Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:18

Rasimin anası: «70 faiz həkimlərin günahıdır. Hər döyülən ölmür ki…»


Teyfurə Əliyeva
Teyfurə Əliyeva

-

Bayıldayıq, 18 gün öncə döyülərək öldürülən 31 yaşlı jurnalist Rasim Əliyevin evində. Yarıda qalan təkcə gəncin arzuları, həyatı deyil, həm də nişan öncəsi tikilən evidir. Artıq divarı, tavanı hazır bu evin tikintisi bitəcək, Rasimə toy-düyün ediləcəkdi. Amma.... bu gün burada təkcə onun gözüyaşlı anası ilə yox, həm də bu evdə Rasimlə birgə bir həyat planlayan sevgilisi ilə söhbət edirik – Rasimin ölümü barədə...

Jurnalist Rasim Əliyev avqustun 8-də elə yaşadığı evin yaxınlığında döyülüb, həmin gün çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və bir gün sonra əməliyyat stolundaca vəfat edib.

«HƏR DÖYÜLƏN ÖLMÜR Kİ…»

Xəstəxanadaykən son müsahibəsində onu döyənlərin kimliyini də deyib, indi həmin şəxslər –futbolçu Cavid Hüseynov və digər 5 nəfər həbs olunub. Amma bu nə Rasimin valideynlərinin, nə də onun dost-tanışının yarasına məlhəmdir.

«Rasimin ölümündə bu cinayətkarlarla yanaşı, həkimlərin də günahı var. Özü də yarıbayarı yox, 70 faiz həkimlərin günahıdır. Hər döyülən ölmür ki… Bu cür səhlənkar həkimlər niyə hələ də iş başındadırlar ki, sabah da Rasim kimi başqa birinin ölümündə onların rolu olsun? Niyə cəzalandırılmırlar?».

Bu sual indi çoxlarını düşündürür, Rasimin ölümündə həkimləri günahlandıran təkcə valideynləri deyil. Anası Teyfurə Əliyeva danışır ki, o, xəstəxanaya çatanda artıq Rasimi ultrasəs müayinə aparatından keçiribmişlər. Daha sonra onun iştirakı ilə laborator, rentgen və travmatoloji müayinələr aparılıb. Həkim Babək Zeynalov ananı arxayın edib ki, təkcə problem dörd qabırğada sınığın olmasındadır, heç bir daxili orqan zədələnməsindən, qanaxmadan söhbət belə getməyib:

«Həkim dedi, daxili orqanlarında heç nə yoxdur, sadəcə qabırğasında dörd sınıq var. Bunu mənə rentgen çıxaran həkim də, Babək həkim də dedi. Dedi ki, bu sınıqlar da yerini dəyişməyəndir və daxili orqanları zədələmir. Dedilər, «biz əslində onu xərəklə qaldırmalıyıq, amma xərək yoxdur». «Dur, dur ayağa gedək» dedilər Rasimə. Sonra Babək həkim bizi qoyub dedi ki, «başqa xəstənin əməliyyatına gedirəm». Mən də Rasimi sakit gördüm. Sən demə, ona iki ağrıkəsici vurublar, ona görə sakit görünür. Saat 11-12 arası oradan çıxıb evə dəyməyə gəldim. Elə evə çatandan 1-1.5 saat keçmişdi, həkimdən zəng gəldi ki, Rasimin vəziyyəti pisdir, əməliyyat olunmalıdır. Gecə saat 1-in yarısı olardı, 20 dəqiqə sonra çatdıq, Rasim artıq reanimasiyada idi. Saday və Babək həkim dedi ki, vəziyyəti çox pisdir, daxili orqanları zədələnib, qan yığılıb. Eləcə qışqırdım ki, «məni niyə arxayınlaşdırdınız bəs?» Əvvəldən mənə dediyini dandı Babək həkim. Özümü atdım reanimasiyaya, Rasim çox ağır nəfəs alırdı, bəlkə də son nəfəsi idi».

Rasim Əliyevin atası Məmmədəli Əliyev.
Rasim Əliyevin atası Məmmədəli Əliyev.

TƏQSİRLƏRİ SÜBUTA YETİRİLƏRSƏ...

Həkimlərin təkcə valideynlərə dediklərində yox, elə mətbuata açıqlamalarında müəmmalar yetərincədir. Ölümündən dərhal sonra həkim Babək Zeynalovun «xəstəni axşam saat 8 radələrində əməliyyat etmişik» deməsi elə dərhal yalanlandı. Çünki Rasim həmin saatlarda xəstəxana palatasından mətbuata müsahibələr vermiş, dost-tanış gecə saat 12-dək yanında olmuşdu. Daha sonra əməliyyatda iştirak edən həkim Saday Əliyevin ittihamlarla bağlı açıqlaması oldu. Bildirdi ki, ilkin müayinə zamanı xəstədə təcili əməliyyatlıq bir şey aşkarlanmayıb, vəziyyəti pisləşdikdən sonra əməliyyata qaldırılıb. Yalnız əməliyyat zamanı onun dalağının dağıldığı, mədəaltı vəzinin quyruğunun partladığı və qarnında litr yarım qan olduğu bilinib.

Belə olan halda sual yaranır - Müayinə yetərincə dəqiq aparılmayıb, yoxsa həkimin səriştəsizliyi problemi görməyə mane olub? Suallar çoxdur. İndi bu sualları Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mütəxəssisləri, eləcə də, hüquq-mühafizə orqanları araşdırır. Valideynlər artıq iki dəfə Bakı şəhər Prokurorluğuna çağırılıb, izahatları alınıb, onlara verilən məlumata görə, əməliyyatda iştirak edən həkimlər - Əli İsmayılov, Babək Zeynalov və Saday Əliyev istintaqa cəlb olunub.

Rasimin sevgilisi Gülər Abbasova isə özünəməxsus araşdırma aparır. Dediyinə görə, bir neçə dəfə xəstəxanada olub, Rasimin yatdığı palatadan tutmuş reanimasiya otağınadək gəzib, onu maraqlandıran sualları həkim Babək Zeynalova verib:

Gülər Abbasova
Gülər Abbasova

«Ortada açıq-aşkar həkim səhlənkarlığı var. Babək Zeynalov 5 saat ərzində suallarımı cavablandırıb. Bəzi suallarımdan sadəcə olaraq diksinirdi. Səsini telefonuma yazmağa razı olmadı. Səhvi yoxdursa, 22 ilin cərrahı niyə səsinin yazılmasından qorxsun ki?! Soruşdum ki, «Rasimi öləndən sonra əməliyyat otağına aparmısınız ki, ailəsini onu əməliyyat etdiyinizə inandırasınız?». O, mənim bu sualımdan diksindi».

Həkimlərin bu işdə günahkar olub-olmadığını tibbi ekspert rəyi üzə çıxaracaq. Hələ ki, adıçəkilən həkimlər öz işlərinin başındadırlar. Təqsirləri sübuta yetirilərsə, 3 ilədək həbs oluna bilərlər. Ailənin də tələbi bu işdə həkimlərin rolunun düzgün araşdırılmasıdır. O ki qaldı döyənlərə...

«RASİMİ CAVİD ALDATDI»

«Əvvəl öz-özümə deyirdim ki, balam yoxdursa, bundan sonra nə olursa olsun, mənə dəxili yoxdur. Amma 5 nəfər tutulandan sonra elə bil ki, yarama bir az su səpildi. Mən məhz Cavidin tutulmağını istəyirdim. Ona ilk zəng eləyən Cavid idi. Cavid onu aldatdı, evdən çıxardı. Onu yola gətirən, dilə tutan, arxayın edən o oldu. Cavid ona deyib ki, «uşaqlar səndən söydüklərinə görə üzr istəyəcəklər, birlikdə bir stəkan çay içərsiniz». Rasim Cavidin sözünə inanıb getdi. Getmək istəyəndə qapıda Rasimə dedim, «getmə, bilmək olmaz, inanmaq olmaz heç kimə». Dedi, «Cavidlə kişi söhbəti danışdıq»».

Anası Teyfurə Əliyevanın iddialarıdır bu. Baxmayaraq ki, Cavid Hüseynov «jurnalist Rasim Əliyevin döyülməsindən xəbərim olmayıb və bu məsələyə aidiyyətim yoxdur» deyir.

Hələ ki istintaq gedir və açıq qalan suallar cavabını gözləyir. Yarası hələ heç közərməyən ana isə indi Rasimi ancaq fotolarda görür.

«İndi əlimizdən şəkillərinə baxıb ağlamaqdan başqa heç nə gəlmir. Şəkillər Rasimin yerini verərmi heç?».

Rasim Əliyev son 10 ildə Azərbaycanda öldürülən dördüncü jurnalistdir. İllər keçməsinə baxmayaraq, daha öncə eyni aqibəti yaşamış Elmar Hüseynov, Alim Kazımlı, Rafiq Tağının da qatilləri hələ ki, cəzalarını almayıb.

XS
SM
MD
LG