Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:48

Axı, nəyin uğrunda?! Axı, kimə görə?!


Günel Mövlud
Günel Mövlud

- "Görünür, yeni davranış qaydalarına ehtiyac yoxdur, eyni prinsiplər elə eyni davranışı tələb edir."

Günel Mövlud

Nəyin və kimin uğrunda

“Mən qanunu yaxşı bilirəm. Amma mən həm də məhkəmələrimizə yaxşı bələdəm, buna görə də məhkəmədən heç nə istəmirəm...”

Bunlar, 1968-ci il, Sovet tanklarının Çexiyaya girməsinə etiraz edən 7 nəfərdən biri, Larisa Boqorazın məhkəmədəki son sözləri idi.

Xədicənin dünənki prosessə məhkəmədən, hakimdən ədalət ummamağı mənə bu sözlər bir daha xatırlatdı.

Qəribədir, tarix boyunca diktaturalar, onların məhkəmələri, şərin sifarişini icra edən insanlar bir-birinə oxşadığı kimi, bu diktaturalara, şərə qarşı mübarizə aparan insanlar da həm prinsip, həm də davranış etibarilə bir-birinə oxşayırlar.

Görünür, yeni davranış qaydalarına ehtiyac yoxdur, eyni prinsiplər elə eyni davranışı tələb edir. Biz Boqoraz və dostlarının etiraz elədiyi rejimin çöküşünü gördük. Xədicənin etiraz elədiyi rejimin çöküşünü də ya özümüz, ya bizdən sonra gələn nəsil görəcək, bu, sadəcə zaman məsələsidir.

Bu gün ölkədə baş alıb gedən “jurnalist dalğası”, “QHT dalğası”, “fəallar dalğası”, “qohumlar dalğası” kimi xarakterizə oluna biləcək həbs, əfvyazdırma, imtinaya məcburermə, ölkədən çıxışı qadağan etmə kimi repressiyaları görəndə, cəmi yarım əsrdən bir qədər çox tarixi olan sovet repressiylarla eyniləşdirmə aparmaq nə qədər asan gəlir adama...

Və nə qədər gülməli, nə qədər acınacaqlı gəlir bugünki rejimin vəziyyəti: dünyanın altıda birini tutan bir coğrafiyada yetmiş il öz ideyasını kütlələrin qəlbinə yeritməyi bacarmadı o səltənət.

Etiraz edənlər tapıldı, inanmayanlar tapıldı, nifrət edənlər tapıldı, sona qədər dayananlar tapıldı. İndi, puldan, var-dövlətdən başqa heç bir dəyər, ideya tanımayan və tanlmadığı üçün də, aşılamayan rejim nəyinə güvənir?

Nə saxlayacaq onu, hanı, harda, nədədir onun mənəvi dirəkləri? Dinozavr qalıqları üzərində qurulan siyasətdəmi?

Əminəm, Xədicə bu sözləri çox eşitmişdi: “Axı, nəyin uğrunda?! Axı, kimə görə?! Bu xalqa görə dəyərmi?! Etiraz eləməyən, öz haqqının tapdanmasına göz yuman xalqa görə özünü təhlükəyə atmağa dəyərmi?! Onlar bu fədakarlığa layiqdirlərmi?”.

Təkcə Xədicə deyil, Xədicənin dəyərlərini bölüşən bütün insanlar dəfələrlə bu sualla üz-üzə qalıblar. Xalqın itaətkarlığı, cəmiyyətin etiraz ehtirasının ölgünlüyü bəzən fakt, bəzən bəhanə, bəzən qınaq kimi çırpılıb bu insanların üzünə.

Köhnə söhbətdir və “xalq onu idarə edən rejimə layiqdir, layiq deyil, azadlıq xalqın nəyinə lazımdır” kimi sualların Mark Zaxarovun “Əjdahanı öldürməli” filmində Lanselotla Əjdahanın masa arxasındakı söhbətlərində bir qədər cabablandırılıb.

Zülm edən zülm etmək üçün, zülmə susmaq istəyən susmaq üçün həmişə səbəb tapacağı kimi, zülmə qarşı susmaq istəməyən, zülmə etiraz etmək istəyənlər də özlərinə səbəb tapacaqlar.

Böyük hind mütəfəkkiri Rabindranat Taqor deyirdi: "Sənə nə dəxli var ki, hakimiyyət necədir, xalq necədir, məmurlar necədir, şərait necədir? Hakimiyyətin, xalqın, şəraitin necə olmağından asılı olmayaraq, sən həmişə yaxşı insan ol”.

Xədicə oxşar prinsipə əməl elədi. Şərait, hakimiyyət pisdir deyə, yaxşı insan olmaqdan, xalq etiraz eləmir deyə etiraz etməkdən, insanlar susur deyə danışmaqdan imtina eləmədi. O, susmamaq, etiraz eləmək üçün öz səbəbini tapmışdı. Nə idi o səbəb?

Universitet illərində tarixini öyrəndiyimiz antik teatrı antik ədəbiyyat və antik fəlsəfədən ayrı təsəsvvür etmək mümkün deyildi deyə, bunları da azdan-çoxdan oxumalı idik.

Həddən artıq o gənc vaxtlarımda Platonun “xeyir naminə xeyir” ideyası mənə çox qaranlıq, dumanlı görünmüşdü, açığı, heç nə başa düşməmişdim. Bu gün isə bütün dərinliyi ilə anlayıram.

Bəli, doğrudan da bəzən ədalət axtarmaq, ədalətli olmaq bizə ədalətli olmağın gətirdiyi yaxşı ad, yaxşı imic üçün lazımdır. Biz bəzən ona görə ədalətli olmaq istəyirik ki, ədalətli olmaq gözəl görünür, bizə alqışlar, təriflər gətirir. özümüzə, başqalarına rifah, yaxşılıq, rahatlıq gətirir.

Amma bəzən tarix, şərait, məqam elə gətirə bilər ki, ədalətli olmaq, həqiqəti üzə çıxarmaq, xeyirin yanında olmağımız nə rahatlıq gətirər, nə də rifah.

Bəzən şərait elə gətirər ki, ədaləti bərpa etmək istəyimizi heç kim bizdən istəməz. Bəzən şərait elə gətirə bilər ki, tapdığımız həqiqət heç kimə sərf eləməz. İnsanlar bu həqiqəti üzə çıxardığımıza görə bizə minnətdar olmaz. Bəzən elə ola bilər ki, xeyirin yanında olmağımız heç kimə lazım olmaz.

Lap tutaq ki, xalq razıdır belə bir rejimin onu idarə etməyindən. Lap tutaq ki, xalq narahat deyil baş alıb gedən korrupsiydan, inhisarlardan, qanunsuzluqlardan. Tutaq ki, razıdır.

Belə olanda, ədalət ədalətin özü naminə bərpa edilir.

Belə olanda, həqiqət həqiqətin özü naminə deyilir.

Belə olanda, xeyirin özü naminə xeyirin yanında olur Xədicələr.

P.S. Bu gün, Xədicəyə hökm oxunandan sonra azərbaycanlı olmayan, Xədicənin həbsinə qədər diqqəti Azərbaycanda olmayan jurnalistlərin hazırladığı növbəti korrupsiya araşdırması yayıldı mətbuatda.

Azərbaycan prezidenti, ailəsi və ailə dostlarına xidmət edən bahalı yaxtalar barədə. Bu, qürurverici bir mesaj idi. Xədicənin həbsi onun araşdırmalarına son vermək cəhdi idi.

Amma bu araşdırma və davamında gələcək araşdırmalar göstəridi ki, jurnalisti həbs etməklə, həqiqətin üzə çıxmasının qarşısını almaq mümkün deyil. Həbs edilən hər Xədicənin yerinə onlarla, yüzlərlə Xədicələr yetişir ölkədə və dünyada.

Meydan.tv

XS
SM
MD
LG