlanın sualı heç də ironiyalı deyildi. Səsi tanış gəlsə də, Ələsgər əvvəlcə onun Namazəli kişinin yeniyetmə oğlu Qoçəli olduğunu kəsdirə bilməmişdi. Əllərinin işarəsi ilə adamları aralayıb sifətini aydın gördü. Uşaq haqqında yanlış fikirlərinə görə özünü səbirsizlikdə suçladı. Ümumiyyətlə, Namazəlinin uşaqları da özü kimi sakit, mehriban uşaqlar idi. Heç kəslə işləri olmazdı, kələk-külək iş görməzdilər. Ələsgər kişi onu tanıyandan sonra bu dəfə həlim səslə, mehribancasına sonuncu sualını təkrarlayaraq: - Hə, oğlum, nəyi soruşurdun? - dedi. Uşaq da ondakı səmimiliyi duyub çəkinmədən cavab verdi:

- Ələsgər əmi, deyirdin ki, SSRİ dağılmamış Qarabağ məsələsi həll olunmasa işimizi düyünə salacaqlar. Düzdü, SSRİ dağılıb, amma əvəzində MDB yaranıb. Yəni Qarabağ davasını qurtarmaq yenə də çətin olacaqdı?

Ələsgər irəli yeriyib oğlanın başını sığalladı. - Bax, yaxşı sualdır, oğlum, - dedi. Və onun hadisəyə çevik reaksiyasını bəyənərək bir-iki ağız tərifləyəndən sonra, elə bil arxadan kimsə qovurmuş kimi tələsik cavab verdi:

- Bilirsən, mənim balam, bu MDB ki var, bir təsəllidir. SSRİ təzə dağılıb, indi çox pis vaxtdır, hərki-hərkəlikdir, özbaşınalıqdır. Elə adamlar var ki, sovet hökumətinin bərpası üçün “uf” demədən milyonlarla adamı qırıb çatar, kəndləri, şəhərləri viran qoyar. MDB-ni ona görə qondardılar ki, ara sakitləşsin, qan tökülməsin, hər şey də yavaş-yavaş öz yoluna düşsün. Başı xallı kişinin əlindən, necə deyərlər, zəncir gəmirənlər çoxdur.

- Elə bu, Ələsgər əmi? Birdən o adamların qəzəbi soyumadı, yenidən başladılar SSRİ-ni diriltməyə...

- Əlbəttə, oğlum, keçmiş əyyamların xiffətini çəkənlər çalışacaqlar ki, SSRİ-ni “xortlatsınlar”. Bundan ötrü MDB də bir vasitə ola bilər. Amma, mənim balam, mən bu məsəli həmişə çəkirəm, yadında saxla ki, daldan atılan daş topuğa dəyər. MDB söyüd ağacı, ya da axtalanmış heyvan kimidir, cəhd eləsələr də ondan heç nə törəməyəcəkdi.

- Yəni deyirsiz ki, MDB-dən SSRİ olan deyil?

- Hələlik mən bunu görmürəm, oğlum.

- Ələsgər, biz Müstəqil Dövlətlər Birliyinin üzvüyük? - deyə Namazəli kişi söhbətə qoşuldu.

- Yox, amma ola bilsin ki, nə vaxtsa üzvü olarıq - deyə Ələsgər kişi qısaca cavab verdi.

- Nooldu, bəs deyirdin ki, Azərbaycan artıq müstəqil dövlətdir?

Ələsgər özünü gülməkdən güclə saxlasa da, yerdə qalanlar özlərini zorlaya bilmədilər, gülməkdən uğunub getdilər. Namazəlinin oğlu da onlara qoşuldu. Amma Qoçəli gülsə də atasının avamlığına görə xəcalət çəkdiyi dərhal hiss olundu. Bunu Ələsgər kişi də hiss elədi. Onu vəziyyətdən çıxarmaq üçün ortaya söz atıb diqqəti başqa səmtə yönəltməyə çalışdı:

- Baxın, mən deyəndə ki, SSRİ dağılandan sonra erməniləri qısqırdıb üstümüzə hürdürənlərin sayı artacaq, bəziləriniz dodaq büzürdünüz. İndi görürsünüz nələr baş verir? Dağlıq Qarabağ erməniləri dərhal öz “müstəqilliklərinə” səs verdimi? Verdi. Özünün müstəqilliyini elan edən Ermənistan başqa ölkələrdən də hərbi yardım alıb üstümüzə açıq şəkildə hücuma keçdimi? Keçdi. Belə bir məsəl var: it qaya kölgəsində yatır, elə bilir ki, öz kölgəsidir. Ermənilər indi bir deyil, bir neçə xarici dövlətin “kölgəsində” daldalanaraq hücumlarını genişləndiriblər? Genişləndiriblər. Hansını deyim? Birdi, ya beşdi məgər? Hələ qoy bir az da keçsin, onda mən deyənə gələcəksiniz.

Ələsgər kişinin belə bədbin proqnozları Namazəlini yenə də qorxuya saldı. Dili topuq vura-vura soruşdu:

- Yəni deyirsən ki, bizim hamımızı kolxozun zəmisi kimi biçəcəklər?

- Yox, mən elə demədim, ay Namazəli. Allaha şükür ki, bizimkilər heç kəsə arxalanmadan bir damcı qandan qorxan ermənilərlə pələng kimi vuruşurlar...

Ələsgər kişi qəflətən sözünü yarımçıq kəsib qol saatına baxdı. “Xəbərlər”in vaxdı idi. Əlində gəzdirdiyi radiosunun düyməsini basdı. Yenə də diktorun həyəcanlı səsi eşidildi: “Ağır texnikanın müşayiəti ilə Xankəndi yaxınlığındakı Kərkicahan kəndinə hücum edən ermənilər çoxsaylı itki veriblər. Mehman Hüseynovun başçılığı altında kəndin 22 nəfərdən ibarət müdafiə dəstəsi 8 saatlıq qeyri-bərabər döyüşdə 70-dən artıq erməni quldurunu məhv edib”.

***

SSRİ dağılandan sonra ermənilər Dağlıq Qarabağın ətrafındakı rayonların kəndlərinə, özünümüdafiə üçün qurulmuş postlara da tez-tez hücum çəkir, təxribat törədir, dinc əhaliyə atəş açır, girov götürür, sərnişin avtobuslarını, minik avtomobillərini pusquya salıb partladır, terror hərəkətlərini genişləndirirdilər. Cəbrayıl rayonunun bir sıra dağlıq əraziləri də ermənilərin yaşadığı kəndlərlə həmsərhəd olduğundan, həmin ərazilər müntəzəm atəşə tutulurdu. Qarlı-şaxtalı yanvar ayında xüsusən də Cəbrayıl taburunun keşik çəkdiyi Dolanlar postuna hər axşam hücum olurdu. Postda hər gecə həyəcan siqnalı verilirdi. Artıq hamı bezmişdi. Komandir Babayev ermənilərin dözülməz vəhşiliklərinə birdəfəlik son qoymaq üçün kəşfiyyatçılara tapşırıq vermişdi. 8 kəşfiyyatçı və 6 nəfərdən ibarət dəstə, qarşısını silsilə dağlar kəsən Tağ kəndinə, Dolanlar kəndinin başı üstündəki Tey dağına tərəf getməli, ermənilərin səngər qurub tez-tez atəş açdıqları ehtimal olunan yeri müəyyənlədirməli idi.

1992-ci ilin yanvar gecəsi idi. Şaxta adamı dondururdu. Dəstə gecə ikən əvvəlcə Cəbrayıl taborunun bir bölüyü yerləşən Qazanzəmi kəndinə gəlir. Hərbçilər hamının Saqqal Məhəmməd adlandırdığı bölük komandiri ilə birlikdə gecədən xeyli keçmiş Qazanzəmidən çıxırlar. Həmin kənddən Tey dağına qədər məsafə təxminən on yeddi kilometr olardı. Dəstə meşənin içərisində yerləşən altı-yeddi evdən ibarət kiçik kəndi keçərək, Qubadlı rayonunun Başarat kəndinə tərəf yol alır. O taya keçmək üçün meşənin içərisi ilə axan çaydan adlamalı olur.

Soyuğun adamı qılınc kimi doğradığı havada çayın hərarəti nisbətən yuxarı olurdu. Dəstə üzvlərindən biri bunu nə vaxtsa eşitmişdi. Kəşfiyyatçıların komandiri İldırım Verdiyev, İxtiyar Hüseynov, Yunis Ağayev, Şükran Hüseynov və istehkam bölüyünün minaaxtaranları - Rabil Ağayev, Yasin Həşimov, Nüsrət və daha bir neçə minaaxtaran buz sallanan sıldırım qayalıqların arasından axan çayla hərəkət edir, Başarat istiqamətində, Topağac meşəsinə tərəf irəliləyirlər. Tağ kəndinə təxminən iki-üç kilometr qalırdı. Elə bu vaxt qabaqda gedən kəşfiyyatçılardan biri - İxtiyar Hüseynov hardansa səs eşidir. Yerində daya-nıb diqqətlə ətrafa qulaq kəsilir. - Deyəsən, balta səsidir, yəqin kimsə ağac kəsir, - deyə fikirləşir. - Görəsən kimdir, azərbaycanlı, yoxsa erməni? - arxasınca gələn dəstə üzvlərindən sakitcə soruşur. Sonra da “burda azərbaycanlı nə gəzir, hamısını ev-eşiyindən qovublar, çox güman ki, ermənidir, görünür, qış üçün tədarük görür”, - deyə verdiyi sualı özü cavablandırır. Dəstə üzvləri də onun dediklərini təsdiqləyir.

Artıq səhər saat 6-ya qalırdı, bir azdan hava yavaş-yavaş işıqlanmağa başlayacaqdı. Dəstə hansı ərazidə olduğunu hələ dəiqləşdirə bilməsə də, balta səsi onları istədikləri səmtə yönəldə bilərdi. Bundan ötrü son dərəcə düzgün qərar qəbul etmək lazım gəlirdi. Əli baltalı adam hərbçiləri görməsə də, onların hədəfinə alınacaq qədər yaxında idi. Dəstə meşənin sükutunu pozan bu adamı öldürmək, yoxsa sağ ələ keçirmək dilemması qarşısında qalmışdı. Dərhal qərargaha məlumat verildi. Qərargahdan həmin adamın sağ ələ keçirilməsi əmri gəldi.

Dəstə ehtiyatla əli baltalı adama yaxınlaşırdı. Artıq onun erməni olduğuna heç kəsin şübhəsi qalmamışdı. Sən demə münasib hesab etdiyi vaxtda meşəyə odun qırmağa gələn erməni itini də özü ilə gətirmiş, amma kəşfiyyatçılar onu görə bilməmişdi. Dəstə asta-asta irəlilədikcə it duyuq düşüb bərkdən hürdü. Sanki təhlükənin yaxınlaşdığını sahibinə xəbər verirdi. Deyəsən, sahibi də onu başa düşmüş-dü. İt erməninin ələ keçməsinə mane oldu. Onun hürüşündən şübhələnən erməni qırdığı odunları da qoyub, lap yaxındakı atının belinə sıçrayaraq dərhal uzaqlaşdı. Dəstə məcbur olub çaydan “Mərmərbulaq” deyilən istiqamətə, Tey dağına - qurduqları posta tərəf yol aldı. Məlumata görə, həmin ərazilərdə, Tağ kəndinin qarşısındakı dağda ermənilərin səngəri yerləşirdi. Dəstə xeyli yol getdikdən sonra həmin yerin yaxınlığına kimi gəlib çatdı. Posta qədər təxminən iki yüz-üç yüz metr məsafə qalırdı. Ərazi kəşfiyyatçılara tanış gəldi. - Həmin səngər nə daimi, nə də döyüş səngəri yox, bizimkilərin müşahidə səngəri olub, - deyə kimsə dilləndi...

Səhər saatlarında iki nəfər kəşfiyyatçı komandirdən tapşırıq almışdı. Kəşfiyyatçılar müşahidə səngərinə yaxınlaşmalı, ərazidə yoxlama aparmalı, ermənilərin həmin səngərdə olub-olmadıqlarını öyrənməli idilər. Səngərə çatıb ərazini diqqətlə gözdən keçirdilər. Kəşfiyyatçılardan birinin - İxtiyarın gözləri siqaret kötüyünə sataşdı. Kötüyü yoldaşına göstərərək: - siqaretə diqqətlə bax, yenicə söndürülüb, - dedi.

Digər kəşfiyyatçı da onun dediklərini təsdiqlədi:

- Hə, elədir, bizimkilər bu yaxınlarda burda olmayıblar, yəqin ki, erməni dığalarının çəkdiyi siqaretin kötükləridir.

- Siqaretin yenicə sönməsi dığaların hardasa yaxın ərazilərdə olduqlarını göstərir, de-yilmi? - İxtiyar soruşdu.

- Düz deyirsən - kəşfiyyatçı yoldaşı inamla cavab verdi.

- Çox güman ki, səhərlər eşidilən güllə səsləri də elə bu səngərdən gəlirmiş, - deyə İxtiyar fikrini bildirdi. - Görünür, bu səhər də güllə atıb gediblər, - dedi.

Kəşfiyyatçılar səngərdən çıxıb təxmin etdikləri səmtə, ermənilərin arxasınca qaçdılar. Xeyli getsələr də kimsəyə rast gəlməyib geri qayıtdılar. Digər kəşfiyyatçılar və istehkam bölüyünün əsgərləri ilə birlikdə həmin yerdə - Qazanzəmidən on yeddi, Dolanlardan on iki kilometr uzaqlıqda yerləşən və həmin postlarla üçbucaq təşkil edən boş sahədə, həm də bir gecədə post quruldu. İxtiyarın təklifi ilə posta “Qanlı qaya” adı verildi. Bir az keçmişdi ki, komandirdən həmin postda qalmaq göstərişi gəldi.

Dəstə üzvləri gecə ikən postu on yeddi kilometr irəliyə, ermənilərin işğal etdikləri ərazilərə tərəf çəkmişdilər. Bundan ötrü hücuma keçmək, işğalçılarla qızğın döyüş aparmaq, şəhid vermək lazım gəlirdi. Amma postun qabağa çəkilməsi dəstə üçün itkisiz başa çatdı. Dəstə elə ustalıqla və ehtiyatlı hərəkət edirdi ki, irəliləmək üçün bu qədər uzun məsafə döyüşsüz qət olundu. Hər an başlaya biləcək atışma olmadı, itkinin qarşısı alındı. Ermənilər təxminən səhər saat 9-da işğaldan sonra həmişə nəzarət etdikləri ərazilərə yaxınlaşanda artıq gec idi. Yerli olmadığı dərhal hiss edilən hündür boylu, uzun saqqallı ermənilərdən biri kəşfiyyatçılarımızın müşahidə kamerasına düşmüşdü. Əl-qol jestləri onun möhkəm əsəbiləşdiyini, gözləmədikləri mənzərə ilə qarşılaşdığı üçün təəccübləndiyini və buna görə bütün hirs-hikkəsini tabeliyində olan hərbçi dığaların üstünə tökdüyünü göstərirdi. Çox keçmədi ki, saqqallı erməni atışma əmri verdi. On dörd nəfərlik kəşfiyyatçı və istehkam bölüyünün hərbçilərindən ibarət dəstə təqribən iki saat intensiv atəşə tutulsalar da qurduqları postu tərk etmədilər.

***

1991-ci ilin sonları və 1992-ci ilin əvvəllərində erməni quldurlarının hərbi cinayətlərinin və Ermənistan hökumətinin dövlət səviyyəsində apardığı terror aktlarının sayının artması, miqyasının genişlənməsi “balaca komandir”in təhsil aldığı hərbi liseyin kursantlarını - gələcəyin zabitlərini narahat edirdi. “Simsiz teleqraf” adlandırdıqları hərbçi müəllimin şərhlərini, hadisələrə münasibətini sonsuz maraq və həyəcanla dinləməyi xoşlayan kursantlar fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən faciədən sonra onun dərsini səbirsizliklə gözləyirdilər. Hərbi texnikanın, motoatıcı silahların, artilleriyanın gücünə az-çox bələd olan kursantlar elə indicə eşitdikləri hadisə barədə ən çox da bir-birinə zidd xəbərlərin verilməsindən narahatçılıq keçirir, ilkin məlumatlara inanmırdılar. Ağıllarına dammışdı ki, itkilər məlumat verildiyindən qat-qat çoxdur.

Kursantlar tənəffüs vaxtı üç-üç, beş-beş toplaşıb mübahisə edir, hər kəs eşidib bildiklərindən, gördüklərindən danışır, kimisi də özünü peşəkar siyasətçi kimi aparır, kimsənin ağlına gəlməyən proqnozlar verirdi. Amma heç kəs bir-birinə söykək durmur, hərə özünü daha ağıllı hesab edirdi. Maraqlıydı ki, hamı da özündənrazılığı bəyənmirdi. Belə qəliz məsələlərdə çox vaxt özlərinə də inanmırdılar. Ancaq bir şeyə arxayınıydılar ki, tezliklə “simsiz teleqraf” gələcək və ən düzünü də o deyə-cəkdi. “Balaca komandir” isə yersiz mübahisələri xoşlamır, belə vaxtlarda böyüklük eləyib hamını sakitləşdirər, müəllimin gəlişini gözləməyi xahiş edərdi. Müəllim də gəlib bildiklərindən danışar, uşaqlar ona inanardılar.

Xocalı faciəsinin ertəsi günü “simsiz teleqraf”ın dərs saatı başqa günlərə nisbətən gec başlasa da, litseyə lap səhər tezdən gəlmişdi. İlk dərsə də “balaca komandir”in sinfindən başlayacaqdı. Dərsin başlanmasına hələ iki dəqiqə qalsa da, o, dəhlizdə topa-topa dayanıb mübahisə edən uşaqları başının işarəsi ilə sinif otağına dəvət etdi. Sifətinin ifadəsindən çox kədərli olduğu, qanının bərk qaraldığı dərhal sezilirdi. Kursantlar bayaqdan onun gəlişini gözləsələr də heç kəs sual verməyə ürək eləmirdi. Müəllim də bunu hiss etmişdi. Cəmi beş-on saniyəlik sükutu onun özü pozaraq:

- Yəqin ki, eşitmisiniz, eləmi? - deyə sual verdi. Və deyəsən bu qısa, həm də qeyri-müəyyən sualla kursantların həssaslığını, çevikliyini sınağa çəkmək istədi.

Uşaqlar sanki bir az əvvəl etdikləri qızğın mübahisənin mövzusunu unutmuşdular. Bir neçə saniyə heç kəsdən səs çıxmadı. Nəhayət kimsə yerdən dilləndi:

- Nəyi?

Cavabın sual şəklində verilməsi müəllimi təəccübləndirdi. Başını yüngülcə buladı. Ardınca nəzərlərini “balaca komandir”ə yönəltdi. Baxışları “simsiz teleqraf”la toqquşan Ramil gözlərini ondan ayırıb kursant yoldaşına baxaraq dərhal cavab verdi:

- Yəqin müəllim Xocalı faciəsini deyir, də.

- Hə də, onu deyirəm, deyəsən fil qulağında yatmısınız, - müəllim Ramilin cavabını təsdiqlədi.

- Eşitmişik, amma...

“Simsiz teleqraf” “balaca komandir”in sözünü kəsərək: - Yaxşı, yaxşı, bilirəm, deyəcəksiniz ki, itkilərin sayı barədə ziddiyyətli məlumatlar verilir, - dedi. - Yəqin sizi çaşdıran budur.

- Bəli - uşaqlar bir ağızdan dilləndilər.

- Hə, bax, əsl faciə də budur, - deyə müəllim təəssüfləndi.

- Bəs Xocalı faciəsi? - kursantlardan kimsə təəccübləndi.

- Uşaqlar, Xocalıda baş verənlərin adı başqadır, - hərbçi müəllim qısaca cavab verdi. - Bunun izahını, əlbəttə, verəcəyik, amma mən əvvəlcə bir az geriyə qayıtmaq, hadisələri xatırlatmaq istərdim, - dedi. Və gözlərini bir-bir kursantların üzərində gəzdirərək, sonda yenə də “balaca komandir”in sifətinə tuşladı.

“Simsiz teleqraf”ın cavabı dünəndən eşitdikləri xəbərin acısını yaşayan uşaqlar üçün göydəndüşmə oldu. Müəllim gözlərini Ramildən ayırıb izahatına başladı:

- Hə, uşaqlar, SSRİ-nin mövcudluğuna xitam veriləndən sonra sovet qoşunlarının xeyli hissəsi bölgədən çıxsa da, müəyyən yerlərdə, xüsusən də Dağlıq Qarabağ ərazisində İttifaqa məxsus hərbi bazalar, əsgəri qüvvələr hələ də qalırdı. Qoşunların müəyyən hissəsinin çıxması ərazilərimizi erməni işğalçılarından təmizləmək üçün bir tərəfdən Azərbaycanın imkanlarını genişləndirsə də, digər tərəfdən həmin hərbi baza və canlı qüvvələrin Ermənistanda yerləşdirilməsi münaqişənin həllini əngəlləyir, Qarabağın gələcək taleyini ciddi şübhə altında qoyurdu. Baş verə biləcək təhlükəni önləmək üçün Azərbaycanın özünümüdafiə dəstələri yaranmış imkandan istifadə edərək, 1991-ci il dekabr ayının sonlarında əks hücumla Xankəndi yaxınlığında yerləşən strateji əhəmiyyətli Kərkicahan kəndini yenidən nəzarətə götürmüş, lakin yanvarın ortalarında kənd yenidən işğal olunmuşdu. İşğaldan əvvəl isə Krasnovodsk-Bakı sərnişin gəmisi partladılmış, nəticədə 25 nəfər ölmüş, 88 nəfər yaralanmışdı. Kərkicahanın ikinci dəfə işğalından sonra Azərbaycanın özünümüdafiə dəstələri Şuşa yaxınlığındakı Daşaltı kəndini ələ keçirmək üçün hərbi əməliyyat planı hazırlanmışdı. Lakin 1992-ci il yanvarın 25-26-da başlanan əməliyyat uğursuzluqla başa çatır. Əsgərlərimiz ermənilərin pusqusuna düşərək ağır itki verir: 33 nəfər həlak olur, 36 nəfər yaralanır, 34 nəfər itkin düşür.

Qanlı tarximizin xronologiyası xatırlandıqca “balaca komandir”in yumruqları qeyri-ixtiyari düyünlənir, dodaqlarının altında nəsə mızıldanır, yəqin ki, ermənilərin insanlığa yabançı əməllərini yamanlayırdı. Bu da müəllimin diqqətindən yayınmır, arada susub nəzərlərini xəlvətcə ona yönəldir, sanki lal-dinməz reaksiyasından ləzzət alırdı.

- Daşaltı əməliyyatından sonra erməni quldurları daha da azğınlaşaraq bir-birinin ardınca terror aktları həyata keçirir, Dağlıq Qarabağın sonuncu yaşayış məntəqələrini də işğal edirlər, - deyə “simsiz teleqraf” sözünə davam edərək dedi:

- Yanvarın 28-də Azərbaycana məxsus daha bir vertolyot terrorçular tərəfindən vurulur. Ağdam-Şuşa marşrutu üzrə uçan mülki vertolyotun əsasən qadınlar və uşaqlardan ibarət 41nəfər sərnişini və 3 nəfər ekipaj üzvü həlak olur. Bu qanlı hadisədən cəmi iki gün sonra Azərbaycan və Ermənistan eyni vaxtda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv qəbul edilir.

Müəllim yenə də fasilə verdi, sual gözlə-yirmiş kimi oğrun-oğrun Ramilə baxdı. “Simsiz teleqraf” fikrində yanılmamışdı. “Balaca komandir” araya çökən sükutdan dərhal istifadə etdi:

- Yəni ATƏT-ə üzvlüyümüz erməni işğalına, erməni faşizminə son qoyacaq?

- Yadına salsana, birgə üzvlükdən cəmi on gün sonra Quşçular və Malıbəyli kəndlərinin başının üstünü təhlükə alır, hər iki kənd erməni işğalına məruz qalır, fevralın 17-də isə Xocavənd rayonunun Qaradağlı kəndi işğal olunur, - deyə müəllim ona ünvanlanmış sualı çox yaxın tariximizi xatırlatmaqla cavablandırdı. - Erməni quldurlarının hücumu zamanı kəndin müdafiəçiləri və dinc sakinlərdən ibarət 146 nəfər vəhşicəsinə öldürülür, 120-yə yaxın dinc sakin girov götürülür, onlardan 77 nəfəri sonradan qətlə yetirilir, 6 nəfər isə diri-diri yandırılır, - dedi.

- Anladım, müəllim, anladım - “balaca komandir” acı-acı gülümsədi. - Bəs Xocalıda baş verənlər faciə deyilsə nədir? - deyə soruşdu.

- Mən də səni anladım, - müəllim cavab verdi. - Yəqin düşünürsən ki, bayaq verdiyim sözü unutmuşam, deyilmi? - dedi.

Ramil yüngülcə qızardı, başını aşağı salıb müəllimin şərhini gözlədi. “Simsiz teleqraf” elə buna bənd imiş kimi bayaqdan kursantların səbirsizliklə gözlədikləri, tənəffüs vaxtı mübahisə obyektinə çevirdikləri Xocalı hadisəsinə keçdi, itkilər barədə ziddiyyətli, mübahisəli rəqəmləri təzələdi:

- Hə, uşaqlar, bir neçə aydır ki, müstəqil olduğumuza baxmayaraq, əli hələ də Kremlin ətəyində olanlar xalqa yanlış məlumat veriblər. Guya qarlı-şaxtalı qış gecəsində bütün növ hərbi texnika ilə əliyalın, dinc Xocalı sakinlərinə hücum zamanı cəmi iki nəfər qətlə yetirilibmiş. Əslində bu rəqəmlə reallıq arasında fantastik fərq var. Təsəvvür edin ki, hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutublar. Soyuq, qarlı fevral gecəsində neçə-neçə qız-gəlin əsir düşüb, girov götürülüb. Erməni vəhşilərinin hədəfindən yayınıb meşələrə, dağlara qaçanların çoxu soyuqdan, şaxtadan məhv olub…

Artıq dözməyib yumruqlarını ehmalca da olsa yazı masasına döyəcləyən “balaca komandir”in səbir kasası dolmuşdu. Özü də hiss etmədən ixtiyarsız halda “rəqəmlər, rəqəmlər” deyib, həyəcanla dinləməyə hazırlaşdı. Müəllim də daha bu dəfə çox uzatmayıb birbaşa rəqəmlərə keçdi:

- Erməni vəhşiliyi nəticəsində təxminən 7 min nəfər əhalisi olan Xocalıda 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götü-rülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb. 150 nəfərin taleyi isə naməlumdur. Qətlə yetirilən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Vəhşi hücum zamanı 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu hərbi cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla öldürülüb, diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Vəhşiliyin həddinə baxın ki, hətta meyitlər də təhqir edilib. Şəhid olanlardan yalnız 335 nəfəri dəfn olunub. 200 nəfərin ayaqları soyuqdan qanqrena olub, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb. Baxın, bu əsl soyqırımdır, bir millətə, xalqa qarşı düşünülmüş kütləvi qırğın siyasətidir.

“Simsiz teleqraf” sözünü tamamlayıb yenə də “balaca komandir”ə baxdı. Onun gözləri qəzəbdən alışıb yanırdı...

***

“Qanlı qaya” postunun ələ keçirilməsi hərbçilərimizin döyüş əzmini artırmışdı. İşğal altındakı Tağ kəndinin nəzarətə götürülməsi üçün məsləhətləşmələr aparılırdı. Uzun məsləhətləşmələrdən sonra Qazanzəmi bölüyünün komandiri Saqqal Məhəmməddən əmr gəldi: Tağ istiqamətində hərəkət edin! Bundan ötrü Dolanlardan Tağa gedən yol ermənilərin basdırdığı minalardan təmizlənməli idi. Həmin gün cəsur minaaxtaranlardan birinin - Rabilin doğum gününə təsadüf edirdi. Komandir Həşimov ad gününün nəzərdə tutulan Tağ əməliyyatından sonra Dolanlarda, ya da İsaxlı kəndində qeyd olunmasını məsləhət bilmişdi. Minaaxtaranlar dərhal önə keçdilər. Həmin gün Tağ istiqamətindəki “Mərmərbulaq” deyilən əraziyə qədər olan uzun bir yol tank əleyhinə minalardan təmizləndi. Artıq hava yavaş-yavaş qaralırdı.

Əgər yol minalardan tam təmizlənibsə maşına minib geri qayıdın! Bu da Saqqal Məhəmməddən gələn yeni əmr. Minaaxtaranlar bir-birinə baxdı. Rabil inamla: - yol minalardan tamamilə təmizlənib, buna əmin ola bilərsiniz, - dedi. Dəstə “QAZ-66”-ya oturub Dolanlara tərəf qayıtdı. “Mərmərbulaq”dan geri dönən maşın qəflətən partlayıb alova büründü. Qara tüstü ətrafı ağzına aldı.

Rabil alışıb yanan “QAZ-66”-nın banından asılı qalmışdı. Onu qarsıyan alovdan can qurtarmağa çalışırdı. Bandan tullanıb ağacların arasına düşən Nəriman adlı digər əsgər bu tükürpədici mənzərəni görüb yenidən yanmaqda olan bana tərəf atıldı. Rabili alov dilli ölümün pəncəsindən xilas etdi. Hər iki əsgər canının ağrısını unudub gözləri ilə döyüş dostlarını axtardı. Ətrafa diqqət kəsildilər. Qulaqlarına zarıltı səsi gəldi. Maşının kabinəsinə tərəf qaçdılar. Camaatın “Poçt Nəbi” adlandırdığı rabitə işçisinə məxsus “QAZ-66”-nı idarə edən Ramiz sükana ilişmiş, başının qapaq hissəsinin dərisi tamam soyulmuşdu. Əsgərlər sürücünü kabinədən çıxarıb yerə uzatdılar. Nəriman təəccübləndi:

- Bu nədir, görəsən nə baş verir, yoxsa minaya düşmüşük?

- Nə olacaq, bayaqdan ara-sıra atəş səsləri gəlir, yəqin ermənilərdir, maşını qumbaraatanlardan atəşə tutublar, - deyə Rabil cavab verdi.

- Hə, düz deyirsən, axı yolu minalardan təmizləmişdik, - Nəriman onun sözünə qüvvət verdi.

Əsgərlər göz gəzdirib dəstə üzvlərini yoxladılar. Komandir Həşimovla Bağır adlı hərbçi gözə dəymirdi. Əyilib tamamilə yararsız vəziyyətə düşən maşının altına baxdılar. Bağır partlayıb dağılan motorun boş qalan yerindən kabinənin alt tərəfinə düşmüş, başının qapaqlığı qopmuşdu. Həşimov isə yoxa çıxmışdı. Bir az keçmişdi ki, minaaxtaranları qorumaq üçün kənarda mövqe tutub gözləyən digər dəstə üzvlərindən biri - Qorxmaz adlı hərbçi onlara yaxınlaşdı. - Nə olub? - deyə maraqlandı.

- Deyəsən, bizi vurublar, - əsgərlər cavab verdilər.

Qorxmaz təşviş içərisində dedi:

- Biz kənardan gözləyirdik, heç kim atəş açmayıb. Bir də gördük ki, “QAZ-66”-dan qara tüstü qalxır, üstümüzə də nəsə gəlir. Heç demə üstümüzə gələn maşının təkəri imiş. Altmış-yetmiş metr qabağa, yolun içərisinə düşmüşdü. Özümüzü yetirib gördük ki, komandir Həşimov yolun ortasında zarıyır.

Minaaxtaranlar hələ də nə baş verdiyini anlaya bilmirdilər. Cəld Qorxmazın nişan verdiyi yerə qaçdılar. Dəhşətli mənzərə ilə qarşılaşdılar. Komandirin qırılan ayaqları tamam əks tərəflərə yönəlmişdi. Ağzı köpüklənirdi. Cəld irəli atılıb nəfəs verdilər. Dolanlar postunda mövqe tutan hərbçilərlə əlaqə yaradıb kömək istədilər. Bir azdan rabitə maşını gəlib çıxdı. Yaralı komandiri xeyli irəliyə gətirsələr də, həyatını xilas etmək mümkün olmadı. Maşın İsaxlı kəndinə yetişəndə dünyasını dəyişdi. Həşimovun meyiti Cəbrayıl rayon mərkəzi xəstəxanasına gətirildi.

Ertəsi gün hadisənin baş verdiyi əraziyə kəşfiyyat qrupu yollanmışdı. Meşədə ocaq yerinə rast gələn kəşfiyyatçılar dünəndən naməlum qalan sirrin üstünü açmışdılar. Kəşfiyyat məlumatına əsasən, hadisənin baş verdiyi gün yolu təmizləyib geriyə qayıdan minaaxtaranlar hava qaralana yaxın ermənilərin yenidən qurduğu minaya düşmüşdülər...

***

1992-ci ilin yazı idi. Əsasən xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərdən ibarət Ermənistan ordusunun Dağlıq Qarabağ və ətraf rayonların ərazilərinə hücumları getdikcə genişlənirdi. Yenicə yaranmış Azərbaycan ordusu canlı qüvvə və hərbi texnika sarıdan hər tərəfdən dəstək göstərilən düşmənlə üz-üzə dayanmışdı. Milli ordunun Cəbrayıldakı bölmələri və rayonun könüllülərdən ibarət özünümüdafiə qüvvələri qeyri-bərabər döyüşlərdə ağır itkilər verirdi. İtkilərin əsas səbəblərindən biri də ilkin tibbi yardımın olmaması, yaxud zəifliyi ilə bağlı idi. “Arxalı köpəklər” zəbt elədikləri ərazilərdə strateji əhəmiyyət daşıyan yüksəklikləri ələ keçirib mövqelərimizi, həmçinin yaşayış məntəqələrini ağır silahlardan atəşə tuturdular. İnsanlığını itirmiş ermənilər qətlə yetirdikləri əsgərlərin sifətlərini tamamilə soyur, tanınmaz hala salır, sanki bu vəhşilikdən ləzzət alırdılar.

1992-ci ilin yayında milli ordumuzun rayondakı bölmələri strateji yüksəklik hesab olunan “Şayaq” yüksəkliyini ermənilərdən azad etmək üçün ilk hərbi əməliyyata başladı. Rayonun hərbi komissarı polkovnik-leytenant Nazim Yusifovun rəhbərliyi altında həyata keçirilən əməliyyat zamanı hərbçilər bütün istiqamətlərdən düşmənin mövqelərinə hücum etsələr də əsas məqsədə nail ola bilmədilər. Çünki əsgərlərimiz artıq dağılan SSRİ-nin hələ də Hadrutda saxlanan sərhəd qarnizonunun yaxşı təlim görmüş hərbçiləri ilə döyüşürdülər. Qarşı tərəf təpədən dırnağa qədər silahlansa da, bizdə iki nəfərə bir silah verilmişdi. Canlı qüvvə və silah-sursat sarıdan düşmən müqayi-səyəgəlməz dərəcədə üstün olsa da, hərbi qüvvələrimiz həmin döyüşdən itkisiz çıxmağı bacardı...

Milli ordu 1992-ci ilin iyununda yeni əməliyyat hazırlamışdı. “Ağ yol” və “Şişqaya” yüksəkliklərinin təcavüzkarlardan təmizlənməsi üçün hazırlanan əməliyyat nəticəsində 23 şəhid verən, 119 nəfəri yaralanan hərbçilərimiz Quşçular postundan “Şayaq” yüksəkliyinə qə-dər bir kənd və 14 yüksəklik ələ keçirmişdi. Lakin xüsusi olaraq Rusiyada hazırlanıb gətirilmiş hərbi texnika axşama yaxın vəziyyəti təcavüzkarların xeyrinə dəyişdi. Pulemyota qoşulan 30 metrlik güllə zənciri qurtarmaq bilmir, tükənənə qədər baş qaldırmaq mümkün olmurdu. Yenə də qeyri-bərabər döyüş şəraiti yaranmışdı. Vəziyyətin gərginliyini görən komandir nahaq itki verməmək üçün geri çəkilmək əmri verdi...

Əməliyyatdan sonra neytral ərazidə 20-yə yaxın meyit qalmışdı. Meyitlərin geri alınması və Sur postunun ələ keçirilməsi üçün yeni əməliyyat planı hazırlanmışdı. Ərzaq tükəndiyinə görə əsgərlər kəndə girməyə məcbur oldular. Kəşfiyyatçı İxtiyarın gözləri evlərin birində soğana bağlanmış əl qumbarasına sataşdı. Üst-üstə yığılmış çörəklərdən ikincisinə keçirilmiş qarmağa isə “F-1” qumbarası bağlanaraq qazanın içərisinə qoyulmuşdu. Həyətdəki gilas ağacının qatlanmış qanadlarına bağlanan məftilə də qumbara keçirilmişdi. Bulağın gözünə qoyulan daş isə suyu boğurdu. Su içmək üçün daş çıxarılmalı idi. Susuzluqdan dodaqları çatlayan əsgərlər yaxınlaşıb su içmək istədilər. Elə bu vaxt Əfqanıstanda hərbi xidmət keçmiş qərargah rəisi Vəlişov hündürdən qışqırdı. Əsgərlər yerlərində dayandılar. Komandir izahat verdi:

- Siz nə etmək istəyirsiniz, uşaqlar?

- Nə olub ki, komandir?

- Daşın altına mina qoyulub.

Əsgərlər daşı kənardan gülləyə tutdular. Elə bu vaxt dəhşətli partlayış baş verdi. - Baxın, bu da erməni xisləti, - kəşfiyyatçı İxtiyar dilləndi...

***

Hərbi liseyin kursantları yay tətilinə yenicə çıxmışdılar. Sonuncu dərs başa çatan kimi Ramil sərnişin qatarına bilet götürüb yaşadığı Cəbrayıl rayonuna qayıtdı. Səhər tezdən Mahmudlu stansiyasında qatardan düşüb avtobusla rayon mərkəzinə gəldi. Cəbrayılda vəziyyət gündən-günə gərginləşirdi. Evə dönməyib birbaşa anası Nübar xanımın işlədiyi mərkəzi xəstəxanaya yollandı. Xəstəxana müxtəlif dərəcəli xəsarətlər almış, minaya düşərək əl-ayağını itirmiş əsgərlərlə dolu idi. Cərrahiyyə şöbəsinin işçiləri gecə-gündüz işləyir, yaralılara tibbi xidmət göstərirdilər.

Artıq böyüyən “balaca komandir” hələ uşaq vaxtlarından xəstəxanaya - anasının yanına tez-tez gələrdi. Qarabağ problemi başlayandan üzü bu yana cərrahiyyə şöbəsinə yaralı əsgərlər, erməni gülləsinə tuş gəlmiş dinc sakinlər gətiriləndən sonra onun xəstəxanaya gəlişinin səbəbləri də dəyişmişdi. Erməni təcavüzünün, əsassız torpaq iddialarının qanlı nəticələri onun məsum uşaq qəlbində şırım açır, yaddaşında qanlı izlər buraxırdı. Həmin iz onu yenə də liseydən birbaşa xəstəxanaya gətirmişdi. Amma bu dəfə uniformada.

Cərrahiyyə şöbəsinin bütün işçiləri Ramili tanıyırdı. Qapıçı qadın onu sorğu-sualsız içəriyə buraxdı. Hərbçi peşəsinin sirlərini yavaş-yavaş öyrənməyə, arzularını reallığa çevirməyə başlayan, geyindiyi formanın sevincini yaşayan, məsuliyyətini daşıyan “balaca komandir” yeyin addımlarla özünü anasının iş otağına çatdırdı. Hələ otağa daxil olmasa da, qapı açıq olduğundan elə kənardanca Nübar xanımın gözlərində yaş gördü. Oğlunu görcək göz yaşlarını gizlətməyə çalışsa da bacarmadı, özünü onun üstünə atıb hönkürdü. 11 yaşından, ərazilərimizə təcavüz olunandan bu yana belə vəziyyətlərlə tet-tez üzləşən Ramil emosiyalarını cilovlaya bilmədi. Yumruqlarını düyünləyib qəzəblə soruşdu:

- Nə olub, ana, yenə o əclaflar, insanlığa qənim kəsilənlər kimin dərisini soyub, başını kəsiblər?

- Heç, ay oğul, bir az sakitləş, axı sən belə şeyləri çox görmüsən, - Nübar xanım cavab verdi.

Ramil əl çəkmədi. Oğlunun inadından dönməyəcəyini görən Nübar xanım onu meyitxanaya gətirdi. İş yoldaşının oğlunu cəbhə bölgəsindən mərkəzi xəstəxanaya bir az əvvəl gətirmişdilər. Cəsəd yenicə soyumuşdu. Ramil meyitxanaya daxil olanda bir anlığa yerində donub qaldı. Özünə qayıdanda bütün vücudu lərzəyə gəldi, ixtiyarsız olaraq silkələndi, sifətinin rəngi qapqara qaraldı . Elə bil bədənindən yüksək gərginlikli elektrik cərəyanı keçdi. Hirsindən dodaqlarını gəmirdi. Gücü çatdıqca ucadan qışqıraraq:

- Bu kimdir, ana? - deyə qəzəb qarışıq yanğı ilə soruşdu.

- Daha heç nə soruşma, oğlum, tez çıx burdan, - Nübar xanım oğlunu qane etməyən cavab verdi. - Bura girmək olmaz, baş həkim görsə ağzına gələni danışacaq, - dedi.

Ramil meyitxanadan çıxsa da, sualını yenidən təkrarladı. Anası onun belə asanlıqla əl çəkməyəcəyini bildiyi üçün həqiqəti söyləməyə məcbur oldu:

- İş yoldaşımın oğludur, bala, yazığın meyitini bir az olar ki, gətiriblər, - deyə bildirdi.

- Anasının xəbəri var? - Ramil soruşdu.

- Hə, bala, xəbəri var, yazıq qadın handan-hana oğlunu tanıyan kimi bayıldı. İndi həkimlərin nəzarəti altındadır. Yəqin ki, oğlunu da bir azdan götürəcəklər.

Anasının müəmmalı danışığı “balaca komandir”i təəccübləndirdi. Gözləri yaşardı. Dedi:

- Meyiti gördüm, ay ana, quldurlar tanınmaz hala salıblar. Bəs anası necə tanıya bildi, çətin olmadı ki?

- Çətin oldu, bala, çox çətin. Kafirlər uşağı nə hala salmışdılarsa, bu yaşa qədər böyüdüb boya-başa çatdıran anası da onu tanıya bilmədi. Yazıq arvad yalnız əlləri ilə ilmə-ilmə toxuduğu corabı görəndən sonra bildi ki, öz oğludur.

Anasından bu sözləri eşidən Ramil çox məyus oldu, qəlbi didilib-parçalandı. Yadına ötən il baş verən faciəli hadisə düşdü. - Ana, yadındadır? - soruşdu.

- Nəyi deyirsən, oğlum? - Nübar xanım təəccübləndi.

“Balaca komandir” faciəni xatırladıb onsuz da gözü yaşlı anasını yenidən kədərləndirmək istəmədi. Amma artıq gec idi, anası əl çəkməyəcəkdi. Bir tərəfdən də yalan danışmaq istəmirdi. Dedi:

- Bizim qohumu deyirəm, ermənilər onu da vəhşicəsinə öldürmüşdülər.

- Hansını, bala? Ramiz, İldırım, Şirin, Kazım, Tahir, Arif, Seyidalı... Hansını deyim? Bu qohumların hamısı erməni vəhşiliyinin qurbanı olub.

Ramilin bir neçə qohumu erməni quldurları ilə döyüşdə həlak olduğu üçün anasının sualı onu təəccübləndirmədi. Bu dəfə konkretləşdirdi:

- Xüsusi qəddarlıqla qətlə yetirilən Ramizi deyirəm, ana. Axı 9 nəfər dinc sakinlə birlikdə ermənilər işgəncə ilə onları öldürərək, hər birisinin ürəyini çıxarıb ovuclarının içərisinə qoymuşdular. Hələ itkin düşənlər...

Qəhər Ramili boğdu, xəstəxananın cərrahiyyə şöbəsinə hər gün qol-qılçası, başı kəsilmiş, gözləri çıxarılmış, dərisi soyulmuş, diri-diri yandırılmış on beş-iyirmi meyitin, iyirmi-otuz yaralının gətirildiyi vaxtlar yadına düşdü. Tez-tez anasının iş yerinə gəldiyi üçün gözləri ilə gördüyü həmin dəhşətli səhnələri xatırladı, sözünün ardını gətirə bilmədi. Nübar xanımın gözlərində gilələnmiş yaş axıb yanağını islatdı...

***

Müdafiə taburunun bir hissəsi Sur və Sirik istiqamətində əməliyyata hazırlaşırdı. Mühəndis-istehkam və kəşfiyyat bölüklərinin az bir qismi rayon mərkəzindəki hərbi hissədə idi. Gecə yarıdan keçmişdi. Həyəcan siqnalı hissənin şəxsi heyətini ayağa qaldırdı. Ermənilər Milli ordunun Cəbrayıldakı bölmələrinin nəzarətində olan Daşbaşı postuna hücuma keçmişdilər. İstehkam və kəşfiyyat bölüklərinin qalan hissələrinin də əməliyyatda iştirak etməsi üçün əmr verildi. Bölmə hissələri gecə ikən Hərəkül istiqamətinə yollandı. Hərbçilər ermənilərin hücum etdikləri Daşbaşı kəndinin saxlanması uğrunda döyüşməli idilər. Komandanlıqdan tapşırıq alan əsgər və zabit heyəti Hərəkülün ətəyindən dağ yolu ilə üzüyuxarı, Daşbaşı kəndinə tərəf qalxdılar.

Bölük Zamzur və Məzrə kəndlərinə yol ayrılan dağ silsiləsindən keçməli idi. Məzrədən sonra, yuxarıda Daşbaşı kəndi gəlirdi. Kəşfiyyatçı və mühəndis-istehkam bölüyünün hissələri silsiləyə çatar-çatmaz həmin yerlərə yaxşı bələd olan kəşfiyyat taqımının komandiri İxtiyar Hüseynov nə fikirləşdisə üzünü qəflətən tabeliyində olduğu komandirlərə tutaraq tövşüyə-tövşüyə:

- Maşını dayandırın, əsgərlər təcili düşməlidir, - deyə komandirdən xahiş etdi.

Komandir maşını dayandırıb soruşdu:

- Nə olub ki, Hüseynov?

- Cənab komandir, bu yol Məzrə kəndinə gedir. Daşbaşı da Məzrədən yuxarıda yerləşir. Əgər Daşbaşı kəndi ermənilərin nəzarətinə keçibsə...

- Yaxşı, hər şey aydındır, demək istəyirsən ki, ermənilər bizi atəşə tuta bilər? - deyə komandir kəşfiyyatçının sözünü kəsdi.

- Elədir, cənab komandir, Məzrəyə girmək təhlükəlidir, əsgərlər nahaqdan güdaza gedər.

Komandir bələdçi-kəşfiyyatçının dediklərinə əhəmiyyət vermədi. Onun əmri ilə maşın yerindən tərpəndi. Ermənilərin elə bu dəqiqə atəş açacaqlarına əmin olan İxtiyar cəld hərəkətlə maşının banında yerini dəyişərək, sağ tərəfindən sol tərəfə keçdi. Güllə yağışı hər an gözlənilirdi. Maşın Məzrə istiqamətində təxminən yalnız iki yüz metr gedə bildi. Çox keçmədi ki, avtomobil alova büründü. İxtiyar alovlanan maşının banından tullanıb arxası üstə təpəyə düşdü. Ani hərəkətlə başını qaldırdı. Bir anlıq gecikmə kəşfiyyatçının baş hissəsini onu haqlayan təkərin altında qoyacaqdı. Gecə saat 3-də ermənilərin qumbaraatanlardan açdığı atəş avtomobilin ön təkərini tutmuşdu. Partlayış anında arxadan gələn “Niva” markalı avtomobil əsgərləri aparan maşını haqlamışdı. Payon Polis Şöbəsinin rəisi Vaqif Məhərrəmov cəld “Niva”dan atılıb güney tərəfə düşdü.

Ermənilər hər tərəfdən atır, qaranlıqda avtomobili görmək üçün arabir işıqlandırıcı güllələrdən də istifadə edirdilər. Maşının üstünə güllə yağış kimi yağırdı. Tükürpədici səslə qışqıran bandakı əsgərlərin surəti kəşfiyyatçının gözləri önündə canlandı. - Yəqin ki, heç kəs salamat çıxmayıb, heyf igidlərdən, həyat yolları burda qırıldı, - deyə fikirləşdi. Gözlərindən yaş gəldi, gecənin qaranlığında vahimələndi. Amma bir az sonra aldığı məlumat gözlərinə işıq, dizlərinə taqət verdi. Sürücü qabaq təkəri tamam boşalıb yatan maşını bir göz qırpımında fırladıb bandakı 20 nəfəri təkbaşına mühasirədən çıxararaq, real ölümün pəncəsindən xilas etmişdi. Maşın Hərəkül fermasından dönə bilməyib çuxura düşmüş, yalnız bir nəfər şəhid olmuşdu...

Kəşfiyyatçı həyəcandan özünü itirmiş, damarlarını qan tutmuşdu, nə edəcəyini kəsdirə bilmirdi. Bir tərəfdən də çiynindəki avtomat, kürəyində 6 ədəd güllə darağı, 500 patron, kəmərində 4 ədəd əl qumbarası ağırlıq edir, tərpənməyə imkan vermirdi. Bütün qüvvəsini toplayıb güclə yerini dəyişərək qayalıqdakı ağaclardan birinin altında oturdu. Bir az nəfəsini dərib özünə gəldi. - Daşbaşıda 28 nəfərimiz var, qardaşım Yusif də onların içərisindədir, əgər üstümdə bu qədər silah-sursat, patron varsa, nə üçün düşmənə atəş açmamalıyam? - deyə düşündü. Öz-özünə: - Aman Allah, ermənilər Daşbaşı postunu tutublarsa, yəqin əsgərlərimizi də öldürüblər, lap ola bilsin Yusif də şəhid olub, elə isə mən də atəş açaca-ğam, bəlkə düşmənin bir neçəsini cəhənnəmlik edə bildim, - dedi. Avtomatı çiynindən aşırıb güllə darağının birini boşaltdı. Ermənilər bir az ara verdilər, atışma tamam dayandı.

Səhərin açılmasına təxminən saat yarım qalırdı. Hava işıqlanmasa da, nisbətən yaxın məsafəni görmək olurdu. İxtiyar ehtiyatla oturduğu yerdən qalxıb yola baxdı. Yaxınlıqda görünən qaraltı getdikcə yaxınlaşırdı. Briqadanın siyasi şöbəsinin rəisi kəşfiyyatçının bərabərinə çatıb dayandı.

- Cənab komandir, indi mən nə etməliyəm? - deyə İxtiyar soruşdu.

- Biz geri çəkilməliyik, indi köməyimizə qüvvə gəlməlidir, - komandir cavab verdi.

- Qardaşım ermənilərin hücum etdiyi Daşbaşı postundadır, mən gedə bilmərəm, ondan xəbər tutmalıyam, - İxtiyar dilləndi.

Komandir daha heç nə demədi, dönüb geriyə qayıtdı. Həmin gecə hava işıqlanana qədər polis rəisi ilə birgə düşmən mövqelərinə yaxın ərazidə qalan kəşfiyyatçı isə atəş açır, tez-tez yerini dəyişirdi. Ermənilər də səhərə kimi qaranlığı atəşə tutaraq, onun yerini öyrənməyə cəhd edirdilər. Səhərə yaxın Məzrə tərəfdən mal-heyvan səsi gəldi. Güllə səsləri isə hələ də kəsilmək bilmirdi. Kəşfiyyatçı ehtiyatla ora-bura boylandı. Məlikli kəndi tərəfdən gələn bir tank göründü. Deyəsən, köməyə gəlirdi. Tankın arxasından isə üç istiqamətdə - qayalıq, ferma və Hərəkül istiqamətində ehtiyat qrupun irəlilədiyi aydın görünürdü. Polis rəisi nə fikirləşdisə:

- İxtiyar, səsini çıxar, gələn bizimkilərdir, deyəsən, Məzrənin ermənilərin əlində olduğunu güman edirlər, - dedi.

- Bəli, cənab rəis, səs tanış gəlir, səhv etmirəmsə Xələflidəndir, bizim kəndçidir, adı da Zahiddir, - deyə İxtiyar Vaqif Məhərrəmovun dediklərini təsdiqlədi. Və üzünü gələn adamlara tərəf tutub var gücü ilə qışqırdı:

- Ehey, uşaqlar, Məzrə bizdədir, qorxmayın, gəlin!

Hərbçilər bunun bir erməni hiyləsi olduğunu zənn edib, səs gələn tərəfi atəşə tutdular. Kəşfiyyatçı qaçıb gizləndi. İki-üç dəqiqədən sonra başını qaldırıb yenidən qışqırdı. Bu dəfə bayaq səsini eşitdiyi Zahidin adını çəkdi. Hərbçilər inanıb arxayınlaşdılar, ucadan danışa-danışa üzüyuxarı, kəşfiyyatçıya tərəf qalxdılar. Səsin getdikcə yaxınlaşdığını eşidən ermənilər böyük qüvvənin gəldiyini dəqiqləşdrib Daşbaşı postunu sürətlə tərk etdilər. Xüsusi təlim keçdikləri dərhal hiss olunan 100 nəfərə yaxın müzdlu döyüşçü isə yüksəklikdən üzüaşağı atəş açır, güclü müqavimət göstərirdi. Bu vaxt Qubadlıdan köməyə gələn tank özünü onların içərisinə saldı, yaxın məsafədən altı-yeddi muzdlunu dərhal qətlə yetirdi. Onların içərisində 30-35 yaşlarında muzdlu ruslar, Suriyadan gələn ermənilər də vardı. Əsgərlər muzdluların müqavimətini qırıb Daşbaşı postunu ələ keçirdilər.

***

“Jiquli” markalı avtomobil rayon mərkəzindən çıxıb, asvalt örtüyü çəkilmiş nahamar yolla üzüyuxarı, dağ kəndinə tərəf hərəkət edirdi. Sükan arxasında otuz beş-qırx yaşlarında qarayanız, qara qıvrım saçları səliqə ilə yana daranmış orta boylu, ciddi görkəmli kişi əyləşmişdi. “Jiquli” gah yoldan azacıq çıxır, gah da yola düzəlirdi. İdarə etdiyi avtomobilin hərəkətindən həmin adamın fikirli, ya da kədərli olduğu hiss edilirdi. Rayon Mərkəzi Xəstəxanasının həkimi Qaçay Şahmarov belə vaxtlarda bir az da ciddiləşər, sifətinin rəngi qaralardı. Qarşıda erməni işğalından azad edilmiş kəndlər göründükcə bir qədər təsəlli alsa da, hələ xeyli ərazilərin düşmən tapdağında qaldığını düşündükcə narahat olurdu. Bir yandan da silah səsləri, harasa atılan mərmilərin gurultusu onu rahat buraxmırdı. Sükan arxasında öz-özünə nəyisə götür-qoy edirdi.

“Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddialarından beş il ötür. Bu illər ərzində torpaqlarımızın azadlığı uğrunda on minlərlə Azərbaycan vətəndaşı şəhid olub, yaralanıb, itkin düşüb, düşmən tərəfindən girov götürülüb. Əcnəbi dövlətlərin ermənilərə aşkar-gizli hərbi dəstəyi, silah-sursat, hərbi texnika yardımı, peşəkar muzdluların düşmən tərəfində döyüşməsi, üstəlik yenicə müstəqillik əldə edən respublikamızın müdafiəsinə əsasən qeyri-peşəkarların rəhbərlik etməsi, bir tərəfdən də ölkədaxili çəkişmələr cəbhədəki vəziyyəti Ermənistanın xeyrinə dəyişir. Xocalı soyqırımı törədilib, Şuşa və Laçın kimi strateji əhəmiyyətli rayonlar işğal edilib. Lakin xalqımızın qeyrətli oğulları geri çəkilmək istəmir, könül-lülərdən ibarət tabur yaradaraq, son damla qanlarına qədər düşmənlə vuruşmağa, ərazilərimizi işğalçılardan təmizləməyə can atır. Mən də bu vətənin oğluyam. Onlardan artıq olmasam da, əskik də deyiləm”.

Yol boyu düşünən Qaçay həkim silah səsinin, tank gurultusunun, savaşın nə olduğunu, insanlara hansı fəlakətlər gətirdiyini bilirdiı. Qanlı-qadalı 20 yanvar gecəsinin, torpaq uğrunda şəhidliyin canlı şahidi olmuş, neçə yaralını meydandan çıxararaq, ilkin tibbi yardım göstərmişdi. Ah-nalələrin, zülmün ərşə çəkildiyi, qanın su yerinə axdığı, qərənfillərin ağlayıb inlədiyi amansız gecənin içərisindən çıxıb gəlmişdi Qaçay həkim. İdarə etdiyi avtomobil hərəkət etdikcə şahidlik elədiyi qanlı mənzərələr də kino lenti kimi gözlərinin qarşısından gəlib keçirdi. Amma kəndə yaxınlaşdıqca qaralmış rəngi yavaş-yavaş açılır, sifətinin ifadəsi dəyişir, zəhmi yox olurdu. Deyəsən, bayaqdan bəri üzərində ciddi düşünüb daşındığı hansısa ciddi qərarı qətiləşdirmişdi. Sabahdan könüllü şəkildə ordu sıralarına yazılacaqdı. - Bəs evdəkilər buna razı olacaqlarmı? - deyə özünə sual verdi. - Axı valideynlərimin yeganə övladıyam, yəqin ki razı olmayacaqlar, fikrimdən daşındırmağa çalışacaqlar - dedi.

Necə olsa da Qaçay həkim sözündən dönməyəcəkdi. Ona görə istəyini hələlik valideynlərindən gizli saxlamaq qərarına gəldi. Bu haqda yalnız ömür-gün yoldaşını xəbərdar edəcəkdi. Həkim bu fikirlər içərisində kəndin yaxınlığına qədər gəlib çıxdı. Maşın əyri-üyrü kənd yolunu dolanıb həyətdə dayandı. Uşaqlar atalarını görcək sevinc içərisində qabağına qaçdılar. Şahmarov onların başını tumarlayıb, həyətdəki dəmir çarpayıya yaxınlaşdı. Çarpayıda dirsəklənib uzanan atası ilə görüşüb pilləkənlərlə yuxarı qalxdı. Paltarını dəyişib həyətə qayıtdı. Əl-üzünü yuyub uşaqlarla birlikdə süfrə arxasına keçdi. Uşaqlar bütün günü dəcəllik edib evdəkiləri incitsələr də, atalarından çəkinir, onun yanında özlərini sakit aparırdılar. İndi də sakitcə oturub gah atalarını süzür, gah da yalvarış dolu baxışlarla analarının və babalarının üzünə baxırdılar. Amma dəcəlliklərinə baxmayaraq, həm babaları, həm də anaları çox vaxt onlardan şikayətlənmir, atanın tənbehindən, tənəli baxışlarından xilas edirdilər. Və beləcə günlər keçir, uşaqlarla birlikdə babaları da Qaçay həkimin qərarından, ordu sıralarında könüllü xidmətindən xəbərsiz ömür süsürdülər...

Hərbi xidmətə başladığı gün həkimin oğlan övladı dünyaya gəlmişdi. Qaçay sevinc içərisində tələsik xəstəxanaya - doğum evinə qayıtdı. Onu hərbi geyimdə görən həyat yoldaşı bin anlıq özünü itirdi, çaşqın vəziyyətdə həkimi başdan-ayağa süzdü. Bir uniformaya, bir də həkimin sifətinə diqqətlə baxaraq:

- Ay Qaçay, bu nə geyimdi? - deyə həyəcanla soruşdu.

- Bunu sənə bir neçə gün əvvəl demək istəyirdim... - Həkim cavab verdi. Suçlu adamlar kimi başını aşağı salıb bir anlığa susdu. Sonra göz qapaqlarını qaldırıb həyat yoldaşını üzünə baxaraq mənalı-mənalı gülümsədi. Sözünə davam edərək: - Könüllü şəkildə ordu sıralarına yazılmışam, amma bunu deməyə münasib vaxt tapa bilmirdim, görünür, qismət beləymiş ki, bu gün xəbər tuta bildin - dedi...

Həkimin döyüş bölgəsində hərbi xidmət keçməsi xəbəri ata-anasına və övladlarına da çatmışdı. Uşaqlar atalarının əynindəki hərbi formaya baxıb sevinsələr də, valideynləri narahat olmağa başlamışdılar. Anası tək övladını dilə tutmağa çalışdı. Dedi:

- A bala, Allah salamat eləsin, camaatın beş oğlu var, amma sən mənim gözümün ağı-qarası yeganə övladımsan. İraq olsun, başına bir iş gəlib eləsə biz neyləyərik? Heç qoca ata-ananı, balalarını fikirləşmisən?

- Fikirləşmişəm, ay ana, fikirləşmişəm, elə ona görə orduya yazıldım ki, torpaqlarımızı işğalçılardan qoruyaq, siz də, gələcək nəsillər də qorxu-hürküsüz, azad və firavan yaşayasınız, amma nigaraq qalma, inşallah, mənə heç nə olmaz, - deyə Qaçay həkim anasına təsəlli verdi. Sanki üstündən ağır yük götürüldü. Və nə fikirləşdisə evdəki uşaqlara, yeni doğulmuş körpəyə işarə vuraraq, yarızarafat, yarıgerçək dediklərinə əlavə etdi:

- Bir də ki, ay ana, başıma nəsə gəlsə, narahat olma, bax, evdə neçə ağsaqqal var, hələ biri də bu gün, ya sabah gəlir.

- Bıy, başıma xeyir, elə demə, ay oğul, Allah torpağımıza göz dikən erməniləri xar eləsin, evlərini başına uçursun, - anası dedi. Və ilk günlər tək övladının savaşa qoşulması ilə barışmasa da, yavaş-yavaş hər şeyə alışdı. Hər dəfə oğlunu yola salanda Allaha dua edər, qayıdıb evə gələndə şükr edərdi.

Son zamanlar rayonda vəziyyət gərginləşmişdi. İşğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün milli ordu tez-tez hərbi əməliyyatlar keçirir, qızğın döyüşlər tələfatla nəticələnirdi. Həlak olanların, ciddi xəsarət alanların sayı artırdı. İlkin tibbi yardıma ehtiyacı olan yaralıların döyüş gedən ərazilərdən çıxarılması da getdikcə çətinləşirdi. Hər iki missiyanı - həm yaralıların çıxarılmasını, həm də tibbi yardım göstərilməsini Qaçay həkim öz üzərinə götürmüşdü. Bəzən yaralıların sayı o qədər çox olurdu ki, onları təkbaşına ərazidən kənarlaşdırmaq, tibbi yardım göstərmək həmin yaralıların və fəaliyyəti son dərəcə vacib olan həkimin həyatı üçün təhlükə yaradırdı. Belə vaxtlarda Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının həkimləri cəbhə bölgəsinə təhkim olunurdular. Amma artıq peşəkarlaşmış Qaçay həkim onların döyüş bölgəsinə daxil olmalarına icazə vermirdi. Və hər dəfə “mən sizin həyatınızı təhlükəyə ata bilmərəm, siz tibb məntəqəsində gözləyin, ehtiyac olsa xəbər verərəm” - deyirdi. Hətta döyüşlərin birində kömək gözləmədən, təkbaşına səksən nəfər yaralıya ilkin tibbi yardım göstərmiş, ölümcül yaralanmış bir əsgərin həyatını xilas etməyin mümkün olmadığını bilsə də, son ana qədər vəzifəsini yerinə yetirmişdi...

Qaçay həkim təkcə tibbi yardım göstərmirdi. Yaralıların olmadığı vaxtlarda silaha sarılır, peşəkarcasına döyüşürdü. Onun həm döyüşçü, həm də həkim kimi göstərdiyi şücaətlər yuxarı hərbi dairələrə, respublika səviyyəli komandanlığa qədər gedib çatmışdı. Vətənin müdafiəsində göstərdiyi xidmətlərinə görə dəfələrlə mükafatlandırmaq istəsələr də, bundan imtina etmiş, “torpağımızı, xalqımızı qorumaq borcumuzdur” demişdi. Bu xeyirxah, əməlisaleh adamı Allah qoruyurdu. Xidməti vəzifəsini yerinə yetirərkən bir neçə dəfə düz yaxınlığında mərmi partlamış, hər dəfə də real ölümün pəncəsindən sağ çıxmışdı. Bir gün yoxlamadan qayıdarkən meşənin içərisində ermənilər təcili yardım maşınını atəşə tutur, sürücü həlak olur. Həkim özünü itirmir, təkbaşına döyüşə girir, erməni işğalçılarının cavabını verərək, meşədən çıxmağı bacarır...

1993-cü ilin soyuq fevral ayı yenicə başlamışdı. Tabur komandiri Qaçay həkimi yanına çağırıb: - Fevralın 5-də Bakıda olmalısan, səni komandanlıqdan çağırıblar - dedi. Özünün xəbəri olmasa da, həmin gün ona təşəkkür elan olunacaq, ya da xidmətinə görə hansısa ada layiq görüləcəkdi...

Qarı düşmənin qara niyyətləri Cəbrayıl rayonunun başı üzərində qara bulud kimi dolanırdı. Atışma səsləri gündən-günə daha yaxından eşidilir, şəhidlərin, yaralıların sayı artırdı. Fevralın 3-də səhər tezdən növbə yerinə gedərkən düşmənin gecədən yola basdırdığı mina Qaçay həkimin həyatına son qoydu. Neçə-neçə hərbçini ölümün pəncəsindən qurtaran həkimin özünü xilas etmək mümkün olmadı. Bu acı xəbəri onun ailəsinə çatdırmaq üçün heç kəs özündə cəsarət tapa bilməsə də, artıq olan olmuşdu, zamanı geri qaytarmaq mümkün deyildi. Bir azdan yerli və yaxın-uzaq kəndlərin camaatı, ordu rəhbərliyi, rayonun tanınmış şəxsləri həkimin yas mərasiminə yığışmışdılar. Mərasimdə hərbi geyimli 13-14 yaşlı bir uşaq da vardı. Şəhidi son mənzilə yola salmağa gələnlər bəlkə də ona əhəmiyyət verməmişdilər. Amma hərbi geyimli həmin uşaq, atasını torpağa tapşırarkən, onun qanını yerdə qoymayacağına and içmişdi...

***

Daşbaşı postunu ələ keçirən milli ordumuz erməni hərbi birləşmələrinin və Ermənis-tan tərəfdən döyüşən əcnəbi muzdluların hücumundan əvvəl postda keşik çəkən 28 əsgərimizin taleyi ilə maraqlandı. Mövqe uğrunda gedən qeyri-bərabər döyüşdə 22 nəfər şəhid olmuş, yalnız 6 nəfər xilas ola bilmişdi. Həmin gün şəhid əsgərlərdən 16 nəfərin cəsədi tapılmış, onlardan biri xüsusi amansızlıqla qətlə yetirilərək ürəyi çıxarılmış, qalanları itkin düşmüşdü. İtkin düşənlər içərisində kəşfiyyatçının qardaşı Yusif Hüseynov da vardı. Komandanlığın əmri ilə axtarış başlandı. Ermənilər əsgərlərimizin yatacağına - kazarmaya od vurmuşdular. Bayıra çıxıb düşmənlə vuruşmaq mümkünsüz idi. Əsgərlər yanan kazarmanın içərisindən çölə atəş açır, təcavüzkar ermənilərlə mərdliklə vuruşurdular. Həmin gün axtarış nəticəsiz başa çatdı. Avtomat silahlarla, top və zenit pulemyotu ilə silahlanmış bir neçə əsgər, mühəndis-istehkam bölüyünün hərbçisi Rabil Ağayevin başçılığı ilə Daşbaşı postunda gecələdi...

Səhər tezdən postun yaxınlığında daya-nan QAZ-53 markalı yük avtomobilindən bir neçə mülki şəxs düşdü. Rabil kənardan həmkəndlilərini - Xələfli kəndindən olan Musa kişini, oğlu Eyvazı, Etibarı və ailənin başqa kəndlərdən gələn yaxın qohumları Mirzə və Xəlili dərhal tanıdı. - Yəqin ki, Musa dayı Yusifi axtarmağa gəlib, - deyə fikirləşdi. Qanı bərk qaraldı. Avqustun 15-dən başlanan üç günlük axtarış zamanı daha dörd əsgərin cəsədi tapılsa da, Yusifdən və Soltanlı kəndindən olan başqa əsgərdən hələ də xəbər-ətər yox idi. - Yəqin ermənilər əsir götürüblər, - deyə hamı düşünürdü. Həmin ərəfədə Füzuli rayonu istiqamətində bəzi kəndləri nəzarətə götürən işğalçılar yeni mövqeləri ələ keçirməyə cəhd göstərirdilər. Kəşfiyyatçının qardaşları və yaxın qohumları belə çətin şəraitdə Daşbaşı ətrafında axtarışı davam etdirdilər.

Kəşfiyyatçı, atası Musa kişi, Rabil və daha üç nəfərlə birlikdə axtarışı Zamzur kəndində aparmaq qərarına gəlmişdilər. Mülkədərə kəndinin ətəyindəki cığırla həmin istiqamətdə bir müddət yol getdilər. Rabilin nəzərləri qəflətən cığırın yan tərəfindəki kiçik düşərgəyə sataşdı. Hamının diqqətini ora yönəldərək:

- Baxın, çox güman ki, ermənilər Daşbaşını ələ keçirmək üçün əvvəlcə burda hazırlaşıblar, - dedi.

Hər şey izdən aydın görünürdü. Yaxınlıqda ermənilərin olması ehtimalı çox idi. Altı nəfərlik dəstə üç qrupa bölünərək iki-iki yollarına davam etdi. Zamzurun üst tərəfinə yetişəndə yenidən şübhəli izlər göründü. Yerdə qan izləri və qanlı tənzif var idi. Sanki nəyi isə sürüyüb aparmışdılar. - Görünür, buralarda yaralı ermənilər olub, onları harasa aparıblar, - deyə İxtiyar izahat verdi. Ehtiyatla kəndə girdilər. Axtarış nəticə vermədi. Yanmış böyürtkən kollarını da diqqətlə nəzərdən keçirdilər. Yusifdən əsər-əlamət yox idi. Taqətdən düşmüş dəstə yenidən Daşbaşı kəndinə qayıtdı. Erməni tankının hücumuna məruz qalan kazarma atəşdən sonra yanmış, tikilinin torpağı uçub tökülmüşdü. Sonuncu ümid torpaq topasına qalırdı. Musa kişi Rabillə birlikdə torpağı eşələdi. Bir az dərinə getmişdi ki, Rabil əlinə dəyən küldən bir ovuc çıxarıb göstərdi. Külün içərisində baş tükünə bənzər nəsə vardı. Əlindəki külü yerə atıb torpaq topasını bir qədər ehtiyatla yenidən eşələdi. Eşələdikcə kiminsə bədən hissəsi yavaş-yavaş görünməyə başladı. Bir neçə saniyədən sonra üzərində “Boys” sözü yazılan köynək tamamilə göründü. Bu vaxt Etibar vahimə içərisində:

- Odur, Yusifdir, qardaşımdır! - deyə tükürpədici səslə qışqırdı. - Ötən həftə həmin geyimdə evə yuyunmağa gəlmişdi, - dedi.

Yusif şəhid olmuşdu. Ermənilər kazarmanı yandırandan sonra onu tankla dağıtmış, torpaq uçub şəhidin üstünə tökülmüş, baldır hissə bir az yansa da, cəsədin tamam yanmasının qarşısını almışdı. Meyit kəndə çatdırılmalı idi. Komandirlə təcili əlaqə yaradıldı, dörd gündür ki, axtarılan cəsədin tapıldığı barədə məlumat verildi. Meyiti ehtiyatla götürüb şinelin üzərinə uzatdılar, dəmir barmaqlığın üstünə yerləşdirib aşağıya - Məzrə kəndində onları gözləyən “QAZ-51”-ə çatdırdılar. Xələfli kəndinin yaxınlığında - Şirvanlı məhləsinə ayrılan yolda artıq kənddə heç kəsin qalmadığı haqda məlumat alındı. Xələflidən olan əsgərlər meyiti dəfn etmək üçün atəş açmaq, camaatı kəndə qaytarmaq qərarına gəldilər.

Havaya açılan atəşdən sonra kənd sakinlərinin xeyli hissəsi cəsədin gətirildiyi ünvana - Musa kişinin həyətinə toplaşmışdı. Kənddə vəziyyət saatbasaat gərginləşirdi. Ətraf ərazilər sürətlə ermənilərin nəzarətinə keçirdi. Meyiti təcili yuyub dəfn etmək təklif olundu. Bu vaxt kimsə dilləndi:

- Ay camaat, şəhid yuyulmur!

Meyit dərhal kənd qəbiristanlığına götürülərək dəfn olundu. Qəbrin üstündə açılan yaylım atəşi zamanı avtomat silahdan yalnız bir güllə çıxdı. Ermənilərlə intensiv atışmadan sonra avtomat şişmiş, daraqdakı güllənin havaya buraxılmasına mane olmuşdu...

***

Milli ordunun Cəbrayılda yerləşən bölmələri rayonun Quşçular kəndi ərazisindəki “Şişqaya” yüksəkliyini erməni işğalından azad etmək üçün əməliyyat hazırlamışdı. 1992-ci il avqustun 15-də səhərə yaxın hücuma keçən ordu hissələri Quşçulardan “Ağ yol” adlanan istiqamətdə, Sur kəndindən Hadruta gedən yolda ermənilərin tutduqları bütün mövqeləri ələ keçirmişdi. Bir əsgərin şəhid oması, üç nəfərin yaralanması ilə nəticələnən əməliyyatdan sonra vəziyyət gözlənilmədən dəyişdi. Milli ordunun qəflətən boş torpağa ilişən tankını çıxarmaq mümkün olmadığından müdafiədə ciddi çətinliklər yarandı. Erməni tərəfdən böyük qüvvənin köməyə gəlməsi qüvvələr nisbətini düşmənin xeyrinə dəyişdi. Qeyri-bərabər şəraitdə döyüşə-döyüşə bəzi mövqelərdən çəkilməyə məcbur olan Azərbaycan ordusu 45-ə yaxın şəhid verdi, təxminən 115 nəfər hərbçi yaralandı, 18-20 meyit neytral ərazidə qaldı.

Cəbrayıl rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı getdikcə artırdı. Əməliyyatdan sonra yaralananların birbaşa deyil, iki mərhələdə xəstəxanaya çatdırılması isə onların sağ qalma ehtimalını azaldırdı. Əksəriyyəti Cəbrayıldan olan həmin yaralılar arasında baş nahiyəsindən ciddi zədə alanlar, qolu, ayağı qırılanlar, daxili orqanları sıradan çıxanlar, bədəninin bir hissəsi parçalananlar var idi. Yaralılar əvvəlcə xəstəxananın döyüş gedən ərazidən xeyli kənarda gözləyən təcili yardım maşınlarına, ordan da birbaşa xəstəxanaya çatdırılırdı. Yaralıları daşımaq üçün xüsusi qabiliyyətli, çevik əsgərlərə ehtiyac yaranmışdı. Şəxsi heyətin çevik və bacarıqlı hərbçi kimi tanıdığı Əfsər Əzizov tərəddüd etmədən özünü irəli verdi. Həmin gün onun fəallığı ilə yaralı əsgərlərin hamısı xəstəxanaya çatdırılsa da, bəzilərinin həyatını xilas etmək mümkün olmadı...

Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları, bir-birinin ardınca əhəmiyyətli mövqelərin ələ keçirilməsi, zəbt olunmuş ərazilərin azad edilməsi, həmin döyüşlərdə xeyli itki verən erməni işğalçılarını rahat buraxmırdı. Düşmən xarici ölkələrdən gətirdiyi yaxşı təlim görmüş peşəkar muzdluların, terrorçu qrupların, bəzi imperialist dövlətlərin gizli hərbi dəstəyi ilə əməliyyat planı hazırlayırdı. Plana görə Azərbaycan ordusunun 1992-ci il avqustun 15-də bir hücumla işğaldan azad etdiyi mövqelər yenidən ələ keçirilməli idi. Erməni işğalçıları bundan ötrü həmin əməliyyatın ildönümünü seçmişdilər.

Düşmən 1993-cü il avqustun 15-də milli ordunun postlarda mövqe tutmuş Cəbrayıldakı bölmələrinə qarşı hücuma keçdi. Yaxın ətrafda hələ heç kəs gözə dəyməsə də, atışma səsləri eşidilirdi. Qəflətən açılan atəş döyüşçülərimizdən birinin həyatına son qoydu. Həmin döyüşçü yerə sərilməzdən əvvəl əlindəki silahla hansısa istiqamətə atəş açmağa macal tapmışdı. Əsgərlər ehtiyatla ətrafa boylandılar. - Bu ki bizim komandirdir, - deyə onlardan biri vahimə içərisində qışqırdı. - Görəsən, güllə hansı tərəfdən atıldı? - başqa birisi soruşdu. - O erməni köpəyoğlunun dığasını görsəydim qanını içərdim, - dedi.

- Deyəsən nə danışdığını bilmirsən, əmioğlu, mən ermənilərin “dabbaqda gönünə bələdəm”, onların damarlarından insan qanı yox, ilan zəhəri axır, bu məxluqların ürəkləri də olmur, - Əfsər acıqlı tonda dilləndi. Və birdən gözləri xeyli kənardan onları hədəfə almaq istəyən, lakin nədənsə səndələyə-səndələyə irəliləyən düşmən əsgərinə sataşdı. Cəld onu göstərərək: - Ehtiyatlı olun! - dedi. Əsgərlər yerə yatıb hələ də səndələyən ermənini hədəfə götürdülər. Eyni anda açılan atəş düşməni yerə sərdi. Əsgərlər sürətlə ona tərəf qaçdılar. Əfsər heyrət içərisində:

- Bu ki zəncidir, baxın, - dedi. - Komandiri o öldürdü.

- Düzdür, silahından da bəllidir, - deyə digər əsgər təsdiqlədi.

Əsgərlər cəld hərəkətlə zəncinin kitelinin yaxasını açıb sənədlərini götürdülər.

- Baxın, bu da zəncinin şəxsiyyətini təsdiq edən sənəd, 30 yaşı var, xarici ölkə vətəndaşıdır, - Əfsər bildirdi. - Amma komandirin atdığı güllə də ona dəyib, - dedi...

Ermənilərin “Şişqaya” uğrunda qisas hücumu uğursuz olsa da, Füzuli və Cəbrayıl rayonları arasındakı “Günəşli” postuna nəzarəti əllərində saxlayırdılar. Strateji əhəmiyyətli yüksəkliyə yaxınlaşmaq çox çətin və təhlükəli idi. Əlverişsiz mövqedən açılan atəş isə ermənilərdən ötrü təhlükə törədə bilməzdi. Qısamüddətli döyüş zamanı həlak olan əsgərlərimizdən birinin meyiti neytral ərazidə qalmışdı. Artıq pis vəziyyətə düşən meyiti yalnız bir həftədən sonra gecə ikən çıxarmaq mümkün oldu. Döyüş yoldaşının cəsədini “UAZ”-la rayon mərkəzi xəstəxanasına gətirən Əfsərin halı qəflətən dəyişdi. Həkimlərin tibbi yardımından sonra vəziyyəti yaxşılaşsa da gecədən xeyli keçdiyi üçün hava işıqlanana qədər palatalardan birində gecələdi. Cəsəd isə meyitxanaya yerləşdirildi...

Cəbrayıl rayonu işğal ərəfəsində idi. Həmin ərəfədə ermənilərdən daha çox, başqa ölkələrdən gətirilmiş və çağırış yaşında olmayan muzdlular döyüşürdülər. Əcnəbi dövlətlərin son model hərbi texnikasının, bir sıra hallarda canlı qüvvələrinin, muzdlu zəncilərin, başqa millətlərin nümayəndələrinin yaxından köməkliyi ilə ermənilər rayonun Quycaq və Fuğanlı istiqamətində hücuma keçmiş, Papı-Çərəkən yolunu bağlamış, Azərbaycan ordusu xeyli itki vermişdi. Həyəcan keçirən, stressə düşən, həmin səbəbdən ürək-damar, şəkər xəstəlikləri tapan çoxsaylı mülki və hərbi vətəndaşlarımızıın sonradan dünyalarını dəyişmələri də erməni işğalının fəsadları idi.

***

“Balaca komandir” böyümüş, C.Naxçıvanski adına hərbi liseydə bir il oxuyandan sonra nizam-intizamı, bilik və bacarığı, hərbçi peşəsinə sonsuz marağı nəzərə alınaraq, təhsilini davam etdirmək üçün 1992-ci ildə Türkiyəyə, İzmir şəhərindəki Maltəpə Əsgəri Liseyinə göndərilmişdi. 1993-cü il avqustun 23-də Cəbrayılın ermənilər tərəfindən işğal edilməsini, işğal zamanı xalası oğlunun, yaxın qohumları Yusif, İsax, Məhəddin və Xurşudun şəhid olmasını, əmisi oğlunun həyat yoldaşı ilə birlikdə itkin düşməsini, ailəsinin Bakının Dərnəgül qəsəbəsindəki tələbə yataqxanalarından birində məskunlaşmasını da həmin liseydə təhsil alarkən eşitmişdi. Bu acı xəbərlər onu sarsıtsa da, torpaqların azad ediləcəyinə inamını qıra bilməmişdi.

Dörd illik əsgəri liseyi uğurla bitirən Ramil həyatının daha dörd ilini - 1996-2000-ci illəri Ankara Quru Qoşunları Hərbi Məktəbində keçirərək ali hərbi təhsil alır. Sonrakı bir ildə İzmirdəki Tuzla Piyada Məktəbində ixtisasartırma kursu keçən Səfərov dünyanın böyük mütəfəkkirlərinin ermənilər haqqında vaxtilə müəllimlərindən eşitdikləri, erməni təcavüzü və terrorunun, Xocalı soyqırımının tükürpədən nəticələri barədə hərbçi dostlarını, kursantları, zabitləri məlumatlandırır, Azərbaycan həqiqətlərini çatdırırdı.

“Böyük Ermənistan” ideyasının ideoloqlarından biri kimi tanınan erməni yazıçısı Zori Balayanın 1996-cı ildə nəşr olunmuş “Ruhumuzun canlanması” əsəri Ramilin əlinə keçmişdi. O, Xocalı soyqırımına həsr olunmuş hissəni tərcümə etdirdi. Faciənin dəhşətləri ilə tanış olduqca bütün vücudu lərzəyə gəldi. Tələbə yoldaşlarına: - Erməni xisləti ilə tanış olun, - dedi. Tələbələrdən biri təəccüblə: - Nə olub ki, Ramil, - deyə soruşdu. Erməni yazıçısının qəddarlığını əks etdirən hissənin ingilis dilinə tərcüməsini tələbələrin qarşısına qoydu. Türk tələbələrdən biri vərəqi əlinə götürüb Z.Balayanın etirafını olduğu kimi ucadan oxudu:

“Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim. Hər bir erməni bu hərəkətdən fəxr duymalıdır”.

Tələbə vərəqdə yazılanları oxuyub Ramilə uzatdı. Ramil kağızı qatlayıb cibinə qoya-raq: - Kim istəsə tanış ola bilər, Balayanın bu etirafı kitabın səhifələrində verilib, - dedi. Və ardınca əlavə etdi:

- Baxın, bu, Balayanın Xocalı soyqırımında şəxsən iştirak etdiyini təsdiqləyən faktdır. - Məsum uşaqlarla belə amansız, yırtıcı heyvan kimi rəftar edən məxluqu insan adlandırmaq olarmı? Biz eşitmişik ki, yazıçılar, şairlər ilhamını gözəllikdən, xeyirxahlıqdan alır. Vəhşilikdən, öldürməkdən, qırmaqdan, insanları ölümə səsləməkdən, qırğına çağırmaqdan, günahsızların öz qanında boğulmasından, qandan, qadadan ilham alan belə məxluqlara nə ad vermək olar? Məsum körpələrin, azyaşlı uşaqların pəncərəyə mismarlanmasından, dərilərinin diri-diri soyulmasından, cəsədlərinin doğranmasından canlanan ruh insanamı məxsusdur? Əsla...

***

Qohum-əqraba, dost-tanış tezliklə geriyə, doğma yurda qayıdacaqlarına şübhə eləməsələr də, “Proqnoz Ələsgər” buna inanmır, tez-tez “bu xəmir hələ çox su aparacaq, ATƏT-ə, Amerikaya, nə bilim, BMT-yə bel bağlamayın”, rusların adı çıxıb, bu ölkələr erməni dığalarının arxasında onlardan da bərk dayanıblar, - deyirdi. Kişini bir tərəfdən camaatın həmin dövlətlərə və beynəlxalq təşkilatlara belə tez inanması, digər tərəfdən erməni işğalından sonrakı darıxdırıcı çadır həyatı çox sıxırdı. Düzdü, Ələsgər həyatının bir hissəsini normal yaşayışsız da keçirə bilərdi. Yetər ki, öz doğma yurdunda yaşasın. Amma xəbərsiz yaşaya bilmirdi Ələsgər. Özü demişkən, əcnəbilərin təpədən dırnağa qədər silahlandırdığı erməni quldurları qəflətən başının üstünü alanda əyin paltarı ilə kənddən çıxmış, dünyanın hər yerindən xəbər verən köhnə radiosunu götürməyə macal tapmamışdı. Başqa radio almağa da gücü çatmırdı.

Öz yer-yurdundan, doğma ocağından savayı xəbərdən ötrü hər şeyini qurban verməyə hazır olan Ələsgər kişini də elə bu xəbərsizlik üzürdü. Məskunlaşdığı çadırda, yaxınlıqdakı kənd-kəsəkdə isə xəbərdən həmişə və vaxtında xəbər tutmaq olmurdu. Ona görə başını götürüb çadırdan çıxmaq, şəhərin günc-bucağında yer tapıb köçmək sevdasına düşdü. Və günlərin birində Bakıya gəldi, soraqlaşa-soraqlaşa tanış-bilişin köməkliyi ilə tələbə yataqxanalarından birində boş otaq götürdü, ora-burasını ala-babat düzəldib içərisinə girdi...

Cəbrayılın işğalından on il keçmişdi. Bu on ilin səkkiz ilini Bakıda yaşayan Ələsgər kişi şəhəri yaxşı tanıyırdı, hər küçəsinə bələdçiliyi vardı. O, yenə də “xəbərçilik” edir, ətrafına özü kimi xəbər “xəstələri” toplaşırdı. Əvvəllər məskunlaşdığı yataqxananın yan-yörəsində gəzsə də, sonralar bəzi kənd adamlarının, qohum-əqrəbanın məskunlaşdığı başqa yataqxanalara da ayaq açmışdı. Tanıdıqlarının çoxu da Dərnəgül qəsəbəsindəki yataqxanalarda yaşayırdılar. O, yenə də “xəbərçilik” edir, ətrafına özü kimi xəbər “xəstələri” toplaşırdı. Ən çox da Qarabağdan, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətindən, Ermənistan ordusunun Qarabağdan çıxarılması haqqında BMT-nin yerinə yetirilməyən dörd qətnaməsindən söhbət gedirdi. Bir dəfə Ələsgər kişinin yolu yenə Dərnəgüldən düşmüş, onu tanıyanlar ətrafına toplaşmışdılar. Söhbət yenə də BMT-nin dişsizliyindən, ATƏT-in bivecliyindən gedirdi. Qarabağın taleyi ilə həmişə maraqlanan adamların çoxu “Proqnoz Ələsgər”i hələ yaxşı tanımasalar da, onun dil-dil ötdüyünü görüb yaxınlaşır, suala tuturdular. Onlardan nisbətən cavanı Ələsgəri yanlayıb soruşdu:

- Ağsaqqal, adınızı da bilmirəm, siz bilən, bu BMT niyə belə olub?

- Nə təhər olub, bala? - deyə Ələsgər təəccübləndi.

Gənc dedi:

- Eşitdiyimə görə, BMT əvvəllər ədalətli, nüfuzlu bir təşkilat olub. Amma indi...

Ələsgər kişi imkan vermədi ki, adam sözünü bitirsin. Bir az əsəbi tonda cavab verdi:

- Əslində BMT həmişə belə olub, bala. Yəni birləşmiş deyil, böyük millətlərin təşkilatı olan bu qurum yarandığı gündən öz “cibinin” maraqları xatirinə onu təsis edənlərin mənafeyinə xidmət edib. Həmin təşkilatda təmsil olunan, ora birləşən ölkələrin mənafeləri isə azmanların hər cür maraqlarından kənarda nəzərə alınmayıb...

Konkretliyi xoşlayan gənc də bir az səbirsizlik eləyib Ələsgərin sözünü ağzında qoydu:

- Ələsgər əmi, BMT-nin ədalətsizliyini nədə görürsünüz?

- Ən böyük ədalətsizlik nümunəsi kimi elə bunu xatırlatmaq kifayətdir ki, dünyanın 200-dən çox ölkəsinin taleyi zəhrimara qalmış veto hüquqlu 5 dövlətə tapşırılıb. Və həmin 5 dövlət - BMT-nin “beşatılanı” dünyanı istədiyi kimi idarə edir, istədiyi səmtə sürükləyir. Elə BMT-nin özünü də. “Axırıncı aşırım”dakı Kərbəlayi İsmayıl demişkən, “nə olar, adamın başına iş gələr”. Kişinin taxılını apardılar dinmədi, var-dövlətini əlindən aldılar yenə də bir söz demədi. Sonra da göz dikdilər namusuna. Kərbəlayinin sözü olmasın, Əfqanıstanı xarabazara çevirdilər, BMT susdu. İraqı darmadağın elədilər, səsi çıxmadı, Fələstini söküb-tökdülər, özünü lallığa, karlığa, korluğa vurdu. İndi də Qarabağ məsələsi... İşğalçı Ermənistan qalıb bir tərəfdə, düşüblər ərazisi işğal olunan Azərbaycanın üstünə ki, bəs, güzəştə getməlisən. Ona qalsa dədə-baba torpaqları olmayan ermənilər dünyanın hər yerinə səpələnib, elə həmsədr ölkələrdə Qarabağdakından qat-qat artıq erməni yaşayır, onda gərək onlar da öz ərazilərində ikinci, üçüncü, nə bilim, dördüncü erməni dövlətinin yaranmasına icazə versinlər. Görək verirlər? Verməzlər axı... Elə bu dünyanın BMT-si də, ATƏT-i də bir bezin qırağıdılar.

- Əmi, deyirsən yəni onlardan tamam-kamal əlimizi üzməliyik? Mən inanmıram ki, belə olsun. Axı bu yazıqlar haqq-ədalət, insan haqları, demokratiya deyib durublar, - deyə gənc “Proqnoz Ələsgər”lə razılaşmadı.

- Yox, a bala, belə deyil, həmişə hər şey göründüyü kimi olmur, - Ələsgər kişi dedi. - Bu təşkilatlara daxil olmaq hələ problemlərin həlli deyil. Yadındadırmı, torpaqları yağmalanan Azərbaycan BMT-nin üzvü oldu. Bizimlə birlikdə ərazimizdə işğalçılıq müharibəsi aparan Ermənistan da BMT-yə girdi. Üstəlik həmin təşkilatın zəbt olunmuş Azərbaycan torpaqlarını azad etmək haqqında dörd qətnaməsini qulaqardına vurdu. Azərbaycan tərəfi buna cavab istədikdə isə BMT dərsini bilməyən uşaq kimi gözünü döydü. BMT-dən sonra ATƏT-ə ümid bəslədik. Bax, budur, sizə deyirəm, on il də bundan sonra gözləsək, yenə də ATƏT-dən kar çıxmayacaq.

- Niyə?

- Altı aylıq deyilsən, a bala, bir az səbrin olsun, hələ dediklərimə qulaq as. Keçmiş SSRİ təşkil olunduqdan sonra Azərbaycanda nifaq mərkəzi kimi keçmiş DQMV yarandı. Və uzun illərdən bəri ermənilərin apardığı gizli oyunların səsi 1988-ci ildə məhz bu vilayətin mərkəzində - Xankəndində, yəni Ağcaqum çölündə “öldürülüb”, Hindistanda xortlamış Şaumyanın adını daşıyan Stepanakertdə çıxdı. Qorbaçov isə həmin səsi batırmağa qadir və borclu olduğu halda bunu eləmədi. “Biz elə etməliyik ki, tərəflərdən heç biri özünü qalib, yaxud məğlub saymasın” dedi. Başı xallı kişinin bilərəkdən yeritdiyi bu siyasət problemi şişirdib böyütdü. İttifaq dağılan kimi problemin həllində həmin “biz elə etməliyik ki, tərəflərdən heç biri özünü qalib, yaxud məğlub saymasın”prinsipi hegemon rol oynadı. Və bir gün SSRİ parçalandı. Ancaq bədnam prinsip hegemonluğunda qaldı. Bu dəfə həmin hegemon prinsipi hegemon dövlətlər və onların iradəsinə tabe olan BMT və ATƏT qoruyub saxladı. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri də torpaqları yağmalanmış ölkəmizin haqqında ədalətli mövqe tutmadılar və bu ədalətsiz prinsipə sadiq qaldılar. Daha bunun harası təhlükəsizlik və əməkdaşlıq oldu? Əksinə, ATƏT Avropada Təhlükəli Əməkdaşlıq Təşkilatıdır...

“Proqnoz Ələsgər” sözünə bir az ara verib qəlyanına od vurdu. Dərin bir qullab aldı, tüstünü bayıra buraxıb davam etdi:

- Hə, uşaqlar, əgər nəzərə alsaq ki, problemin yeganə ədalətli həlli Azərbaycanın BMT-yə daxil olduğu sərhədin bərpasından ibarətdir, onda Ermənistanın və ya Azərbaycanın məğlubiyyətindən, yaxud qələbəsindən söhbət gedə bilməz. Bu, Ermənistanın məğlubiyyəti kimi deyil, olsa-olsa onun əsassız ərazi iddialarından əl çəkməsi kimi qəbul olunmalıdır. Bunu BMT də bilir, ATƏT də, bala. Yeganə anlaşılmazlıq isə həmin təşkilatların, elə Amerika və Qərb dövlətlərinin də keçmiş SSRİ kimi işğalçı ilə işğal olunan dövlətlərə ən azı eyni, müxtəlif işğalçılara isə müxtəlif münasibət göstərmələridir. Məsələn, Ermənistan Azərbaycanı işğal edə bilər, bir milyon qaçqının hüquqlarını poza bilər, həmsədr dövlətlər isə başqa ölkələrdə insan hüquqlarını kobud şəkildə tapdalayar və bunun üçün onlara “gözün üstə qaşın var” deyən tapılmaz. Niyə belə olmalıdır? Bu ədalətsizlik deyilsə, nədir?

“Proqnoz Ələsgər” yenə də fasilə verdi. Daha heç kəs səsini çıxarmadı. Araya çökən sükutu keçmiş Qarabağ döyüşçülərindən biri, müharibədə ayağını itirmiş qarayanız, ucaboy gənc pozdu. “Proqnoz Ələsgər”ə yaxınlaşıb görüşdükdən sonra soruşdu:

- Ələsgər əmi, Avropa Şurasına cəmi bir neçə ildir ki, üzv olmuşuq. Ağlınız nə kəsir, deyirsiniz yəni o da...

Ələsgər kişi sual verən gəncin sifətinə baxdı. Gözləri bir az zəifləsə də Azadı tanıdı. Onun vətənvərpərliyinə, ölkəmizi müstəqil görmək istəyinə hələ yeniyetməlik çağlarından bələd idi. O vaxt Azad Şahməmmədovun hələ 14 yaşı var idi. Hər şeylə maraqlanırdı. “Proqnoz Ələsgər” danışanda gəlib girirdi kişinin çənəsinin altına. İndi də Ələsgər kişi həmin günləri xatırladı. 1990-cı ilin qanlı yanvarından sonra dəmiryol stansiyasının gözləmə zalının qarşısında keçirilən etiraz aksiyası, aksiyadakı çıxışlar yadına düşdü. Ən çox da həmin gün Azadın gözləmə zalının damından SSRİ-nin bayrağını çıxarıb tulladığı, yerinə öz əlləri ilə qurub-quraşdırdığı üçrəngli bayrağımızı sancması indi nuru azalan gözlərinin qarşısından gəlib keçdi. Sadəliyi və elə o vaxtdan fəallığı ilə xoşuna gələn Azadın nə demək istədiyini göydə tutdu. Sualını axıra çatdırmağa qoymadı. Dedi:

- Yəqin yadında olar, bala, Azərbaycanın Avropa Şurasına üzvlüyü ərəfəsində qüsurları çox olan Ermənistana əvvəl-əvvəl daha böyük üstünlük verilməsi cəhdi o vaxtdan məndə şübhə doğururdu. Bu təşkilatın iclaslarının birində rəhbərliyin, Çeçenistandakı savaşla bağlı Rusiyanın Şuradan çıxarılmasını məqbul hesab etməyərək, “Rusiya böyük dövlətdir, təşkilatın Parlament Assambleyasında 17 üzvü var, bu dövlət böyük məbləğdə üzvlük haqqı ödəyir” deməsi belə düşünməyə əsas verir ki, insan hüquqlarına hörmətlə yanaşmağı tələb edən qurum həmin hüquqları pula satmaq fikrindədir. Nə deyirik, bazar olsun! Pulun və bir də zorun varsa istədiyin ölkəni xarabazara çevirə bilərsən, qan çanağına döndərərsən və buna görə nə BMT, nə Avropa Şurası, nə də ATƏT sənə bir söz deyə bilməz...

Ələsgər yenə də sözünə ara verib, qəlyanını odladı. Bu vaxt məcburi köçkünlərin məs-kunlaşdığı yataqxanadan hərbi geyimli bir gənc çıxıb özünü camaatın toplaşdığı yerə yetirdi. Harasa tələssə də ayaq saxlayıb söhbətin nədən getdiyini öyrəndi. Beş-on dəqiqə dayanıb qulaq asmaq istədi. Elə bu zaman bir neçə gənc onu dövrəyə aldı. - Bura bax, sən Ramil deyilsən? - deyə onlardan biri soruşdu. - Hə, Ramiləm - Türkiyədə hərbi təhsilini başa vurub vətənə qayıdan hərbçi təəccüb içərisində cavab verdi. - Bəs siz kimsiniz? - deyə soruşsa da cavab əvəzinə, qarşısındakı adamın şaqraq, bir az da mənalı gülüşünü eşitdi. Həmin adamı diqqətlə başdan-ayağa süzdü. Qəflətən özünü onun üstünə atıb qucaqladı. - Hə, tanıdım, kəşfiyyatçı İxtiyar, biz qohumuq axı, - dedi.

İxtiyar hərbi geyimə baxıb köks ötürdü. Xəyal onu uzaqlara, erməni təcavüzkarları ilə döyüşdüyü vaxtlara apardı. Ramilin papağını götürüb öz başına geyindi, kitelinin tanış qoxusunu acgözlüklə ciyərlərinə çəkdi. Dedi:

- Hə, vaxt var idi ki, sizə gələndə...

Ramil qohumunun fikrə getdiyini görüb fürsəti əldən vermədi:

- Düzdür, vaxt varıydı ki, sənin silahını tumarlayır, hərbi formanı qoxulayır, papağını başıma qoyurdum. İndi hər şey tərsinədir. Amma eybi yoxdur, indi də növbə bizimdir, köpək oğlunun dığalarını işğal etdikləri torpaqlarımızdan çıxarmalıyıq. Bunlar öz yerində, indi mənə de görək, bu qardaşlar kimdir?

- Yaxşı yadıma saldın, bunlar mənim döyüş yoldaşlarımdır, bir yerdə vuruşmuşuq, - İxtiyar cavab verdi. Yanındakıları bir-bir göstərərək: - bax, bu Rabil, o birisi də Əfsərdir, yadına düşürsə, sizə gələndə onlar haqqında sənə danışmışdım, - dedi.

Ramil yaddaşını qurdalayıb: - Xatırladım, xatırladım, - deyə bildirdi. Keçmiş döyüşçülərlə çiyin-çiyinə dayanan gənc oğlanı göstərərək onun kim olduğunu soruşdu.

- Qoy onun haqqında Ələsgər kişi danışsın, - Əfsər dedi.

“Proqnoz Ələsgər” Azadı yanına çağırdı, ətrafına toplaşıb söhbətə qulaq asanlara təqdim etdi:

- Mən Azadı lap uşaqlıqdan tanıyıram. Ermənilər Dağlıq Qarabağa ərazi iddiası qaldıranda cəmi 12 yaşı var idi. Hələ balaca olsa da o vaxt Azərbaycanda başlayan xalq hərəkatına qoşulmuşdu, böyüklərin tapşırıqlarını can-başla yerinə yetirirdi. Həmişə vətənpərvərlikdən, Qarabağdan danışar, üçrəngli bayrağımızla fəxr edərdi. Qanlı yanvar hadisələri vaxtı kənddəki gözləmə zalının damındakı SSRİ bayrağını söküb atmış, yerinə parçadan tikdiyi üçrəngli bayrağımızı asmışdı. Bir də, yaxşı xatırlayıram, kənddəki sərhəd zastavasının əsgərləri qarşı tərəfdəki hündür qayalığın zirvəsinə daş düzməklə, o zamanlar “dahi rəhbər” adlandırmağa məhkum olduğumuz Vladimir İliç Leninin portretini təsvir etmişdilər. Azad çəkinmədən zirvəyə qalxıb hamının gözləri qarşısında cəsarətlə “daş portreti” dağıdaraq, yerində “daş hərflərlə” “ADR”, yəni “Azərbaycan Demokratik Respublikası” sözünü yazdı. Özü ilə apardığı üçrəngli bayrağı da həmin yerə bərkidib dalğalandırdı. O zaman Azad 15 yaşında idi. Mən onun vətənpərvərliyinə şübhə eləmir, gələcəyinə inanırdım. Bilirdim ki, böyüyüb el-obasına, xalqına, vətəninə layiqli övlad olacaq. Bunu həmişə kənd camaatına da deyirdim. Azadın özü də təsdiq edə bilər.

- Ələsgər əmi düz deyir, - deyə Azad xarakterinə uyğun şəkildə astadan dilləndi.

“Proqnoz Ələsgər” sözünə davam etdi:

- Rayonun işğalından sonra da Azadla həmişə maraqlanmışam. 1994-cü ildə Ağdam istiqamətindəki cəbhə bölgəsində, ermənilərlə təmas xəttinin yaxınlığında, üzbəüz mövqedə kəşfiyyatçı kimi hərbi xidmətdə olub. Qarşı tərəf tez-tez atəş açdığına, təhlükəli vəziyyət yaratdığına görə, komandir ermənilərin mövqelərinə tərəf irəliləmək üçün əməliyyat hazırlamaq fikrinə düşüb. Bundan ötrü gecə saatlarında irəlidə səngər qazılmalı idi. Ancaq ermənilər nəzərdə tutulan həmin ərazini bizim hərbçilərin gözləri qarşısında minalamışdı. Bu səbəbdən əmr qanunsuz olsa da, Azad səngər qazmağa razılaşır. Minaaxtaran olmasa da gecə təkbaşına 34 minanı zərərsizləşdirib geri qayıdır. Ertəsi günün gecəsi səngər qazmağa yollanır. İşini qurtarıb hərbi hissəyə dönür. Səhər hava işıqlanana yaxın qazdığı səngərə yaxınlaşır. Elə bu zaman minaya düşərək ayağını itirir...

Ələsgər kişi sözünü bitirib hərbi geyimli zabitə baxdı. Onu yanına çağırıb danışdırdı. Sonra oğrun-oğrun bir xeyli başdan-ayağa süzüb fikrə getdi. Handan-hana dodağının altında: - Çox cəsarətli oğlana oxşayır, - dedi. Ramil ondan ayrılıb hərbi hissəyə tələsdi. Zabit bir neçə gündən sonra Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına ezam olunacaqdı.

***

Marqaryan Budapeştə gələn gündən tədbirdə iştirak edən azərbaycanlı zabitlərlə maraqlanırdı. Dığanın məqsədi həmin zabitlərin ermənilər tərəfindən işğal edilmiş ərazilərdən olub-olmadığını öyrənmək idi. Ramilin Cəbrayıldan olduğunu eşitcək sevindi. Gözləri üçtəpə sağsağanın gözləri kimi qaynadı, sümükləri oynağa getdi, atılıb düşdü. Şərəfsiz babası Andranikin, içində şeytan yükü daşıyan ruhundan fövqəladə güc aldı elə bil. Babası sayaq şərəfsiz bir ölümə doğru gücü çatdıqca irəlilədi. Erməniliyinə salıb “yetənə yetdi, yetməyənə daş atdı”. Əcəli yetişən keçi kimi buynuzunu “çobanın çomağına sürtdü”. Erməni təcavüzünün, erməni vəhşiliyinin, əsassız ərazi iddialarının nəticəsi olaraq doğmalarını, yaxınlarını, el-obasını, doğma yurdunu itirən Azərbaycan zabitini tez-tez qıcıqlandırdı. Gah sağına, gah soluna keçib irişdi, iztehzalı baxışlarla başdan-ayağa süzdü, əlini əlinə vurub qəflətən dəli bir qəhqəhə çəkdi. Gözləri bayaqdan elə dayandığı yerdəcə onun hərəkətlərini izləyən Azərbaycan zabitinin tərs baxışları ilə qarşılaşdı. Bir az özünü yığışdırsa da, getmək istəmədi, yerində mıxlanıb durdu. Ramil erməni zabitinin sırtıqlığını görüb: - el məsəlidir, donuz yumşaqlıqla darıdan çıxan deyil, - deyə öz-özünə pıçıldadı. Sərt baxışlarını onun donuz “mordasına” bənzəyən sifətinə tuşlayıb sırf ingilis ləhcəsində:

- Bəsdir şıltaqlıq etdiyin, yetər, getsən daha yaxşı olar - dedi.

Bayaqdan dil boğaza qoymayan erməni, arxasına baxa-baxa uzaqlaşdı. Deyəsən, dığa Azərbaycan zabitinin sözlərindən daha çox, onun zabitəli baxışlarından hürkmüşdü. Amma bu şıltaqlıq Qurgenin sonuncu şıltaqlığı olmadı. Özləri dəvə kimi kinli olsalar da, dığa azərbaycanlıların həlim xasiyyətli, başqalarına qarşı ürəyiyumşaq, müsbət mənada unutqan olduqlarını, kin saxlamağı bacarmadıqlarını yaxşı bilirdi. Bunu ata-babalarından eşitmişdi. Qandan gəlmə kobudluğunu, nankorluğunu və yaramazlığını birtəhər zorlayıb özünü iki-üç gün adam balası kimi sakit apardı. Bu iki-üç gündə erməniliyini tamam unutdu, məsum görkəm aldı, fağır-fağır gəzib dolandı.

Erməni xislətinə az-çox bələd olan adam kənardan onun hərəkətlərini izləsəydi belə özünü həddən artıq fağır aparan dığanın kimliyini kəsdirə bilməzdi. Çünki büruzə verməsələr də, bütün dünya ermənini hay-küyçü, “milçəkdən fil düzəldən”, yalanı həqiqət donunda sırımağı bacaran, saxtakar, yalançı göz yaşları tökən, öz adını başqasına qoyan, hiyləgər, sırtıq bir məxluq kimi tanıyırdı. İş o yerə çatmışdı ki, hətta azərbaycanlı zabitlərdən biri Qurgenin davranışından təəccüblənib onun erməniliyinə şübhə eləmişdi. O, üzünü Ramilə tutub soruşdu:

- Soruşmaq ayıb olmasın, görəsən, Qurgen təmiz ermənidir, ya anası onu qarışdırıb?

- Bunu niyə soruşursan ki? - Ramil cavab verdi.

- Görürsən ki, özünü adam kimi aparır, heç təmiz erməniyə oxşamır, deyəsən, qandıra bilmisən. Axı erməni asanlıqla yola gələn deyil.

- Erməni olmağına ermənidir, - Ramil gülümsədi. - Onsuz da onların təmizi olmur, ermənilik elə budur də.

- Düz deyirsən, amma...

Ramil həmyerlisinin sözünü kəsdi:

- Əmması-zadı yoxdur...

- Əşi, qoy sözümü sona çatdırım, də, məni düşündürən başqa şeydir, - deyə azərbaycanlı zabit də Ramilin sözünü yarımçıq qoydu. - Bilirsən, təmiz olsun, ya zatıqırıq, köpək uşaqlarının bir xasiyyəti məni həmişə, lap uşaqlıqdan heyran qoyub - dedi.

- O nədir elə? - Ramilin qaşları düyünləndi.

- Böyüklərdən eşitmişəm ki, ermənilər həmişə tanımadığı, milliyyətinə şübhə ilə yanaşdığı adamla rastlaşanda “ermənisən, yoxsa türk” deyə ondan soruşur. Biz isə haralı olması ilə maraqlanırıq. Səncə, bu bizim faciəmiz deyil?

- Xeyr, - Ramil qətiyyətlə cavab verdi.

- Niyə? - Həmkarı təəccüblə soruşdu.

- Bilirsən, dostum, erməninin ermənilikdən başqa heç nəyi - nə torpağı, nə də yer-yurdu, konkret vətəni olmayıb. Səncə, onları ermənilikdən başqa nəsə düşündürməlidir? Əlbəttə, yox. Amma tarixən bizim ata-baba yurdumuz, torpaqlarımız, vətənimiz, dövlətimiz, bir sözlə, konkret yaşadığımız məkan olub. Ona görə qarşılaşarkən bir-birimizə verdiyimiz “haralısan” sualı bizi təəccübləndirməməlidir. Məncə, bundan faciə düzəltmək də lazım deyil.

- Düz deyirsən, - zabit həmyerlisinin fikirlərini təsdiqlədi. - Ancaq Qurgenin quzu kimi sakit gəzib-dolanmasının səbəbini hələ də anlaya bilmirəm - dedi.

- Düzünü desəm, dığanın hərəkətləri mənim də xoşuma gəlmir. Əslində erməni belə olmamalıdır. Elə bilirsən sakitliyi xeyirliyədir? Yox. Bu neçə gündə özünü sakit aparırsa, deməli burda nəsə var. Onların fəallığı da, sakitliyi də başqaları üçün faciədir. Yəqin ki, nəyəsə hazırlaşır, bir az ehtiyatlı olmalıyıq.

- Hə, ehtiyatlı olmaq lazımdır, amma bir də bizim yanımızda sarsaqlamağa cəsarət eləməz.

Ramil həmkarının sonuncu sözlərini eşitmədi. Axşam toranlığında gözlərini bir az aralıda görünən qaraltıya zilləmiş, qulaqlarını şəkləmişdi. Bütün diqqəti qaraltıda idi. Qaraltı isə sürətlə yaxınlaşırdı. Ramil əlini yüngülcə zabit həmkarının çiyninə qoyaraq:

- Bir ora bax, yaxınlaşan qaraltı sənə tanış gəlir? - deyə soruşdu.

Zabit arxaya çevrilib baxdı. Gözlərinə inanmadı. Qurgen düz onlara tərəf irəliləyirdi. Hərəkətlərindən kefi xeyli kök görünürdü. Başına hava gəlmiş adamlar kimi qəhqəhə çəkib gah təkbaşına gülür, gah da özünü ciddi göstərirdi. Azərbycanlı zabitlər dığanın yenə də onlara söz atıb qıcıqlandıracağını təxmin edərək durduqları yerdən yavaş-yavaş kənarlaşmağa çalışdılar. Amma Qurgen addımlarını yeyinlədib onların bərabərinə çatdı. Aşkar hiss olunan erməni ləhcəsi ilə yarı ingilis, yarı erməni dilində: - ara, ayaq saxla görüm e li, hara gedirsən? - dedi. Azərbaycanlı hərbçilər dığadan uzaqlaşmağa çalışdılar. - Tfu! Allah sənə lənət eləsin, kor şeytan! - deyib addımlarını yeyinlətdilər. Ancaq erməni onlardan asanlıqla əl çəkənə oxşamırdı. Elə bil iki-üç gündür sakit-sakit gəzib dolanan adam deyildi. Artıq özündən on-on beş addım qabaqda gedən azərbaycanlı zabitlərin arxasınca götürüldü. Onları keçib qarşılarını kəsdi. Adəti üzrə sırtıq-sırtıq güldü. Zabitlərdən biri onun şit hərəkətlərinə dözmədi. Dedi:

- Ey, dişlərini ağartma, çəkil yoldan, deyəsən, lap ağını çıxartdın. Daha nəyə irişirsən, başın xarab olub, yoxsa eyib iş görən var?

Qurgenin heç nə vecinə deyildi. Elə bil qulaqlarından daş asılmışdı. Beş-altı addım geriyə çəkilib yenidən yerində mıxlandı. Bu dəfə gülməyinə ara verib ciddiləşdi. Dişlərini bir-birinə qıcadı, gözləri hədəqəsindən çıxdı. Üç-dörd saniyə çəkmədi ki, başına hava gəlibmiş kimi, dığa bir az əvvəlki vəziyyətə qayıdıb ucadan güldü. Ramilin çənəsinin altına yeriyib içinin “zəhərini” boşaltdı. Yenə də qarışıq dildə qırıldatdı:

- Ara, biz qafqazlıyıq e li, məndən niyə qaçırsınız? Gəlmişəm ki, təbriklərimi çatdırım, axı yaxınlarda sizin bayramınız olacaq.

- Çəkil yoldan, nə bayram, deyəsən, sənin başın bədəninə yükdür, - deyə Ramil var gücü ilə dığanın üstünə qışqırdı.

Qurgen yenə də qımışdı, erməniliyinə salıb həyasız-həyasız cavab verdi:

- Nə dedim ki, ara, daha niyə hirslənirsən? Xocalını deyirəm də, nə tez unutdunuz? Bayramınız mübarək olsun, Ramilcan.

Azərbaycanlı zabitin başına elə bil qaynar su tökdülər. Hələ uşaq yaşlarında ikən bütün dəhşətlərini gördüyü müharibənin acı nəticələri, Ermənistanın təcavüzünün törətdiyi fəsadlar, didərginlik həyatı yaşayan valideynləri, vəhşicəsinə qətlə yetirilmiş doğmaları, yaxınları, el-obası bir anda gözlərinin qarşısında canlandı. Emosional halda, çox ycadan: - Yaramaz! - deyib qartal kimi dığanın üstünə şığıdı. Qurgen “ilan ağzından qurtaran qurbağa” kimi götürüldü. Arxasına baxmadan qaçdıqca qaçdı. Qorxusundan murdar niyyətlərin yükləndiyi qara qəlbi sürətlə döyünür, az qala sinəsini yırtıb bayıra çıxırdı. Onun arxasınca qaçan azərbaycanlı zabit nə fikirləşdisə qəflətən ayaq saxladı. Digər azərbaycanlı da Ramilə çatıb dayandı. Bir yaramaz dığaya görə həmyerlisinin “zibilə düşməsini” istəməyən zabit rahat nəfəs aldı. Ramilin qolundan tutub hələ də qaçan Qurgeni göstərərək:

- Ora bax, necə qaçır, yaxşı ki çatdırmadın, yoxsa dərisi bir qəpiyə dəyməyən erməninin xatasına düşəcəkdin, - dedi.

- Yox, elə deyil - Ramil cavab verdi. - Artıq mən onu haqlamışdım, əlimi atsaydım, sovxasına qalmış mundirindən yapışacaqdım - dedi. Və yüngülcə gülümsədi.

- Bəs onda...

Ramil həmyerlisinin sözünü kəsdi:

- Bilirəm, soruşacaqsan ki, belədirsə dığanı niyə tutmadın, hə?

- Elədir ki var, - deyə həmkarı cavab verdi.

Ramil dedi:

- Sözün doğrusu, onsuz da zorən cəlb olunduğumuz savaşın ağrı-acısını, əzabını çəkən, didərginlik həyatı yaşayan valideynlərim, doğmalarım bin anlığa gözümün qarşısına gəldi. Axı onlar mənim yolumu gözləyirlər.

- Düzünü bilmək istəsən, mən də belə fikirləşirdim. Sən onu, mən isə səni təqib edirdim.

- Niyə? - Ramil təəccübləndi.

- Dedim axı, bir dığanın “zibilinə düşməyini” istəmədim, ona görə səni dayandırmaq üçün qaçdım. Hər halda Qurgenin bəxti gətirdi.

- Hə, bax belə yerdə deyiblər e, “əclaf ol, oğraş ol, bəxtin olsun” - Ramil həmyerlisi ilə razılaşdı.

***

“Macarıstanın paytaxtı Budapeştdə üç aylıq ingilis dili kurslarına ezam olunan azərbaycanlı zabit Ramil Səfərov bayrağımızı və xalqımızı dəfələrlə təhqir edən, Xocalı soyqırımı qurbanlarını ələ salan erməni zabiti Qurgen Marqaryanı qətlə yetirib”. Ermənilərin vəhşicəsinə törətdikləri Xocalı soyqırımının 12-ci ildönümünə altı gün qalmış yayılan bu xəbər “Simsiz teleqraf”ın qulağına çoxlarından qabaq çatmışdı. Hərbçi müəllim xəbərdən sarsılsa da, vaxtilə hərbi liseydə dərs dediyi “balaca komandir”in Azərbaycan bayrağına hədsiz sevgisindən, ona görə həbsxana həyatı yaşamasına razı olmasından məmnunluq duydu. “Mən deyirdim ki, bu uşaq Vətən sevgisini, vətənpərvərliyini, əsl hərbçi olduğunu, xalqına bağlılığını gec-tez sübut edəcək”, deyə o vaxtlar ürəyindən keçirdiyi bu sözləri xatırladı. Durub bilgisayarı işə saldı. Xəbər portallarına girib informasiyanın dəqiqliyini araşdırmaq istədi. Xəbər yenicə yayıldığı üçün Azərbaycan portallarında nəsə tapa bilmədi.

“Simsiz teleqraf” bir neçə əcnəbi dildə yazıb oxuyur, sərbəst danışa bilirdi. Xarici ölkələrin portallarına girib xeyli qurdalandı. Eşitdiyi xəbər barədə ingilis və rus dillərində bir neçə informasiyaya rast gəldi. Əsasən də soyadlarından bilinirdi ki, həmin xəbərlərin əksəriyyətinin müəllifi ermənilərdir. Hay-küy ustası olan, “milçəkdən fil düzəltməyi” yaxşı bacaran ermənilər xəbəri dərhal təhrif edərək öz maraqlarına uyğunlaşdırıb, siyasi don ge-yindirməyə, ondan Qarabağ məsələsində istifadə etməyə başlamışdılar. İnernet saytlarının birində Ermənistandakı siyasi partiyalardan birinin rəhbərinin bütün dünya ermənilərini, “Asala” erməni terror təşkilatını azərbaycanlı zabitə qarşı terror çağırışı da yayılmışdı.

Hərbçi müəllim həmin gecəni rahat yata bilmədi. Yalnız səhərə yaxın iki saat mürgüləyib gözünün acısını aldı. Səhər yuxudan çətinliklə oyandı. Ayağa qalxmaq istədi, bacarmadı. Bütün bədəni ağrıyır, başı gicəllənirdi. Təzyiqi aşağı düşmüşdü. Evə çağırılan təcili tibbi yardım həkimi: - qorxulu bir şey yoxdur, görünür, güclü sarsıntı keçirib, möhkəm gərginlik içərisində olub, - dedi. Və özü ilə gətirdiyi sakitləşdirici həbləri içirib “simsiz teleqraf”a şəfa dilədi. Həkim mənzili tərk edən kimi evin xanımı təəccüblə ərinə baxdı. Hərbçi müəllim xanımın nə demək istədiyini dərhal anladı. Başının işarəsi ilə həkimin dediklərini təsdiqləyib gərginliyinin səbəblərini ona izah etdi...

“Simsiz teleqraf” həmin gün liseyə gedə bilmədi. Bir gün sonra artıq respublikanın hər yerində Ramil Səfərov barədə danışır, 9 milyonluq ölkədə cəmi bir neçə nəfəri çıxmaqla hamı bunu Qarabağın işğalının, qız-gəlinlərimizin əsir düşməsinin, Xocalı soyqırımının və dünya biriyinin, aparıcı dövlətlərin, BMT-nin, digər beynəlxalq təşkilatların bu vəhşiliklərə biganə yanaşmasının fəsadı kimi baxırdı. Hərbçi müəllim ertəsi gün liseyə gələndə dərs dediyi kursantlar gözünə birtəhər dəydi. Hamının sifətinə kədər çökmüşdü. Səbəbini bilsə də özünü o yerə qoymadı. Guya hər şeydən xəbərsizmiş kimi soruşdu:

- Nə olub sizə, uşaqlar, qanınız niyə qaradır?

Kursantlar cavab əvəzinə sakitcə bir-birinin üzünə baxdılar. “Necə yəni, “simsiz teleqraf”ın bu boyda xəbərdən xəbəri yoxdur”, deyə uşaqlar təəcübləndilər. Deyəsən, müəllim də bunu hiss eləmişdi. Amma yenə də özünü o yerə qoymadı, verdiyi sualın cavabını gözlədi. Heç kəs cürət eləyib “dünyanın hər yerindən xəbər verən” “simsiz teleqraf”a xəbər çatdırmaq istəmirdi. Nəhayət arxada əyləşən kursantlardan biri sükutu pozub ehtiyatla dilləndi:

- Cənab mayor, həmişə haqqında bizə danışdığınız Ramil Səfərovun həbsindən yəqin ki, xəbəriniz var.

- Var, - hərbçi müəllim cavab verdi. - Amma burda təəccüblü heç nə yoxdur, mən yaxşı tanıdığım Ramildən Vətənin şərəfinin qorunmasını, içdiyi hərbi anda sadiq qalacağını gözləyirdim, halal olsun ona,- dedi. - Təəccüblüsü odur ki, bizdə bəzi çirkab içərisində olan üzdəniraqlar var ki, erməninin “dəyirmanına su tökür”, guya Qurgenin yatdığı yerdə öldürüldüyünü deyirlər. Ancaq Budapeştdə təhsil alan və işlə daim maraqlanan azərbaycanlı tələbələrin məktubunda hadisənin Marqaryan oyaq ikən baş verdiyi, hətta təhqirlərə görə Ramilin erməni zabitini duelə çağırdığı bildirilir. Bir də ki mərhum jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımından çəkdiyi kadrların nümayişi zamanı Qurgen zalda oturub qəh-qəhə çəkirsə, azərbaycanlı zabitlərə “Xocalı bayramınız mübarək!” deyirsə, Ramil nə etməliydi? Yəni onun hansı hissləri keçirdiyini uzun illərdir Qarabağ problemini uzadan, həllinə mane olan Qərb təşkilatlarının qrantını yeyib erməniləşən bəzi “politoloqlar” bilmirlərmi? Ermənilər bayrağımızı təhqir edən, onunla sovxasına qalmış murdar ayaqqabısını təmizləyən dığanı müqəddəsləşdirir, qəhrəman obrazını yaradır, bir az mədəni desək, zibildən “konfet” düzəldir, bizim “politoloq” isə həmin “konfeti” bəh-bəhlə “yeyib” zabitimizin hərəkətini “ağılsız qanunsuzluq” adlandırır. Bir-iki jurnalistciyəz də onun dəmini tutur. Yəni Xocalı soyqırımı “ağıllı qanunilik” idimi, yoxsa günahsızların kütləvi qətliamına görə beynəlxalq təşkilatlar, azman dövlətlər erməniləri qınadılar? Xeyr. Belələri vətəni də, xalqı da asanlıqla Avropanın, Amerikanın qrantına satar. Bax, məni təəccübləndirən budur. Ar olsun onlara!

“Simsiz teleqraf”ın ardınca kursantlar da onun dediyini təkrarladılar: Ar olsun onlara! Ar olsun onlara! Ar olsun onlara!..

***

Macar hakim təqsirləndirilən Ramil Səfərovla bağlı ilkin istintaqın Budapeşt şəhər məhkəməsinə göndərdiyi cinayət işinin materiallarını masanın üzərinə qoyub diqqətlə baxdı. Bir neçə gündən sonra təyin olunan hazırlıq iclasında işə baxış keçirildi. 2006-cı ilin fevralında keçirilən məhkəmə prosesində azərbaycanlı zabitin hüquqlarını ikinci macar vəkil də müdafiə edirdi. Məhkəmədə Litva və Azərbaycandan olan iki nəfərin şahid qismində dindirilməsi nəzərdə tutulsa da, onlardan heç biri prosesdə iştirak etmədi.

Şahidlərsiz keçən məhkəmə zamanı Ramilin sağlamlıq durumu ilə bağlı məhkəmə tibbi ekspertlərin rəyi Azərbaycandan gələn ekspert tərəfindən narazılıqla qarşılandı. Azərbaycanlı ekspert rəyin düzgün olmadığını müttəhimin vəkili vasitəsilə məhkəmə tibb ekspertlərinə çatdırdı. Macar ekspertlərdən biri kinayə ilə: - siz nəyi nəzərdə tutursunuz? - deyə azərbaycanlı ekspertdən soruşdu. Həmyerlimiz dedi:

- Mən burda bir qərəz görürəm. Ramil Səfərov Qurgen Marqaryanı qətlə yetirərkən tam anlaqsız vəziyyətdə olub. Bildiyimə görə cinayət işinin materiallarında da mərhumun Azərbaycan xalqını, qadınlarını, bayrağını təhqir etməsi barədə faktlar qeyd olunub. Həmin faktlar Ramilin doğrudan da cinayəti affekt vəziyyətdə törətdiyini sübut edir. Amma sizin ekspertizanın nəticələrində bu barədə dolğun rəy yoxdur. Bu haqda nə deyə bilərsiniz?

Macarıstanlı tibbi ekspert Qaal Katrina azərbaycanlı ekspertin fikirləri ilə tam razılaşmadı:

- Doğrusu, mən sizin fikirlərinizin yalnız kiçik bir hissəsi ilə razılaşa bilərəm, - deyə cavab verdi. - Amma iradların əksəriyyətini qəbul etmirəm, - dedi.

Müttəhimə qarşı qarşı qərəz açıq-aşkar ortaya qoyulmuşdu. Azərbaycanlı ekspertlər bunu əsaslandırmaqdan ötrü Səfərovun psixoloji durumunu müayinədən keçirmək üçün Bakıdan məhkəmə tibb ekspertlərinin dəvət edilməsinə çalışırdılar. Erməni lobbisinin təsirinə düşən macar hakim bununla razılaşmasa da, yeni məhkəmə tibb ekspertizasının keçirilməsi barədə qərar verdi.

Növbəti prosesdə hakimin qərarı ilə təyin olunan yeni məhkəmə tibb ekspertizasının nəticələri açıqlanmışdı. Yeni ekspertiza əvvəlkindən xeyli fərqlənirdi. Sənəddə Ramilin cinayəti anlaqsız vəziyyətdə, təhqirlərin təsiri nəticəsində törətdiyi qeyd olunmuşdu. Lakin macar hakim ekspertiza keçirilməsi barədə üçüncü dəfə qərar çıxardı. Həmin ekspertizanın nəticələri də azərbaycanlı zabitin xeyrinə idi. Hakimin müəmmalı şəkildə dördüncü ekspertiza təyin etməsi müttəhimin vəkillərini şübhələndirdi. Onlardan biri qərara etiraz edərək: - cənab hakim, ölkə qanunvericiliyinə görə məhkəmə yalnız üç dəfə ekspertiza təyin edə bilər, lakin siz artıq dördüncü dəfədir ki, eyni qərar çıxarırsınız, - deyə qəti etirazını bildirdi. - Rəylərdə göstərilir ki, hadisə baş verərkən müttəhimdə müharibə şoku olub, - dedi.

Əvvəlki rəylər müttəhim Səfərovun cəzasını yüngülləşdirdiyi üçün hakim həmin rəyləri qəbul etməmişdi. Macar hakimin qanunu pozaraq, ermənilərin təsiri altına düşdüyü aşkar hiss olunurdu. Nəhayət hakimlə ermənilərin sövdələşməsi baş tutdu. Sonuncu - dördüncü rəy hadisəni törətdiyi anda azərbaycanlı zabitin tam “anlaqlı” vəziyyətdə olduğunu təsdiqlədi. Vəkillər yenə də etiraz etdilər:

- Cənab hakim, sonuncu məhkəmə tibb ekspertizasının rəyi sifarişli və saxtadır. Müttəhimin cəzasını yüngülləşdirən əvvəlki rəylərin heç birinin qəbul edilməməsi şübhə doğurur.

- Burda şübhəli məqam yoxdur, - deyə macar hakim qeyri-müyyən cavab verdi.

- Cənab hakim, mən demək istəyirəm ki... Bilirsiniz, cənab hakim, mən onu nəzərdə tuturdum ki... Cənab hakim, mən ümumiyyətlə əlavə etmək istərdim ki... - vəkil müdafiəsində dayandığı şəxsin hadisə zamanı psixi sarsıntı halında olduğunu bu metodla sübut etməyə çalışdı.

Vəkilin nə demək istədiyini heç cür anlamayan hakim: - vaxtımızı almayın, sözünüzü deyin, - deyə bərk əsəbiləşdi.

Macar vəkil istədiyinə nail olmuşdu. Üzünü hakimə tutub dedi:

- Görürsünüzmü, cənab hakim, xırda bir şey sizi hövsələdən çıxara bildi. İndi Ramilin bu qədər təhqirlərdən sonrakı vəziyyətini başa düşürsünüzmü?

Çıxılmaz duruma düşən hakim yenə də qeyri-müəyyən cavab verdi. Vəkil isə: - Prosesin gedişi sizin də nə qədər qərəzli olduğunuzu göstərir, - dedi.

Hakim və dövlət ittihamçısı müdafiə tərəfinə bu dəfə də əhəmiyyət vermədi...

Növbəti məhkəmə prosesi azərbaycanlı zabitə son sözün verilməsi ilə başlandı. - Müttəhim Səfərov, siz özünüzü təqsirli hesab edirsinizmi? - deyə hakim əvvəlcə Ramilə sualla müraciət etdi.

- Mən özümü təqsirli bilmirəm, məni cinayət törətməyə Qurgen Marqaryanın Azərbaycanın dövlət atributu olan milli bayrağına qarşı təhqiredici hərəkətləri və Azərbaycan xalqının, şəhidlərimizin, Xocalıda qətlə yetirilən günahsızların ünvanına təhqiramiz ifadələri vadar etdi. Mən Qurgeni erməni olduğuna görə qətlə yetirməmişəm. Belə olsaydı onda öz ölkəmizdə yaşayan erməniləri çox asanlıqla öldürərdim, - deyə azərbaycanlı zabit cavab verdi.

- İndi sizə son söz verilir, nə demək istərdiniz?

“Mənim vətənimin 20 faizi ermənilərin işğalı altındadır. Mənim doğma yurdum Cəbrayıl mənim doğum günümdə işğal edilib. Mənim ailəm də daxil olmaqla bir milyondan artıq soydaşım öz doğma yurdundan didərgin düşdü. Və tarixdə çox az rast gəlinən bir vəhşiliklə məsum insanlar, körpələr, qadınlar, yaşlılar öldürüldü. Mənim yaxınlarım, doğmalarım da gözlərim önündə erməni vəhşiliyinin qurbanı oldu. Bu mənim uşaqlığımın ən acı xatirələridir. Erməni zabitlər tərəfindən edilən təhqirlər, içimdə boğmağa çalışdığım hisslərimin yenidən oyanmasına səbəb oldu. Və Marqaryanın bayrağımızla ilgili qəbuledilməz həqarətləri və divarı döyərək “oxuma zamanı deyil, vuruşmaq zamanıdır” deməsi təəssüf ki, yaşamış olduğum bu savaşı itirməyimə səbəb oldu. Özünüzü bir anlıq mənim yerimə qoymanızı və heç bir kənar təsirlər altında qalmadan ədalətli qərar vermənizi sizdən rica edir və tələb edirəm”.

Bu, azərbaycanlı zabitin məhkəmə prosesindəki son sözləri idi. Hakim ayağa qalxıb hökm oxudu: “...Təqsirləndirilən Ramil Sahib oğlu Səfərov ömürlük həbs cəzasına məhkum edilsin...”

Hökmün oxunuşu başa çatandan dərhal sonra vəkil ayağa qalxaraq hamının eşidə biləcəyi səslə hakimə xitabən: - Əmin olun ki, çıxardığınız bu qərar dünya hərbi məhkəmələr tarixinə ən ədalətsiz qərar kimi düşəcək, - dedi. Macar hakimin hökmü Ramilə, hərbi liseydə təhsil alarkən “Simsiz teleqraf”ın “Hə, Səfərov, özünü də, sözünü də, namusunu, qeyrətini də, cəsarətini də çox bəyəndim... Amma... bu ədalət ki, deyirsən, mənim ondan ağlım bir şey kəsmir. Bilmirəm, mənə elə gəlir, ya nədirsə, indi dünya çox dəyişib, artıq tərəzinin gözü əyi-lib, “arxalı köpəyin” arxasında duranlar ədalətin əl-qolunu zəncirləyiblər” sözlərini xatırlatdı. Hələ 13 il əvvəl, Cəbrayıl orta məktəbində təhsil aldığı vaxtlarda tarix müəlliminin “Doğrudur, oğlum, Amerika da, Avropa ölkələri də demokratik dövlətlərdir. Amma bu demokratiya da, humanizm də, insan hüquqlarının qorunması da, ədalət də onların öz daxilindədir. Başqa xalqlara, xüsusən də kiçik dövlətlərə, müsəlman ölkələrinə münasibətdə həmin dəyərlər onlardan ötrü əhəmiyyətini itirir. Bax, bu dediklərimi yadında saxla, bala” kəlmələri də qulaqlarında yenidən səsləndi...

***

2008-ci ilin payızı idi. ATƏT-in Minsk Qrupunun həmsədrləri yenə də regionda səfərdə idilər. Belə vaxtlarda Ələsgər kişi, məskunlaşdığı yataqxanadakı dost-tanışlarını, özü kimi xəbər azarkeşlərini haraylayıb əsasən məcburi köçkünlərin istifadə etdikləri, açıq havada xidmət göstərən çayxanaya gətirər, həmsədrlərin qarasına o ki var deyinər, proqnozlar verərdi. Yer-yurdundan didərgin düşmüş camaat da oturub səbrlə onun söhbətini dinləyər, sual verib cavab alar və beləliklə Ələsgərin söhbətindən hər şeyi başa düşərdilər. İnsafən Ələsgər də yağış kimi yağan suallara səbrlə cavab verər, hamını inandırmağa çalışardı. Bəzi eqoistlərin atmacalı sualları da onu bezdirməzdi. Düzdü, “lotu” adlandırdığı həmsədrlər hər dəfə bölgəyə gələndə bərk əsəbiləşirdi. İmkanı olsaydı hərəsinin başına bir güllə çaxardı. Amma adamlar başına toplaşanda bunu büruzə verməz, bütün hirs-hikkəsini içinə axıdardı.

Həmsədrlərin sonuncu səfəri “Proqoz Ələsgər”i hövsələdən təmiz çıxarmış, elə bil dəryada gəmisi qərq olmuşdu. Özünə yer tapa bilmirdi. O, dirsəklənib uzandığı darısqal otaqdan çıxıb yataqxananın həyətinə düşdü. Dərd-qəmini, fikirlərini dağıtmaq, ürəyini boşaltmaq üçün yenə də qabağına çıxanı çayxanaya yönəltdi. İki çaynik çay sifariş verdi. Bankomatdan dünən çıxartdığı təqaüdündən iki manat ayırıb çayın haqqını bəri başdan ödədi. Müqəddimə-zad eləmədən birbaşa mətləbə keçərək:

- Ay camaat, heç bilirsiniz, həmsədrlər yenə də nə qələt qarışdırıblar?

Ələsgər kişinin söhbətə hirs-hikkəli başlamasına adət etməyən adamlar təəccübləndilər. “Yəqin nəsə ciddi bir şey var ki, kişi belə hirslənib, yoxsa Ələsgər hələm-hələm özündən çıxan adam deyil”, - deyə hamı fikirləşdi. Və kimsə dilləndi:

- Nə qələt qarışdırıblar ki, Ələsgər kişi?

“Proqnoz Ələsgər”ə də elə bu sual bəs eləyirdi. “Açdı sandığı, tökdü pambığı”. Özü də necə deyərlər, bir az uzaqdan götürdü. Dedi:

- Qarabağ problemi başlayandan üzü bu yana onu çox münaqişələrlə, həll yolları ilə müqayisə ediblər. Məsələn, vaxtilə serblərlə Kosova albanlarının savaşının sonluğunda olduğu kimi “Deyton sülh sazişi”nə oxşar bir variant təklif edənlər də, Tayvan probleminin həlli variantının tətbiqini məsləhət görənlər də varıydı. Hətta Azərbaycanla qondarma “Dağlıq Qarabağ Respublikasının” (“DQR”) federasiya halında birləşməsini, “Ümumi dövlət” prinsipini ortaya atanlar da tapıldı. Bunların da içindən bir şey çıxmadı. Sən demə, münaqişəyə əndrabadi münasibət hələ qabaqdaymış...

İçi Ələsgər qarışıq, adamlara bu dəfə nəsə olmuşdu elə bil. Onlardan birinin Ələsgər kişinin gengötürümünü dinləməyə hövsələsi çatmadı. Soruşdu:

- Ay sağ olmuş, sözünün “Məmmədvəlisini” de görək, axı nə olub ki?

- Day nə olacaq ki? - Ələsgər dedi. - Bu yaxınlarda ermənilərin Stepanakert adlandırdıqları Xankəndində səfərdə olan həmsədrlərin qarışdırdıqları qələt indiyə qədər eşitdiyiniz qələtlərə bənzəmir. Fransalı gədə Bernard Fasye lənətlənmiş Stepanın adını daşıyan şəhərdə Dağlıq Qarabağ münaqişəsinə elə ermənilərin araq çəlləyinin içərisindəcə münasibət bildirib.

Camaatın zarafatla “altıaylıq” dediyi həmin adam yenə də dözməyib Ələsgərin sözünü kəsdi:

- Nə dedi?

- Fasye Xankəndində qondarma“DQR”-in prezidenti Bako Saakyanla görüşdən sonra deyib ki, “biz Stepanakertə təkcə tut arağı içməyə gəlmirik, məqsədimiz həm də odur ki, Dağlıq Qarabağ rəhbərliyi ilə işləyək”. Əcəb münasibətdi, eləmi? Ölkəsi qondarma “erməni soyqırımı”nı tanıyan Fasyedən bundan artığını gözləmək olmaz. Problemin həlli nə bu dövlətin marağındadır, nə də həmsədrin özünə sərf eləmir. Niyə də etməlidir? Fransalı gədə Azərbaycanın Dağlıq Qarabağda suveren hüquqlarının bərpasından nəsə əldə edəcəyinə əmin deyil. Amma ermənilərin mübarizə metoduna yaxşı bələd olan Fasye bir şeyə dəqiq əmindir ki, indiki status-kvonun saxlandığı halda dığaların araq çəlləyində “üzməkdə” davam edəcək, hələ üstəlik ona “haxçı qonaq-ığı” da verəcəklər.

“Proqnoz Ələsgər” burda sözünə ara verdi. Adəti üzrə qəlyanını alışdırdı, dərindən üç-dörd qullab vurub davam etdi:

- Hə, Bernardın araq qoxuyan ifadəsindən həm də uzun illərin ən açıq və üfunətli etirafı boylanır. İfadəyə bir də diqqətlə fikir verin: “Biz Stepanakertə təkcə tut arağı içməyə gəlmirik, məqsədimiz həm də odur ki, Dağlıq Qarabağ rəhbərliyi ilə işləyək”. Əgər Fasye öz bədnam ifadəsində cümləsinin ikinci hissəsini əvvələ keçirib “təkcə” sözünü həmin hissədə işlətsəydi, onu birtəhər başa düşmək olardı. İfadənin məhz bu şəkildə işlənməsi isə, önəmin zəhrimara qalmış tut arağına verildiyini göstərir. Bir də hələ bilmək olmur ki, fransalı gədə “Dağlıq Qarabağ rəhbərliyi ilə işləyək” deyəndə nəyi nəzərdə tutur.

- Nəyi nəzərdə tutacaq, rəhmətliyin oğlu, yəqin sən demişkən, həmin o “haxçı qonaqlığını” deyir, - deyə söhbətə qulaq asan ahıl kişilərdən biri alimnümalıq elədi. - Yaxşısı budur ki, de görək, o birisi həmsədrlər ağızlarından hansı “quşu” buraxıblar? - dedi.

- Deyəcəyəm, hamısını deyəcəyəm, tələsmə, çaydan da arxayın ol, pulunu özüm vermişəm, bundan sonra nə qədər içsən də mənlikdir, - Ələsgər zarafata saldı. Və bu dəfə Amerikalı həmsədr Metyu Brayzanın qarasınca danışdı. Xankəndinə getməzdən əvvəl Bakıda jurnalistlərlə görüşünü xatırlatdı:

- Yadınızdadırmı, Brayza bizim jurnalistlərə nə deyirdi?

Həmişə xəbərləri izləyən gənclərdən biri yaddaşını qurdalayıb cavab verdi:

- Demişdi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Yəqin bunu deyirsən, Ələsgər əmi, eləmi?

- Onu deyirəm, bala, Allah ölənlərinə rəhmət eləsin, özün qulaqlarınla eşitdin ki. İndi bu yaramaz oğlu yaramaz ikiüzlülük elədi, qondarma qurumun başçısı ilə, baş separatçı Bako Saakyanla görüşündə bizim jurnalistlərə dedik-lərini boynundan atdı. Dedi ki, “Mən Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu deməmişəm, bunu jurnalistlər təhrif ediblər”. Ay sizə qurban olum, bu vələdüzina hamının gözü qabağında belə demədimi? Yaxşı, fərz eləyək ki, bizim jurnalistlər təhrifə yol veriblər. Bəs xarici radiostansiyalara, əcnəbi jurnalistlərə nədir sözü?

- Yəqin nəsə anlaşılmazlıq olub, Fasyedi, nədi, ona baxma, axı Brayza pis adama oxşamır, - deyə bayaqkı ahıl kişi müdaxilə etdi.

- Yox əşi, bilməmişik, lap əla oğlan imiş ki - Ələsgər kinayə ilə cavab verdi. - “İlanın ağına da lənət, qarasına da”, - dedi. - Onsuz da buqələmun kimi rəngdən rəngə girən, özünü həmişə ağzı süd qoxulu uşaq kimi aparan Metyu, görünür, ya dığalardan qorxub, ya da Bakonun verdiyi “haxçı qonaqlığı” yaddaşını tamam itirib. Amma hər halda bunu ABŞ hökumətinin rəsmi mövqeyinin ifadəsi kimi qəbul etmək lazımdır. Çünki ikili siyasətin elə Brayza kimi də ikiüzlü fiqurları olur...

Bayaqkı “altıaylıq” kişi yenə də Ələsgərin sözünü kəsdi:

- Bəs urus nə dedi, urus? Rusiyalı həmsədr Yuri Merzlyakovu deyirəm.

- Yurka dedi ki, “danışıqlarda Dağlıq Qarabağ da tərəf kimi iştirak etməlidir, prob-lemin bu məsələdən kənarda həlli yoxdur”. Danışıqları da ki, özünüz görürsünüz, illərdir saqqız kimi uzadırlar.

- Öz aramızdır, sərxoş sözün düzünü deyər, yəqin Fasye erməninin tut arağından çox gillədib, - “altıaylıq” dedi.

- Doğrudur, uşaq da, dəli də, sərxoş da həmişə sözün düzünü deyər. Ancaq həmsədrlər nə uşaqdılar, nə də dəli. Olsa-olsa tut arağının havası başlarına vurmuş sərxoşdular. Amma Xankəndində qarışdırdıqları qələt arağın təsirindən deyil. Sadəcə, bu zəhrimarın məstedici havasının təsirindəndir ki, öz ölkələrinin mövqeyini rəsmən bəyan edildiyi kimi yox, həqiqətdə olduğu kimi bildiriblər.

Artıq hava qaralmışdı. “Proqnoz Ələsgər” sözünü bitirib çayçını çağırdı. İçdikləri əlavə üç çaynikin də pulunu verib ayağa durdu. Adamlar iki bir-üç bir çayxananı tərk edib yataqxanaya tərəf qalxdılar. Amma “altıaylıq” kişi Ələsgəri tək buraxmadı. Yanlayıb qoluna girdi. Ramildən söz açdı. Danışmaqdan “Proqnoz Ələsgər”in çənəsi yorulsa da, “altıaylıq” yaralı yerə toxunmuşdu deyə qeyri-ixtiyari dilləndi:

- Bura bax, yaxşı yadıma saldın, sən demişkən, sözümün “Məmmədvəlisi” var. Qurgenin ölməsində bizim Ramildən çox, elə bu həmsədrlərin, onların təmsil elədikləri dövlətlərin günahı var. Gör e, neçə illərdi gəlib gedirlər, yeyib-içib, gəzib şellənir, keflənirlər. Münaqişəni həll etmələri cəhənnəmə, heç olmasa maneçilik törətməsələr indi hər şey çoxdan qurtarmışdı.

- Yəni deyirsən ki, bu yaramazlar imkan versələr halal torpaqlarımızı geri qaytara bilərik? - “Altıaylıq” soruşdu.

- Əlbəttə qaytara bilərik, - Ələsgər cavab verdi. - Döyüşkən oğullarımız çoxdur, elə təkcə bizim rayonun altı nəfər milli qəhrəmanı var, üstəlik milli orduya könüllü yazılan rəhmətlik Qaçay Şahmarov həm bir həkim, həm də döyüşçü kimi böyük şücaət göstərib, - dedi. - Yadındadırsa, Cəbrayılın işğalından sonra rayonun bəzi kəndlərində ağır döyüşlər gedirdi. Əsir götürülən erməni əsgərinin dediyinə görə, Quycaq və Şəybəy kəndəlri istiqamətində aparılan döyüşlərdə düşmən tərəf 350-yə qədər itki verərək geri çəkilməyə məcbur olmuşdu. Bunu hətta keçmiş SSRİ-nin sərhəd qoşunlarının Hadrutdakı ekspedisiya korpusunun ermənilər tərəfində döyüşən rus mənşəli zabiti də əcnəbi qəzetlərdən birinə müsahibə verərkən etiraf etmişdi. Özü də həmin döyüşdə Rusiya və Ukraynadan olan muzdlular, Livandan, Fransadan, ABŞ-dan, Türkiyədən, Yunanıs-tandan və digər xarici ölkələrdən gəlmiş ermənilər iştirak edirdilər. Bax, indi görürsən ki, dediyin həmin yaramazlar olmasa savaş çoxdan qurtarmışdı, onda sən də, mən də, Ramil də yer-yurdumuzdan didərgin düşüb ömrümüzü yataqxanada çürütməzdik, ağzına gələni danışıb bayrağımızı, millətimizi təhqir edən Qurgen də gəbərməzdi.

***

Avqustun 23-ü idi. Cəbrayılın işğalından 19 il ötürdü. Ələsgər kişi səhər erkən oyanıb Şəhidlər Xiyabanına yollandı. Hələ heç kəs gözə dəymirdi. Xiyabanın girişində dayanıb gözlədi. Bir azdan rayon sakinləriı üç-üç, beş-beş görünməyə başladı. Ziyarətə gələn rayon camaatının əksəriyyəti, xüsusən də orta və yaşlı nəslin nümayəndələri yaxşı tanıdıqları “Proqnoz Ələsgər”in söz-söhbətləri, proqnozları üçün çox darıxmışdı. Ziyarətə gələnlər arasında elələri var idi ki, Ələsgər kişini on ildən artıqdır görmürdü. On ildən çox idi ki, söhbətinə, arifanə məsləhətlərinə tamarzı qalmışdılar. Belələri arasında gözləri və yaddaşı zəifləyən ahıllar da vardı. Onlardan biri, təxminən 75-76 yaşlarında ahıl kişi Ələsgəri kənara çəkib: - Bura bax, sən Allah, Ələsgər deyilsən? - deyə soruşdu. Son vaxtlar “Proqnoz Ələsgər”in də gözləri yaxşı görmürdü. Am-ma səsindən həmin adamı dərhal tanıdı. Dedi:

- Daha niyə and verirsən, düz tapmısan, Ələsgərəm. Gərək ki, sən də Namazəlisən, elə deyilmi?

- Hə, Namazəliyəm.

- Bəs burda nə gəzirsən, sən yeni salınan qəsəbədə olmursan?

- Hə, orda oluram, Bakıya müalicəyə gəlmişdim.

- Olmasın azar, indi necəsən, qalmağa yerin var? - Ələsgər soruşdu.

- Allaha şükürlər olsun, indi yaxşıyam, oğlumun biri şəhərdən azca aralıda yaşayır, hələ ayın axırına qədər burdayam, gəldim ki, həm Şəhidlər Xiyabanını ziyarət edim, həm də çoxdan görmədiyim dost-tanışla, rayon adamları ilə görüşüm, - Namazəli cavab verdi. - Allaha qurban olum, bir-birimizə rast gəldik, amma səni buraxan deyiləm, ziyarətdən sonra mənimlə gedəcəksən, - dedi. Amma nə illah elədisə, Ələsgər kişi “daşı ətəyindən tökmədi”. - Bu həftəlik işlərim çoxdur, onsuz da hələ burdasan, Allah qoysa, bir həftədən sonra gələcəyəm, - deyə üzrxahlıq elədi. Ancaq Ələsgər yalan deməyə məcbur olmuşdu, Namazəlinin oğlunun evinə əliboş getmək istəmirdi. Beş-altı gündən sonra təqaüdünü alacaq, pay-püşlü gedəcəkdi. Ona görə həmkəndlisini birtəhər yola gətirdi, ünvanı alıb mütləq, özü də lap səhər erkən gələcəyinə söz verdi...

Namazəli günləri sayırdı. Artıq bir həftə tamam olmuşdu. Hesabla Ələsgər kişi gəlməli idi. Səhər tezdən darvazanı açıb bayıra çıxan kimi qarşısında vədinə əməl edən həmkəndlisini gördü. Onun gəlişi Namazəlinin ailəsindən ötrü bayrama çevrildi. Həmkəndlilərindən bir neçəsi də həmin ərazidə məskunlaşmışdı. “Proqnoz Ələsgər”in gəlməsi xəbəri ildırım sürəti ilə əraziyə yayıldı. Çox çəkmədi ki, həyət adamla doldu. Onu yaxından tanıyanların, adını eşidib üzünü görənlərin hamısı axışıb gəlmişdi. Hamı da intizarla Qarabağın, qarabağlıların, əsir düşən azərbaycanlıların taleyi barədə Ələsgərin söhbətini gözləyirdi. “Proqnoz Ələsgər” də didərginlik həyatı yaşayan həmyerlilərini başa düşürdü. - Bilirəm, hamı yeni xəbər gözləyir, Cəbrayıllı günlərə qayıtmağı arzulayır, amma hələ ki ürəkaçan heç nə yoxdur, bəlkə də çoxunuzun eşitdiyi üzücü xəbərləri isə demək istəmirəm, - dedi.

Həyətə toplaşanlar israr elədi:

- Onsuz da 19 ildir yurd-yuvamızdan, isti ocağımızdan olmuşuq, itirəcəyimiz heç nə yoxdur, hamımız Qarabağ uğrunda döyüşə hazırıq. Bir tərəfdən də nəhənglərin Azərbaycana qarşı ədalətsizliyi, bayrağımızı, xalqımızı təhqir edən bir erməni dığasına görə Ramil Səfərovun ömürlük həbsi hamımızı hiddətləndirib. 77 nəfəri güllələyib öldürənə - Breyvikdi nədi, ona - cəmi 21 il iş verirlər, bayrağımızı, şəhidlərimizi, qadınlarımızı təhqir etdiyinə görə erməni dığasını cəzalandıran Ramilə isə ömürlük həbs. Budurmu Avropa ədaləti, hüquq bərabərliyi? Allah bunu götürməz.

Ramilin adının çəkilməsi “Proqnoz Ələsgər”in daxili dünyasını çalxaladı. Xeyli fikrə getdi. Ağlına nə gəldisə qəflətən: - Darıxmayın, haqq-ədalət öz yerini tapar, zabitimiz tezliklə, lap tezliklə qayıdar, bundan ötrü ermənilərin arxasında duran yalançı demokratlarla, insan haqlarının “müdafiəçiləri” ilə mübarizə aparmaq lazımdır, bu mübarizə isə çoxdandır gedir, - dedi. - Amma mən sizə ermənilərin vəhşiliyini əks etdirən tükürpədici faktlardan danışmaq istəyirəm.

- Buyur, buyur - hamı bir ağızdan dedi.

Ələsgər kişi cibindən bir kağız çıxarıb həyəcanla oxumağa başladı:

- Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar. Daha sonra yerə yıxıb sürüdülər.

- 20 yaşlı bir qızın dediklərindən: Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdılar, saçlarımızdan tutub sürüyürdülər.

- Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında döyərək dəfələrlə zorladılar.

- Damarıma iynə vurdular, özümdə deyildim, məni növbə ilə zorladılar, sonra itlə əlaqəyə girməyə məcbur etdilər.

- Orada 13-14 yaşlı qızlarımızı gözümüzün qarşısında zorlayırdılar. Onların səsləri indiyədək qulaqlarımdan getmir.

- Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər.

- Xankəndində uşaq bağçasında 12-13 yaşlarında qızları zorlayırdılar. Qızlardan birinin anası dözməyib özünü kəndirlə boğub öldürdü.

- Bir qızı soyundurub lüt halda rəqs etdirmiş, sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı qarnına soxaraq özünü öldürdü.

- 200-dən artıq uşaq, qoca və qadınlarla birlikdə Əsgəran rayonunun milis idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı avtomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan qız-gəlinlərin başlarını divara vuraraq huşsuz halda sürüyüb aparırdılar.

- Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar…

- Xankəndində erməni əsgərləri olan kazarmada 8 nəfər qızı, o cümlədən məni növbəyə qoyub zorladılar, sonra çılpaq vəziyyətdə dubinka ilə döydülər. Sonra bizi Əsgəran milis şöbəsinə apardılar, yenə də döyüb zorlamağa başladılar.

- “Hələ də bu dəhşətdən özümə gələ bilmirəm. Ondan sonra həyat mənim üçün o qədər iyrənc görünür ki, yaşamaq istəmirəm!” Bunları deyən qızın yaraşıqlı sifətində cırmaq, zərbə yerləri aydın görünürdü. Ən dəhşətlisi gözlərindəki ifadə idi, adam bu baxışlara dözə bilmirdi...

“Bütün bunlardan sonra erməniləri bağışlamaq olarmı? Ermənilərlə dostluq, qardaşlıq etmək, münasibət qurmaq, danışıqlar aparmaq, bir yerdə kino çəkib, konsert vermək, olarmı?! Yaxınlarımızın toy məclislərində qol götürüb oynamaq, meydanlarda konsertlər, telekanallarda şoular düzəltmək, ümumiyyətlə, deyib-gülmək, şənlənmək olarmı?! Olmaz! Bir müddət gülməyi də yadırğamalıyıq! İnşallah, qalib gələndən, intiqamımızı alandan sonra namusumuzla bir yerdə gülüşümüzü də özümüzə qaytararıq! İndi isə yalnız intiqam haqda düşünməliyik! Düşmən qanı ilə alınacaq intiqama hazır olun! İntiqama başlayın!”

- Bu nədir, Ələsgər əmi! - Namazəlinin oğlunun gözləri yaşardı. - Bu vəhşilikləri hardan eşitmisən? - dedi.

- Hə, bala, bu, əsir qadınlarımıza qarşı erməni vəhşiliyidir, Qarabağ Azadlıq Təşkilatının yaydığı bəyanatdandır, özü də faktların yalnız bir hissəsidir, yazıçı-tədqiqatçı Aygün Həsənoğlunun vaxtilə arxivlər əsasında hazırladığı “Erməni sindromu” kitabından götürülüb, - deyə Ələsgər cavab verdi. - İndi siz Avropanın, Avropa təşkilatlarının ədalətinə baxın, bu boyda vəhşiliklər, günahsızlara verilən işgəncələr onların tükünü də tərpətmir, amma siz demişkən, bir erməni dığasından ötrü zabitimizə ömürlük həbs kəsildi, ədalət zəncirləndi. Halbuki, bütün ölkələrdə hərbçilər dövlət bayrağını qorumağa and içirlər. Bunun hansısa başqa ölkədə, suda, quruda, ya da havada olması isə heç nəyi dəyişmir. Bax, bunu da Türkiyənin tanınmış vəkillərindən biri bizim internet saytlarından birinə müsahibəsində deyib.

- Vay, vay, vay! - Namazəli vahimələndi, əllərini göyə qaldırdı. - Allahım, ermənilərin bu zülmünü yerdə qoyma! - dedi.

- Ələsgər əmi, eşitmişəm ki, Ramil Səfərov həbsxanada macar yazıçısının əsərini tərcümə edir, bu doğrudur? - Namazəli kişinin oğlu soruşdu.

- Doğrudur, oğlum, düz eşitmisən, Ramil macar yazıçısı Maqda Sabonun “Qapı” romanının tərcüməsini dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib. Hətta ötən il kitabın təqdimat mərasimi də keçirilib. “Romanın tərcüməsi təkcə ədəbi deyil, həm də siyasi hadisədir. Macar ictimaiyyətində onun barəsində formalaşmış “əli baltalı” obraza ən böyük zərbəni elə Ramil Səfərovun özü vurdu. Ramil təkcə öz cəzasını yox, Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizənin faciəsini yaşayır. Onun əməlinə verilən qiymət belə olmamalı idi. Bu təkcə Ramil Səfərova deyil, bütövlükdə Azərbaycanın Qarabağ müharibəsinə verilən qiymətdir”. Bax, bu sözləri də təqdimatda çıxış edən millət vəkili Zahid Oruc deyib. Amma zabitimiz digər macar yazıçısı Molnar Ferencin “Pal küçəsinin oğlanları” adlı povestini də dilimizə tərcümə edib. Artıq üçüncü kitab üzərində işləyir. İndi özünüz deyin, belə təfəkkür sahibi qatil ola bilərmi? Olmaz. Qarabağ Azadlıq Təşkilatının da bəyanatında deyilir ki, Ramil Səfərov Qurgen Marqaryanı erməni olduğu üçün deyil, onu təhqir etdiyinə görə qətlə yetirib. Əgər Ramil erməni öldürmək istəsəydi, onda Bakıda yaşayan 30000 ermənidən birini, ya da Türkiyədə təhsil aldığı və işlədiyi müddətdə eyni şəhərdə yaşayan ermənilərdən birini öldürərdi...

“Proqnoz Ələsgər” qarşısındakı masaya dirsəklənib, əlini alnına qoydu. Nəsə yadına salıb əlavə etdi:

- Yəqin zabitimizin həbsxanadakı məhbuslara namaz qılmaq öyrətdiyini eşitmisiniz.

- Yoox! - deyə Namazəli kişi təəccübünü gizlətmədi. - Axı təkadamlıq kamerada bunu necə edə bilər?

- Deyirlər ki, namazın sözlərini ucadan oxuyurmuş, uyğun hərəkətləri də kağız parçasına çəkib kameralara ötürürmüş. Və bir neçə macar məhbus da əzbərləyib namaz qılırmış.

- Pah atonnan! - Namazəli yenə təəccübləndi. - Allah köməyi olsun, Allah tezliklə qapısını açsın, - dedi. Camaat da ona qoşuldu: - Amin, ya Rəbbim, amin!

Elə bu vaxt Ələsgər kişinin telefonuna zəng gəldi. Bir az aralanıb telefonda nə danışdısa sevincdən gözləri yaşardı. Camaata tərəf dönüb ucadan qışqırdı. - Ay camaat, gözünüz aydın olsun, Ramil Azərbaycana gəlib, indi bu dəqiqə hava limanındadır! - dedi. Beş dəqiqə keçmədi ki, onsuz da xeyli tanış-bilişin toplaşdığı Namazəlinin oğlunun həyəti adamla doldu...

***

Yayın sonları idi. İstefada olan “Simsiz teleqraf” bir yerdə duruş gətirə bilmirdi. Boş vaxtlarını hərdən istirahət parklarında keçirər, isti havada çimərliyə gedər, hərdən də günortaya yaxın evdən çıxıb dost-tanışı ilə çayxanaya yolanar, ordan-burdan söhbətləşər, Qarabağ problemindən, dünyadakı hadisələrdən danışardı. Onu tanıyanlar da başına toplaşıb hər yerdən xəbər verən bu adama həvəslə qulaq asardılar. Artıq avqustun sonu idi. Ayın son gecəsini narahat yatan “Simsiz teleqraf” axşamdan evdəkilərə söz vermişdi, hava yaxşı olsa günorta saatlarında onları dənizə aparacaqdı. O, adəti üzrə tezdən oyandı. Ağlına nə gəldisə planı dəyişdi. Səbəbini evdəkilərə bildirmədən səhər yeməyindən bir qədər sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yollandı. Hava limanında adi günlərdən biri idi. Amma təxminən saat yarımdan sonra limana axın gücləndi. Adamların sayı sürətlə artı. Artıq limandakı ab-hava adi günlərdən xeyli fərqlənirdi. “Görəsən, bu adamlar bura niyə axışır” deyə fikirləşdi. - Görəsən, təxminlərim doğrudurmu? - deyə özü özünə sual verdi. Diqqətlə ətrafa nəzər yetirdi. Bir az irəlidə polis qüvvələrinin cəmləşdiyini gördü. - Aha, deyəsən yanılmamışam! - dedi. Və yüngülvari gülümsədi. Topa-topa durub söhbət edən dəstələrdən birinə yaxınlaşdı. - Qardaş, bilmirsən, camaat bura niyə toplaşıb? - deyə soruşdu. Orta yaşlı adama ünvanlanan sualı ahıl yaşında olan nurani bir kişi cavablandırdı:

- Ramil Səfərov gəlir, bala.

Kişi bunu deyib söhbətinə davam etdi. Azərbaycanlı zabitin sabah vətənə qayıdacağı barədə hardansa eşitdiyi xəbərin, ya da nəyə görəsə etdiyi ehtimalın doğruluğuna sevinən “Simsiz teleqraf” bir az dayanıb həmin ağsaqqalın söhbətini dinlədi. Onun məntiqinə heyran qaldı. Öz-özünə: - əsl mənim adamımdır, gərək bu kişi ilə tanış olam - dedi. Və arada fürsət tapıb soruşdu:

- Bağışlayın, ağsaqqal, sizinlə tanış olmaq olarmı?

- Əlbəttə, olar, oğlum, mənim adım Ələsgərdir.

Dəstədən kimsə bu tanışlığa bir əlavə də etdi. - Biz bu kişiyə “Proqnoz Ələsgər” deyirik, - dedi. “Simsiz teleqraf” özünü gülməkdən güclə saxladı. “Bu da mənim günümdədir ki”, - deyə heç kəsin eşidə bilməyəcəyi səslə pıçıldadı. Və adını söyləyib Ələsgər kişi ilə tanış oldu. Bu vaxt kimsə “Ramil gəldi, Ramil gəldi!”, deyə lap ucadan, var gücü ilə qışqırdı. Limana toplaşan camaat bir-birinə dəydi. Hamı əlində hazır tutduğu mobil telefonla tanıdığı adamları, yaxınlarını, doğmalarını, qohumlarını təbrik etdi, gözaydınlığı verdi. “Simsiz teleqraf”la “Proqnoz Ələsgər” də qucaqlaşdı. Amma Ələsgər kişinin sevinci çox çəkmədi. Bunu dərhal hiss edən “Simsiz teleqraf” soruşdu:

- Nə oldu sənə, Ələsgər əmi, halın birdən-birə dəyişdi?

- Ramilin vətənə dönüşü yaxşıdır, oğlum, amma ona verilən cəza çox ağırdır, belə çıxır ki, cəzanın qalan hissəsini burda da olsa çəkməlidir, - Ələsgər cavab verdi.

“Simsiz teleqraf” elə bil yatmışdı. “Proqnoz Ələsgər”in sözləri onu da kədərləndirdi. Amma ümidini üzmədi. - Siz burda gözləyin, mən beş dəqiqəyə qayıdıram, - dedi. Və heç beş dəqiqə keçmədi ki, geriyə xoş xəbərlə döndü:

- Narahat olma, Ələsgər əmi, Ramil Səfərov prezidentin fərmanı ilə əfv olundu!

- Hə, bax, bu başqa məsələdir, səni xoşxəbər olasan, - Ələsgər sevincindən özünə yer tapmadı.

“Simsiz teleqraf” bic-bic gülümsəyib dedi:

- Belə anladım ki, siz Ramil Səfərovun ailəsinin məskunlaşdığı ünvanla tanışsınız. Mən verdiyim xoş xəbərin əvəzini istəyirəm. Axı Ramil mənim şagirdim olub.

- Mən səni başa düşdüm, - Ələsgər kişi də gülümsündü. - Burdan birbaşa Ramilgilə gedirik, sən də bizə qoşul, - dedi...

Sahib müəllimin həyətində qələbəlik idi. Paytaxtdan, yaxın-uzaq bölgələrdən gələnlər zabitin atasına gözaydınlığı verirdi. Qurbanlıq qoyunlar gətirənlər də vardı. Həyət ziyarət yerinə dönmüşdü. “Proqnoz Ələsgər” də, “Simsiz teleqraf” da, Namazəli və oğlu da gəlib çıxmışdı. Özləri ilə təzə xəbər də gətirmişdilər. “Simsiz teleqraf”ın natiqlik məharəti hamının diqqətini ona tərəf yönəltdi. O, fürsətdən istifadə edib izdihamı ələ aldı. Dedi:

- Ay camaat, xəbəriniz olsun ki, zabitimizin ölkəmizə qaytarılması və cənab prezidentin fərmanı ilə əfv edilməsi beynəlxalq qurumları, nəhəng ölkələri, 20 ildir Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən, amma özləri ilə bərabər işğalçı Ermənistanın mənafeyinə uyğun siyasət aparan, problemi qəsdən uzadan və beləliklə bir milyon köçkünün hüquqlarının tapdalanmasına şərait yaradan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərini, onların himayə etdiyi Qərb təşkilatlarını əndişələndirib.

“Proqnoz Ələsgər” də söhbətə qoşuldu:

- Bunu hamı bilir ki, torpaqlarımız işğal olunmasaydı Ramil də bayrağımızı təhqir edən Qurgeni öldürməzdi. Dünyada misli görünməyən Xocalı faciəsi və digər qətliamlar onları narahat etmir. Amma dilinin bəlasına düşən bir dığadan ötrü az qalırlar ki, üstümüzə NATO-nun qoşunlarını göndərsinlər. Belə çıxır ki, savaşa qalxıb torpaqlarımızı işğaldan azad etmək istəsək, fələstinlilər kimi bizə də terrorçu damğası vuracaqlar. ABŞ iki göydələndən ötrü okeanın o tayından vurub gəldi bu tayına. Terrorçuları məhv etmək adıyla Əfqanıstanı, İraqı işğala məruz qoydu, xarabazara çevirdi. Elə indi də ordadılar, çıxmaq istəmirlər. Qarabağ probleminin həllində, bir ovuc erməninin əlində isə “aciz” qalıblar. Necə olur ki, Qarabağın erməni işğalında qalmasına razıdırlar, amma 9 ilə yaxın həbs cəzası çəkən Ramilin azad edilməsi ilə barışmırlar? Bəs biz adam deyilik? Bir milyon qaçqınımız var, ermənilər ərazimizdə nə qədər terror törədiblər. Yəni bir ölkəyə terrorçuları məhv etmək olar, başqasına yox? Hegemon olanda nə olar ki? Haqqı tapdalamalısan, ədaləti zəncirləməlisən?

Ələsgərin dedikləri bir az kəmhövsələ olan Namazəlini özündən çıxardı. Bu dəfə də kişinin sözünü ağzında qoydu:

- Bəs, sovet hökuməti təzə dağılanda deyirdilər ki, Amerikadı, nə bilim, Avropa döv-lətləridi, onlar humanist, demokratik, insan hüquqlarının qorunduğu ölkələrdir.

- Düzdür, - Ələsgər cavab verdi. - Amma hamı belə düşünmürdü, əslində azman dövlətlərin məqsədi heç də sovet respublikalarını imperiya əsarətindən qurtarmaq deyildi, əksinə, onlar özləri SSRİ-ni çökdürüb onun tərkibindəki ölkələri öz əsarətində saxlamağa çalışırdılar, - dedi. - Məsələn, Qorbaçovun vaxtında onlar sovet hökumətini Əfqanıstanı işğal etməkdə suçlayırdılar. Amma SSRİ-nin qoşunlarını çıxardıb özləri həmin ölkəyə soxuldular. Yəni dəyişən təkcə işğalçı ölkə oldu. Bir işğalçını başqası əvəzlədi. Gərək ki, mən bunları vaxtilə sizə demişdim.

- Hə, Ələsgər əmi, demişdiniz - deyə Namazəlinin əvəzinə oğlu cavab verdi. - Ancaq dediyiniz ölkələrin zabitimizin əfv edilməsinə göstərdikləri reaksiyalar məni yaman narahat eləyir, - dedi.

“Simsiz teleqraf”ın verdiyi xəbər Namazəlini də şübhəyə salmışdı. Kişi fikirləşirdi ki, birdən zabiti geriyə qaytararlar, ya da Azərbaycanda da olsa ömürlük cəzanı çəkər. Ona görə çox nigaran qalmışdı. Soruşdu:

- Ay Ələsgər, o beynəlxalq təşkilatlar, ya böyük dövlətlər ki deyirsən, onlar Ramili təzədən həbsxanaya qaytara bilərlər?

Sual “Proqnoz Ələsgər”ə ünvanlansa da bu dəfə “Simsiz teleqraf” onu qabaqladı:

- Yox, ay əmi, prezident dedi ki, Azərbaycan dövləti onun bayrağını təhqir edən bir ermənini öldürdüyünə görə öz zabitini köməksiz qoymaq fikrində deyil. Kənardan hansı reaksiyaların veriləcəyi şübhəsiz ki, prezidentə bəlli idi. Onun əfv fərmanı imzalaması dediyiniz təşkilatların, azman dövlətlərin təzyiqinə, əndişəsinə qabaqcadan verilmiş tutarlı cavabdır. Biri var bu sözləri sən, mən, ya başqa birisi desin,bir də var ki, dövlət başçısının dilindən səslənsin. Bu o deməkdir ki, Azərbaycan rəsmi şəkildə torpaqların işğalı ilə barışmayacaq. Və hər hansı reaksiya dövləti fikrindən döndərə bilməz. Üstəlik Səfərovun əfvi torpaqlarımızın işğaldan azad olunması üçün savaşa hazırlıq mesajıdır...

“Simsiz teleqraf” sonuncu kəlmələrinin təsirini yoxlamaq üçün sözünə ara verib ətrafına toplaşanların sifətinə oğrun-oğrun nəzər saldı. Hamının döyüş əhval-ruhiyyəsində olduğunu görüb sevindi. Sözlərinə davam etdi:

- O ki qaldı onların reaksiyasına, narahat olma əmi, mərhum jurnailstimiz Salatın Əsgərovanı öldürənlər də, Bakı metrosunda terror törədənlər də, 60-dan artıq türk diplomatını və avropalını qətlə yetirənlər də erməni terrorçuları olub. Onların heç biri 9 il cəza çəkən Ramil qədər müzakirə olunmayıb, əksinə, dərhal Ermənistana təhvil verilib, məsuliyyətdən azad edilərək qəhrəman adını alıblar. Hələ qondarma “erməni soyqırımı”ndan 6 il sonra Osmanlı İmperatorluğunun baş naziri Tələt Paşanı qətlə yetirən erməni Təhliryan guya həmin “soyqırım”a görə psixoloji sarsıntı keçirdiyi üçün bir günlük istintaqdan sonra bəraət alıb. Avropa onda hardaydı?

Ələsgər kişi də “Simsiz teleqraf”a dəstək verdi. Üzünü Səfərova tutaraq, rus tədqiqatçılarından olan V.L.Veliçkonun “Qafqaz” əsərini xatırlatdı:

- Veliçko yazırdı ki, ermənilər müxtəlif bəhanələrlə hay-küy qoparmağı bacarırlar, həm də təkcə özləri deyil, hansısa hiylələrini aşkara çıxardıqda, oğurluqları barədə məhkəməyə məlumat verəndə başqa xalqlardan olan axmaqları, satqınları da hay-küy salmağa məcbur edirlər. Hə, mənim balam, öz işində ol, bu əbləhlərin reaksiyasına baxma, onlar Veliçkonun dediyi başqa xalqlardan olan axmaqlardır, satqınlardır.

...Axmaqlar... Satqınlar... Xəyal Ramili çox uzaqlara apardı. O, “Proqnoz Ələsgər”in Veliçkodan gətirdiyi iqtibası vaxtilə tarix müəllimindən eşitmişdi...

Nəriman MAHMUD

(Mahmudov Nəriman Məhəmməd oğlu)

ZƏNCİRLƏNMİŞ ƏDALƏT

(Bədii-publisistik-sənədli roman)

Bakı - 2013

Bədii redaktor: Yusif Dirili

Korrektor: Fəridə Tağızadə

Operator: Günel Nərimanqızı

Səhifələyici: Turan

Yığılmağa verilib: 01.06.2013.

Çapa imzalanıb: 24.06.2013.

Kağız formatı: 60 X 84 1/16

Həcmi: 14,5 ç.v.

Tiraj: 500 nüsxə

Müqavilə qiyməti

(Bəzi rəqəmlər və faktlar Qarabağ Azadlıq

Təşkilatının “Qarabağ gündəliyi. Qısa tarix”

kitabından götürülüb)

XS
SM
MD
LG