Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:58

Türkiyədə sıxıntısız qalırıq, Azərbaycanda 15 günlük vizayla


Əli Daşqın
Əli Daşqın

- "...Heç unutmamışam ki, bir gün AzTV-də Qarabağ ilə ilgili çıxışımın ardınca Mövlud Süleymanlı məni öz məqam odasına çağırıb dedi: “Qardaşım, Qarabağa nə veribsən, ala bilmirsən, torpaq bizimdir, yoxsa sənin?...”

"...Türkiyədə onminlərcə iranlı, o bölümdən, azərbaycanlı oxuyur, çalışır, yaşayır, gəlişir və heç bir sıxıntı ilə də qarşılaşmayır. Buna qarşı, Azərbaycana bizim vizasız girmə və girdiyimizdə 15 gündən çox qalma haqqımız yoxdur!"

Güneyli dilçi doktor Əli Daşqın Oxu Zalının suallarını cavablandırır.

- Sizi "Güney Azərbaycanın ən yaxşı dil mütəxəssisi" kimi tanıdırlar Güney yazarları. Əli Daşqın kimdir? Necə oldu ki, dili özünüzə ixtisas seçdiniz?

- Mən 1962 və Təbriz doğumluyam. İlk, orta və yüksək eyitimimi Təbriz, Savucbulaq və Tehranda elektro-texnika mühəndisliyi üzrə bitirdikdən sonra könlümün səsini dinləyib, Bakı və Ankara universitetlərində türk dili və ədəbiyyatı, turkologiya və dilçilik üzrə doktorluq yapmışam.

Ağamusa Axundov, Roza Eyvazova, Afət Qurbanlı, Yaşar Qarayev, Teymur Əhmədov, Əbülfəz Əliyev... kimi hocalarımla da öyünmüşəm.

Dilçiliyə dönüşümün başlıca nədəni dilimi, elimi, kültürümü və onun bilimsəl gücünü dünya çapında açıb ağartmaq, əski türkcəni çağdaş türkcə ilə birbaşa qarşılaşdırmaq, söz arama (leksikiloji) istəyim olub.

Eyitim dilim Fars, Ərəb, Türk və İngilis dilləri olsa da, bütün dilləri araşdırma marağım başımdan aşıb.

8 yaşımdan şeir və öykü yazmağa başladığım için bu günədək 200-dən çox əsərim ışıq üzü görüb ki, onlardan 6 cildlik və hər cild 600 səhifə olmaqla şeir divanlarım, 12000 səhifəlik Türkcə-İngiliscə-Farsca-Ərəbcə sözlüklərim, sözlərimə yazılan 86 mahnı, dünya teatr festivallarında birincilik qazanan 9 səhnə əsərimin adını çəkmək olar.

İstər güneyli, istərsə də başqa ölkələrin bilim adamları məni güclü dilçi kimi sunsalar da, onlara təşəkkür edir, özümü kiçik Azərbaycan yazarı və elimin görəvli qulluqçusu sanmışam.

Ən gənc çağlarımdan “Asan qəzeti”nin baş yazarı, Şəhryar adına ədəbi dərnəyin ilk qurucu və yönətim qurulu üzvlərindən biri, “Parlaq Dan Ulduzu Akademisi”nin rektoru və Təbriz, Urmiya, Marağa, Suldüz və Xoy şəhərləri universitet, habelə dil kolleclərinin Türk dili və Ədəbiyyatı siniflərinin müəllimi olmuşam.

Yaşam və əsərlərim Nazim Rizvan və Esmira Şükürova (Bakı), Rabia Güngör və Dəniz Koç (Türkiyə) və Siddiqə Buyə (İran) tərəfindən doktorluq dissertasiyası və elmi iş kimi araşdırılıb yayınlanıb. Vətəni sevməyi Bəxtiyar Vahabzadə və toplumsal təzadları Nazim Hikmətdən öyrənmişəm.

Əsərlərimə Bəxtiyar Vahabzadə, Çingiz Əlioğlu, Fikrət Qoca, Əbülfəzl Əzimli,... önsöz yazdığında, 1989-cu ildə Elmira Qafarovya “Qarabağ təhlükədə” adlı məktubum Bakı radiosundan səslənəndə, Anar Rzayev “Ali Daşkın tək başına bir institutun görə bilmədiyi elmi işləri görmüş” dediyində də öyünmüşəm, amma lovğalanmamışam.

İndiyədək keçirilən Doğu Avropa və Türkiyə qurultaylarında iki dəfə Türkiyə birincisi, üç dəfə İran birincisi olaraq elmi-ədəbi ödüllər qazanmışam....

- Birbaşa məşğul olduğunuz dil mövzuları nələrdir?

- Dilin bütün yönləri ilə ilgilənirəm, fəqət toponim, ağız ədəbiyyatı, folklorik deyimlər, Yeni söz yaratmaq, əski türk dilinin quruluşu, dilin analizi, dilin necə çağdaşlaşması kimi qonular mənim ön görümü oluşdurur.

“Evlənmək” yerinə “ərə gedirəm-arvad alıram”

- Quzey Azərbaycan dili bir çox ərəb-fars köklü sözlərdən və Sovetin yaratdığı qondarma sözlərdə arınmağa çalışır.

Bu ərəfədə güneyli yazarlar da quzeyli yazarların yazı dillərini, məsələn, yazılarında “ki” bağlayıcısının çoxluğunu tənqid edirlər. Siz Quzeydə dilin hansı problemləri olduğunu düşünürsünüz?

- Qüzeydə qullanılan dil biçimi türkcəmizin ədəbi-fəlsəfi quruluşunun ən yüksək və ən qabarıq örnəyidir və mən özüm də qüzeyin yetişdirməsiyəm.

Yanlız bugünkü deyim və qullanım ölçüləri olduqca əski, köləlik və feodalizm dönəmini yamsıladğı için güney yazarlarının o bölümdən mənim eleşteri qaynağım olub.

Nə üçün dilin şəhərliləşməsinə yol verməyir və onu kənd dili olaraq irəli sürürlər?

Güneyliləri incidən və dilə gətirdikləri qonu budur ki, özgür bir dövlətin bilim adamları nə üçün “evlənmək” yerinə “ərə gedirəm-arvad alıram” deyimini, “əkinçilik” yerinə “kənd təsərrüfatı”, “ölçü” yerinə “razmer”, “savaş” yerinə “müharibə”, “barış” yerinə “sülh”, “bölgə” yerinə “zona və rayon”, ... işlədirlər? Nə üçün dilin şəhərliləşməsinə yol verməyir və onu kənd dili olaraq irəli sürürlər?

Nə üçün şeir və düz yazını insan və insanlıq xarakterini sərgiləyən qonulardan qoparıb dağ, daş, ağac, gül, dəniz, ... kimi öyələri seçirlər?...

Qüzeydə işlənən şeir və yazı dili çağdaş dil və ədəbiyyatı ödəməyir, həm də dilimizin bilimsəl gücünü ört-bas edir.

Bu da o demək deyildir ki, qüzeydə yazıb yaradan bilim və sənət adamlarımız gücsüz, kiçik və bilgisizdirlər. Yox! Yenə də deyirəm ki, biz də oranın bilim və bilgi çevrəsinin bəslədiyi Azərbaycanlıyıq.

Mən bir bilim və qələm adamı olaraq “Azərbaycan dili” deyə bir terminə qarşıyam və mənim yetişdirdiyim yazar və şairlər də belədir. Dilimiz ilə ölkəmizi yana-yana gətirmək istəsək, “Azərbaycan Türkcəsi” deməliyik, Azərbaycan dili deyil!

Siz bir uşağa Sevil adı verib sonra da sevda səsləsəniz, o uşaq milli kimliyini, toplumsal adresini və anlamsal dəyərini itirib kiçilər.

Siz Azərbaycan dili dediyinizdə, o birisi də İran dili, Türkiyə dili, Bosna dili, Tatar dili... deməyə haqlı çıxar.

Qarabağa nə veribsən, ala bilmirsən?!

- Quzey və Güney Azərbaycan türkcələri əsasında ortaq bir Azərbaycan türkcəsi formalaşdırmaq realdırmı?

Ortaq Azərbaycan dili qonusuna gəlincə də, deməliyəm ki, Azərbaycan Türkcəsinin ortaqlıq deyə bir sorunu olmamış və yoxdur.

Sadəcə olaraq, dilimizin kök və əklərini (şəkilçilərini - red.) doğru-düzgün qullanmaqla ortaq üzümüz ortaya çıxar.

Heç unutmamışam ki, bir gün AzTV-də Qarabağ ilə ilgili çıxışımın ardınca Mövlud Süleymanlı məni öz məqam odasına çağırıb dedi:

“Qardaşım, Qarabağa nə veribsən, ala bilmirsən, torpaq bizimdir, yoxsa sənin? Biz unutduq, siz unutmayacaqsınız? Yetər, bir az da başqa söz danışın...”

İnanın ki, başımdan yaşıl alovlar yüksəldi. Niyə doğma toprağımın acı və ağrısını dünyaya açıb göstərdiyim üçün təhqir olunurdum.

Bütün bunlara baxmayaraq, mən o şəxsi deyil, Nəriman Həsənzadəni düşünürəm ki, deyir: “Hayanda durum ki, görəsən məni?” Bizim anamız ortaq, dilimiz birdir.

- İranda Azərbaycan türkcəsinin durumunu necə dəyərləndirərdiniz? Deyildiyi qədər sıxışdırılma varmı, yoxsa durum o qədər də pis deyil?

- İran Türkləri içərisində qorunub saxlanılan və gündəmdə olan Türkcə tam bir türk dili və çağdaş Azərbaycan türkcəsidir. Burada yaşayan və yaradan şair, habelə yazar soydaşlarımız türk dünyasının bütün doğrularını mənimsəyir, bütün yanlışlarını da silirlər.

Burada kimsə Bakı televiziyasında olduğu kimi, türkçə dizilərini “tərcümə və seriya” termini ilə dəyişməyir.

İranda türkcə qonuşmaq, yazmaq və yaratmaq sıxıntıları yoxdur, yalnız çərçivələr, seçimlər, bölgəsəl sorunlar var.

Mən bu günədək türk dili və ədəbiyatı sahəsində 18 doktor, 238 yüksək lisans, 500 lisans və minlərcə orta məktəb öyrəncisi yetişdirmişəm.

Bir də ki, düzgün yaradıcılıq və bilimsəl ürünlər də sıxıntının var olduğu yerlərdə əldə edilib.

“Salnamə” sözü ilə böyük və gülünc yanlışa qapılmış

- Sizə sualları göndərdikdən sonra Bakıda bu mövzuda yayımlanan bir yazı polemika yaratdı. Həmin yazıda “Bu yerdə güneylilərə də deyəcəyim bir-iki sözüm var..." kimi başlayan bir abzas var. Ağalar Məmmədovun (Ağalar Qut) həmin yazısında irəli sürdüyü fikirlər haqda nə deyə bilərsiniz?

- Mən politakıçı deyiləm və bu üzdən ortaya atılan sorunlarla ilgili qəti cavab verməm də doğru olmazdı. Amma o yazıdakı verilər (məlumatlar –red.) bir az qarışıb və politika ilə dilçilik, habelə, etimolojik işlər biri-birini yarı-yolda bıraxıb.

Mənə düşən və anladığımca verəcəyim cavab, təpki də sahəmdən asılı olan sorulara uyğun ola bilər.

İlk öncə deməliyəm ki, o yazını yazan qardaşım sinirlərini tutamamış və duyğusal davranıb. Niyə ki, hər kəsin bildiyi kimi, dövlət, yaxud dövlətlər öz siyasətini millətlərin siyasətinə verməz və hər kəsin istəyini anında yerinə gətirə bilməz.

O, yenə də “Azərbaycan dili” qonusuna deyinmiş, həmin yol ilə İran, Fars, Rus, Ərəb, İngiltərə və Türkiyə politikasını eleştirmiş və daha sonra güneyli qardaşlarını qınamış, necə deyərlər, dişinin dibindən çıxanı demişdir.

Bunlar eyni şey deyildir. Sevgili qardaşıma demək istərdim ki, Azərbaycan millət deyil, ölkə və topraqdır. Ona görə də toprağa dil sifət, yaxud adı vermək də doğru deyildir.

Biz Alman dili, Rus dili, Ərəb dili dediyimizdə ölkəsi ilə xalqı bir adı daşıyanları gözə alırıq. Azərbaycan dil adı olsaydı, xalqımız da Azərbaycan kimi səslənərdi, Azərbaycanlı kimi deyil.

“Salnamə” sözü ilə böyük və gülünc yanlışa qapılmış qardaşımız bilməliydi ki, “sal-il” və “namə-yazı, məktub” adlarının ikisi də farscadır, həm də “salıq-düşük, salınmış, məğlub” sözü ilə nə yaxından, nə də uzaqdan heç bir ilgisi yoxdur.

Farscada “salnamə-illik yazı”, “mahnamə-aylıq yazı”, ”həftənamə-həftəlik yazı” və “ruznamə-gündəlik yazı” kimi deyimlər, yaxud birləşik adlar var.

Sevgili qardaşımız bilməlidir ki, gözəl və bilimsəl türkcə danışmaq və yazmaq Türkiyələşmək deyil, Türkləşməkdir. Mən bir yazar olaraq, “çəkməcə” sözü varkən “siyirtmə” sözünü alıb öz yazımda gətirsəm, əski dönəmə dönmüş olaram, həm də yazım gözəllik daşımaz.

Gözəlliyi öyrənmək və alğılamaq ayıb deyil, mədənilik sayılır. Türk dil qurumunun ötən yüz ildə verdiyi bilimsəl söz və sözcüklər olmasaydı, bu gün bizdə heç bir çağdaş irəliləyiş olmazdı.

Mən bunu dönələrcə demişəm, bir daha da deyirəm ki, Azərbaycan türkcəsi istər söz, istər ədəbiyat, istər fəlsəfə, istərsə gələnək baxımından Türkiyə türkcəsindən qat-qat güclüdür, yanlız əski, həm də feodalizm dönəminə bağlı bir türkcədir.

Yaxşı olardı ki, Azərbaycan dili, Türkmən dili, Tatar dili, Qırğız dili... yerinə Azərbaycan türkcəsi, Türkmən türkcəsi... olaraq çıxış edib, böyük mədəni varlığımızı dildə də olsa qoruyaq.

Sevgili qardaşım Osmanlı dövlətinin Təbriz işğalından söz açarkən, bizim şahın Təbrizdə minlərcə insanın başını kəsib, hədə-qorxu ilə hər kəsi özünə bənzətməsindən də biraz danışsaydı, dedikləri bir zada bənzəyərdi bəlkə də.

Azərbaycanda Qacar şahı sevənlər və öyənlərin həmin şahın Qarabağ və Şuşada adam kəlləsindən bina tikmək arzularını unutduğu kimi yəni.

Türkiyə cümhuriyyətində yaşayan Kürdun durumu fərqlidir. Oradakı demokratik qanunların kölgəsində hər bir Kürd böyük iş adamı, fabrikator, hakim, qazı, vali, bakan, baş bakan, cumhur başkanı... ola bilər. Yerdə qalan bir tək onun ana dili və özəl kültürüdür ki, onun verilməsi ilə biz də razıyıq.

Türkiyə dövləti Güneyliləri tutuqlayıb, İran dövlətinə verirmiş kimi iddiaları quşqu (şübhə - red.) doğurur və atmaca kimi gəlir. Kaş ki, bu dediklərinə örnəklər verəydi.

Türkiyədə onminlərcə iranlı, o bölümdən, azərbaycanlı oxuyur, çalışır, yaşayır, gəlişir və heç bir sıxıntı ilə də qarşılaşmayır.

Buna qarşı, Azərbaycana bizim vizasız girmə və girdiyimizdə 15 gündən çox qalma haqqımız yoxdur!

Türkiyə Cumhuriyətinin hər il boyunca keçirdiyi onlarca elmi-ədəbi-musiqi festival və qurultaylarda yüzlərcə iranlı və azərbaycanlı öz yetənəyini sərgiləyir, istədiyi kimi yeyib-içib yaşayır və istədiyi zaman ölkəsinə geri dönür.

Bir neçə il bundan öncə mənim də qatıldığım Bursa Aşıqlar və Şairlər Qurultayında Bakıdan qatılan Sevil Xanım Xıdırova birinci gələrək tam qızıl medal və fəxri diplomla geri döndü. Həmin xanım Azərbaycanın hansı qurultay və festivalında həmin yeri əldə edə bilərdi?

Türkiyəlilərə “azəri” deyimi ilə bağlı mən də qarşı çıxmışam və bunu həm dövlət, həm də bilim adamlarına dönələrcə söyləyib onları eleşteri atəşinə tutmuşam ki, onlar da hər kəsin yanında üzr istəyib yanlışlarını üstələniblər.

Sevgili qardaşımın bu çıxışı və məqaləsi sinirli, öfkəli və duyğusal bir biçimdə baş verib ki, olduqca qıcıqlandırıcı bir davranışdır deyə düşünürəm.

Hər kəsi satqın, düşmən, yalançı və bu kimi sanımlarla suçlamaq doğru olmazdı. Heç bir Azərbaycanlı öz ana dilini Rus yaxud başqa dillər ilə qarşılaşdırıb kiçiltməklə böyüməz, bəlkə alçalar.

Mən şəxsən bir çox Azərbaycan vətəndaşından sayğısızlıq görmüşəm. Mənə “İranlı qardaş, burda nə işin var?” deyə üstümə gəliblər, amma mən barmaq sayıca salaqları deyil, minlərcə bilgin, yetənəkli, sənətçi, şair sevimli bacı-qardaşlarımı düşünüb birliyimizi qorumağa qalxmışam ki, yenə də öyləyəm.

Biz, bir tək kişi (Ərdoğan), İŞİD başkəsənlərinə yaşıl ışıq yaxmış, ya da yardım etmişdir deyə, milyonlarca türkiyəlini suçlayıb təhqir edə bilmərik.

Sözümün sonunda sevgili qardaşıma demək istərdim ki, ayrılmaq, parçalanmaq, qarış-qarş topraqlar yaradıb “özərk”liyim vardir deməklə ayaqda durmaq olmaz. İnsan öz dilinə qondarma deməklə böyüməz!

Sizin sözlərinizdə yüzdə bir həqiqət olsa da, belə bir yanlış və sorumsuz davranışlarınızla onu da bərbad edərsiniz. Bir də ki, dili, dilçiliyi, kültür və gələnək-görənəkləri keçici siyasətlə qarışdırmayın lütfən!

Siyasi sınırlar (sərhədlər – red.) dövlətlər üçündür, millətlər üçün deyil! Gəlin qardaşlığı, dostluğu, gözəlliyi və qonşuluq hüquqlarını qoruyaq və bir sıra yeniyetmə, habelə sözdə qələm adamlarını, açığını desəm “şüar” verənləri daha çox qıcıqlandırıb meydanlara atmayaq.

Gəlin dilimizə bağlı bütün gözəl və bilimsəl sözləri dünyanın harasında olursa olsun mənimsəyib, eybəcər deyimləri qırağa qoyaq ki, dilimiz daha da çağdaş, daha da geniş və daha da sevməli olsun.

Siz dilimizə son illərdə gələn bilimsəl və gözəl deyim-duyumların yerinə söyüşləri örnək verməkdən saqının. Belə şeylər hər kəsdə və hər dildə ola bilər.

XS
SM
MD
LG