Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:34

İnsana sənin qəbiləndən olduğuna görə dəyər vermək


Günel Movlud
Günel Movlud

- "Təsəvvür edin ki, bir adam bir insanın qətlini sifariş verir. Sənsə bircə səbəblə onu müdafiə edirsən: bu adam sənin yerlindir."

Günel Mövlud

Qəbilə ehtirası

Hər dəfə hansısa ciddi hadisə baş verəndə, insanların reaksiyası məni elə sarsıdır, elə heyrətləndirir ki, düşünürəm, yəqin bu, sonuncudur. Daha heç nəyə heyrətlənməyəcəyəm.

Daha təəccüblənmək geridə qaldı, daha öyrəşdim bu şeylərə. Amma sağ olsunlar, hər dəfə əsl performans göstərirlər soydaşlarımız. Hər dəfə təəccübləndirməyi, heyrətləndirməyi bacarırlar.

Jurnalist Rasim Əliyevin ölümündən sonra günahkarlar cəzalandırılanda düşünürdüm ki, nə yaxşı, heç olmasa belə məsələlərdə xalq həmrəy olur, ictimai rəy nala-mıxa vurmur, hamı günahkarın cəzalanmasını tələb edir.

Həddən artıq tez sevinibmişəm. Göz yumub-açmağa macal tapmadıq ki, bir qrup insan Rasimin döyülməsinə fərman vermiş futbolçunu müdafiə edməyə başladı.

İki gün keçmədi ki, bir qrup yazar və jurnalist prezidentə müraciət edərək, jurnalisti döydürən insanın azadlığa buraxılmasını xahiş etdi. Görün, dünyanın harası idi ki, millət vəkili Aqil Abbasın adı o siyahıda birinci yerdə idi.

Düzdü, sərt qınaqla qarşılaşanda dəyərli millət vəkili əvvəl bir az özünü təmizə çıxarmağa çalışdı, sonra da müraciətə imza atmadığını iddia elədi, amma mən nədənsə, millət vəkilinin birinci reaksiyasına daha çox inanıram.

Jurnalist döydürməyi sifariş verən bir futbolçunu dəstəkləməyin motivi nə ola bilərdi? Və yaxud, sualı belə qoyaq: hansı halda bir insanı döydürmək sifarişi verən insanı müdafiə etmək mümkündür? Cavablar nə ola bilər?

Sözügedən məsələdə bunun bircə cavabı vardı: onu müdafiə edənlərin az qala hamısı yerliləri idi. Yəni bir insanın bu adamların yerlisi olması, onun qətl sifarişçisi, zorakılıq sifarişçisi olmasına haqq qazandırırdı.

Təsəvvür edin ki, bir adam bir insanın qətlini sifariş verir. Sənsə bircə səbəblə onu müdafiə edirsən: bu adam sənin yerlindir.

Fərqi yoxdur, onun qətlinə səbəb olduğu insan kimdir, onun da canı var, onu sevənlər gözləri yaşlı qaldı, onun da anası var, sevgilisi var və daha nələr.

Sən bütün bunları düşünmək əvəzinə, qətli sifariş verənin tərəfini tutursan. Çünki, sənin yerlindir. Daha ortada insan ölüb, bir gəncin həyatı, arzuları yarımçıq qalıb, sənin vecinə deyil.

Əslində, bəlkə də bu müdafiə o qədər də təəccübləndirməməli idi. Hakimiyyətin ən üst laylarından tutmuş bütün ölkədə bütün münasibətlər yerlipərəstlik üzərində qurulmayıbmı?

Naziri yerlipərəst, mügənnisi yerlipərəst, yazıçısı yerlipərəst, ziyalısı yerlipərəst, jurnalisti yerlipərəst, futbolçusu yerlipərəst.... İlahi, hər şey necə də iyrənc görünür.

İnsana dəyərlərinə, ağına, xasiyyətinə, keyfiyyətlərinə, daxili dünyasına, bacarıqlarına görə deyil, sadəcə sənin yerlin, bir növ sənin qəbiləndən olduğuna görə dəyər vermək.

Bu, normal, müasir, insani dəyərləri olan adamlara xas bir şey ola bilməz. Sadəcə səninkidir, sənin süründəndir deyə, müdafiə etmək, buna uyğun qərar verməyin adı sürü təfərkkürüdür.

Amma ortada daha bir maraqlı məqam var. Axı öldürülən jurnalistlə sifarişi verən futbolçu yerli idilər.

Yəni futbolçunu müdafiə edənlər, eyni zamanda öldürülən yerlilərinin də qanının yerdə qalmasına razı olurdular. Bəs, bu, necə oldu? Cavab sadədir.

Çünki yerlipərəstlik, qəbiləbazlıq elə iyrənc bir şeydir ki, o heç vaxt humanizmin yanında ola blməzdi. Yerlipərəstlik antidəyər olduğu üçün antihumanizmin yanında olmalı idi. Oldu da. Biz bunu gözümüzlə gördük.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG